Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1525/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2122/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Azərbaycan X1 filialı tərəfindən adına verilmiş xx.xx.2009-cu il tarixli, B № 111440 nömrəli bakalavr diplomunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2009-cu il tarixdə Azərbaycan Respublikası Azərbaycan X1 filialının “Filologiya” ixtisasını bitirmişdir. Bu barədə B № 111440 saylı müvafiq diplom almışdır. İddiaçı 5 il müddətində (2004-2009) qiyabi təhsil almışdır. Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisasını bitirmişdir. Özü hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sosial Fondunda məsləhətçi vəzifəsində işləyir. 2004cü ildən bu günə qədər həmin diplom ilə işləmişdir. Lakin buna baxmayaraq Təhsil Nazirliyinə ünvanladığı ərizəsinə cavab olaraq bildirmişlər ki, adına yazılmış B seriyalı 111440 nömrəli diplom blankının (№ S-10382/31-24, xx.xx.2019-cu il) hüququ əsası yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2122/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, məhkəmə iddia tələbinin rədd edilməsinin əsaslarından biri kimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 09/xx-xx/0288 saylı məktuba istinad etmişdir. Məhkəmə iddiaçının təhsil müəssisəsinə qəbul ilə bağlı aidiyyəti olmayan yerə sorğu göndərmişdir. Təbii ki, Dövlət İmtahan Mərkəzində iddiaçının imtahanlarda iştirak etməsi və hər hansı təhsil müəssisəsinə qəbul əmri olmamalıdır. Halbuki, o, ilk öncə Gürcüstan Respublikasında universitetə qəbul olmuş və daha sonra 2004-cü ildə Azərbaycan Müəllimlər İnsititu Qazax filialına köçürülmüşdür. Köçürülmə yolu ilə təhsil müəssisəsinə qəbul edildiyinə görə onun barəsində Dövlət İmtahan Mərkəzində məlumatların aşkar edilməməsi təbii haldır. Belə ki, xarici ölkələrdə dövlət xətti ilə xaricdə təhsil alan və ya dövlət xətti ilə təhsil almayan şəxslərin köçürülməsi xx.xx.1996-cı ildə qəbul edilmiş “Ali və ona ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə əsasən aparılır. Göründüyü kimi, məhkəmə sadəcə Dövlət İmtahan Mərkəzinə sorğu göndərməklə kifayətlənmiş və iddiaçının xarici ölkənin təhsil müəssisəsindən köçürülüb-köçürülüməməsini yoxlamamış və nəzərə almamışdır. İkincisi, o, qiyabi təhsil aldığı illər üzrə təhsil müəssisəsinə ödədiyi təhsil haqqı barədə ödəniş sənədlərini məhkəməyə təqdim etsə də, məhkəmə həmin ödənişlərə də əhəmiyyət verməmiş və hüquqi qiymət verərkən bunu da nəzərə almamışdır. Halbuki, əgər o, təhsil müəssisəsinin tələbəsi olmasaydı, dövlət tərəfindən ödəniş necə qəbul edilə bilərdi?! Üçüncüsü, məhkəmə qərar qəbul edərkən iddiaçının ali təhsil müəssisəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında sənəd verilməsi barədə qaydalara istinad etmişdir. Bu zaman da məhkəmə yenə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, qərardan görünür ki, məhkəmə mübahisəli hüquq münasibətinə hüquqi qiymət verərkən iddiaçının təhsil müəssisənə qəbul edildiyi və təhsil aldığı dövrdə (2004- 2009-cu illər) qüvvədə olan qanunvericiliyə deyil, sonrakı dövrdə, yəni Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərar ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onun verilməsi Qaydasına” istinad etmişdir. Dürdüncüsü, məhkəmə prosessual pozuntulara da yol vermişdir. Belə ki, işdən də göründüyü kimi, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, sadəcə Dövlət İmtahan Mərkəzinin sorğusu ilə kifayətlənmişdir. Halbuki, inzibati icraat qaydasında işlərə baxılarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna baxmayaraq məhkəmə xidməti vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2122/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan B № seriyalı 111440 saylı diplomun surətindən görünür ki, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialı tərəfindən Dövlət Attestasiya Komissiyasının xx xxxx 2009-cu il tarixli qərarı ilə İddiaçı Filalogiya Azərbaycan dili və ədəbiyyat ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Diplom 6/1046 nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, S10382/31-24 saylı imtina məktubundan görünür ki, iddiaçının Təhsil Nazirliyinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, adına yazılmış B seriyalı 111440 saylı diplom blankının hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmiş, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə göndərilmiş 09/xx-xx/0288 saylı, xx.xx.2020-ci il tarixli məktub ilə sorğuya cavab olaraq bildirilmişdir ki, xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı 2004-2019-cu illərdə keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində Dövlət İmtahan Mərkəzi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bu zaman ona əsaslanmışdır ki, hazırkı halda iddiaçının ali təhsil müəssisəsinə qəbulla bağlı imtahanda iştirak etməməsi və diplomun verildiyini ali təhsil müəssisəsinə qəbulla bağlı əmrinin olmaması ona Azərbaycan Müəllimlər İnstitutu Qazax filialı tərəfindən Dövlət Attestasiya Komissiyasının xx xxxx 2009-cu il tarixli qərarı ilə Filologiya Azərbaycan dili və ədəbiyyat ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında B seriyalı № 111440 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir və həmin diplomun cavabdeh tərəfindən tanınması barədə müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin Azərbaycan Respublikasının Təhsil qanununa əsasən diplom blankı təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş diplom blankının hüquqi əsasının olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilmiş sorğuya cavab olaraq onun hər hansı təhsil müəssisəsinə qəbul olunmaması barədə göndərilmiş cavab məktubuna münasibətdə onun ilk öncə Gürcüstan Respublikasında universitetə qəbul edilməsini, daha sonra köçürülmə yolu ilə Azərbaycan Müəllimlər İnstitutu Qazax filialına köçürüldüyünü bildirsə də bununla bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hətta iddiaçı köçürülmə yolu ilə Azərbaycan Müəllimlər İnstitutu Qazax filialına qəbul olunmuş olsa belə ona verilmiş diplom blankının hüquqi əsasının olmadığı Təhsil Nazirliyi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2122/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Anar Tanrıverdiyev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1525/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1525/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver