Məhkəmə qərarları › İş №2-1(103)-1620/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1620/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1620/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Hüseynov Azər Sultanhəmid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə,cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “COVİD 19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar ödənişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1398/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə “COVİD-19” pandemiyası ilə əlaqədar iddiaçıya 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İmtinanın səbəb kimi ərinin adına əmək müqaviləsinin olması əsas götürülmüşdür. Halbuki, iddiaçı subaydır. Nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh, iddiaçının müraciətinin elektron qaydada araşdırılması zamanı Ədliyyə Nazirliyinin və digər müvafiq informasiya sistemlərindən əldə edilən məlumat əsasında onun evli olması və həyat yoldaşının adına aktiv əmək müqaviləsi bildirişinin olması aşkar edilməsi səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndinə istinadən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1398/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır ki, “...məhkəmənin qərar qanunsuz və əsassızdır. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə,ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi və buna uğun vəsaitin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmə Məşğulluq haqqında Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda birdəfəlik ödəmənin verilməsi proqrammı başa çatdırılaraq icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin oluaraq, ödənişlər həyata keçirilmişdir. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs nazirliyin Məşbulluqu alt sisteminqdə (MAS) saxlanılır və bu şəxsin istəyi ilə müraciəti olduğu halda məşğuluğunun təmin olunması məsələsinə qanunamüvafiq olaraq baxılır. «Məşğulluq haqqında» Qanuna uyğun olaraq X2 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmsına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədi ilə SMS-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Mərkəzdə iş aparılır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədi ilə özünü məşğulluğa cəlb edir. Məhkəmə qanunvericiliyin imkanından istifadə etməyərək dövlətin əlavə maliyyə yükünə səbəb olur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1961/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərar cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-340/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək ləğv olunmuş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeyd olunan hüquqi mövqeyindən irəli gələn göstərişləri aşağıdakılardan ibarətdir: “...25. İşdən göründüyü kimi, iddiaçı ilkin iddia tələbində cavabdehin hərəkətinin qanunsuz hesab edilməsini, sonrakı – dəyişdirilmiş tələbində isə COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar ödənişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.

26. Birinci instansiya məhkəməsi iddiaçının dəyişdirilmiş tələbi üzrə qərar qəbul etsə də, iddiaçının həmin məzmunda tələbi qeyri-müəyyən olmuş, məhkəmənin qərarı da həmin qeyri-müəyyən tələb üzrə qəbul edilmişdir.

27. İddiaçının tələbində, eləcə də, məhkəmənin qərarında (bunun hüquqi əsasları göstərilməklə) cavabdehin məhz hansı ay və ya aylar üzrə ödənişləri icra etmək öhdəliyi daşıdığı göstərilməmiş, buradan, tərəflər arşında həmin ödənişlərlə bağlı yeni (o cümlədən, məhkəmə qərarının icrası ilə əlaqədar) mübahisənin baş verməsi üçün zəmin yaranmışdır...” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən T.Vəliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. İddiaçının iş materiallarının 62-ci vərəqində olan, fərdi məşğulluq vərəqinə əsasən müəyyən olunur ki, 2020-ci ilin aprel ayının 18-dən onun işsiz statusu qeydə alınmışdır. Eyni zamanda, işdən görünür ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına müvafiq olaraq 190 manat birdəfəlik ödəmənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixində ona göndərdiyi «SMS» bildirişində həyat yoldaşının adına əmək müqaviləsi olması əsası ilə həmin ödənişin verilməsindən imtina etmişdir. Həmin imtinadan narazı qalan iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü və 48.1-ci maddələrinin tələblərindən irəli gələn vəzifəsini yerinə yetirməmiş, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardımçı olmamışdır. Ali Məhkəmənin qeyd olunan göstərişləri çərçivəsində işə təkrar apellyasiya qaydasında baxılarkən, məhkəməin xx.xx.2022-ci il tarixində keçirilən iclasında iştirak edən iddiaçıya, Ali Məhkəmənin qeyd olunan göstərişləri nəzərə alınmaqla, iddia tələbini dəqiqləşdirilməsi təklif olunmuş və bununla əlaqədar işə baxıliması təxirə salınmışdır. 03.06. 2022-ci il tarixində iddiaçının məhkəmənin dəftərxanası vasitəsi məhkəməyə daxil olmuş dəqiqləşdirilmiş iddia tələbində, məhkəmədən 2020-ci ilin aprel-may, iyun, avqust və dekabr ayları üzrə COVİD-19 pandemiyası ilə bağlı birdəfəlik 190 manat ödənilməsi ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilərək, iddiaçıya COVİD-19 pandemiyası ilə bağlı 2020-ci ilin aprel-may, iyun, avqust və dekabr ayları üzrə hər ay 190 manat olmaqla (cəmi 950 manat) məbləğində ödəmənin birdəfəlik verilməsi vəzifəsi ona həvalə edilməlidir. Birincisi, cavabdehin “SMS” bildirişdə birdəfəlik ödəmədən imtinasının səbəbi kimi istinad etdiyi, onun ərinin adına əmək müqaviləsinin mövcud olması əsası ilə imtina cavabı verilməsi qanunsuzdur. Çünki, birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, 05/2-1906/13 nömrəli cavab məktubuna və ona əlavə edilmiş “nikahın pozulması haqqında akt qeydinə” əsasən müəyyən olunur ki, iddiaçı Abbasova (Ramazanova) Əfsanə Hacıbala qızı ilə X3 arasında bağlanmış nikah qeydi, Sabunçu rayon məhkəməsinin qərarı əsasında hələ xx.xx.2014-cü il tarixində pozulmuşdur. Həmin akt qeydin qeydiyyat orqanı tərəfindən elektron qaydada reyestr məlumatlarına daxil edilməməsi isə iddiaçının təqsiri hesab oluna və onun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Bu baxımdan cavabdeh orqan tərəfindən istinad etdiyi elektron informasiya sisteminin göstəriciləri dəqiqləşdirilmədən, köhnə məlumatlar əsasında iddiaçıya birdəfəlik ödəmənin verilməməsi işin faktiki halları baxımından əsassızdır. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planına və 2020ci il 7 aprel tarixli 127 "nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya müvafiq olaraq (190 manat) birdəfəlik ödəmənin verilməsi proqramının hazırda başa çataraq icrası müddəti bitdiyini və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödənildiyi əsas tutaraq iddiaçının tələbini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı nəzərdə tutur ki, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin cavabdeh nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş“Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” aşağıdakıları nəzərdə tutmuşdur: “...1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Eyni zamanda, "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin: - 23 iyun 2020-ci il tarixli, 216 №-li, 7 avqust 2020-ci il tarixli 283 №-li, 23 dekabr 2020-ci il tarixli 506 №-li Qərarları ilə nəzərdə tuulmuşdur: « Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” nəzərdə tutur ki, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.» “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı MAS-da işsizlik statusu qeydiyyata alındığı və Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq olunmuş «Qayda»nın 2.3-cü bəndində sadalanmış ödəmələri almadığı halda, cavabdeh orqan Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, əsassız olaraq, ona keçmiş ərinin adına əmək müqaviləsi olmasını əsas tutaraq, 2020-ci ilin aprel-may, iyun, avqust və dekabr ayları üzrə, hər ay 190 manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtina etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də cavabdehin apellyasiya şikayətinin 190 manat məbəlğində birdəfəlik ödəmələrin 2020-ci ilin aprel-may aylarında həyata keçirilməsinə və 600 min şəxsi əhatə etməklə buna uyğun vəsaitin ayrıldığını, həmin vəsaitin ödəniş müddətinin bitdiyini əsas tutaraq iddianın mümkünsüzlüyünü mübahisələndirən və birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini qanunsuz və əsassız hesab edən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, hər bir halda iddiaçının dəqiqləşdirilmiş iddia tələbi nəzərə alınmaqla, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1398/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilməli, iddia təmin edilməli və iddiaçıya işsiz kimi COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları (beş ay) üzrə, ayda 190 manatdan olmaqla, birdəfəlik ödəmənin (cəmi 950 manat) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1398/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı işsiz kimi COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları (beş ay) üzrə, ayda 190 manat olmaqla, birdəfəlik ödəmənin (cəmi,950 manat) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Azər Hüseynov

Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar