Məhkəmə qərarları › İş №2-1(103)-1564/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1564/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1564/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümyəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)- 10797/2022 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia vasitəsilə iddiaçı 6 yanvar 2022-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 1 iyul 2022-cu ildə DMX İQ-03/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsini tələb edir. İddiaçı (ərizəçi) Əfqanıstan vətəndaşı və həzaradır. Dini etiqadına görə müsəlmandır (şiə). O, Əfqanıstanın Malestan ulusvaliliyi, Səbz dərrə kəndində doğulmuşdur, Malestanda İİİ sinifədək ibtidai təhsil almış, sonradan qeyri-qanuni yolla Pakistana getmiş, Kvetta şəhərində İX sinfə qədər təhsil almış, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilməmişdir. Xüsusi bir peşəsi olmamışdır. Ərizəçi Pakistanda və Əfqanistanda olduğu müddətdə tikintidə işləmiş, paralel olaraq ingilis dilini öyrənmişdir. Subaydır, valideyinləri vəfat etmişdir. Bacısı Şokriyya 5 il əvvəl naməlum şəraitdə itkin düşmüş, qardaşı Xodada isə 2011-ci ildən etibarən Avstraliyanın Melburn şəhərində məskunlaşmışdır. İqtisadi durumu ağır olduğundan Əfqanıstanda qala bilmir. Bu səbəbdən də o, ölkəsini tərk etmişdir. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan qüvvələr bölgədə dominantlıq edirlər. Ərizəçi 4 dekabr 2019-cu il tarixdə Azərbaycana gəlmişdir. 6 yanvar 2022-ci il tarixdə sığınacaq vəsatəti ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, cavabdeh onun vəsatətini 01-2022 saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. Ərizəçi bildirib ki, Əfqanıstanda iqtisadi durumu ağır olduğundan geri qayıtmaq istəmir. 1 iyul 2022-ci il tarixdə DMX İQ-03/1 saylı qərarla ərizəçinin sığınacaq vəsatəti rədd edilmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında Protokoludur (1951-ci il Konvensiya/1967-ci il Protokolu). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları (AİHK) və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq presedent hüququdur. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulmuşdur. Belə ki, o, əsassız olaraq qaçqın statusundan məhrum edilmiş və hazırda Azərbaycan Respublikasında hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da, cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunmuşdur və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. İPM-in 38.2-ci maddəsinə əsasən iddiaçı qərardan qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırır. Buna uyğun olaraq iddiaçının iddia qaldırmaq hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyəti üzrə baxılmalıdır. İddiaçı tərəf hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında aşağıdakı fundamental səhvlərə yol verilmişdir: cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Cavabdeh ərizəçinin əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsidir, 2-ci mərhələ isə, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə (şiə həzara olması) təqib edilməsi riskidir. Dövlət Miqrasiya Xidməti ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitələliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Cavabdeh ərizəçinin yaşı, milliyyəti və mənşə yerini müəyyən edib. Ərizəçinin iddiası onun etnik mənsubiyyətinə görə hazara olmasıdır ki, onlar da daimi olaraq anti-hökumət qüvvələri tərəfindən hədəfə alınır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK), Əfqanıstandan olan sığınacaq axtaran şəxslərin X1 Qiymətləndirilməsinə dair Müəyyənlik Təlimatına əsasən aşağıdakılar müəyyən olunur: “Hazaraların davamlı ictimai ayrıseçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Hazaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir”. “Yuxarıdakılara əsasən, BMT QAK hesab edir ki, Əfqanıstanda hər hansı etnik (azlıq) qrupuna aid olan şəxslər, xüsusilə yaşadıqları ərazidə etnik çoxluq təşkil etməyənlər işin fərdi hallarından asılı olaraq milliyyətinə görə və ya etnik/irqi əsaslarla beynəlxalq müdafiəyə ehtiyac duya bilərlər”. Qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Yoxlamanın 1-ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin şərti siyasi əqidəsinə görə əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gəlmək olar ki, ərizəçi Əfqanıstana qayıdacağı təqdirdə ona dini etiqadına görə ziyan vurula bilər. “Təqib” termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükədə olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMT QAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 5l-ci bəndi). Bu ehtimal ağlabatandır ki, Əfqanistana qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır. Beləliklə, Əfqanistana qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan anti-həzara silahlı birləşmələridir. Ərizəçi təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəçi həzaradır. MÖM göstərir ki, həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Ərizəçinin təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair Mənşə Ölkəsi məlumatlarına əsasən qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK, 2018): “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Əfqanıstanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Əfqanıstan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir Yüksək səviyyədə korrupsiya, səmərəsiz idarəetmə və cəzasızlıq mühiti müşahidəçilər tərəfindən qanunun aliliyinin zəiflədilməsi və dövlətin insan hüquqlarının pozulmasından qorunma qabiliyyətini zəiflədən amillər kimi təqdim olunur. Hökumətin insan hüquqlarının qorunması imkanları bir çox rayonlarda təhlükəsizliyə və anti-hökumət qüvvələri tərəfindən çox sayda hücumlar səbəbindən səmərəsiz olur”. Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı etnik və dini əqidəsinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir. Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Cavabdeh «İnzibati icraat haqqında» Qanunun 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün həmin Qanunun 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh həmin Qanunun 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da həmin Qanunun 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları sözügedən Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də, cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da, həmin Qanunun 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin, cavabdeh iddiaçıya lazımi hüquqi məsləhətləri verməyib. Qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq, həmin Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb. Hesab edilir ki, sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ, inzibati icraat və ədalət mühakiməsi hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ, səmərəli vasitələr hüququ. Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Göstərilənlərə və İPM-in 2, 33, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdehin İQ-03/1 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə 6 yanvar 2022-ci il tarixli vəsatətin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı 6 yanvar 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 01-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Əfqanıstanın Malestan ulusvaliliyi, Səbz dərrə kəndində doğulduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Malestanda İİİ siniflər üzrə ibtidai təhsili aldığını, sonradan qeyri-qanuni yolla Pakistana getdiyini, Kvetta şəhərində İX sinifə qədər təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, xüsusi bir peşəsinin olmadığını, Pakistanda və Əfqanıstanda olduğu müddətdə tikintidə işlədiyini, paralel olaraq ingilis dilini öyrəndiyini, Əfqanıstanda iqtisadi vəziyyətin ağır olduğunu, buna görə də ölkəsini tərk edərək 4 dekabr 2019-cu il tarixdə Azərbaycana gəldiyini bildirmişdir (həmçinin, ərizəçi subay olduğunu, valideynlərinin vəfat etdiyini, bacısı Şokriyyanin 5 il əvvəl naməlum şəraitdə itkin düşdüyünü, qardaşı Xodadadın isə 2011-ci ildən etibarən Avstraliyanın Melburn şəhərində məskunlaşdığını qeyd etmişdir). İcraat zamanı ərizəçinin ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə, bu qorxunun tam əsaslı olmadığı qənaətinə gəlinmişdir. Belə ki, ərizəçinin dediklərindən o, Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmamış, ölkəsini çətin iqtisadi vəziyyətə görə tərk etmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırlmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10797/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10797/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10797/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, İddiaçı Əfqanıstan İslam Respublikası vətəndaşıdır və 6 yanvar 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə həzaradır, dini etiqadına görə şiə olmasını, subay olduğu, valideynlərini itirdiyini, təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 1 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə bağlı keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericiliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunla) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə hər hansı sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Birinci instansiya məhkəməsi qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə qərarı qanunazidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Ölkəsini çətin iqtisadi vəziyyətə görə tərk etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, iddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanunazidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10797/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar