Məhkəmə qərarları › İş №2-1(103)-1605/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1605/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1605/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs: “X3” X7) qarşı iş üzrə (Açar sözlər: qızıl nişanla təltif olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: “X3” X7) “qızıl nişanla (medal ilə) təltif olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12001/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qanuni nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı İddiaçı qızıl medalla təltif edilmək hüququnun bərpa edilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18 iyul 2024-cü il tarixli, 3-29/3-2- 499F/2024 saylı inzibati aktının dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-2024-cü təhsil ilində "Ankara Məktəbi" məktəb-liseyindən rus bölməsi üzrə 11D sinfindən məzun olmuşdur. Məktəbi əla qiymətlərlə, fərqlənmə attestatı ilə bitirmişdir. Bununla yanaşı olaraq, iddiaçı Respublika fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında dəfələrlə yer tutmuş, müsabiqə və layihələrdə çoxsaylı mükafatlara layiq görülmüşdür. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənərək qızıl və ya gümüş nişanla təltif olunma məqsədilə namizədliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilmişdir. Sonradan Nazirlik tərəfindən 18 iyul 2024-cü il tarixli, 3-29/3-2-499F/2024 saylı əmr çıxarılmış, iddiaçı gümüş medala layiq görülmüşdür. İddiaçı təhsilini xüsusi nailiyyətlərlə başa çatdırmışdır. Təhsilalanın qızıl medalla təltif olunması üçün şərtlər qanunvericilikdə dəqiq olaraq göstərilmişdir. İddiaçının qiymətləri (yekun (illik) qiyməti və buraxılış imtahanının balı) qanunvericiliyin bu tələblərini qarşılasa da, Elm və Təhsil Nazirliyinin müvafiq inzibati aktı ilə övladı qızıl medaldan məhrum edilmişdir. Hesab edir ki, inzibati akt çıxarılarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın 4.2, 4.3, 6-cı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” nın 1.7, 1.7.1, 1.7.2-ci; Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2017-ci il tarixli, 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın 2.4-cü maddəsinə istinad etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X3” X7 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, İddiaçı Elm və Təhsil Nazirliyində sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, rus dili (tədris dili) kimi fənni üzrə yekun attestasiyada-buraxılış imtahanında topladığı bal (80) “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 19.8-ci maddəsinə əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydası”nın 2-ci bəndinə əsasən ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır. Qaydanın 4-cü bəndində qeyd edilir ki, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.3. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.4. bu Qaydanın 2ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar. Bu Qaydanın 6-cı bəndinə əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görürlürlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki: 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. 2.4. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. 2.5. Ümumi orta təhsil haqqında attestata və tam orta təhsil haqqında attestata təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) rəqəm və sözlə yazılır. 2.6. Tam (illik) yazılır. Bu qərarın qeyd hissəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın “illik” qrafasında bir qiymətlə yazılır. Beləliklə, tam orta təhsil haqqında attestatda yekun attestasiya nəticələri illik qiymət və imtahan balı olmaqla ayrı-ayrılıqda yazılır və iş materiallarına əlavə olunmuş İddiaçı adına yazılmış attestatın yekun attestasiyanın nəticələrindən də məlum olur ki, onun imtahan balı “Rus dili-tədris dili kimi” fənnindən 80dir. Bu da “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydası”nın 6-cı bəndinə uyğun olaraq, buraxılış imtahanında toplanan ballar “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın 4.13-cü bəndinə görə summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur: - 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir; - 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; - 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; - 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir. Həmin Qaydaların 4.19-cu bəndinə əsasən təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir: 4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə. Qeyd olunanlara əsasən İddiaçı tədris dili fənni üzrə buraxılış imtahanında topladığı 80 bal “yaxşı”ya ekvivalent hesab olunmuş və o, gümüş nişanla təltif edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12001/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya baxışı zamanı 03 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı qızıl nişanla (medal ilə) təltif olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şagirdin buraxılış sinfinin yekun (illik) qiymətlərindən müəyyən olur ki, İddiaçı ümumi orta təhsil səviyyəsini yalnız “əla” qiymətlərlə bitirmişdir. İddiaçının buraxılış imtahanı nəticələrindən isə aydın olur ki, o Ana dili (rus dili) fənnindən 80, Azərbaycan dili fənnindən 87, Xarici dil və Riyaziyyat fənləri üzrə 97 bal toplayaraq hər bir fənn üzrə 5 (beş) qiyməti almışdır Bakı İnzibati Məhkəməsi qərarın əsaslandırıcı hissəsində İddiaçı Ana dili (rus dili) fənnindən almış olduğu 80 balın “yaxşı” qiymətləndirilməsinə uyğun düşdüyünü qeyd etmiş, lakin bununla bağlı məhkəmə tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”nın 4.19.1-ci bəndinə əsasən belə qənaətə gəlmişdir ki, 80 bal 4 qiymətinə uyğun düşməkdədir. Halbuki, yuxarıda qeyd edilmiş qaydanın 4.19.1-ci bəndi buraxılış imtahanı üzrə toplanmış balın qiymətləndirilməsini yox, summativ qiymətləndirmədə toplanan balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğunu müəyyən edir. Buraxılış imtahanında toplanmış balın 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu isə fərqli qanunvericilik aktı ilə - Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2017-ci il tarixli, 129 nömrəli əmri ilə təsdiq edilmiş, Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası ilə tənzimlənir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı qızıl nişanla (medal ilə) təltif olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməməsini xahiş etdi. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında C № 720688 nömrəli xx.xx.2022-ci il tarixli fərqlənmə attestatına əsasən İddiaçı Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyini 2022-ci ildə əla qiymətlərlə bitirmişdir.

13. Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli E № 447077 nömrəli attestata əsasən İddiaçı Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyini texniki və təbiət təmayüldə 2024-cü ildə GÜMÜŞ NİŞAN ilə bitirmişdir. Yekun attestasiyanın nəticələri (illik və imtahan) adlanan hissədə tədris dili (rus dili) imtahan 80 (səksən) illik 5, Azərbaycan dili-dövlət dili imtahan 87 (səksən yeddi) illik 5, xarici dili (ingilis) imtahan 97 (doxsan yeddi) illik 5, riyaziyyatdan 97 (doxsan yeddi) illik 5; digər fənlər üzrə illik 5 göstərilmişdir.

14. “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2024-cü il tarixli 3-29/3-2-499F/2024 nömrəli əmri ilə iddiaçı gümüş nişanla təltif edilmişdir.

15. İddiaçının nümayəndəsi tərəfindən cavabdeh orqana edilmiş müraciətdə qeyd edilmişdir ki, İddiaçı Ankara məktəbi-məktəb liseyin məzunudur. Məktəb tərəfindən qızıl medala namizəd olaraq Təhsil Nazirliyiinə təqdim edilib. Rəvan lX-Xİ siniflərdə RFO fizika fənn qızıl medal, astranomiya gümüş medal qalibidir. Dünyanın 4 nüfuzlu universitetlerindən qəbul aldığı üçün aprel ayında cənab nazir Emin Əmirullayevlə görüşdə iştirak edib. Rəvan məktəbi əla qiymətlərlə bitirib, yekun qiymətləndirmədə bütün fənnlər əla olub. Buna baxmayaraq qızıl yox, gümüş medala layiq görülüb. Rəvanın tədris dili (rus dili) fənnidən - buraxılış ilinin illik qiyməti-5, buraxılış imtahanı - 80 bal, yekun – 5 olmuşdur. MÜTDA buraxlış imtahanında tədris dili (rus dili) 80 bal olduğunu əsas gətirib gümüş medal təyin edib. MÜTDA buraxılış imtahanında toplanam 80 balı əsassız olaraq 4 kimi qiymətləndirib. Təhsil Nazirlinin xx.xx.2017-ci il tarixli, 129 nömrəli əmrinə əsasən 75 bal və yuxarı nəticələr – 5 (əla) qiymətləndirilir. Valideyn olaraq biz gümüş medaldan imtina edirik, övladımın hüququnun bərpa olmasını - layiq olduğu qızıl medal almasına, sizin bu məsələ ilə bağlı bizəköməklik göstərmənizi xahiş edirik.

16. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2024- cü il tarixli elektron cavab məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın 6-cı bəndinə əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” olanlar isə gümüş nişana layiq görülürlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na əsasən 60-dan 80-dək olan ballar “4” qiymətinə ("yaxşı" nəticəyə), 80-dən 100-dək olan ballar “5” qiymətinə (“əla” nəticəyə) uyğun hesab olunur. Qeyd olunanlara əsasən, İddiaçı tədris dili fənni üzrə buraxılış imtahanında topladığı 80 bal “yaxşı”ya ekvivalent hesab olunmuş və o, gümüş nişanla təltif edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X3 tərəfindən təqdim edilmiş “Şagird-məzun” dövlət elektron məlumat sisteminə əsasən xx.xx.2007-ci il təvəllədlü İddiaçı yekun attestasiya və buraxılış imtahanı nəticələri barədə məlumatlardan görünür ki, ana dili (tədris dili) buraxılış imtahanı 80 (səksən) yekun qiymət 5, Azərbaycan dili buraxılış imtahanı 87 (səksən yeddi) yekun qiymət 5, xarici dili buraxılış imtahanı 97 (doxsan yeddi) yekun qiymət 5, riyaziyyat 97 (doxsan yeddi) yekun qiymət 5; digər fənlər üzrə yekun qiymət 5 olaraq qiymətləndirilimişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”: 4.1. aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.2. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.3. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.4. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.5. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

6. Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 №li Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”: 1.3. ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının X3 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. Həmin Qaydalara xx.xx.2018-ci il tarixli AR NK-nın Qərarı ilə edilmiş dəyişikliyə əsasən 1.7. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: 1.7.1-ci bəndinə əsasən, buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı; 1.7.2-ci bəndinə əsasən, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti.

22. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”: 4.19. Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir: 4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə. 4.20. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır

23. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın 6-cı bəndinə əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görülürlər.

24. Nazirlər Kabinetinin qərarlarında buraxılış imtahanı aparılan və buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekunu (illik) qiymətlə, buraxılış imtahanı isə balla qiymətləndirilməsi nəzərdə tutulsa da, hansı qiymətin hansı bala, yaxud hansı balın hansı qiymətə uyğunlaşdırılması ilə bağlı tənzimləmə əksini tapmamışdır. Bununla belə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixdə X5 Reyestrinə daxil edilmiş 28 dekabr 2018-ci il tarixli “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının 4.19.3 və 4.19.4cü bəndlərində qeyd edilmişdir ki, təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:...60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

25. Azərbaycan Respublikası X3 tərəfindən təqdim edilmiş “Şagird-məzun” dövlət elektron məlumat sisteminə əsasən xx.xx.2007-ci il təvəllədlü İddiaçı yekun attestasiya və buraxılış imtahanı nəticələri barədə məlumatlardan görünür ki, iddiaçının yekun qiymətləri bütün fənlər üzrə “5” olaraq qiymətləndirilmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin imtinasında qeyd edilən İddiaçı tədris dili fənni üzrə buraxılış imtahanında topladığı 80 balın “yaxşı”ya ekvivalent hesab edilməsinə münasibətdə qeyd edir ki, əgər “80-dək (daxil olmaqla)” yazılıbsa bu o deməkdir ki, 80 bu aralığa daxildir. 80-dən sonrakı rəqəm isə əgər bütöv ədədlərdən (məsələn, yaş, bal, kq və s.) söhbət gedirsə növbəti ədəd 81 olaraq, əgər ondalıq ədədlərdən (məsələn, 80.5 kq, 80.1 manat və s.) söhbət gedirsə - 80-dən böyük istənilən ədəd (məsələn, 80.01,80.1 və s.) olaraq müəyyən edilir.

27. Yuxarıda göstərilənləri nəzərə alaraq, hazırkı halda iddiaçının topladığı 80 (səksən) balın ondalıq hissəsini müəyyən etmək mümkün olmadığından yuxarıda qeyd edilən Qaydaların 4.19.4-cü bəndinə əsasən 80-dən 100-dək (daxil olmaqla) müəyyən edildiyindən, yəni 80 (səksən) rəqəmindən başladığından, iddiaçının tədris dili fənni üzrə buraxılış imtahanında topladığı bal “5” yəni “əla”ya ekvivalent hesab edilməlidir.

28. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(112)-12001/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı qızıl nişanla (medal ilə) təltif edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar