Məhkəmə qərarları › İş №2-1(103)-1622/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1622/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1622/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: “müəyyən dövr üzrə pensiyanın ödənilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi Kamran Hüseyn oğlu Əkbərov və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10300/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı hazırki tələblə bağlı Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-11685/2024 saylı cavab məktubunda bildirilmişdir ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 13-cü maddəsinə uyğun olaraq, bu Qanunun 8.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Qanunun 8.3-cü maddəsinə əsasən subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Müraciəti İlə əlaqədar olaraq X8 ödənilməmiş əmək pensiyasının ödənilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında nəzərdə tutulur. Qeyd olunanlara əsasən vərəsəlik hüququ haqqında şəhadətnaməni DOST Mərkəzlərinə təqdim etdikdən sonra müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.

2. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17- 1/2- 183961/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, mərhum X8 xx.xx.2000-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Adıçəkilən şəxsin vəfatı ilə əlaqədar xx.xx.2023-cü il tarixindən əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı xx.xx.2004-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixli müraciəti ilə əlaqədar əmək pensiyasının növü dəyişdirilərək həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. Hazırda iddiaçının əmək pensiyasının ödənişi davam etdirilir.

3. Məktuba əlavə edilmiş İddiaçı aid pensiya işinin materiallarına əlavə edilmiş; -Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2005-ci il tarixli, 9-458/54 saylı qərarın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-10238/2024 №li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən ömürlük ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur.

4. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, vətəndaş mərhum X9 İMES alt sistemində şəxsiyyət vəsiqəsinin xx.xx.2023-cü ildə alması faktı əks olunduğundan və 2020-2023-cü illər ərzində Azərbaycan Respublikasının ərazisində daimi yaşayış vəsiqəsinin olmaması və sorğu cavabsız olması səbəbindən həmin illərdə pensiya hesablanması mümkün hesab edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının əvvəlki dövr üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün müəyyən edilməklə yenidən hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq, ödənilməsi vəzifəsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının əmək pensiyasının təyin olunmasından imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı əmək pensiyasının xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixdək bərpa olunması öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 xx.xx.1955-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuşdur. Mərhum əri X11 xx.xx.2023-cü il tarixində ölmüşdür. xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət olunmuş və ona mərhum ərinin pensiyası təyin olunmuşdur. Hal-hazırda həmin pensiyanı alır. Mərhum ərinə 2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2010-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən daha sonra xx.xx.2015-ci il tarixdə vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün mərhum ərinin əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Mərhum əri xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün vəsatət vermişdir. Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 №-li sərəncamı ilə mərhum əri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Mərhum ərinin xx.xx.2020-ci il tarixdən-xx.xx.2024cü il tarixədək əmək pensiyasını almamışdır. Qeyd olunanlara əsasən nəzərdə tutulmuş vəsaitin əmək pensiyasının əvvəlki dövr üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün müəyyən edilməklə yenidən hesablanması və birdəfəlik ödənilməsi üçün cavabdeh inzibati orqana eyni məzmunlu müraciət edilsə də, müraciəti inzibati orqan tərəfindən təmin olunmamışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı Alıyeva X3 Filiala müraciət edərək mərhum əri X8 təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2020xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mərhum əri N.Əliyev Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxs olmadığı üçün həmin dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, 01.01,2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 18.3-cü maddəsinə uyğun olaraq vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əri X5 vəfatı ilə əlaqədar iddiaçıya həmin tarixdən 401,90 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 3.2ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İddiaçının mərhum əri N.Əliyevə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Mərhum N.Əliyevin xx.xx.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verildiyi 26.01,2023-cü il tarixdən əmək pensiyasının ödənişi bərpa edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10300/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum əri X8 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ona ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsinə nail olmaqdan ibarətdir.

13. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının mərhum ərinin Azərbaycan Respublikası ərazisində daimi yaşaması qanuni əsaslara söykənmədiyindən onun iddia tələbi əsassızdır.

14. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

15. İddiaçının mərhum əri məhz bu tələblərə cavab verdiyindən, yəni Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadığından Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib.

16. İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasaydı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməzdi.

17. Bununla da görünür ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs statusu tanınıb və bu halın sübuta ehtiyac yoxdur.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ təsbit edilmişdir.

19. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçıya Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə aradan qalxmışdır.

20. Başqa sözlə iddiaçının mərhum əri ən az 2017-ci ildən başaqlayaraq respublika ərazisində fasiləsiz olaraq qanuni əsaslarla yaşadığından o Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir.

21. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçının mərhum ərinə Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə aradan qalxmışdır. İddiaçının mərhum əri isə ona vətəndaşlıq verildikdən sonra cavabdehə müraciət etmişdir. Yəni iddiaçı onun mərhum ərinə ödənilməyən dövrlər pensiyanını ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, artıq onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və beləliklə də, müvəqqəti yaşamaq icazəsinin olmadığı dövrlərdə Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşaması halı təsdiq edilmiş və cavabdehin imtina əsası aradan qalxmışdır. Buna baxmayaraq cavabdehin eyni əsasa istinad edərək aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbul edilməzdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10300/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, hesab edirlər ki,Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(112)-10300/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əri X5 vəfatı ilə əlaqədar iddiaçıya həmin tarixdən 401,90 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Bildirilir ki, iddiaçının mərhum əri Əliyev Nazimə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Mərhum N.Əliyevin xx.xx.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verildiyi xx.xx.2023-cü il tarixdən ona əmək pensiyasının ödənişi bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında əmək pensiyası təminatı hüququna malik olmanın şəxsiyyəti təsdiq edən sənədlə şərtləndirilmədiyi qeyd edilmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, iddiaçının mərhum əri N.Əliyevə yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq iiçiiıı icazə vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən dayandırılmış. xx.xx.2023-cü il tarixdə mərhum N.Əliyevə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verildiyi tarixdən bərpa edilmişdir. İddiaçının mərhum əri N.Əliyevin xx.xx.2020-ci il tarixdən -xx.xx.2023-cü il tarixləri arasında daimi yaşamaq üçün icazə vəsiqəsi qüvvədə olmadığından həmin dövr üzrə pensiyanın ödənilməməsi qanuna müvafiq sayılmalıdır. İddiaçının mərhum əri N.Əliyev 1993-cü il dən Azərbaycan Respublikasında yaşamış, 2001-ci ildən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs kimi şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İddiaçının mərhum ərinə xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2020-ci tarixədək ödəniş davam etdirilmişdir. İddiaçının mərhum əri məhz Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadığından Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib. Başqa sözlə iddiaçının mərhum əri ən az 2017-ci ildən başlayaraq respublika ərazisində fasiləsiz olaraq qanuni əsaslarla yaşadığından Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. Eyni zamanda iddiaçının mərhum əri Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə aradan qalxmışdır.. Bütün bu göstərilənlərdən aydın olur ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normaları pozulmamışdır. Əlavə olaraq qeyd edilir ki, hazırkı mübahisə üzrə Ali Məhkəmənin 2-1 (102)-1098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da oxşar hüquqi mövqe əks olunmuşdur.

d) Prosses iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

29. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanun:

Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

30. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3. Əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; 3.0.6. Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; ... Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

35. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum əri X8 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ona ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsinə nail olmaqdan ibarətdir.

36. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının mərhum ərinin Azərbaycan Respublikası ərazisində daimi yaşaması qanuni əsaslara söykənmədiyindən onun iddia tələbi əsassızdır.

37. Məhkəmə yuxarıda qeyd edilən normalara istinad etməklə cavabdehin mövqeyinin əsassız olması qənaətindədir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası hüququna təminat verir.

38. Qeyd edilən normandan da göründüyü kimi, əmək pensiyası təminatı hüququna malik olma şəxsiyyəti təsdiq edən sənədlə şərtləndirilmir.

39. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasının vətəndaşları kimi pensiya təminatı hüququna malikdirlər. Çünki pensiya təminatı hüququ konstitusion hüquq olmaqla, qazanılmış hüquqdur. Vətəndaşın və yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olub-olmasından asılı olmayaraq onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar yarandığı andan əmək pensiyasını almaq hüququnu əldə etmiş olurlar.

40. Digər tərəfdən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

41. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

42. İddiaçının mərhum əri məhz bu tələblərə cavab verdiyindən, yəni Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadığından Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib.

43. Yuxarıda qeyd olunanlardan aydın görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərini tam ödədiyi - Qanunun müəyyən etdiyi şəxslərin kateqoriyasına düşdüyü üçün - Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs olduğu üçün, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

44. İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasaydı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməzdi.

45. Bununla da görünür ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs statusu tanınıb və bu halın sübuta ehtiyac yoxdur.

46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ təsbit edilmişdir.

47. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçıya AR vətədaşlığının verilməsi ilə aradan qalxmışdır.

48. Başqa sözlə iddiaçının mərhum əri ən az 2017-ci ildən başaqlayaraq respublika ərazisində fasiləsiz olaraq qanuni əsaslarla yaşadığından o Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir.

49. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçının mərhum ərinə Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə aradan qalxmışdır. İddiaçının mərhum əri isə ona vətəndaşlıq verildikdən sonra cavabdehə müraciət etmişdir. Yəni iddiaçı onun mərhum ərinə ödənilməyən dövrlər pensiyanını ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, artıq onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və beləliklə də, müvəqqəti yaşamaq icazəsinin olmadığı dövrlərdə Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşaması halı təsdiq edilmiş və cavabdehin imtina əsası aradan qalxmışdır. Buna baxmayaraq cavabdehin eyni əsasa istinad edərək aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbuledilməzdir.

50. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, cavabdeh hesab edir ki,Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10300/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əri X5 vəfatı ilə əlaqədar iddiaçıya həmin tarixdən 401,90 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Bildirilir ki, iddiaçının mərhum əri Əliyev Nazimə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Mərhum N.Əliyevin xx.xx.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verildiyi xx.xx.2023-cü il tarixdən ona əmək pensiyasının ödənişi bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında əmək pensiyası təminatı hüququna malik olmanın şəxsiyyəti təsdiq edən sənədlə şərtləndirilmədiyi qeyd edilmişdir.

51. Apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müvafiq məlumatların əldə olunması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə sorğu verilmişdir.

52. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə sorğusuna cavab məktubu ünvanlayaraq bildirmişdir ki, Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemindən əldə olunmuş çıxarışa əsasən xx.xx.1946-cı ildə Gürcüstanda anadan olmuş X11 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilmiş, 23 sentyabr 2015-ci il tarixdə isə daimi yaşamaq üçün icazənin müddəti uzadılmışdır. Şəxsin xx.xx.2020-ci il tarixdən etibarən müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Bundan başqa, X1 İşlər Nazirliyi tərəfindən sonuncu dəfə 10 may 2019-cu il tarixdə etibarlılıq müddəti 10 may 2021-ci il tarixədək olan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən U001766 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Həmçinin bildirilir ki, X11 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur.

53. Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ünvanlayaraq bildirmişdir ki, xx.xx.1946-cı il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

54. Beləliklə, göründüyü kimi, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunduğu vaxta kimi) Azərbaycan Respublikasının ərazisində yaşadığı təsdiq olunur.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10300/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10300/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar