Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1464/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-3919/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-289/1 saylı xx.xx.2019-cu il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, Shahi Rahmatullahın “qaçqın statusu verilməsi haqqında" vəsatəti təmin edilərək “qaçqın" statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3919/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3919/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, - xx xxxx 1995-ci il təvəllüdlü milliyətcə həzarə Əfqanıstan İslam Respublikası vətəndaşı Shahi Rahmatullah xx xxxxxxxx 2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, xx xxxxxxxx 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı 2015-ci ildə Herat Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundugunu, 3 il 3 ay oxudugunu, axırıncı semestri isə din haqqında olan düşüncələrinə görə tərk etdiyini, Əfqanıstanda heç bir yerdə işləmədiyini, atasının və bacılarının İranda, bir qardaşının isə İsveçdə yaşadıqlarını, oradan tək olaraq qanuni yolla ƏİR-nın DİN Baş pasport idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xx.xx.2024-cü il tarixədək qüvvədə olan P01856328 nömrəli pasportla gəldiyini, heç bir təşkilata üzv və ya tərəfdar olmadıgını, heç vaxt həbs olunmadıgını, xx.xx.2019-cu il tarixdə ölkəsindən çıxdıgını, sonra Azərbaycana viza almaq üçün 2 gün Özbəkistanda qaldıgını, Heydər Əliyev aeroportu ilə Azərbaycana təyyarə ilə qanuni gəldiyini, Xətai rayonu, Natiq Əliyev küçəsi, bina 34, mənzil 13-də müvvəqəti qeydiyyata alındıgını, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Dostlarım, yaxınlarımın hamısı mənə düşüncələrimə görə təzyiq edirdilər, onlar deyirdilər ki, sən öz dinini dəyişmisən, müsəlman deyilsən, kafirsən.”, “Şəxsən sizi nə vaxtsa təhdid ediblərmi? sualına “Xeyr”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Xeyr”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Əgər Əfqanıstana qayıtsam İŞİ D və digər radikal qruplar tərəfindən müxtəlif təzyiqlərə məruz qala bilərəm”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına sərbəst surətdə öz dini etiqadını davam etdirmək istədiyini və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx xxxxxx 2019-cu il tarixli İQ-289/1 saylı qərarı ilə ərizəçi Shahi Rahmatullaha qaçqın statusu verilməsindən imtina edilmişdir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə X1 Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır.Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (digər qərarlar arasında bax: Əbdüləziz, Kabales və X2rşı, xx xxx 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, xx xxxxxxx 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, xx xxxxxxx 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, xx xxxxxx 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38). İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X4rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, xx xxxx 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə Məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (misal üçün bax: Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, xx xxxxx 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, x xxxx 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, xx xxxxxx 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, xx xxx 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 73; və Müslimin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (müvafiq dəyişikliklərlə bax: Salah Şixin işi üzrə yuxarıda adı çəkilən qərar, b. 138-149). Hazırkı işdə ərizəçi müvafiq hesabatlara istinadən ölkəsində narahatedici situasiyanı ümumi təsvir edib. Lakin özünün dini və etnik mənsubiyyətinə görə məhz həzara olduguna, İslam dininə inancı azaldığına və ayinlərə riayət etmədiyinə görə yaşadığı ərazidə insanlar tərəfindən təzyiqlərə məruz qaldıgına görə hər hansı cinayət təqibinə məruz qalması, yaxud islam dininə artıq inanmaması və xristianlıgı bəyənməsi (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Əfqanıstana qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin dıgər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız həzaraların qeyri-adekvat mühitdə yaşamaqlarını ümumi formada ifadə edib. Beləliklə də ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-289/1 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı Shahi Rahmatullaha qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-289/1 saylı xx.xx.2019-cu il tarixli qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında 56 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. İddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, Shahi Rahmatullah vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3919/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1464/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1464/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver