Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1474/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı 07 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12-14 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsindən xeyrinə 2933 AZN vəsaitin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac vasitəsi ilə 2013-cü il istehsalı olan “Chevrolet-Cruze” markalı avtonəqliyyat vasitəsini 2080 ABŞ dollarına əldə etmiş və Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Avtonəqliyyat vasitəsinin invoice dəyəri 2080 ABŞ dolları olmağına baxmayaraq ondan 4470 AZN rüsum alınmışdır. Yuxarıda göstərilənlər **********4377 saylı bəyannamədə öz əksini tapmışdır. Ondan artıq alınmış vəsaitin geri alınmasına dair etmiş olduğu müraciət 09 mart 2019-cu il tarixdə cavablandırılaraq artıq ödənilmiş vəsaitin ödənilməsindən imtina edilmişdir, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 269-cu maddəsinə əsasən Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəlləsinin 270.1-ci maddəsinə əsasən Gömrük, ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, Bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Göründüyü kimi cavabdeh tərəfindən artıq vəsait alınmış, lakin alınmış artıq vəsaitin geri qaytarılmaması onun qanunvericiliklə qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. Hesab edir ki, öhdəliyi məbləğdən 2933 AZN vəsait ona geri qaytarılmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı 07 oktyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: Ş.Süleymanova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermiş və iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2748/2019 saylı 04 dekabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı 07 oktyabr 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının dəyişdirilərək iddia tələbinin tam həcmdə təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-830/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2-1(103)-2748/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1402/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı 07 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-80/2021 saylı 03 mart 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2020-cu il tarixli 2-1(103)-1402/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın qismən təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehdən onun xeyrinə 2933 AZAN vəsaitin ödənilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi gömrük bəyannamələrindən aydın olur ki, Qanunvericiliyin qeyd olunan müddəaları əsas götürülərək gömrük əməkdaşları tərəfindən iddiaçının təqdim etdiyi bəyannamədəki məlumatların düzgünlüyü araşdırılmış və nəticədə qanunvericiliyin tələbləri rəhbər tutularaq ölkə ərazisinə gətirilən həmin nəqliyyat vasitəsi müvafiq gömrük ödənişlərinə cəlb edilməklə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmçinin “**********4377” sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü həmin bəyannaməsində iddiaçı sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinin müddəalarına uyğun şəkildə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan 24.12.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “X5 İmport” Şirkətinin bank hesabına 2080 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan **********4377 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 2013-cü il istehsallı mühərrik həcmi 1364 sm3, 1G1PC5SB1E7187970 şassi/ban nömrəsi olan “CHEVROLET CRUZE” minik avtomobilinin invoys dəyəri 2080, gömrük dəyəri 10200, statistik dəyəri isə 6000 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Sertifikatlaşdırma Sisteminin 030070 nömrəli 29.12.2018-ci il tarixli Uyğunluq Sertifikatından görünür ki, 2013-cü il istehsallı mühərrik həcmi 1364 sm3, 1G1PC5SB1E7187970 şassi/ban nömrəsi olan “CHEVROLET CRUZE” minik avtomobil AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğundur. Orqana – hesab-faktura, xarici sertifikat, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. İş materiallarında olan ********** nömrəli ödənişlərin siyahısından görünür ki, İddiaçı tərəfindən bank hesabına 4462.63 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 2018-ci ildə mühərrik gücü 1364 m3 təşkil edən, 2013-cü il istehsalı “CHEVROLET CRUZE” markalı avtomobili 2080 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X1 satın almış və avtomobili kargo şirkəti tərəfindən Gürcüstan Respublikasından Azərbaycana gətirmişdir. Bundan sonra iddiaçı avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə statistik dəyəri 6000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 4462.63 manat gömrük rüsumu tələb edilmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 6.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Yuxarıda istinad olunan normadan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Sadəcə Azərbaycan Respublikasının Milli Sertifikatlaşdırma Sisteminin 030070 nömrəli 29.12.2018-ci il tarixli Uyğunluq Sertifikatına əsasən ki, 2013-cü il istehsallı mühərrik həcmi 1364 sm3, 1G1PC5SB1E7187970 şassi/ban nömrəsi olan “CHEVROLET CRUZE” minik avtomobilin AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğunluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 2080 USD, istehsal tarixi bir ildən çox, mühərrik həcmi 1364 sm3 X3 istehsalı olan nəqliyyat vasitəsinin gömrük rəsmləşdirilməsi aşağıdakı qaydada müəyyən edilmişdir: - aksiz vergisi 409.2 AZN; - mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 1623.16 AZN; - əməliyyat haqqı 60 AZN; - vəsiqə haqqı 30 AZN; - ƏDV 1018.5 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN; elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN; - cəmi 3176.26 AZN. İş materiallarından isə görünür ki, mühərrikin işçi həcmi1364 m3 təşkil edən, 2013-cü il istehsalı “Chevrolet CRUZE” markalı avtomobilin rəsmiləşdirilməsi üçün 3176.26 manat göstərilməsinə baxmayaraq, heç bir izah göstərilmədən iddiaçıdan 4462.63 manat gömrük rüsumu alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyası apelyasiya məhkəməsinin qərarını ləğv edərək bir sıra göstərişlər vermişdir. Belə ki, Ali Məhkəmənin qərarında göstərilmişdir ki, cavabdehin bəhs etdiyi və məhkəmənin istinad etdiyi, iş materiallarının 15-ci səhifəsində olan bəyannamədən görünür ki, həmin bəyannamə iddiaçı tərəfindən təsdiqlənməmişdir. Cavabdehin təqdim etdiyi bəyannamənin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının ad, soyad və atasının adının qarşısında “İmza” bölməsi boşdur. Bu halda məhkəmə bəyannamədə əksini tapmış məlumatların həqiqiliyini müəyyən etmək üçün əlavə araşdırma və qiymətləndirmə aparmalı idi. Bununla bağlı işə təkrar apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, gömrük bəyannaməsi iddiaçı tərəfindən deyil, gömrük işçiləri tərəfindən elektron sistem vasitəsi ilə doldurulmuş və iddiaçının istəyinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən bəyannamə iddiaçı tərəfindən imzalanmamış, cavabdeh isə bunu tələb etməmişdir. İddiaçı avtomobilin sövdələşmə qiyməti 2080 ABŞ dolları olduğunu əks etdirən invoysu cavabdeh orqana bəyan etdiyini və həmin qiymət əsasında gömrük rəsmiləşdirilməsini cavabdeh orqandan tələb etsə də, lakin cavabdeh orqan avtomobilin sövdələşmə qiymətin 2080 ABŞ dollar olmasına əhəmiyyət verməyərək, statistik dəyəri 6000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 4462.63 manat gömrük rüsumu tələb edilmişdir. İddiaçı isə bununla razılaşmamış, lakin avtomobilin cavabdeh tərəfindən saxlancına görə hər günü üçün pul ödədiyindən məcbur olaraq həmin məbləği ödəmişdir. İddiaçı ödədiyi 4462.63 manat gömrük rüsumu ilə razılaşmadığından hal-hazırda artıq ödədiyi məbləği cavabdehdən tələb edir. Beləliklə, gömrük bəyannaməsində göstərilən məlumatlar iddiaçının sərbəst iradəsi ilə doldurulmadığından onun tərəfindən imzalanmayaraq təsdiqlənməmişdir. Lakin, onun idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»n 2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. Həmin Qaydaların 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş 2933 manat məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən nəqliyyat vasitəsinin gömrük rəsmləşdirilməsi cəmi 3176.26 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1286.37 manat (4462.63- 3176.26=1286.37) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2775/2019 saylı 07 oktyabr 2019cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Dövlət Gömrük Komitəsindən iddiaçının xeyrinə 1286.37 (bir min iki yüz səksən altı manat 37 qəpik) manat vəsait ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1474/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1474/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver