Məhkəmə qərarları › İş №2-1(103)-1579/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1579/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1579/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Sadıqov Vahid Nəriman oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı əqdin etibarsızlığı ilə bağlı restitusiyanın tətbiq edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-971/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirilyi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-971/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 07.10.2017-ci il tarixdə keçirilmiş hərracdan əldə edilməsinə görə ödədiyi 17.000 (on yeddi min) manat pul vəsaitinin qaytarılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi qərara alınmışdır (hakim A.Hüseynov). Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirilyi tərəfindən apellyasiya şikayəti verilmişdir. işin halları: İddiаçı İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəqiqləşdirərək, əmlakın hərracdan əldə edilməsi üçün ödənilmiş 17.000 manat, məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş 1000 manat, əldən çıxmış faydaya görə 3140 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ümumilikdə 21170 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini açıq hərrac yolu ilə ƏMDK-dan 17 oktyabr 2017-ci il tarixdə əldə etmişdir. Həmin tarixdə hərracın nəticələrinə dair protokol tərtib edilmiş, protokol əsasında 19.10.2017-ci il tarixdə onunla 3643 nömrəli alqı-satqı müqaviləsi də bağlanmışdır. Lakin sonradan X1 iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 08 iyun 2018-ci il tarixli 2(009)-579/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, hərrac etibarsız hesab edilmişdir. Həmin iş üzrə İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, iddiaçı tərəfindən hərracın qalibi olmağı üçün cavabdeh ödənilmiş 17000 manat pulun ona qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitutsiya) bərpa etməmişdir. Bundan sonra məcbur qalıb cavabdehə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməyi bildirilmiş, yalnız məhkəmə qərarı əsasında pulumun qaytarılacağı deyilmişdir. Həmin qeyri-yaşayış sahəsinin hərracda əldə edilməsinə görə 17000 manat, daha sonradan hərracın etibarsızlığı ilə bağlı iddia qaldırılmasına görə vəkil tutmuş və vəkilə 1000 manat ödəmişdir. Eyni zamanda pulun vaxtında ona qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi uçot-faiz dərəcəsinə görə əldən çıxmış fayda 3140 manat təşkil edir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən ona 21140 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul ödənilməlidir. Belə ki, o, hərracın qalibi olması üçün üzərimə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin cavabdeh hərracın nəticələri ilə bağlı öhdəlikləri yerinə yetirməmiş və əlavə olaraq pulunu vaxtında geri qaytarmamaqla əsassız olaraq özündə saxlamışdır. İddiaçı göstərilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 425.1 və 449-cu maddələrinə istinad edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan maddədən də aydın görünür ki, söhbət tərəflərdən gedir ki, burada da tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (anında Əmlak Məsələləri Dövlət Xidmətidir. Göründüyü kimi, məhkəmə həmin maddənin tələblərinə tam şəkildə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin məhkəmə iddia ərizəsinə təkcə müqavilə tərəfi olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə baxmalı olduğu halda, bu prosedura əməl etmədən Maliyyə Nazirliyini faktiki olaraq cavabdeh qismində tanımışdır. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə ə dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Səbail Rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli 2(009)-579/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 31,4 kv.m sahəli qeyriyaşayış sahəsini 17.10.2017-ci il tarixdə keçirilmiş hərracın qalibi olaraq 17.000 manat ödəməklə əldə etmişdir. X2 qeyd edilən hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli 2(009)-579/2018 nömrəli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 31,4 kv.m sahəli qeyriyaşayış sahəsinə dair 17.10.2017-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilmişdir. Qeyd olunan iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 29.08.2018-ci il tarixli 2(103)- 9677/2018 nömrəli qətnaməsi ilə və Ali Məhkəmənin 06.02.2019-cu il tarixli 2(102)- 721/2019 nömrəli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İddiaçı müraciətinə cavab olaraq ona ünvanlanmış 28.02.2020-ci il tarixli, **********32 nömrəli məktubunda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaitinin dövlət büdcəsinə köçürüldüyünə və dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edildiyinə istinad edilərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 27.02.2020-ci il tarixli, 03/05- 01- 142-1249 nömrəli məktubundan görünür ki, İddiaçı ödənilmiş vəsaitin qaytarılması barədə müraciəti aidiyyəti üzrə baxılması və cavablandırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.10.2019-cu il tarixli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Beləliklə, məhkəmə inzibati işin materiallarından müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17.10.2017-ci il tarixdə açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsini iddiaçı satın almış və həmin əmlaka görə 17.000 manat məbləğini ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həmin qeyri-yaşayış sahəsi üzrə keçirilmiş hərrac etibarsız hesab edilmişdir. Hazırda iddiaçı ödədiyi 17.000 manat məbləğinin cavabdehlər tərəfindən ona qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Həmin Qaydaların 9-cu bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən iddiaçı tərəfindən ödənilmiş 17.000 manat məbləğinin 25 % hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, qalan 75 % hissəsi isə dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliinin vəzifələrinə aiddir. İşin faktiki hallarına əsasən iddiaçının 17.000 manat məbləğində dəyərini ödədiyi əmlaka dair keçirilmiş hərrac iddiaçıdan asılı olmayan səbəblərdən və iddiaçının təqsiri olmadan etibarsız hesab edildiyi üçün həmin əmlak iddiaçının mülkiyyətinə verilməmişdir, bu səbəbdən də onun ödədiyi pul ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 573.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi ödənilmiş məbləğin qaytarılması hissəsində əsaslı olduğu üçün iddiaçının ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 07.10.2017-ci il tarixdə keçirilmiş hərracdan əldə etməyə görə ödədiyi 17000 manat pul vəsaitinin ona qaytarılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış faydaya görə isə 3140 manat pulun iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı 1.000 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilmiş pulun tutulmasını tələb etsə də, iddiaçı tərəfindən həmin məbləğ Səbail Rayon Məhkəməsində qaldırılan hərracın etibarsız hesab edilməsi barədə iddiaya dair iş üzrə vəkilin hüquqi xidmətinə görə 16.12.2017-ci il tarixdə ödənilmişdir. Hazırkı işlə bağlı iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquqi xidmətə görə çəkdiyi xərclər müəyyən edilmədiyindən, iddia tələbi qeyd olunan hissədə əsassız hesab edilməklə, təmin edilməməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Müvafiq olaraq hazırkı məhkəmə mübahisəsi ilə bağlı iddiaçı tərəfindən rüsum ödənilmədiyindən, iddia ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutulması hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2-1(112)-971/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar