Məhkəmə qərarları › İş №2-1(103)-155/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-155/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-155/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı İmametdinoviçin və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İmametdinoviçin (xx.xx.1948-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi 14 illik iş stajının nəzərə alınması və 2005-ci ildən 2019-cu ilə qədər almadığı pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1990/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı İbrahimov Çingiz İmametdinoviç xx.xx.2019-cu il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya təyin edilməsi zamanı iddiaçının dövlət qulluqçusu kimi 14 illik iş stajının nəzərə alınması və 2005-ci ildən 2019cu ilə qədər almadığı pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluqçusu kimi iş stajı 14 il təşkil edir. Belə ki, o, 1983-cü ilin 01 noyabr tarixindən, 27 avqust 1997-ci ilə qədər Azərbaycan Yüngül Sənaye Nazirliyində işləmişdir. Lakin cavabdehin iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, Azərbaycan Yüngül Sənaye Nazirliyinin adı dəyişdirilərək “Xalq üçün Mallar” Konserni adlandırıldığına görə iddiaçının da dövlət qulluqçusu statusu dəyişmişdir. Halbuki nazirliyin adının dəyişməsinə baxmayaraq iddiaçı həmin kollektiv və həmin Hökumət evində dövlət qulluqçusu statusunda işləməkdə davam etmişdir. İddiaçı 2005-ci ilin 17 oktyabr tarixində pensiyaya çıxmışdır və iddiaçıya dövlət qulluqçusu kimi 14 il il dövlət qulluğu stajına görə deyil, yalnız 7 il 1 ay dövlət qulluğu stajına görə pensiya təyin edilmişdir. Bunun nəticəsində 2-ci qrup əlil olan iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1990/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1990/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı xx.xx.1966-cı ildən xx.xx.1967ci ilə qədər Az.SSR Bak.YEK.Avto Nəqliyyat Nazirliyi yük yerinin qəbuledicisi ekspeditoru, xx.xx.1969-cu ildən xx.xx.1969-cu ilə qədər Az.Res.Bakı Mexanikləşdirilmiş hesablar Fabrikində sexdə operator, xx.xx.1969-cu ildən xx.xx.1973-cü ilə qədər Azərbaycan Dəmir Yolları mexanikləşdirilmiş hesab fabrikində elektromontyor, xx.xx.1975-ci ildən, xx.xx.1983-cü ilə qədər Azərbaycan SSR Ticarət Avadanlıqları İstehsalı Kombinatında mühəndis, usta, xx.xx.1983-cü ildən, xx.xx.1990-cı ilə qədər Az.SSR Yüngül Sənaye Nazirliyində energetika şöbəsində baş mexanik, əsaslı tikinti və sosial inkişaf idarəsində aparıcı mühəndis, xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilə qədər “Xalq üçün Mallar” Konsernində baş mütəxəssis işləmişdir. - İddiaçı tərəfindən DSMF-nin Nərimanov rayon şöbəsinə ünvanlanmış xx.xx.2019cu il tarixli ərizəsinə əsasən iddiaçı Yüngül Sənaye Nazirliyinin mərkəzi aparatında 14 illik iş stajı olması ilə bağlı həmin müddətin dövlət qulluqçusunun iş stajı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. - DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. İddiaçının dövlət qulluğu stajı 7 il 1 ay (xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə qədər) təşkil edir. xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilə qədər işlədiyi dövr Azərdövlətkonserni müəssisəsi Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət qulluqçuları siyahısında nəzərdə tutulmadığından həmin illər iddiaçı üçün dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. İşin apellyasiya icraatı xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlanaraq işin obyektiv həlli məqsədilə İddiaçı İmametdinoviçin xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilə qədər “Xalq üçün Mallar” Konsernində baş mütəxəssis vəzifəsində çalışdığı müddətin dövlət qulluğu stajı kimi qəbul edilib-edilməməsi barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 04/xx-xx/0207 saylı, xx.xx.2021-ci il tarixli məktubunda 1990-1997-ci illər üzrə “Xalq üçün Mallar” Konserninin hüquqi statusu və strukturunu müəyyən edən sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə sorğu verildiyi, müvafiq sənədlər əldə edildikdən sonra məsələ ilə bağlı rəy verilməsinin mümkün olacağı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2021-ci il tarixli, 04/xx-xx/0597 saylı məktubunda (imzalayan icraçı direktor Vəfadar Misirov) qeyd edilmişdir ki, “1990-1997-ci illər üzrə "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserninin hüquqi statusu və strukturunu müəyyən edən sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən sorğuya cavab olaraq "Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserninin yaradılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxxxx 1990cı il tarixli 450 nömrəli qərarı Mərkəzə təqdim edilmişdir. Həmin Qərarla təsdiq edilmiş "Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserninin Nizamnaməsi"nin 1-ci hissəsinə əsasən Xalq istehlakı mallarının istehsalı və satışı üzrə Azərbaycan dövlət sənaye kommersiya konserni (bundan sonra - "Xalq üçün mallar" Azərbaycan dövlət konserni) “Dövlət müəssisələri (birlikləri) haqqında” SSRİ Qanununa əsasən Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin müəssisə, birlik və təşkilatlarının bazasında yaradılmışdır. Həmin Nizamnamənin 8-ci hissəsinə əsasən "Xalq üçün mallar" Azərbaycan dövlət konserni təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərmişdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmədiyindən (təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyindən) "Xalq üçün mallar" Azərbaycan dövlət konserni dövlət orqanı statusuna malik olmamışdır. Qeyd edilənlərə əsasən İddiaçı 1990-1997-ci illərdə "Xalq üçün mallar" Azərbaycan dövlət konsernində aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X2, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X3 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X3, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 8.3-cü maddəsinə əsasən konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilə qədər “Xalq üçün Mallar” Konsernində işlədiyi dövrlərin dövlət qulluğu hesab edilib-edilməməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq ünvanlanmış məktubda İddiaçı 1990-1997-ci illərdə "Xalq üçün mallar" Azərbaycan dövlət konsernində aparıcı mühəndis və baş mütəxəssis vəzifələrində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin əsassız olması məhkəmə sorğusu ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1990/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İmametdinoviçin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1990/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar