Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1536/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 oğlunun və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişin bərpa edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2021 saylı, 02.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə 30 sentyabr 2019-cu il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiyanın tam olaraq ona ödənilməsinin təmin olunması ilə hüquqlarının bərpa olunması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «...Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.2-ci maddəsinə əsasən 01 may 2010-cu il tarixdən 31411- 88% görə ona ömürlük 563.11 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bu barədə ona Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən 08 iyun 2016cı il tarixdə, 015741 nömrəli vəsiqə də təqdim olunmuş,qanuni əsaslarla təyin olunmuş pensiyanı almışdır. Lakin yaxın vaxtlarda pensiyasının kəsildiyini bilmişdir. Bunun səbəbi olaraq Rusiya Federasiyasının Pensiya Fondunun Krasnodar dairəsi (Krasnodar şəhəri üzrə) nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna, Müdafiə Nazirliyi xətti ilə, əlilliyə görə pensiya ona təyin olunub-olunmaması, həmçinin, hansı hərbi komissarlıqdan hərbi xidmətə çağırılması və hərbi rütbəsinə dair, göndərilən sorğu məktubu qeyd edilmişdir. Bundan sonra o, DSMF-yə rəsmi olaraq müraciət etmiş, lakin sonuncu 01 may 2020-ci il tarixdə yazılmış cavab məktubunda pensiyanın kəsilməsinin əsas səbəbi tam aydınlaşdırılmamış, məktubun sonunda məsələnin araşdırılması üçün aidiyyəti üzrə sorğu göndərildiyinə əsaslanmaqla, kifayətlənmişdir. Bununla da onun qanuni tələbi təmin edilməmişdir... Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsin xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya təqdim edilən məlumat vərəqinə əsasən 01.05.2010cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İdarəyə təqdim etdilmişdir. Sənədlərə əsasən iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması məlum olduğundan, ona əmək pensiyasının ödənişi tam dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2021 saylı, 02.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 30.09.2019-cu il tarixdən dayandırılmış əmək pensiyası bərpa edilməsi və ödənilməmiş pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin qulluq etdiyi orqanların müvafiq qürumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən məlumat vərəqinə əsasən 01.05.2010-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İdarəyə təqdim etdilmişdir. Sənədlərdən iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması məlum olduğundan ona əmək pensiyası tam dayandırılmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla, tanınmır”. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsi”nin 318-2 maddəsinə əsasən “xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Həsənov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Rusiya Federasiyaından heç bir pensiya almadığı iş materiallarına əsasən sübuta yetirildiyini qeyd edərək, cavabdeh tərəfindən əsassız olaraq onun pensiyasının dayandırıldığını qanunsuz hesab etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında iddiaçıya 01.05.2010-cu il tarixdə əmək pensiyası təyin edildiyi, 30 sentyabr 2019-cu il tarixdən etibarən onun pensiyasının dayandarıldığı mübahisələndirilmir. Konkret halda, cavabdeh tərəfindən işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması əsası ilə onun əmək pensiyası tam dayandırılmasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1ci, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun sayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 82-ci maddəsinin tələblərin nəzərə alaraq hesab edir ki, işə cavabdehin şikaytəinin dəlilləri həddində baxılmalıdır. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi, Rusiya Federasiyasının vətəndaşı olması əsası ilə, iddiaçıya pensiya ödənişini dayandırması aşağıdakılara görə əsassız hesab edilməlidir. Birincisi, iddiaçının iş materiallarına əlavə olunmuş, 22.09.2017-ci il tarixində Qəbələ RPŞ tərəfindən verilmiş AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində isə Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin vətəndaşı olduqda, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşılığına məsbuyyəti deyil, xarici dövlətin vətəndaşlığına mənsubiyyəti (Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla) tanınmır. Qanunun qeyd olunan mənası baxımından, ən azından iddiaçının ölkə ərazisində Azərbaycan Rspublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Belə olan halda, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinin tələbinə görə iddiaçının bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdir. Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə” Azərbaycan respublikası Qanunu (3 aprel 2001-ci, No114-İİQ) ilə təsdiq olunmuş həmin Sazişə əsasən:
1. Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: «vətəndaşlar» — Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; «daimi yaşayış yeri» — vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; «əmək (sığorta) stajı» — Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; «səlahiyyətli orqanlar»: Azərbaycan Tərəfindən — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Tərəfindən — Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır.
2. Vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir.
5. Bu Saziş üzrə pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri belə təminatı verən dövlət çəkir. 6.Vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İddiaçının şəxsiyyət vəsiqəsinə, habelə, işə əlavə olunmuş Qəbələ rayon mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının 318 saylı 15 sentyabr 2020-ci il tarixli aryışına əsasən müəyyən olunur ki, o, daimi olaraq Azərbaycan Respublikasında (Qəbələ şəh., M.Abduyev küç.ev32, m 3) yaşayır. Belə olan halda, həm adıçəkilən Sazşin, həm də “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan tələbləri baxımından, iddiaçı əcnəbi olduğu təqdirdə belə, onun Azərbycan Resbublikasının ərazisində daimi yaşayan şəxs kimi Azərbycan Resbublikasının qanunvericiliyinə müvafiq olaraq pnsiya təminatı hüququ vardır. İş materiallarından da görünür ki, iddiaçıya hərbi qulluqçu kimi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaşa görə pensiya təyinatı aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir (b.b.1-4). İşdən də, məhz, görünür ki, adıçəkilən “Qaydalar”a müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.09.2010-cu il tarixli məlumat vərəqəsinə əsasında, iddiaçının təminat xərcliyi nəzərə alınmaqla, 01.05.2010-cu il tarixindən ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişin dayandırılması qanunsuz və əsassız olmuşdur. İPM-in 34.1-ci maddəsinin tələbindən isə görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticəni faktiki şərtlər baxımından mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1813/2021 saylı, 02.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1813/2021 saylı, 02.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Elmira Nağıyeva