Məhkəmə qərarları › İş №2-1(103)-1445/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1445/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1445/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4101/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 3 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində onun adına qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı iş üzrə 02 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 3 saylı fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reystrində iddiaçının adına qeydiyyatdan keçirilməsi, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətindən imtina edilmə barədə ərizənin hazırki halda təmin edilməsinin digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozmasına və maraqlarına əhəmiyyətli dərəcədə zidd olmasına istinad edilərək 2-1(103)-1020/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərardadla ərizə təmin edilməmiş, həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4101/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-116/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1020/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərardadlarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 116/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin geri götürülməsi barədə ərizəni rədd edərkən, şikayətin geri götürülməsinin digər mülkiyyətçilərin hüquqlarının pozulmasına istinad etməsi əsassız olmuşdur. Belə ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir və həmin fərdi yaşayış evinin digər mülkiyyətçilərinin olması barədə işdə heç bir məlumat yoxdur və işdən göründüyü kimi, həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. Dolayısı yolla belə qənaətə gəlmək olur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus, digər ünvanda - ünvan 4 yerləşən fərdi yaşayış evinin iddiaçı ilə yanaşı digər mülkiyyətçilərinin olmasını nəzərdə tutmuşdur. Bu fərdi yaşayış evinin isə hazırkı işə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə tərəfindən hazırki işə apellyasiya qaydasında yenidən baxılması 30.06.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə bildirişi iddiaçının iş materiallarında olan ünvanına göndərilsə də, poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın şikayətin geri götürülməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin hüququ olduğundan və hazırki iş üzrə cavabdehin bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4101/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti baxılmadan geri qaytarılsın. Apellyasiya icraatına xitam verilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar