Məhkəmə qərarları › İş №2-1(103)-1564/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1564/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1564/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinin gəlirindən çıxılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)- 1096/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinin gəlirindən çıxılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, inzibati orqanın İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət – kassa aparatı çeklərinin (qəbzlərini) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd kimi qəbul etməməsinin qanunazidd olmasının müəyyən edilməsi; İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət-kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi, İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair dəqiqləşmiş ərizədə göstərilən nəzarət – kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğuldur. Bu zaman istifadə etdikləri nəqliyyat vasitələrinə respublika daxilində yanacaq doldurulmasının ödənişi nağdsız qaydada həyata keçirilir. Xarici ölkələrə yük daşınması zamanı, nəqliyyat vasitəsindəki yanacaq kifayət etmir və nəqliyyat vasitəsi olduğu xarici ölkədə yenidən yanacaqla təmin edilir. Orada yanacağın alınmasının xərc sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilə bilinmir (elektron qaimə və s.). Çünki oranın qanunvericiliyi tətbiq edilir. O, yanacağın alınması üçün çəkilən xərc gəlirin əldə edilməsi üçün çəkilən xərc olmasına və gəlirdən çıxılmalı olmasına baxmayaraq, vergi orqanı (Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi) həmin xərcləri mövcud sənədlər əsasında gəlirdən çıxılan xərc kimi qəbul etmir. Bu isə onların hüquqlarını pozur. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi orqanına buna dair müraciət edilsə də, nəzərə alınmamışdır. Nəticədə, 2019-cu il üçün vergi bəyannaməsinin həmin xərclər göstərilmədən verilməsinə məcbur olunmuş və buna uyğun vergi hesabalanaraq ödənilmişdir. Həmçinin vergi orqanının mövqeyi onu deməyə əsas verir ki, bu istər cari il (2020), istərsə də, gələcək illər üzrə belə olacaqdır. Hesab edirlər ki, artıq vergi hesablanması, onların hüquqlarının pozulmasıdır və bunun qarşısı alınmalıdır. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1096/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etməmişdir. Əvvəla, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul edərək, iddia tələbində konkret xərc sənədlərini qeyd etmişdir (baxmayaraq ki, mübahisə konkret xərc sənədi ilə bağlı deyil, xərc sənədlərinə dair normaların vergi orqanı tərəfindən səhv tətbiqinin müəyyən edilməsi ilə bağlıdır). İkincisi, təəssüf ki, məhkəmə təklifinin (tövsiyəsinin) nə olduğunu qərardadda qeyd etməmişdir. Bildirildi ki, iddiaçı mübahisəli xərc sənədləri üzrə xərclərini gəlirdən çıxaraq vergi hesabatı versin və vergi orqanı sanksiya tətbiq etdikdən sonra iddia qaldırılsın. Axı vergi orqanı məsələyə münasibətini bildirib: yəni həmin xərc sənədlərini qəbul etmir və etməyəcək. Belə olan halda, nəyə görə iddiaçı inzibati tədbirə məruz qalmağa təhrik edilir. Mövcud vəziyyətdə inzibati orqanın mövqeyinin qanunsuz olmasını məhkəmə baxışının predmeti etmək mümkün deyildir. İnzibati orqan mövqeyini ifadə edib və bildirib ki, mövcud xərc sənədlərini qəbul etməyəcək. İddiaçı isə bunun qanunsuz olduğunu hesab edir. Bu mübahisənin məhkəmədə baxılması üçün iddiaçının mütləq formal olaraq “pozuntu” törətməsimi lazımdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı konkret tələbi göstərilmədiyindən, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı hazırki iddia üzrə müəyyən edilmədiyindən iddia mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərinin mövcud vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyinin müəyyən edilmədiyi bildirilmiş, cavabdeh vergi orqanı tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılması tövsiyə edilmiş, lakin iddiaçı iddiasını müdafiə etdiyini bildirərək, iddiaya olduğu kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1096/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar