Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1632/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs X5) qarşı “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə köçürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14468/2023 nömrəli, 21 dekabr 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı müraciətindən cavabdehin imtinasının əsassız hesab edilməsi, cavabdehin üzərinə Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsi öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 2004-cü il tarixində anadan olmuş, Kəlbəcər rayonu Qılınclı kəndindən məcburi köçkündür. 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Həmin il Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinin keçid balı 210.8 bal olmuşdur. 2023-cü ilin iyul ayında yerdəyişmə ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, yerdəyişmənin səbəbi kimi məcburi köçkün olmağı, maddi imkansızlığı, atasının sürücü, anasının evdar qadın olması, təhsil haqqının ödənilməsilə bağlı sıxıntılarının olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xahişi onu eyni ixtisas qrupu olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadıyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı idi. X5 tərəfindən keçirilən qəbul imtahanında topladığı 214 bal köçürülmək istədiyi ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından çox olmuşdur. Belə ki, həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinin keçid balı 200 bal olmuşdur ki, o, da öz növbəsində 214 bal toplamışdır. 2023-cü ilin iyul ayında yerdəyişmə ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətinə imtina verilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair» Qaydaların 2.3-cü bəndi göstərilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair» Qaydaların 2.3-cü bəndində göstərilir: «Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın». Göründüyü kimi həmin il topladığı 214 bal köçürülmək istədiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinin keçid balı olan 200 baldan artıqdır ki, bu da müraciətindən əsassız olaraq imtina olunmasını sübut edir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə Azərbaycan Universitetinin 2ci ixtisas qrupu üzrə “Biznes və iqtisadiyyat” fakültəsi “biznesin idarə edilməsi” ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin “Menecment” (tədris ingilis dilində) ixtisasının əyani şöbəsinə köçürülməyi ilə bağlı qərarın qəbul edilməsi vəzifəsinin qoyulmasına dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Univesitetinin 2-ci ixtisas qrupu üzrə “Biznesin idarə edilməsi” ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. İddiaçı qəbul imtahanlarında 214 bal toplamışdır (həmin il keçid bal - 210.8 bal idi). Lakin iddiaçının kifayət qədər maliyyə resursları olmadığı səbəbindən o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə “İqtisadiyyat və menecment” ixtisası üzrə köçürülməsini xahiş etmişdir. Hesab edilir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçının sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üçün keçirilmiş test imtahanlarında iddiaçının ümumi balı 214, ikinci mərhələ balı 85.6, köçürülmək istədiyi ixtisasın keçid balı isə 200 bal olmuşdur. Ancaq iddiaçının köçürülmək üçün müraciət etdiyi “Menecment” ixtisasına ümumi bal ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi də tətbiq olunduğundan və İddiaçı İİ mərhələ balı 100 baldan az olduğundan köçürülməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli əmri ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Beləliklə də iddiaçının köçürülmək üçün müraciət etdiyi “Menecment" ixtisasına ümumi bal ilə yanaşı DİM tərəfindən İİ mərhələ balı (minimum 100 bal) tələbi də tətbiq olunduğundan və İddiaçı İİ mərhələ balı 100 baldan az (85.6) olduğundan istədiyi ixtisas üzrə köçürülə bilməz. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X5 üçüncü şəxs (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14468/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.9.-cu bəndinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Həmin Qanunun 10.1.-cu bəndinə əsasən Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssəsilərinin bakalavriat və magistrartura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətin götürülməsinə dair” Qaydaların 2.3.-cü bəndində “tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın” anlayışı onun birinci və ikinci mərhələni ehtiva etmir, sadəcə umumi toplanan baldan söhbət gedir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 2.3-cü bəndinə əsasən müraciətinizə imtina verilmişdir.” -Azərbaycan Universitetinin məhkəmə sorğusuna cavab olaraq ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Universitetinin 050402 “Biznesin idarə edilməsi” ixtisasına (Azərbaycan bölməsi, əyani təhsilalma forması, ödənişli əsaslarla, qəbul balı 214 bal) 2022-2023-cü tədris ilində qəbul olmuş İddiaçı hazırda İİ tədris ilində təhsilini davam etdirir. İddiaçı xx.xx.2023-cü il tarixində köçürülmə prosesində iştirak etmək məqsədilə müvafiq sənədlərin (akademik transkript və maliyyə borcunun olmaması haqqında arayış) verilməsi ilə bağlı ərizə yazmışdır. Qeyd edilən sənədlər xx.xx.2023-cü il tarixində tələbəyə təqdim edilmişdir. -Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə müvafiq sənədləri əlavə etməklə Nazirliyə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir. İddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq portala sorğu (ərizə) göndərmişdir. Həmin sorğuya əlavə olunan sənədlərin surəti Sizə təqdim olunur. - X4 xx.xx.2023-cü il tarixli, 9-3/2-2526/2023 nömrəli məktubla bildirilmişdir ki, 2022/2023-cü tədris ili üçün Azərbaycan Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına əyani təhsilalma forması üzrə keçid balı 210.8 bal, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Menecment (tədris ingilis dilində)” ixtisasına əyani təhsilalma forması üzrə keçid balı 200 bal olmuşdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “iddiaçı test imtahanlarında ümumi 214 balı toplamış olsa da, ikinci mərhələdə 85.6 bal toplamışdır. Qaydalarda qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisələrində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın dedikdə ümumi müsabiqə nəzərdə tutulur. Yəni, həm ümumi balı 200-dən, həm də imtahanın ikinci mərhələsi üzrə balı 100dən az olmasın. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ı: 3.2. Tədrisin təşkili 3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. 3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”nın: 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X5 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Hazırkı işin hallarından görünür ki, iddiaçı 2022/2023-cü qəbul ilində 214 balla Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2023cü il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”nın 2.3-cü bəndinə istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh tərəfindən istinad edilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları” qüvvədən düşmüşdür. Hazırda təhsilalanların köçürülməsi proseduru Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli, KQ-02 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası X5 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. Göründüyü kimi hazırda qüvvədə olan Qaydalara uyğun olaraq iddiaçının Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsi o şərtlə aparıla bilər ki, onun tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının minimal keçid balından artıq olsun, həm də tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası X5 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilsin. İşin faktiki hallarından göründüyü kimi iddiaçı 2022/2023-cü qəbul ilində 214 bal toplamış və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə qəbul üçün minimal keçid 200 bal olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan (hazırda qüvvədə olan) müvafiq Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdiyindən qüvvəsi geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunun: 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14468/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14468/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Azərbaycan Universitetinin 2-ci ixtisas qrupu üzrə «biznes və iqtisadiyyat» fakültəsi «biznesin idarə edilməsi» ixtisasının əyani şöbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin «iqtisadiyyat və menecment» fakültəsinin «menecment (tədris ingilis dilində)» ixtisasının əyani şöbəsinə köçürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1632/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1632/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver