Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1588/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçıyeviçin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “müvafiq sənədin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-1274/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Nazirliyi Yardımlı rayon şöbəsinin rəisi vəzifəsindən sərəncama çıxmağına 2004-cü ilin hansı tarixində raport yazmağını, həmin struktur vahidinin bölmə rəisliyindən şöbə rəisliyinə təstiq edilməsi tarixini, 2004-cü il ərzində əmək haqlarının Yardımlıya göndərilibgöndərilməməsini, qeyd edilən vəzifəni təhfil-təslim etdiyi tarixi, 2002-2004-cü illərdə, eləcədə 15 aprel 2005-ci il tarixə kimi məxfiçilik, məharət (ixtisas) dərəcəsinə görə əlavə əmək haqqı (aylar göstərilməklə) alıbalmamağını, almamışsa səbəbini, hazırda sonuncu vəzifəyə uyğun gələn işdə çalışanlara qeyd edilən faizlərin ödənilib-ödənilməməsini özündə əks etdirən arayış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 29.03.2017-ci il tarixli məhkəmə hazırlıq icraatında iddiaçının nümayəndəsinin “İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyi dövr üçün məxfiçilik və məharət dərəcəsinə görə alınan əmək haqqının təminat xərcliyinə əlavə edilməklə, bu barədə müvafiq sənədin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, iddiaçının adının “İddiaçı” əvəzinə “İddiaçıyeviç” kimi oxunması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(81)-1274/2017 saylı qərarı ilə İddiaçıyeviçin iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 20.09.2017-ci il tarixli 2-1(103)-1845/2017 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(81)-1274/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.02.2018-ci il tarixli 2-1(102)- 349/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 20.09.2017-ci il tarixli 2-1(103)-1845/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 11.02.2021-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.04.2017-ci il tarixli 2-1(81)-1274/2017 saylı qərarının qismən ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçıyeviç) 1983-cü ildən 15 aprel 2005ci il tarixədək keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmət etmiş, həmin tarixdə (15 aprel 2005-ci il tarixdə) əmrlə “Hərbi xidmət haqqında” Qanunun 8-ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata göndərilmiş, bu əsasla pensiyaya çıxmışdır. İddiaçıyeviç cavabdeh DTX-ya qarşı AR MTN Yardımlı rayon şöbəsinin rəisi vəzifəsindən sərəncama çıxmağına 2004-cü ilin hansı tarixində raport yazmağını, həmin struktur vahidinin bölmə rəisliyindən şöbə rəisliyinə təsdiq edilməsi tarixini, 2004-cü il ərzində əmək haqlarının Yardımlıya göndərilib - göndərilməməsini, qeyd edilən vəzifəni təhvil- təslim etdiyi tarixi, 2002-2004-cü illərdə, eləcədə 15 aprel 2005-ci il tarixə kimi məxfiçilik, məharət (ixtisas) dərəcəsinə görə əlavə əmək haqqı (aylar göstərilməklə) alıb-almamağını, almamışsa səbəbini, hazırda sonuncu vəzifəyə uyğun gələn işdə çalışanlara qeyd edilən faizlərin ödənilib-ödənilməməsini özündə əks etdirən arayışın verilməsi vəzifəsinin cavabdeh İnzibati orqana həvalə edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiyada iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək işlədiyi dövr üçün məxfiçilik və məharət dərəcəsinə görə alınan əmək haqqının təminat xərcliyinə əlavə edilməklə, bu barədə müvafiq sənədin AR DSMF HQ və XRŞİD-ə göndərilməsi vəzifəsinin cavabdeh İnzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şəkildə dəqiqləşdirilmiş iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 20 sentyabr 2017ci il tarixli 2-1(103)-1845/2017 saylı qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-349/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli 2-1 (103)-1845/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı qismən ləğv edilməli, iddia iddiaçının işlədiyi dövr üçün“məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya məlumat daşıyıcıları ilə işləməyə görə əlavə”nin təminat xərciliyinə əlavə edilməklə, bu barədə müvafiq sənədin AR DSMF HQ və XRŞİD-ə göndərilməsi vəzifəsinin cavabdeh İnzibati orqanın üzərinə qoyulması hissəsində təmin olunmalıdır. Məlum olduğu kimi, cavabdeh inzibati orqan sadalanan əlavələrlə bağlı iddiaya etiraz edərkən (həmin işlə bağlı məhkəmə prosesinin gedişi dövründə) qüvvədə olan aşağıdakı aidiyyəti normativ hüquqi aktlara istinad etmiş və həmin qanunvericilik aktlarında təminat xərcliyinin (pul təminatının) — hərbi qulluqçuların sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə deyil, hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda əlavələrdən, artımlardan ibarət olan məbləğ anlaşıldığını əsas gətirmiş, pensiyanın hesablanmasına əsas olan və bilavasitə icra sənədi sayılan AR NK-nin 23.11.2004-cü il tarixli 179-23 saylı Qərarında (qərar məxfi olduğu üçün dərc edilmir) da sözügedən əlavənin edilməsini mümkün edən müddəanın olmadığını qeyd etmişdir (bu məxfi qərarın həmin dövrdə qüvvədə olan mətni dərc edilmədiyindən yalnız hakimə göstərilmişdir). İnzibati orqanın istinad etdiyi, həmin vaxt qüvvədə olan aşağıdakı normativ hüquqi aktlardakı pul təminatı ilə bağlı müvafiq müddəalarda həqiqətən də “sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə aldıqları miqdarda” sözləri nəzərdə tutulmamışdı. Hərbi qulluqçuların sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən pensiyasının hərbi xidmətdən buraxıldığı günə deyil, sərəncama götürüldüyü günə aldıqları miqdarda təminat xərcliyindən (pul təminatından) hesablanmasının dolayısı ilə mümkünlüyünü ehtiva edən qanunvericlik aktları yox idi. Qeyd etdiyi kimi iddianın məxfiliklə bağlı əlavəsi hissəsində rədd edilməsinə əsas: - “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində, - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsində - və nəhayət inzibati orqan üçün əsas icra sənədi olan “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11,2004-cü il tarixli 179-23 saylı Qərarının müddəalarında nəzərdə tutulan məhdudiyyət olmuşdur. – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 23 aprel 2019-cu il tarixli 1565-VQD nömrəli Qanunu, - “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2019-cu il tarixli 1198 nömrəli Sərəncamı və - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci iyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2019-cu il tarixli 371 nömrəli Qərarı qəbul edilərək dərc olunmuşdur. Lakin onun pensiyasına müvafiq əlavənin ödənilməsini mümkünsüz edən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2983/2018 saylı 13 iyul 2018-ci il tarixli qərarı ilə iddianın məxfiliklə bağlı əlavəsi hissəsində rədd edilməsinə səbəb olunmuş, cavabdeh inzibati orqanın bununla bağlı əsaslandığı “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli 179-23 saylı Qərarı dərc edilmək üçün müvafiq məhdudlaşdırıcı qrifə malik olduğundan həmin qərar mətbuatda dərc edilməmişdir. Bütün axtarışlarına baxmayaraq onun pensiyasına əlavənin edilməsini mümkün edə bilən bu qərarın mətnini əldə edə bilməmişdir. Bu səbəbdən də həmin qərarın mətnində sözügedən müvafiq dəyişikliyin edilib- edilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün ona təqdim olunması üçün 16 dekabr 2019-cu il tarixdə ərizə ilə, 17 avqust 2020-ci il tarixdə müqavilə üzrə Vəkil Bürosu vasitəsi ilə AR NK-ya müraciət ünvanlamışdır. Demək olar ki, eyni məzmunlu həmin 2 müraciət cavablandırılmamışdır. Sonuncu 03.12.2020-ci il tarixli müraciəti isə AR NK-nin 10.12.2020-ci il tarixli 23495 nömrəli dərkənarı ilə AR Ədliyyə Nazirliyinə göndərilmiş, 23.11.2004-cü il tarixli 179-23 saylı Qərarı ilə bağlı müraciətinə dair AR Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsindən 22.12.2020-ci il tarixli 03/10-2832 saylı məktubla bildirilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 78.1-ci maddəsinə əsasən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir, lakin Konstitusiya Qanunun 82.7- ci maddəsinə əsasən normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir. Bu səbəbdən də sözügedən sənədin sorğu üzrə ona göndərilməsinin mümkünsüz olduğu qeyd edilmişdir. Həmin məktub 31.12.2020-ci il tarixdə poçta təqdim olunmuş, 07 yanvar tarixdə isə Vəkil Bürosuna təqdim edilmişdir. Bu qərarın bütün mətninin deyil, ona aid olan hissədə yuxarıda sözügedən dəyişikliyin edilibedilməməsi barədə məlumatın əldə olunmasının mümkünsüzlüyü rəsmi qaydada bildirildiyindən, bu məlumatın yalnız məhkəmə yolu ilə (məhkəmə prosesi zamanı) əldə edilməsi mümkün sayılır. Onun pensiyasına aid əlavənin olunmasını mümkün edə bilən AR Prezidentinin 23.05.2019-cu il tarixli müvafiq Sərəncamındakı tapşırığın AR NK tərəfindən, 23.11.2004-cü il tarixli 179-23 saylı Qərara dair hissəsdə yerinə yetiriləcəyi kimsədə şübhə doğurmur, lakin sözügedən qərar dərc edilmədiyindən onun müddəaları ilə tanış olmaq imkanları yoxdur və müvafiq dəyişikliyin edilib-edilməməsi barədə məlumatı da mövcud deyil. Bu haqda xeyrinə ediləcək dəyişikliyin edilib-edilməməsi barədə məlumatın məhkəmə qaydasında əldə edə biləcəyi təqdirdə həmin norma bilavasitə ona şamil oluna bilər. Belə ki, bu onun Konstitusion hüququdur. Çünki onun hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun çoxsaylı vahid mövqeyli qərarları da vardır. Məsələn: - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli Qərarında («Məhkəmələr və hakimlər haqqındav Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair) qeyd olunur ki, “göstərilənlərlə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) qeyd olunur ki, “yeni və əvvəlki qanunların arasında kolliziyalar yaranarsa, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi əsas götürülməlidir və s. Pensiyama müvafiq əlavənin edilməsini mümkün edən, AR Prezidentinin 23.05.2019-cu il tarixli müvafiq Sərəncamındakı (1.2-ci bənd) tapşırıq üzrə AR NK tərəfindən 23.11.2004-cü il tarixli 179-23 saylı Qərarın mətnində dəyişiklliyin edildiyinə inanıram (qərarın mətni dərc edilmədiyindən onunla tanış olmaq imkanım olmasa da). Qanun, Sərəncam və Qərar əsasında müvafiq dəyişiklik edilməsi güman olunan, bilavasitə icra sənədi sayılan AR NK Qərarının müddəalarının 2005-ci ilin 1 yanvar tarixindən sonra xidmətdən ehtiyata (və ya istehfaya) buraxılan hərbi qulluqçulara şamil olunması, onun iddiası üzrə baxılmış işdə isə ehtiyata buraxılması barədə əmrin surəti əlavə olunmadığından, eləcə də həmin əmrin (əmrlərin) tarixlərinin məhkəmə sənədlərində müxtəlif tarixlərlə qeyd olunması, bu əmrlərin qriflərinin iş materiallarından da göründüyü kimi məxfi olması ilə bağlı məlumatın olması ilə əlaqədar vətəndaşlara və vəkillərə verilməsinin mümkünsüzlüyü səbəbindən o inzibati aktların (müddəalarının ona şamil olunub-olunmaması ilə bağlı məsələnin müəyyən edilməsi üçün) yalnız məhkəmə sorğusu əsasında tələb edilməsi mümkündür. 2005-ci ildə ehtiyata buraxılmağım haqda DTX-nin məhkəməyə təqdim edilmədiyi müvafiq əmrlərinin tarixləri məhkəmələrin qərarlarının müxtəlif hissələrində və məhkəməyə inzibati orqan tərəfindən təqdim olunmuş maliyyə sənədində müvafiq olaraq müxtəlif tarixlərlə: -01 yanvar 2005-ci il, 11 yanvar 2005-ci il 61şh nömrəli, 15 aprel 2005-ci il tarixləri ilə verilmişdir. Bu əmrlərin məhkəməyə təqdim olunmasının zəruriliyi qanunvericliyə edilmiş yeni dəyişikliyin iddiaçıya tətbiq edilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi ilə də bağlıdır. Belə ki, cavabdeh inzibati orqanın özünün etiraz sənədlərində qeyd olunur ki, guya iddiaçı 30 mart 2004-cü il tarixdən AR MTN-in Yardımlı rayon bölməsinin rəisi vəzifəsi ilə nazirliyin sərəncamına götürülərək 15 aprel 2005-ci il tarixində həmin vəzifə ilə nazirliyin sərəncamından ehtiyata buraxılmışdır. Məlumdur ki, qanuna əsasən sərəncamda qalma müddəti 4 aydan artıq ola bilməzdi. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.2-ci maddəsinə əsasən Hərbi qulluqçular ştatların ixtisarı və ya təşkilatiştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) - 4 aydan artıq olmamaq şərti ilə sərəncamda olurlar. Yəni iddiaçı əgər həqiqətən də 15 aprel 2005-ci il tarixdə ehtiyata buraxılıbsa onun 30 mart 2004-cü il tarixdən sonra ən geci 4 ay ərzində vəzifəyə təyin olunması tələbi ən azından qanunun tələbidir, bu isə onun 2005-ci ildə vəzifəyə təyin olunma haqqında əmrinin olmasını ehtiva edir. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-1274/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi üçün işə yenidən baxılmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçuların sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən pensiyasının hərbi xidmətdən buraxıldığı günə deyil, sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə aldıqları miqdarda təminat xərcliyindən hesablanmasını ehtiva edən dəyişikliyin (AR Prezidentinin 23 may 2019-cu il tarixli 1198 nömrəli Sərəncamına uyğun olaraq) “Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların ödənilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.2004-cü il tarixli 179-23 saylı Qərarının müddəalarında nəzərdə tutulub-tutulmaması barədə məlumatın AR NK-dan məhkəməyə təqdim olunmasını, eləcə də, onun “Hərbi xidmət haqqında” Qanunun 8-ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata göndərilməyi haqda inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməyən müvafiq əmrlərin (tarixləri məhkəmələrin qərarlarının müxtəlif hissələrində və məhkəməyə inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərdə müvafiq olaraq müxtəlif tarixlərlə qeyd olunan əmrlərin) - 01 yanvar 2005-ci il, 11 yanvar 2005-ci il 61-şh nömrəli, 15 aprel 2005-ci il tarixli əmrlərin cavabdeh İnzibati orqan tərəfindən məhkəməyə ünvanlanmasını təmin edilsin. Lakin iddiaçının ərizəsi məhkəmənin 15.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı bu iddiasının irəli sürülməsi üçün zəruri olan sənədləri özündən asılı olmayan səbəblərdən əldə edə bilməmiş, iddiaçının müraciətləri əsasında işinin müsbət həlli üçün zəruri olan sənədlər aidiyyəti dövlət orqanları tərəfindən dövlət sirri təşkil etməsi əsası ilə ona təqdim olunmamışdır. İddiaçı cari ildə Covid-19 diaqnozu üzrə intensiv müalicə almış, bu məlum infeksion xəstəliyi çox ağır vəziyyətdə keçirmişdir (reanimasiya həddində). Xəstəlik sonrası mütəmadi olaraq səhətində ağırlaşmalar baş vermişdir. İddiaçı hazırkı iş üzrə zəruri sübutların və dəlillərin məhkəməyə təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilməsinin təmin olunması üçün 15.04.2021-ci il tarixdə keçiriləcək prosesdə iştirak etməli idi. Lakin bu prosesdən əvvəl anası vəfat etdiyindən və prosesə 2 gün qalmış səhətində ciddi ağırlaşmalar (yaxın ailə üzvünün itirilməsi ilə əlaqədar keçirtdiyi narahatlıqlar və immun sistemində olan ciddi zəifliklərlə əlaqədar özünü pis hiss etməsi) olduğundan nümayəndəsi vasitəsi ilə məhkəməyə vəsatətlə rəsmi (yazılı) müraciət edərək prosesin təxirə salınmasını və onun iştirakının təmin edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi proses vaxtı Ədliyyə Akademiyasında imtahanda olacağından sözügedən məhkəmə prosesində iştirak edə bilməmiş və bu halın da üzürlü hal hesab edilərək prosesin təxirə salınmasını eyni vəsatətlə xahiş etmişdir. Bu vahid vəsatətlə edilmiş müraciətin rəsmi edilməsinə baxmayaraq məhkəmə qeyd olunan üzürlü səbəblərlə bağlı nəinki iddiaçının məhkəmədə iştirakını təmin etməmişdir (məhkəməyə gələ bilməməyinin səbəbləri haqda məhkəməni əvvəlcədən xəbərdar etməsinə baxmayaraq), eyni zamanda prosessual pozuntuya yol verərək iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim olunmuş (iş materiallarında qeyd olunan) vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Həmin Məcəllənin 106-cı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırda təqdim olunmuş ərizədə istinad olunan dəlillər sonradan yeni sübutların və ya halların aşkar olunması ilə bağlı deyildir. Ərizəçinin istinad etdiyi dəlillər normativ hüquqi aktların sonradan dəyişdirilməsi ilə bağlıdır. Belə hüquqi dəlillər isə qanunvericiliyin tələblərinə görə qüvvədə olan məhkəmə qərarlarının yeni açılmış hallar üzrə icraat qaydasında ləğv edilməsinə əsas təşkil etmirlər. İddiaçı tərəfindən təqdim olunmuş ərizədə istinad olunan dəlillər sonradan yeni sübutların və ya halların aşkar olunması ilə bağlı olmadığından, hazırkı ərizə əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı iş üzrə icraatın yeni açılmış hallara görə təzələnməsi üçün Azərbaycan Respublikası İPMnin 100-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-1274/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1588/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1588/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver