Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1557/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 saylı qərarının ona şamil olunması, iddiaçıya əlavə haqqın həmin qərarın qüvvəyə mindiyi tarixdən, yəni xx xxx 2008-ci il tarixdən hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5011/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X1rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdən 24 il təqvim, 30 il güzəştli xidmət illərinə görə pensiyaya çıxarılmaqla xidmətinə xitam verilmişdir. Xidmət müddətində Penitensiar Xidmətin 28 saylı, 7 saylı və 1 saylı çəzaçəkmə müəssisələrində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluq etmişdir. Ədliyyə nazirinin xx xxxx 1997-ci il tarixli 217 ş/h saylı əmrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcra Baş İdarəsinin 6500 saylı Mühafizə Alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyətinin X3 tərkibinə verilmişdir. Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı Qərarının ona şamil edilməsi xahişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə müraciətinə 186305/227 saylı, xx.xx.2018-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.5-ci, 12.2-ci, 17.2-ci və 20.14 - 20.18-ci maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.7-ci, 20.19-cu və 20.20-ci maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın (bundan sonra - Qayda) 1-ci bəndinə əsasən bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq qaydanın iddiaçılara şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsində ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilməsi göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-839/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-839/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5011/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı şamil olunmuş, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarının qüvvəyə mindiyi tarixdən (xx xxx 2008-ci ildən) İddiaçı əlavə haqqın hesablanaraq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbəli müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulurlar. Həmin Qanunun 33-cü maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Qanunun 35.2 maddəsinə əsasən penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları, «Hərbi xidmətkeçmə haqqmda» Əsasnamə, «Azərbaycan Respublikası Silahlı X2» və digər normativ hüquqi aktlarla tənzimlənir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 2007-ci il 29 noyabr tarixdən penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2- 1(103)-821/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5011/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-821/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, əlavələr xüsusi rütbəli şəxslər üçün nəzərdə tutulduğundan iddiaçıya aid edilmirlər. İddiaçıya hərbi qulluqçu statusu ilə pensiya təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, o, hal-hazıra kimi ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi pensiya alır və xüsusi rütbəli əməkdaş kimi digər imtiyazlardan yararlanır. Penitensiar Xidmətin müəssisəsində saxlanılan məhkumlarla hərbi qulluqçuların təmasda olması qanunla qadağan edilmişdir, xüsusi rütbəli, nəzarətçi vəzifəsində xidmət edənlər məhkumlarla daimi təmasda olduqları üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 39.3-cü maddəsinə əsasən üç iş günü dörd iş günü kimi hesablanır. Bu səbəbdən iddiaçının stajı təqvim hesabı ilə 22 il 09 ay 06 gün, xidmət ili güzəştli hesablama ilə 30 il 04 ay 15 gün təşkil etmişdir. O, həm yaş həddinə, həm də qulluq illərinə görə pensiya hüququ qazandığı üçün xx.xx.2007-ci il tarixindən xüsusi rütbəli şəxs statusu ilə pensiyaya çıxmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı Penitensiar Xidmətin 28 saylı, 7 saylı və 1 saylı çəzaçəkmə müəssisələrində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluq etmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən verilmiş 001547 saylı vəsiqədən görünür ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xx.xx.2007-ci il tarixdən xüsusi rütbəli şəxs kimi yaşa görə ömürlük pensiya təyin edilmişdir. İddiaçı Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı Qərarının ona şamil edilməsi xahişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 saylı qərarına əsasən pensiyanın yenidən hesablanması ilə bağlı ərizəsinə baxılmış, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1, 33.2, 35.2-ci maddələrinə istinad olunaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 saylı Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsini tənzimlədiyi göstərilərək, sözügedən Qaydanın əmək pensiyasının hesablanması zamanı tətbiq edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Cavabdehin qeyd olunan imtinasından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X1rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqında hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respulikası Qanununun 1.0.3 maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqmda» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.3-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi də aid edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5., 12.2., 17.2 və 20.14 - 20.18 maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7., 20.19 və 20.20-ci maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq Qaydanın hərbi qulluqçulara şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda «Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4 maddəsində ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 2.6 maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyət təşkil etdikdə Qanun tətbiq edilir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluqda olmaqla təqaüdə çıxmış və hazırda pensiyaçıdır. Cavabdeh tərəf iddiaçının hərbi qulluqçu olmasını iddia etmiş olsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun preambulası ilə müəyyən edilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdir. Həmin Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 33.4-cü maddəsinə görə hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və pentensiar müəssisələrdə saxlanılan şəxslərin müşaiyəti üçün təşkil edilmiş pensitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 212 ş/h saylı, xx xxxx 1997-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası ƏN MQİBİ-nin 6500 saylı mühafizə alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyətinin ştat vahidləri tərkibində fəaliyyət göstərən nəzarətçilər heyətinin ştat vahidləri əlavələrə əsasən İslah-Əmək Müəssisələrinin tərkibinə verilmişdir. Əmr xx xxxx 1997-ci ildən qüvvəyə minmişdir. Göründüyü kimi qanunvericilik Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə işlədiyi müddət (2.1.1), ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət (2.1.2), ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət (2.1.3), ədliyyə orqanlarında stajorluq və sınaq müddəti (2.1.4), ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət (2.1.5), məzuniyyət dövrləri (2.1.6), ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət (2.1.7), peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət (2.1.8) və ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət (2.1.9) daxildir. Məhkəmə kollegiyası hazırkı halda iddiaçının ədliyyə orqanının xüsusi rütbə üzrə təqaüdə çıxmış pensiyaçı olmasını nəzərə alaraq qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərdən ibarət olduğundan, həmin Qanunun 23.8-ci maddəsinə əsasən, yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilərin xidmət illərinə görə pensiya hüququna malik olduqlarından, həmin Qanunun 23.10-cu maddəsi və onun müvafiq hissələri isə ədliyyə orqanlarında azı 5 il qulluq keçmiş şəxslərin pensiya məbləğlərini müəyyən etdiyindən və həmin Qanunun 23.11-ci maddəsinin tələbinə görə pensiya təyin olunarkən əsas götürülən əmək haqqı, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablandığından Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarının iddiaçıya şamil edilməsi qanunauyğun hesab edilməlidir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, mübahisənin həlli üçün iddiaçının hansı statusla pensiyaya çıxması müəyyən edilməlidir. Çünki, iddiaçı ədliyyə işçisi kimi pensiyaya çıxdığını iddia etsə də, cavabdeh onun hərbi qulluqçu kimi pensiyaya çıxmasına istinad edərək müvafiq pensiya təyin edildiyini qeyd edir. Ədliyyə işçisi və hərbi qulluqçulara pensiya hesablanması qanunvericiliklə fərqli qaydalarda müəyyən edilmişdir. Belə olan halda, iddiaçıya pensiya məbləğinin hansı qaydada hesablanmalı olduğunu müəyyən etmək üçün ilk növbədə iddiaçının hansı statusla pensiyaya çıxdığı müəyyənləşdirilməli, bunun üçün də müvafiq pensiya işi məhkəmə tərəfindən tələb edilməli idi. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişinə əsasən müvafiq sorğu ilə iddiaçının pensiya işini tələb etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin 001547 nömrəli pensiya uçot vərəqindən müəyyən olunur ki, iddiaçı Penitensiar Xidmətdə xüsusi rütbəli əməkdaş kimi qulluq etmiş, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2007-ci il tarixli əmri ilə son yaş həddinə görə tərxis olunmuş, son işlədiyi orqan 1 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi, rütbəsi isə ədliyyə giziri olmuşdur. Həmçinin, iş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli, 17/3-170 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1979-cu il tarixlərində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1988-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində, xx.xx.1991-xx.xx.1992-ci illərdə DİN-in Daxili Qoşunlarında, xx.xx.1992-xx.xx.2007-ci il tarixlərində Penitensiar xidmətdə xüsusi rütbəli əməkdaş kimi qulluqda olmuşdur. xx.xx.2007-ci il tarixinə iddiaçının qulluq müddəti təqvimi hesablama ilə 22 il 09 ay 07 gün, güzəştli hesablama ilə 30 il 04 ay 15 gün təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutların məcmusundan göründüyü kimi, iddiaçı ədliyyə giziri rütbəsi ilə pensiyaya çıxmış və müvafiq olaraq pensiya məbləği hesablananda iddiaçının ədliyyə işçisi statusunda pensiyaya çıxması nəzərə alınmaqla əlavələr almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının hərbi qulluqçu kimi pensiyaya çıxmasına dair dəlilləri əsassızdır və işdə olan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası”na uyğun olaraq əlavə haqqın hesablanması üçün əsasların mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5011/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1557/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1557/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver