Məhkəmə qərarları › İş №2-1(103)-1505/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1505/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1505/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X7 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3 və X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. N nömrəli hərbi hissə tərəfindən qeydiyyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Vətən müharibəsində iştirak etməsi haqqında toplanmış sənədlər (xx.xx.2016-cı il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 145 nömrəli, xx.xx.2020-ci il tarixli 023 nömrəli, xx.xx.2020-ci il tarixli 0254 nömrəli, xx.xx.2020-ci il tarixli 0257 nömrəli, xx.xx.2020-ci il tarixli 0260 nömrəli, xx.xx.2020-ci il tarixli 0264 nömrəli, xx.xx.2020-ci il tarixli 0268 nömrəli, xx.xx.2020-ci il tarixli 0272 nömrəli, xx.xx.2020-ci il tarixli 0276 nömrəli, xx.xx.2020-ci il tarixli 0280 nömrəli, xx.xx.2020-ci il tarixli 0283 nömrəli, xx.xx.2020-ci il tarixli 0287 nömrəli, xx.xx.2020- ci il tarixli 0291 nömrəli, xx.xx.2020-ci il tarixli 0295 nömrəli əmrlər və arayışlar) məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarına və döyüş tapşırıqlarının yerinə yetiriləsinə cəlb edilmişdir. İddiaçı müharibə dövründə Bakı şəhəri Heydər Əliyev adına X13 X8 İdarəolunma Mərkəzində döyüş təminatının təşkil olunması üzrə tapşırıqların yerinə yetirilməsinə növbə rəisi qismində cəlb edilmiş, X9 İdarəolunma Mərkəzində (N nömrəli hərbi hissə) döyüş əməliyyatları zamanı döyüş təminatı üzrə döyüş tapşırıqlarını yerinə yetirmişdir. O, döyüş əməliyyatlarının döyüş təminatında bilavasitə iştirak etmişdir. Döyüşlərdə iştirakına görə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27 dekabr 2020-ci il tarixli 0311 nömrəli əmri ilə Döyüş əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə “Fəxri Fərman”la təltif edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Əsasnamənin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2016cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə (441-ci X9 İdarəolunma Mərkəzində) növbə rəisi vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə N günlük Vətən Müharibəsinə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli 062 nömrəli əmri ilə Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 27 sentyabr 2020-ci il tarixli 0028 nömrəli sərəncamı və N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 023 nömrəli əmri ilə döyüş əməliyyatlarına və döyüş tapşırığının yerinə yetirilməsinə cəlb olunmuş hesab olunmuşdur. O, bu vəzifədə xidmət edərək növbə rəisi kimi X9 İdarəolunma Mərkəzində (N nömrəli hərbi hissədə) Azərbaycan Respublikasının Hava Məknında uçuşların planlaşdırılması, koordinasiya edilmməsi, birbaşa idarəedilməsi, hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi, döyüşlər gedən ərazidə və əraziyə yaxın yerlərdə məhdudiyyətlərin tətbiqi və hava məkanından səmərəli istifadə edilməsini təmin etmişdir. Azərbaycan Respublikası Müdafiə nazinin xx.xx.2014-cü il tarixli 058 nömrəli, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 24 dekabr 2019-cu il tarixli 032N nömrəli və N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 023 nömrəli əmrinə əsasən gücləndirilmiş döyüş növbəsində, tam döyüşə hazır olma vəziyyətində 441-ci X9 İdarəolunma Mərkəzində Azərbaycan Respublikasının Hava Məkanında uçuşların planlaşdırılmasını, koordinasına edilməsini, birbaşa idarəedilməsini, hava məkanında uçuşların təhlükəsizliyinin yəmin edilməsini, döyüşlər gedən ərazidə və əraziyə yaxın yerlərdə məhdudiyyətlərin tətbiqini və hava məkanından səmərəli istifadə edilməsini təmin etmişdir. Döyüş növbəsində olduğu vaxt ölkə ərazisinə kənar dövlətlər (qonşu dövlətlər) tərəfindən dövlət sərhədin yaxınlaşan hərbi hava gəmiləri haqqında qabaqcadan məlumatların vaxtında toplanıb yuxarı komandanlığa ötürülməsi, döyüş əməliyyatları gedən ərazidə və həmin əraziyə yaxın yerlərdə təhdidlərin (təhlükəli vəziyyətin) qarşısının alınması tədbirlərinin görülməsində iştirak etmişdir. Lakin, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazilər Kabinetinə göndərilməmişdir. O, xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin, müraciəti bugünə qədər cavabsız və nəticəsiz qalmışdır.

4. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, N nömrəli hərbi hissə komandiri tərəfindən arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polkovnik-leytenant hərbi rütbəsində N nömrəli hərbi hissənin tərkibində Bakı şəhərində olmuşdur. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqlərinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir:1) 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlqarını yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə verilir ki, həmin şəxslər qeyd edilən tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsun. İddiaçı Bakı şəhərində N nömrəli hərbi hissəsə öz xidməti vəzifələrini icra etmiş və döyüş növbəsinə cəlb edilmişdir. Göründüyü kimi Bakı şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırki tələbində haqlı olmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmədə cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək, bildirmişlər ki, iddiaçı xidməti vəfələrini yerinə yetirib və N saylı hərbi hissənin iddiaçı ilə bağlı verdiyi məlumat xarakterli arayışda yazılanlar həqiqəti əks elətdirmir. Buna görədə cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarını ləğv edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı isə iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir:

(10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

(11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

16. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, işin hallarından görünür ki, iddiaçı 441-ci X9 İdarəolunma Mərkəzinin rəisinin 023 nömrəli N sentyabr 2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polkovnik-leytenant hərbi rütbəsində N nömrəli hərbi hissənin tərkibində Bakı şəhəri Heydər Əliyev adına X13 X8 İdarəolunma Mərkəzində döyüş təminatının təşkil olunması üzrə tapşırıqların yerinə yetirilməsinə növbə rəisi qismində cəlb edilmiş, X9 İdarəolunma Mərkəzində (N nömrəli hərbi hissə) döyüş əməliyyatları zamanı döyüş təminatı üzrə döyüş tapşırıqlarını yerinə yetirmişdir. Döyüş növbəsində olduğu vaxt ölkə ərazisinə kənar dövlətlər (qonşu dövlətlər) tərəfindən dövlət sərhədinə yaxınlaşan hərbi hava gəmiləri haqqında qabaqcadan məlumatların vaxtına toplanıb yuxarı komandanlığa ötürülməsi, döyüş əməliyyatları gedən ərazilərdə və həmin əraziyə yaxın yerlərdə təhdidlərin (təhlükəli vəziyyətin) qarşısının alınması tədbirlərinin görülməsində iştirak etmişdir.O, döyüş əməliyyatlarının döyüş təminatında bilavasitə iştirak etmişdir. Həmçinin, döyüşlərdə iştirakına görə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27 dekabr 2020-ci il tarixli 0311 nömrəli əmri ilə Döyüş əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə “Fəxri Fərman”la təltif edilmişdir.

18. Hazırda iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsini tələb edir.

19. Birinci instansiya məhkəməsi İddiaçı iş materiallarında olan sənədlərə əsasən iddianı təmin etmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilmiş və xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən döyüş aviasiyasının uçuş keçirərək ölkədaxili mövcud olan mülki aerodromara təhlükəsiz şəkildə eniş və qalxışını təmin etmək üçün X2 Mərkəzinin mülki sektoru ilə öncədən xəbərdarlıq və hazırlıq işlərinin görülməsi döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur.

22. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən X10 İdarəolunma mərkəzinin növbə rəisinin funksional vəifələri məhkəməyə təqdim edilmişdir. Həmin vəzifələrə əsasən uçuşların aparılması qaydalarını tənzimləyən sənədlərin tələblərini bilmək, HMİ qaydalarını və HHİO bilmək; HG-nin əsas xarakteristikalarını, üçüşların rabitə və RTT vasitələrini bilmək; HHİE zonasında hava, meteroloji və ornitoloji vəziyyəti bilmək; hava məkanından istifadə qaydaları pozulduqda MKM-nə mlumat vermək və aradan qaldırılması üçün tədbir görmək və s. vəzifələr göstərilmişdir.

23. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Müdafiə nazirinin xx.xx.2020ci il tarixli “Xüsusi Əməliyyatlarda Hərbi Hava Qüvvələrinin tətbiq Planı”na əsasən X10 İdarəolunma Mərkəzinin növbə rəsinin döyüş aviasiyasının uçuş keçirərək ölkədaxili mövcud olan mülki aerodromlara təhlükəsiz şəkildə eniş və qalxışını təmin etmək üçün X10 İdarəolunma Mərkəzinin mülki sektoru ilə öncədən xəbərarlıq və hazırlıq işlərini görməsi döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur.

24. Məhkəmənin sorğusuna əsasən Hərbi Hava Qüvvələrinin Komandanı tərəfindən təsdiq edilmiş N nömrəli hərbi hissənin X10 idarəolunma mərkəzinin funksional vəzifələri barədə təlimatın 3-cü bəndindən görünür ki, növbə rəisinin 20-dən çox vəzifələri mövcuddur və həmin vəzifələr tədqiq edilərkən vəzifələrin müharibə dövrü üçün deyil gündəlik iş rejiminə uyğun həyata keçirilməli olması müəyyən edilir. Belə ki, nəzərə alınmalıdır ki, İddiaçı əsas iş yeri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsidir və Azərbaycan Respublikası ərazi bütövlüyünyn uğrunda gedən döyüşlərdə əməliyyatlara cəlb edilməsi məqsədi ilə Hərbi Hava Qüvvələrinin 27 sentyabr 2020-ci il tarixli 0028 nömrəli sərəncamı ilə Heydər Əliyev adına X14 X1ma Mərkəzinə ezam edilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən N saylı hərbi hissəyə gəlmiş İddiaçı barəsində verilmiş arayışdan məlum olur ki, o Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə 17 oktyabr 2020-ci il tarixində, Bərdə rayonuna isə 28 oktyabr 2020-ci il tarixində atılmış balistik və digər raketlərin ehtimal olunan trayektoriyalarını nəzərə alaraq sərnişin təyyarələrinin marşrutlarını dəyişdirmiş və təhlükəsizliyini təmin etmişdir. Bundan başqa Ermənistan Respublikasına məxsus döyüş təyyarəsinin aşkarlanaraq məhv edilməsi fəaliyyətində iştrak etmişdir. Göstərdiyi yüksək peşakarlığa görə Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən imzalanmış Fəxri Fərmanla təltif edilmişdir.

25. Cavabdeh təşkilatın etirazında göstərdiyi, yəni İddiaçı tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinin müharibə veteranı statusunun verilməsi üçün əsas sayılmaması ilə bağlı gətirdiyi arqument ilə məhkəmə kollegiyası razılaşmır və mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 1994-cü il tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci fəslində hərbi qulluqçuların ümumi vəzifələri kimi onların Azərbaycan Respublikasının müdafiəsini həyata keçirmək, döyüş əməliyyatının aparılması, döyüş əməliyyatının gedişatı zamanı yaralıları döyüş meydanından uzaqlaşdırması və sairə bu xarakterli vəzifələri qeyd olunub. Cavabdehin hazırki, iddia tələbi üzrə verdiyi etirazın əsasları ilə məsələyə yanaşsaq, gərək hərbi qulluqçuların əsas vəzifəsinin Azərbaycan Respublikası müdafiəsinin həyata keçirməli olması baxımından ona müharibə veteranı verilməsindən imtina edilməlidir. Lakin hərbi qulluqçuların əsas vəzifəsinin düşmən hədəflərinin qarşının alınması və döyüşlərdə iştrak etməsinin olmasına baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə “Müharibə veteranı adının verilməsi qaydası və əsasları haqqında” Əsasnamə təsdiq edilmiş və həmin Əsasnamədə müəyyən ərazilər üzrə döyüş əməliyyatlarında bilavasitə iştrak etmiş və məkanından asılı olmayaraq döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı statusu verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan qaydalar bir daha ona dəlalət edir ki, xidməti vəzifələrin yerinə yetirilməsindən asılı olmayaraq döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi müharibə veteranı adının verilməsi üçün hər hansı bir məhdudiyyət yaratmır.

26. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarda gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun olduğuna görə cavabdehin şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2781/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar