Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1485/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaranmış fərqin yenidən hesablanılaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2282/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaranmış fərqin yenidən hesablanılaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2282/2021 saylı qərardadı ilə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o birinci hazırlıq iclasında iştirak etsə də, sonrakı iclasların vaxtı barədə rəsmi bildiriş, o cümlədən məhkəmənin iddianın baxılmamış saxlanacağı barədə xəbərdarlıq məktubu göndərilməmişdir. Mübahisə inzibati mübahisə olduğundan məhkəmə işin məhkəmə baxışına hazırlanması üçün cavabdeh inzibati orqandan pensiya işi və digər sənədləri tələb etməli, iş tam hazır olduqdan sonra baxış iclasına tərəfləri dəvət etməli idi. Hazırkı halda məhkəmə inzibati iddia üzrə işin məhkəmə baxışına hazırlanması üçün cavabdehdən müvafiq sənədləri tələb etməmiş, formal məhkəmə iclasları təyin edərək sonda iddianın geri götürülmüş sayılması barədə nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2-1(81)- 4033/2019 saylı qərarı ilə qət edilmişdir ki, İddiaçının 1973-cü il tarixindən 1980-ci il tarixinədək ali təhsil aldığı müddət, Salyan rayon X1 Şöbəsində iyul 1968-ci il tarixindən iyul 1969-cu il tarixinədək bufetçi vəzifəsində, X4 Donanmasında 21.09.1972-ci il tarixindən 03.10.1973cü il tarixinədək elektrik vəzifəsində, Bakı Polad Burazlar Zavodunun təchizat və satış şöbəsində 13.12.1973-cü ildən 23.05.1974-cü il tarixinədək əmtəəşünas vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, 10.01.1983-cü ildən 01.04.1997ci il tarixinədək Bakı şəhəri, XDS İK-nin Xüsusiləşdirilmiş Podrat Yol Təmir Trestinin 4 saylı Yol Təmir Tikinti İdarəsində suvaqçı-bənna vəzifəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 22.12.2008-ci il tarixindən güzəşti şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqından hesablanması və 22.12.2008-ci il tarixindən 22.12.2014-cü il tarixinədək yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsi Cavabdehə həvalə edilmişdir. Hətta həmin qərara Bakı İnzibati Məhkəməsi tərəfindən aprel ayında izah verilmiş və İddiaçıya pensiya fərqinin 22.12.2008ci il tarixindən etibarən qərarın icra edildiyi günədək hesablanıb ödənilməli olması bir daha təsdiq edilmiş və bu formada da cavabdeh tərəfindən icra edilmişdir. Göründüyü kimi, İddiaçının tamamilə eyni iddiasına artıq məhkəmə tərəfindən baxılmış və qərar qəbul edilmişdir. Bu səbəbdən də eyni məsələyə təkrarən baxılması qeyri-mümkün olmuşdur. Bu İddiaçıya izah olunduqdan sonra İddiaçı növbəti məhkəmə iclaslarına - onların yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, gəlməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmüş hesab edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklar etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmiş, ona istinad olunmuşdur ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və iş üzrə məhkəmə iclasları 02.12.2020-ci il, 26.01.2021-ci il və 15.03.2021-ci il tarixlərə təyin edilmişdir. Lakin iddiaçı 02.12.2020-ci il, 26.01.2021-ci il və 15.03.2021-ci tarixli məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Hazırki vəziyyətdə iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 29 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, «İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün tətbiqinin şərtlərini müəyyən etmişdir. İstinad olunan normanın tələbinə görə iddianın geri götürülmüş sayılması üçün əsas şərt şəxsin 30 gündən artıq müddətə məhkəmə icraatından yayınmasıdır. İşin materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində 02.12.2021ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, həmin məhkəmə iclası cavabdeh inzibati orqana göndərilmiş sorğuya cavab alınması məqsədilə 26.01.2021-ci il tarixə təxirə salınmış, 26.01.2021-ci il tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi məqsədilə 15.03.2021-ci il tarixə təxirə salınmış, məhkəmə iclasının yeri və vaxtı barədə sms bildiriş göndərilsə də, məhkəmə bildirişi göndərilməmiş, tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin iş üzrə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2282/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1485/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1485/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver