Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1434/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “X1 dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı3 “X1” dövlət qeydiyyatına alınmasına dair ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/6276-13 məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin tələblərinə riayət edilməsi müəyyən edilmişdir. İddiaçılar tərəfindən fondun nizamnamə kapitalına dair sənədi əlavə edilməmişdir. Buna görə də “X1” dövlət qeydiyyatına alınmasından imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Daha sonra nizamnamə kapitalının bank hesabına mədaxil qəbzini sənədlərə əlavə edərək, yenidən qeydiyyat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi xx.xx.2021-ci tarixdə 05/1298-13 saylı cavab məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Buna görə də nöqsanın aradan qaldırılması üçün sənədlər iddiaçılara geri qaytarılmışdır. İddiaçılar sonra yenidən “X1” dölvlət qeydiyyatına alınmasına mane olan halları aradan qaldıraraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişlər. Yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi xx.xx.2021-ci tarixdə 05/1298/2-13 saylı cavab məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsində Himayəçilik Şurası və onun formalaşması haqda məlumatlar qeyd olunmamışdır. Buna görə də nöqsanın aradan qaldırılması üçün sənədlər geri qaytarılmışdır. İddiaçılar qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi “X1” dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edir. Belə ki, hər dəfə müraciət zamanı fərqli səbəblərlə sənədlər geri qaytarır. Halbuki nöqsanların aradan qaldırılması üçün sənədlərin geri qaytarılmasına heç bir ehtiyac yoxdur. Təsisçi olaraq iddiaçılarla telefon və digər əlaqə vasitələri mübahisəli məsələni aydınlaşdırmaq mümkün olardı. Qeyri-kommersiya təşkilatlarının yaranmasından fərqli olaraq, kommersiya təşkilatlarının yaradılması zamanı imtinada göstərilənlərə dair hər hansı bir tələb yoxdur. Qeyd edilməlidir ki, hüquqi şəxs yaradıldıqdan və hesablaşma hesabı açıldıqdan sonra təsisçi tərəfindən nizamnamə kapitalının ödənilməsi praktikası artıq bir neçə ildir ki, tətbiq edilir. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X2”nun dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: F.Mədətli) Həmin qərardan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində qeyd etmişlər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi “X1” dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edir. Belə ki, hər dəfə müraciət zamanı fərqli səbəblərlə sənədlərini geri qaytarır. Halbuki, nöqsanların aradan qaldırılması üçün sənədlərin geri qaytarılmasına heç bir ehtiyac yoxdur. Təsisçi olaraq onlarla telefon və digər əlaqə vasitələri ilə mübahisəni məsələni aydınlaşdırmaq mümkün olardı. Qeyri-kommersiya təşkilatlarının yaranmasından fərqli olaraq, kommersiya təşkilatlarının yaradılması zamanı imtinada göstərilənlərə dair hər hansı bir tələb yoxdur. Qeyd edilməlidir ki, hüquqi şəxs yaradıldıqdan və hesablaşma hesab açıldıqdan sonra təsisçi tərəfindən nizamnamə kapitalının ödənilməsi praktikası artıq bir neçə ildir ki, tətbiq edilir. Bu ölkə başçısının təşəbbüsü ilə hüquqi şəxslərin rahat qeydiyyata alınması və fəaliyyətə başlaması üçün həyata keçirilmiş mütərəqqi addımdır. Hesab edirlər ki, “Qeyri hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununu bütün hüquqi şəxslərə münasibətdə eyni olmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, tətbiq etdiyi qaydaları qanunsuz hesab etsələr də, təsisçilər olaraq onlar hər dəfə göstərilən nöqsanları aradan qaldıraraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə təkrar müraciət etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X1” dövlət qeydiyyatına alınmasından birinci dəfə imtina edilməsi barədə cavab məktubundan göründüyü kimi ancaq nizamnamə fondu ilə bağlı şübhəli sual qoyulmuş, tərəflərindən düzəlişlər edilib yenidən qeydiyyata alınmağa dair yeni ərizə göndərilmişdir. Bu dəfə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən guya ərizə bütün təsisçilər tərəfindən imzalanmayıb deyə geri qaytarılmışdır. İkinci imtına da tamamilə əsassızdır və sübut edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsı tərəfindən heç sənədlərə baxılmayıb. Çünki onlar tərəflərindən yanlışlıqların aradan qaldırılması barədə təkrar göndərilmiş məktubu qeydiyyata alınmaya dair ilkin müraciətə dair ərizə kimi zənn etmişlər. Həmçinin qeyd edilməlidir ki, ikinci imtinaya səbəb olan ərizədə təsisçilərinin imzasının olmamasına toxunularaq qeyd edilməlidir ki, ərizədə adı göstərilən hər iki təsisçi digər təsisçi olan İddiaçı3 xeyriyyə fondunun qeydiyyatı və digər məsələlərlə bağlı notarial qaydada səlahiyyət vermişlər. Sonuncu müraciətin geri qaytarılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin “X1” dövlət qeydiyyatına alınmasında maraqlı olmadığını göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 8.3-cü maddəsinə əsasən təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Bildirirlər ki, tərəflərindən üç dəfə müraciət edilmiş qeyd edilən düzəlişlərdən başqa əlavə heç bir halın aradan qaldırılması qeyd edilməmişdir. Qanunun tələbi pozulmuş eyni vaxtda müəyyənləşdirilməli olan hallar süründürməçiliyə yol verilərək ayrı-ayrı vaxtlarda guya aşkar edilmişdir. Məhkəmə imtinalarda göstərilən halları düzgün şərh etməmiş, əslində həmin hallar elə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 8.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. Bildirirlər ki, sənədlərin araşdırılması eyni zamanda onların tamlığını da nəzərdə tutur lakin, məhkəmə inzibati orqanın mövqeyi ilə razılaşaraq inzibati orqanın süründürməyə yönəlmiş hərəkətlərini düzgün qiymətləndirməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar “X2”nun dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin 2-1(112)-7288/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. Qeyd olunan qərardaddan iddiaçılar apelyasiya şikayəti verməmişlər. Eyni zamanda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Nazirlik tərəfindən sənədlərin geri qaytarılması barədə məktub «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırıldığından əsassız hesab edilə bilməz. Belə ki, sonuncu imtina məktubu ilə təsis sənədlərindəki (nizamnamə kapitalına dair sənədlər) çatışmazlıqların aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə olmadığı müəyyən edilir. Bu isə, təşkilatın təqdim etdiyi ərizəyə əlavə edilmiş təsis sənədlərində aşkar olunmuş pozuntuların aradan qaldırıldıqdan sonra fondun dövlət qeydiyyatına alınmasının və dövlət reyestrinə daxil edilməsinin qanunauyğun olacağını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. -8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. -9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. -13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. -16.2-1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. -17.2-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. -17.3-cü maddəsinə əsasən Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. -25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -5.4.1-ci maddəsinə əsasən təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır). -11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. -11.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. İşdən görünür ki, iddiaçılar bir-neçə dəfə “X1” dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən aşağıdakı məktublarla imtina cavabı verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/6276-13 nömrəli məktubdan görünür ki, “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, həmin maddələrin müddəalarına zidd olaraq fondun nizamnamə kapitalına dair sənəd müraciət ərizəsinə əlavə olunmamışdır. Bu baxımdan «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1298/3-13 nömrəli məktubdan görünür ki, “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Bu baxımdan adıçəkilən Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/1298/2-13 nömrəli məktubdan görünür ki, “X2”nun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsində Himayəçilik Şurası və onun formalaşması haqqda məlumatlar qeyd olunmmışdır. Bu baxımdan «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun qeydiyyatından imtina edilməklə müvafiq sənədlər geri qaytarılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/4772-11 nömrəli məktubda aşağıdakılar bildirilmişdir: Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2021ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin müddəalarına zidd olaraq fondun nizamnamə kapitalına dair sənəd təqdim olunmamışdır. xx.xx.2021-ci il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim olunmuşdur. Sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin Dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Sonuncu dəfə qurumun sənədləri xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən fondun nizamnaməsində digər məsələlərlə yanaşı Himayəçilik Şurası və onun formalaşması qaydası haqda məlumatlar qeyd olunmalıdır. Lakin nizamnamədə həmin məlumatlar qeyd olunmadığından xx.xx.2021-ci il tarixdə sənədlər geri qaytarılmışdır. Qeyd etmək lazımdır ki, sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlərindəki pozuntular aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır. İş materiallarından göründüyü ki, iddiaçılar tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsi və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsi 13.2-ci maddələrinin tələblərinə əməl edilmədən, imtinaya səbəb olan çatışmazlıqlar aradan qaldırılmadan cavabdeh orqana müraciət olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan sənədlərin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmədiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçılar özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7288/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1434/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1434/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver