Məhkəmə qərarları › İş №2-1(103)-150/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-150/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-150/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X18-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1129/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxx 1979-cu il tarixdə Ağdam rayonu, Suma kəndində anadan olmuşdur. Ailəlidir və 3 övladı var. Doğulduqları torpaqların ermənilər tərəfindən işğal olunmasından sonra məcburi köçkün vəziyyətində qalmış və hal-hazırda xx xxxxxx 2018-ci il tarixli kirayə müqaviləsi əsasında ünvan 3 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. Dövlət tərəfindən məcburi köçkün statusu təsdiqlənmiş və ona 103464 seriyalı məcburi köçkün vəsiqəsi verilmişdir. Xidmət əsnasında aldığı xəsarətdən dolayı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X29 Komandanının xx xxxxxx 2017-ci il tarixli "087 gm” nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı 2-ci qrup əlildir və Qaçqınkomun Ağdam rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli 240 saylı arayışına əsasən o, evlə təmin olunmamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə iddiaçının atası X4 arasında imzalanmış xx xxxxxxx 2007-ci il tarixli 433 nömrəli müqavilənin surətindən görünür ki, X4 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı evdə sakini olduğu Ağdam rayonunun Suma kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Ağdam rayonu Birinci Baharlı qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün və qaçqınların xx.xx.2012-ci il tarixdə olan artma və azalmalar haqqında 32 nömrəli xx.xx.2012-ci il tarixli məlumatından görünür ki, 433 nömrəli evdə X4 və ailə üzvləri - İddiaçı Səhliyalı oğlu (hərbçi), X14, X15, X26 qeydiyyata alınmışlar. Cavabdeh orqan tərəfindən idiaçıya ünvanlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarda qeyd edilmidir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı», habelə Dövlət Başçısının 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən ilk növbədə mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyahısına ən acınacaqlı şəraitdə – zirzəmidə və həyat üçün daim təhlükəli olan qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlər daxil edilir. Qeyd edirik ki, sizin adınız mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınmışdır. İddiaçı mənzillə təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati oran tərəfindən iddiaçıya ünvanlanmış 01/8096 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, sizin atanızın ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində 433 saylı 3 otaqlı fərdi evlə təmin olunmusunuz. Dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün Sizin ailənizin yenidən mənzil növbəsinə götürülməsi imkan xaricindədir. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sözügedən mənzili xx xxxxxxx 2007-ci ildə onun yox, atası X1 və onun ailəsinin müvəqqəti yaşaması üçün vermişdir. Həmin mənzildə onun qeydiyyatına dair heç bir təsdiqedici sənəd mövcud deyil və xx xxxx 2019-cu il tarixinədək onun bundan xəbəri yox idi. Bundan sonra o, Ağdam rayonu, Baharlı qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamış və oradan ona bildirmişlər ki, həmin mənzil əvvəlcə atası X1, X5, X2, X10 və X11 müvəqqəti yaşaması üçün verilmiş, sonradan 2012-ci ildə o, yoldaşı X14, övladlarından ikisi X15 və X26 da həmin ünvana qeydiyyata salınmışdır. Onların həmin ünvana qeydiyyata salındıqları tarixdə o, Naxçıvan MR-da yerləşən hərbi hissədə gizir vəzifəsində hərbi xidmətdə olmuşdur. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin 1-ci bəndinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə qeydiyyata alınırlar. O, həmin dövrdə Naxçıvan MR-da xidmətdə ola-ola və hərbi qeydiyyatı xidmət etdiyi hərbi hissə ola-ola, sözügedən qurumlar hansı əsasla onu və ailəsini Baharlı qəsəbəsində yerləşən 433 saylı mənzilə qeydiyyata salmışlar. Bundan əlavə xidmət keçdiyi hərbi hissəyə təqdim etmək üçün xx xxxx 2012-ci il tarixdə ona təqdim olunan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsinin xx xxxx 2012-ci il tarixli, 240 saylı arayışında onun evlə təmin olunmadığı qeyd olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. İddiaçı mənzillə təmin olunması üçün Komitəyə müraciət etmiş və aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, o, 2006-cı ilin sonunda atası X3 ailə tərkibində 6 nəfər ailə üzvü olmaqla (X13, X6, İddiaçı, X16 və X17) Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 433 nömrəli evin 3 otaqlı yaşayış sahəsi ilə Komitə tərəfindən təmin olunmuşdur. Bu barədə Komitənin Repatriasiya departamentinin həmin mənzilin onlara verilməsinə dair sənəd(order) tərtib olunmuşdur. Həmin mənzil onlara verilən zaman orderdə ailənin tərkibi aşağıdakı göstərilən şəxslərdən ibarət olmuşdur: X7, X13, X8, İddiaçı Səhliyalı oğlu, X16, X17. Daha sonra X4 və digər 5 nəfər ailə üzvü ilə Komitənin Mənzil istismar departamenti arasında xx xxxxxxx 2007-ci il tarixli 433 nömrəli müqavilə imzalanmışdır. Həmin göstərilən mənzil 2006-cı ilin sonunda iddiaçı subay olduğu zaman atasının ailə tərkibində verilmiş və mənzil verildikdən sonra 2007-ci ilin iyun ayında ailə qurmuşdur. Belə ki, AZ-İ 244871 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı Səhliyalı oğlunun xx.xx.2007-ci il tarixdə ailə qurduğu müəyyən edilmişdir. Qeyd olunan məlumatlar eyni zamanda Ağdam Rayon İcra hakimiyyətinin Başçısının Birinci Baharlı X35 dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020ci il tarixli 14 nömrəli arayışı ilə də təsdiq olunur. Həmçinin arayışda İddiaçı Səhliyalı oğlunun həyat yoldaşı X14, X15, X26, X13, X9 və X17 ilə birlikdə müvəqqəti qeydiyyatda olmaları göstərilmişdir. Arayışın qeyd hissəsində X1 xx.xx.2017-ci ildə vəfat etdiyi bildirilmişdir. İddiaçı Komitəyə müraciət etmiş və göstərilən məlumatlar əsasında xx.xx.2019cu il tarixli 01/8096 nömrəli məktubla ona cavab verilmişdir. İddiaçı atasının ailə tərkibində ailə üzvləri 6 nəfər olmaqla 2006-cı ilin sonunda Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 433 nömrəli evin 3 otaqlı mənzili ilə təmin olunduğundan, onun və ailəsinin ikinci dəfə mənzillə təmin olunması mümkün deyildir. Həmin mənzildə məcburi köçkün kimi ailəsi ilə birlikdə müvəqqəti qeydiyyata götürülmüşdür. Məcburi köçkünlər dövlət tərəfindən mənzillə təmin edildikdən sonra həmin yaşayış sahəsinə müvəqqəti qeydiyyata götürülür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Komitənin köçürülmə komissiyası tərəfindən aparılan araşdırma zamanı İddiaçı Səhliyalı oğlunun atası X1 ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində 433 saylı 3 otaqlı mənzillə təmin olunduğu müəyyən edilmişdir. Bu barədə iddiaçı şəxsə xx.xx.2019-cu il tarixli 01/8096 nömrəli məktubla cavab verilmişdir. İddiaçının adının mənzillə təmin edilcək məcburi köçkün ailələrinin siyahısına əlavə edilməsi dedikdə, Komitəyə müraciət edən mənzilə ehtiyacı olan məcburi köçkünlər ümumi siyahıya alınır. Həmin siyahılar əsasında məcburi köçkünlərin birbaşa mənzillə təmin edilməsi həyata keçirilmir. Qeyd olunmuş siyahıya daxil edilmiş məcburi köçkünlərin adları məskunlaşdığı yerlər üzrə gələcəkdə Komitənin Köçürmə komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının tələblərinə uyğun olaraq araşdırma aparılır və məcburi köçkünün mənzillə təmin edilib-edilməməsi barəsində qərar qəbul edilir. Qeyd olunanlara əsasən Qaydaların tələblərinə uyğun olaraq iddiaçının atası X1 ailə tərkibində olmaqla mənzillə təmin olunduğundan onun adı daxil edilmiş ümumi siyahıdan çıxarılmış və mənzillə təmin olunmasının imkan xaricində olması bildirilmişdir. Məcburi köçkünlərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Hazırda ölkə ərazisində mənzillə təmin edilməmiş və mənzillə təmin olunmağa daha çox ehtiyacı olan məcburi köçkün ailələri var ki, onların Dövlət Proqramına uyğun olaraq növbəli və mərhələli qaydada mənzillə təmin olunması həyata keçirilir. Eyni zamanda tam qəzalı vəziyyətdə olan və yaşayış üçün ciddi təhlükə törədən binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinə ciddi şəkildə ehtiyac vardır. Mövcud situasiyada isə artıq Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilmiş məcburi köçkünün yenidən ayrıca yaşayış sahəsi əldə etməsi ədalətlilik prinsipinin tələblərinə də cavab vermir. Ağdam Rayon İcra hakimiyyətinin Başçısının Birinci Baharlı X35 dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 14 nömrəli arayışında İddiaçı Səhliyalı oğlunun atası X1 ailə tərkibində Komitə tərəfindən Birinci Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı evlə təmin olunması qeyd edilmişdir. Həmçinin İddiaçı Səhliyalı oğlunun həmin mənzildə öz ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqlarını, lakin həmin evdə yaşamadıqlarını bildirmişdir. İddiaçının atası X4 və digər 5 nəfər ailə üzvü ilə Komitənin Mənzil istismar departamenti arasında xx xxxxxxx 2007-ci il tarixli 433 nömrəli müqavilə imzalanmışdır. Həmin göstərilən mənzil 2006-cı ilin sonunda İddiaçı Səhliyalı oğlunun ailə vəziyyəti subay olduğu zaman atasının ailə tərkibində verilmişdir. İddiaçı əgər evli olsaydı 2006-cı ildə mənzil verilərkən, onun öz ailəsinə mənzil verilməsi ilə bağlı müvafiq qaydada baxılacaqdı. İddiaçının ərizəsində qeyd etdiyi atası mənzillə təmin edilərkən onun xəbərinin olmaması ona yenidən mənzil verilməsi üçün əsas ola bilməz. İddiaçı atasının müvəqqəti məskunlaşdığı ünvan üzrə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmuş, həmçinin ailə vəziyyəti subay olduğundan atasının ailə tərkibində mənzillə təmin edilmişdir. Beləliklə, məhkəmənin qərarı mövcüd qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyindən, məcburi köçkünlərin mənzillə təmin edilməsi Qaydalarının tələblərinə tamamilə ziddir. Qaydanın 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, mənzillə təmin olunmuş məcburi köçkünlər və onların ailə üzvləri sonradan ayrıca mənzillə təmin olunmurlar. Tərəflərin izahatları: İddiaçı apellyassiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bidirmişdi ki, iddiaçının atası mənzillə təmin olunarkən onun ailə tərkibi sənədlərdə qeyd olunmuş və iddiaçının adı da həmin ailə tərkibinə daxil edilmişdi, lakin mənzilin məhz hansı tarixdə verilməsi sənədlərdə qeyd olunmamış və köçürülmə haqqında Komitənin müvafiq jurnalları onların saxlanma müddətləri bitdiyi üçün məhv edildiyindən mənzilin verilmə tarixini dəqiq müəyyən etmək mümkün deyildir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı “onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində tətbiq edilən sosial müdafiə tədbirlərindən biri də onların müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Qaydaların 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Qaydaların 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. O, mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. Məhkəməyə təqdim edilmiş etirazda və apellyasiya şikayətində cavabdeh 2006-cı ilin sonunda iddiaçının atasının ailə tərkibi 6 nəfər olmaqla məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş qəsəbədə yaşayış sahəsi ilə təmin olunduğunu, həmin vaxt iddiaçının subay olduğunu və onun da ailə tərkibinə daxil olduğunu, iddiaçının 2007-ci ilin iyun ayında ailə qurduğunu, bu səbəbdən ikinci dəfə mənzillə təmin olunmasının mümkün olmamasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçının atası X4 ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında imzalanmış xx xxxxxxx 2007-ci il tarixli 433 nömrəli müqaviləyə əsasən X4 onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş Baharlı qəsəbəsində 3 otaqlı 433 saylı evdə sakini olduğu Ağdam rayonunun Suma kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının atası xx xxxxxxx 2007-ci il tarixdə yaşayış sahəsi ilə təmin olunmuşdur, iddiaçı isə həmin tarixdən əvvəl xx xxxx 2007-ci ildə X25 ilə nikaha daxil olmuşlar və onların birgə nikalarından xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X26, xx.xx.2013-cü il təvəllüdlü X27 doğulmuşdur. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi iddiaçının atasına onun ailə tərkibinə iddiaçı da daxil olmaqla mənzilin xx xxxxxxx 2007-ci il tarixli 433 nömrəli məlum müqavilədən daha əvvəl, məhz 2006-cı ilin sonunda verilməsi faktını təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir. Eyni zamanda işdn görünür ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2017-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının atası mənzillə təmin edilərkən iddiaçı evli olmuş, o və ailəsi həmin vaxt atası ilə birlikdə yaşamamışdır. Bu hallar iş materiallarına əlavə olunmuş arayışlarla da təsdiq olunur. xx xxxxxxx 2007-ci il tarixli 433 nömrəli müqavilədə isə məhz iddiaçının atasının onunla yaşayan ailə üzvləri ilə birlikdə mənzillə təmin edilməsi qeyd edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon Şöbəsinin xx xxxx 2012-ci il tarixli, 240 saylı arayışı ilə İddiaçı Səhliyalı oğlunun evlə təmin olunmadığı bir daha təsdiq olunur. Həmçinin Komitə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktublarda da iddiaçının adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salınması bildirilmişdir. Lakin sonradan Komitə İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda fərqli mövqedən çıxış edərək iddiaçının atasının ailə tərkibində olmaqla Ağdam rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış Baharlı qəsəbəsində fərdi evlə təmin olunduğunu, dövlət tərəfindən məcburi köçkün ailələrinin yalnız bir dəfə evlə təmin olunması nəzərdə tutulduğu üçün iddiaçının ailəsinin yenidən mənzil növbəsinə götürülməsinin imkan xaricində olmasını bildirmişdir. Qeyd olunan məsələyə məhkəmə kollegiyası hüquqi qiymət verərək hesab edir ki, iddiaçının evlə təmin olunmadığı, onun adının mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin növbəli siyahısına salındığı halda, onun mənzil növbəsinə götürülməsinin imkan xaricində olması ilə əlaqədar cavabın verilməsinin səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığı üçün bu barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə təsdiq olunur ki, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının əsassız olması və iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1129/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar