Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1510/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “uşağın adının dəyişdirilməsi üçün müvafiq rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)- 14219/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Binəqədi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızları xx.xx.2023-cü il təvəllüdlü X3 adının “Ayə”dən “Nilay”a dəyişdirilməsinə dair icazə verilməsi vəzifəsinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, övladları X6 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Doğulduqdan sonra qohumların təkidi ilə onun adını “Ayə” qoymuşlar. Lakin, sonradan məlum olmuşdur ki, bu ad uşağın gələcəkdə ələ salınmasına, müraciət forması olaraq ona bu adda müraciət olunmasına və bununla da şəxsiyyətinin alçaldılmasına səbəb ola bilər. Hal-hazırda uşaq 7 aylıqdır. Lakin, uşaq böyüdükcə məktəbə hazırlıq və məktəb dövründə həmyaşıdları tərəfindən adına görə onun məzxərəyə qoyulması ehtimalı vardır. Bu da uşağın gələcəkdə özünə psixi və ya fiziki zərər yetirməsinə gətirib çıxara bilər. Onlar valideyn olaraq uşağın adının dəyişdirilərək ona “Nilay” adının qoyulmasına razılıqları vardır. Bu barədə Binəqədi RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına hər ikisi tərəfindən razılıq ərizəsi təqdim edilmişdir. Lakin, həmin orqan tərəfindən heç bir səbəb göstərilmədən, ümumi sözlərlə əsaslandırılma aparılaraq həmin adın gülünc olmadığı, uşağın mənafeyinə uyğun olduğu qənaətinə gəlinmiş və bu barədə qərar qəbul olunaraq uşağın adı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət olunsa da, qəyyumluq və himayəçilik komissiyasının müsbət rəyi olmadığına görə uşağın adının dəyişdirilməsindən və bu barədə onun doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilməsindən imtina edilmişdir. Cavabdeh Binəqədi RİH tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş iddaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, vətəndaşlar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixli 5-10/1-M-118-164/2023 saylı müraciətinə baxılmasının nəticəsi olaraq, Binəqədi RİH tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 15/2023 saylı qərarda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinin tələbləri izah edilmişdir. Qərarda uşağın hal-hazırda daşıdığı “Ayə” adının müsbət mənası olan ad olması, uşağın mənafeyinə ziyan gətirməməsi, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq, xx.xx.2023-cü il təvəllüdlü X3 adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinin müddəalarına əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qeyd olunan qanunvericilik normalarından da görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X3 hazırda daşıdığı ad onun mənafeyinə xələl gətirmir, habelə onun cinsinə uyğun gəlir, gülünc ad deyil və uşağın maraqlarına zidd olan digər hər hansı əsaslar yoxdur. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)-14219/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 müraciəti üzrə xx.xx.2023-cü il təvəllüdlü X3 adının “Ayə”dən “Nilay”a dəyişdirilməsinə icazə verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəməyə etdikləri müraciətlərində uşağın adının dəyişdirilməsində məqsədlərinin hər ikisinin “Nilay” adını bəyənmələrini, əsas etibarilə “Ayə” adına görə uşağın gələcəkdə ələ salınmasını və məzxərəyə qoyulmasını ehtimal etdiklərini əsas gostərmişlər. Lakin “ayə” sözü islam dininin müqəddəs kitabı olan Qurani-Kərimə məxsus söz olduğundan, mənası ərəb dilindən tərcümədə “əlamət, işarə” olmaqla mənfi məna daşımadığından və uşaq qız cinsindən olduğundan Komissiya gələcəkdə onu adına görə ələ salınmasını və məzxərəyə qoyulmasını ehtimal etmir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən komissiyalar məhz uşaqların hüquqlarını müdafiə etməli və uşaqlarla bağlı mübahisələrə baxılması zamanı valideynlərin deyil, uşaqların mənafelərini üstün tutmalıdır. Komissiya məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-14219/2023 saylı Qərarının əsaslandırma hissəsinə münasibət bildirərək hesab edir ki, məhkəmə inzibati orqanın inzibati aktı əsaslandırmadığını qeyd etsə də, bu həqiqətə uyğun deyil. Belə ki, Komissiya ərizəçilərin izahatlarını, uşağın hal-hazırda daşıdığı adın onun mənafeyinə xələl gətirməməsini, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmamasını, hər hansı səbəbdən gələcəkdə onun adına görə ələ salınmasını və məzxərəyə qoyulmasını ehtimal etmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il təvəllüdlü X1 adının dəyişdirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Yəni ki, komissiya uşaq hüquqlarının müdafiə olunmasını həyata keçirən dövlət qurumu kimi 10 yaşına çatmamış uşağın adının dəyişdirilməsinin uşağın mənafeyinə uyğun olmadığını hesab etdiyi halda, adın dəyişdirilməsinə icazə verməyə bilər. Uşaq 10 yaşına çatdıqdan sonra adının dəyişdirilməsini istəyərsə, onun fikri nəzərə alınaraq adı dəyişdirilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14219/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)-14219/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan: AA ******* seriyalı və AA ******* seriyalı şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 ünvan 1 ünvanında, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Sumqayıt “Asan xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ İİ seriyalı 499557 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 ilə X7 xx.xx.2022-ci il tarxdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin 04-cü ayının 19-cu günündə 1012 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 838943 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin yanvar ayının 30-cu günündə 471 № ilə qeyd edilmişdir. Atası qrafasında İddiaçı1, anası qrafasında isə İddiaçı2 qeyd olunmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 tərəfindən notarial qaydada verilmiş **********417 saylı ərizədə qeyd olunmuşdur ki, xx.xx.2023-cü il təvəllüdlü azyaşlı qızı X3 adının dəyişdirilib “Nilay” olmasına etiraz etmir. Ərizə həqiqi niyyətinə uyğun olaraq tərtib edilmiş, öz imzası ilə təsdiq etmişdir. Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasının uşağın adının dəyişdirilməsi haqqında 15/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, Binəqədi RİH başçısının müavini, Qəyyumluq və himayəçilik komissiyasının sədri Sevinc Süleymanova, Komissiya üzvləri Aynur Abbasova, Orxan Əliyev, Sabir Əliyev, İradə Rizazadə, Məlahət İbrahimova və Tahirə Əsgərovadan ibarət tərkibdə Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyası (bundan sonra - Komissiya) tərəfindən vətəndaşlar İddiaçı1 və İddiaçı2 övladı xx.xx.2023-cü il təvəllüdlü X13, qızının adının dəyişdirilməsi barədə Binəqədi RİH-yə daxil olmuş xx.xx.2023-cü il tarixli 5-10/1-Ml 18-164/2023 saylı ərizələrinə baxılaraq, yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X3 adının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə əsasən verilmiş: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 3-16-5/8-13-1572/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş doğum haqqında akt qeydində uşaq qrafasında ad “Ayə”-dən “Nilay”a düzəliş edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilmirlər. İş materialları ilə müəyyən olunur ki, iddiaçıların övladı X6 xx.xx.2023-cü il tarixində doğulmuşdur. Doğum haqqında akt qeydində adı “Ayə” yazılmışdır. Hal-hazırda uşaq 7 aylıqdır. İddiaçı tərəf doğum haqqında akt qeydində uşağın adının gələcəkdə ona mənfi təsir edəcəyi, məzxərəyə qoyulacağı və şəxsiyyətinin alçaldılmasına səbəb ola biləcəyi fikrini irəli sürərək “Nilay” kimi yazılmaqla dəyişdirilməsini və onun doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsini istəyir. İddiaçılar iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda, ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır, 13-cü maddəsində isə müəyyən olunur ki, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (“X8rşı” iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və “Macalin X2rşı” iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (“Daróczy Macarıstana qarşı” iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (“Libşer Avstriyaya qarşı” iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi mövqe ilə razılaşaraq qeyd edir ki, konstitusion hüquq ilk növbədə uşağın rifahına xidmət etməsini nəzərdə tutduğundan və bununla da valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxil olduğundan, hazırki halda iddiaçıların uşağın üstün mənafeyi üçün onun adının dəyişdirilməsinə dair icazə verilməsi ilə bağlı müraciətləri tam əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1.İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçılar arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması üçün əsaslar olduğundan apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində texniki səhv olaraq azyaşlı X3 təvəllüdünü xx.xx.2023-cü il əvəzinə xx.xx.2023cü il göstərmişdir. Həmin hal mahiyyət etibarılə qanuni və əsaslı qərarın dəyişdirilməsinə və ya ləğvinə əsas olmadığından, texniki səhv olduğundan birinci instansiya məhkəməsinin qərarı azyaşlı X3 təvəllüdü xx.xx.2023-cü il göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2-1(112)-14219/2023 saylı qərarı azyaşlı X3 təvəllüdü xx.xx.2023-cü il göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1510/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1510/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver