Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1540/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X7nə (üçüncü şəxs Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) qarşı “imtahan nəticəsinin yenidən qiymətləndirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7309/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 23 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması, habelə imtahan keçirməsi üçün cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixdə ödənilmiş 110 manat pulun və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı imtahan keçirilmişdir. Keçirilmiş imtahanın nəticəsi elan edildikdə cavabdeh tərəfindən imtahanın nəticəsi əvvəlcədən elan edilmiş formada deyil, naməlum səbəblərdən başqa formada qiymətləndirilmiş, nəticədə təxminən 40 nəfərin, o cümlədən də onun imtahan nəticəsi düzgün hesablanmamış və o, əsassız olaraq müsabiqənin ikinci mərhələsinə keçə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara əməl olunmamışdır. Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir. İmtahan nəticələri açıqlanana qədər cavabdeh tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir ki, bu da öz növbəsində qanunsuz və ədalətsiz yanaşmadır. Cavabdeh orqanın onun müraciətinə cavabından da aydın olur ki, qaydalar sonradan dəyişdirilmiş və namizədlər bu barədə əvvəldən məlumatlandırılmamışdır. Yeni qaydaya əsasən Qanun+Məntiq+Dünyagörüşü (QMD) 65 bal və esselərdən 120 bal toplamış şəxs, eləcə də QDM 73 bal və esselərdən 80 bal toplamış şəxs imtahandan keçməmiş sayılır. Halbuki imtahan haqqında əvvəldən elan edilmiş qaydalara əsasən (10+10 və 50% limitsiz) bu şəxslər imtahandan keçmiş olur. İndiki halda QMD 55 bal toplamış namizəd essedən 140 bal toplayarsa keçmiş sayılır. İmtahan nəticələri əvvəlki qaydada hesablanarsa, 3-cü namizəd 69 bal, 2-ci 81 bal, 3-cü isə 77 bal toplamış olur. Bu halda 3-cü şəxs yox, digər iki namizəd uğur qazanmış hesab olunur. Göründüyü kimi, bu faktlar imtahan nəticələrinə ciddi şəkildə təsir etməklə, köklü dəyişiklikərə səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qəbul üzrə keçirilən imtahanda iştirak etmişdir. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5.25 bal (52.5%) toplamışdır. İddiaçı ümumilikdə 81.25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173.5%-dir. Yəni iddiaçı mümkün ola biləcək 300%-lik nəticədən 173.5% nəticə əldə etmişdir. İddiaçı həmçinin xarici dil üzrə inşa (esse) tapşırığı üçün nəzərdə tutulan 50 faizlik minimal nisbi nəticə tələbinə uyğundur. İddiaçı müsabiqədə nəzərdə tutulan minimal tələblərə uyğun olsa da növbəti - müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Müsabiqədə 460 nəfər iştirak etmişdir. Bütün namizədlərin inşa (esse) tapşırıqları eyni meyarlar - Ümumavropa çərçivə sənədinin (CEFR) meyarları əsasında iki fərqli ekspert tərəfindən qiymətləndirilmişdir. Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququ qazanan 100-cü namizəd imtahandan 189.5% nəticə əldə etmişdir. İddiaçının cavabdeh orqana ünvanlandığı apellyasiya şikayəti əsasında onun inşa (esse) tapşırıqları üzrə nəticələri başqa ekspert tərəfindən yenidən qiymətləndirilmiş, nəticə qüvvədə saxlanılmışdır. İddiaçı 189.5%-lik nəticə əldə bilmədiyi üçün Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququna malik deyildir. Həmçinin iddiaçı iddiasında imtahanda iştirak etmək üçün ödənilməli olan 110 manat ödənişin və Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Həmin məbləğlərin iddiaçıya ödənilməsinin qanunvericiliklə heç bir əsası yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7309/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırmamışdır. Belə ki, imtahanın nəticəsindən o və digər narazı qalan şəxslərin verdiyi şikayətə cavabdeh tərəfindən apellyasiya qaydasında baxılarkən imtahandan müvvəfəq bal toplamayaraq növbəti mərhələyə keçməyən 7-9 nəfər imtahandan keçmiş şəxs kimi 2-ci mərhələyə keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, imtahanın birinci mərhələsində ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Müsabiqədə 460 nəfər iştirak etmişdir. Bütün namizədlərin inşa (esse) tapşırıqları eyni meyarlar - Ümumavropa çərçivə sənədinin (CEFR) meyarları əsasında iki fərqli ekspert tərəfindən qiymətləndirilmişdir. Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququ qazanan 100-cü namizəd imtahandan 189.5% nəticə əldə etmişdir. İddiaçının cavabdeh orqana ünvanlandığı apellyasiya şikayəti əsasında onun inşa (esse) tapşırıqları üzrə nəticələri başqa ekspert tərəfindən yenidən qiymətləndirilmiş, nəticə qüvvədə saxlanılmışdır. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5.25 bal (52,5%) toplamışdır. İddiaçı ümumilikdə 81.25 bal toplamış, uğurluluq nəticəsi 173,5 %-dir. İlk 100-lüyə düşə bilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X7 tərəfindən müraciət etmiş şəxslərə verilmiş cavabda yazılı imtahanın nəticələrinə əsasən ən yüksək nəticə göstərmiş ilk 100 (yüz) iştirakçınin müəyyən edilməsi zamanı tətbiq edilmiş yanaşma ilə bağlı ətraflı izah verilmişdir. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün X7 tərəfindən 14 fevral 2022-ci il tarixindən etibarən onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edilmişdir. Ümumilikdə 74 namizəd apelyasiyaya müraciət etmiş və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılmışdır. Apelyasiyaya müraciət etmiş namizədlərin yazı işlərinə komissiya tərəfindən baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı işin faktiki hallarından məlum olduğu kimi, iddiaçının iddiası aşağıdakı tələblərdən ibarətdir: 1) Cavabdeh tərəfindən 23 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması; 2) İmtahan keçirməsi üçün cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixdə ödənilmiş 110 manat pulun və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərinin hər ikisinə mahiyyəti üzrə qiymət verildiyindən, qərar ləğv edilməli, “imtahan keçirməsi üçün cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixdə ödənilmiş 110 manat pulun və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində iddia mümkün sayılmadığından, qalan hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının “xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması” ilə bağlı iddiası mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: - 7.1-ci maddəsinə əsasən diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. - 7.2-ci maddəsinə əsasən diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nazimnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X7 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. - 1.3-cü bəndinə əsasən Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: X7 Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə bir neçə məqamı namizədlərin diqqətinə çatdırır: Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub - test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse. Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib. Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi balı ən az 50 müəyyən edilib. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır. İşin hallarından göründüyü kimi, imtahanın nəticələri Ümumavropa çərçivə sənədinin (CEFR) meyarları əsasında qiymətləndirilmiş, hansı ki, bu barədə DİM internet saytında da məlumat yerləşdirilmişdir. Belə ki, Avropa Şurasının müvafiq strukturu tərəfindən hazırlanmış dillər üzrə ümumavropa çərçivə sənədi dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi üçün alətlərin hazırlanmasında istifadə olunur. CEFR-ə əsasən dil üzrə bilik və bacarıqlar A1 – A2 (aşağı səviyyə), B1 – B2 (orta səviyyə), C1 – C2 (yuxarı səviyyə) və A1-C2 arası 6 səviyyədə qruplaşdırılır. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5.25 bal (52.5%) olmaqla ümumilikdə 81.25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173.5% olmuşdur (71+5+5.25=81.25 bal / faizlə isə 71%+50%+52.5%=173.5%). İddiaçı mümkün olan 300%-lik nəticədən 173.5% nəticə əldə etmiş (100-cü namizəd 189,5 % nəticə əldə etmişdir) müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizəd sırasına daxil ola bilməmiş, müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət iddia tələbinin təmininə əsas vermir. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilərək ümumilikdə iddia tələblərinə mahiyyəti üzrə qiymət verildiyindən, apellyasiya araşdırması zamanı isə iddia tələbinin ikinci hissəsi mümkün sayılmadığından, qərar ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7309/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarı qismən ləğv edilsin. İddia tələbi “xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması” hissəsində rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1540/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1540/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver