Məhkəmə qərarları › İş №2-1(103)-1564/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1564/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1564/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məlumat və sənədlərin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3009/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvana dair məlumat və sənədlərin surətlərinin ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 4 ünvanına dair məlumatın və sənədlərin surətinin alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən bildirilmişdir ki, həmin ünvana aid torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur və həmin ünvana dair texniki pasport aşkar edilməmişdir. Halbuki, bu sənədlər mövcud olmuşdur. Çünki o, halhazırda həmin ünvanda qeydiyyatdadır. Lakin ev sənədləri ona verilmədiyindən o, vərəsəlik hüququndan istifadə edə bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3009/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı (hakim A.Əhədova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı ünvan 6 ünvanda qeydiyyatda olduğuna baxmayaraq, həmin ünvana dair heç bir sənəd olmadığını bildirmişdir. Halbuki ev kitabçası mövcud olmuşdur, çünki o həmin sənədi gözü ilə gördüyünü bildirir. Ehtimal var ki, onun vərəsəlik hüququnun təmin olunmaması məqsədilə sözügedən sənəd yoxa çıxarılmışdır. Birinci instansiya məhkəməsi bu sənədin mövcud olub-olmaması barədə məsələni səthi araşdırmış, bu məsələ ilə bağlı Milli Arxiv İdarəsinə heç bir sorğu göndərməmişdir. Beləliklə də sənədin olmaması barədə heç bir rəsmi sübut olmadan qeyri-obyektiv qərar qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı iddia ərizəsinə, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi bilavasitə ünvan 4 ünvanı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlıdır. İddiaçı adıçəkilən ünvanda qeydiyyatda olduğunu əsas gətirərək həmin ünvanda yerləşən daşınmaz əmlaka dair sənədlərin cavabdehdə olduğunu, lakin cavabdeh tərəfindən təqdim edilmədiyindən mərhum atasından miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquqlarını həyata keçirə bilmədiyini iddia edir. Cavabdeh inzibati orqan ünvan 4 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X1 adına həmin ünvana dair texniki pasportun aşkar edilmədiyini bildirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, cavabdeh qismində qoyulmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bilavasitə səlahiyyətləri fiziki və hüquqi şəxslərin təqdim etdikləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqların əmələ gəlməsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirmək və həmin qeydlərin dəqiqliyi və tamlığını təmin etməkdir. Başqa sözlə, cavabdeh orqan ona təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin və həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərlə bağlı təsdiqedici sənədlərin saxlayıcısı olmaqla eyni zamanda həmin sənədlərin fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının sorğusu əsasında təqdim etməyə məsuldur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (bənd 2.0.1), hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək (bənd 3.0.5), dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (bənd 3.0.8), hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək (bənd 3.0.12) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı iddiaçı cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero) təqdim etmiş, ümumiyyətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, arxivində isə həmin ünvanla bağlı hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının iddia etdiyi mərhum atası X1 adına texniki pasportun aşkar olunmadığını bildirmişdir. Belə olan halda cavabdeh orqanda mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən imtina edilməsi inzibati orqanın hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının sözügedən ünvanda qeydiyyatda olması fiziki şəxsin yaşadığı yerin ünvanı üzrə müvafiq inzibati orqan-polis orqanı tərəfindən qeydiyyata alınmasını ifadə edir, həmin ünvanda yerləşən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını ehtiva etmir. Digər tərəfdən əmlaka dair ev kitabının olması hələ həmin daşınmaz əmlaka dair texniki pasportun mövcud olması və ya daşınmaz əmlakın müvafiq reyestrdə qeydiyyatda olması demək deyil. Digər tərəfdən Milli arxiv idarəsinə sorğu verilməsi ilə bağlı qeyd edilir ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ilkin hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirmək və həmin qeydlərin dəqiqliyi və tamlığını təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bilavasitə səlahiyyətlərinə aiddir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müvafiq daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı sənədlərin arxiv saxlayıcısı qismində çıxış edir. Həmçinin, Məhkəmə kollegiyası hüquqi yardım göstərərək nəzərə çatdırır ki, "Milli Arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbinin mümkün hesab edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3009/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar