Məhkəmə qərarları › İş №2-1(103)-1642/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1642/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1642/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X1 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı1 və onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı xx.xx.2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə “Əbəlfəzl” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıların xx.xx.2020-ci il tarixində dünyaya gəlmiş övladlarına “Əbəlfəzl” adı vermək istəsələr də 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən övladlarına heç bir əsas olmadan doğum haqqında şəhadətnamədə “Əbülfəz” olaraq qeyd edilmişdir. Bununla bağlı olaraq, övladının adının dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Həmin orqandan verilən xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Adın ata adının və soyadın verilməsinin verilməsi və dəyişdirilməsi qaydalarının” 1.4- cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək habelə şəxsin cinsinə uygun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Göründüyü kimi inzibati orqan tərəfindən verilən imtinanın heç bir hüquqi əsası yoxdur. Odur ki, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşin birinci instansiya baxışı zamanı cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi sözlərin düzgün yazılış qaydalarını özündə ehtiva edən “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndən çıxarış təqdim edərək öz izahatında bildirmişdir ki, həmin lüğətdə adın “Əbülfəz” kimi yazılışı öz əksini tapmışdır. Adların, sözlərin tələffüz formaları müxtəlif olsa da yazılış qaydaları vahid formada tənzimlənir. Bu nəzərə alınaraq bu ad vahid formada ədəbi dil normalarına uyğun olaraq “Əbülfəz” formasında yazılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişlər ki, AR Ədliyyə Naizrliyinin bütün vətəndaşlar üçün açıq olan elektron bazasında “Əbəlfəzl” adı 2020 və 2021-ci illərdə müvafiq olaraq 12 və 9 uşağa qoyulmuşdur. Əgər bu ad faktiki olaraq Ədliyyə Nazirliyinin müvafiq şöbələri tərəfindən qeydə alınmışdırsa, övladlarının adı kimi istifadə olunmasına heç bir məhdudiyyət tətbiq oluna bilməz. Həmçinin, məhkəmə Nəsimi rayon Qeydiyyat Şöbəsinə xx.xx.2021-ci il tarixli sorğu göndərərək doğum haqqında akt qeydinin təsdiq olunmuş surətinin məhkəmə təqdim olunmasını tələb etmişdir. Hesab edirik ki, bu sorğunun əvəzinə Ədliyyə Nazirliyinə “Əbəlfəzl” adının qeydə alınıb-alınmaması faktı bardə sorğu göndərilməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, AZ-İV 436801 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Bakı şəhərində İddiaçı1 ilə X3 övladı X4 anadan olmuşdur. İddiaçılar xx.xx.2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə “Əbəlfəzl” kimi qeyd edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdilər. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi xx.xx.2021-ci il tarixli cavab məktubu ilə iddiaçıların müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 -ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə "Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4.bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda bildirilmişdir ki, həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən uşağınızın adının “Əbülfəz”dən “Əbəlfəzl”ə dəyişdirilməsi mümkün olmamışdır.” Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının uşağına qoymaq istədiyi “Əbəlfəzl” adı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilmədiyindən həmçinin, həmin adın onomastik adlar sistemində “Əbülfəz” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu qeyd edildiyindən iddia tələbi əsasızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı normalara əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndə (səh. 39-da) adın “Əbülfəz” kimi yazılışı öz əksini tapmışdır. Adların, sözlərin tələffüz formaları müxtəlif olsa da yazılış qaydaları vahid formada tənzimlənir. Bu nəzərə alınaraq bu ad vahid formada ədəbi dil normalarına uyğun olaraq “Əbülfəz” formasında yazılmalıdır. Cavabdehin apellyasiya şikayətinin “məhkəmə tərəfindən qərar qəbul edilərkən Ədliyyə Nazirliyinin qeydiyyat tələbləri tərəfindən “Əbəlfəzl” adını 2020 və 2021-ci illərdə müvafiq olaraq 12 və 9 uşağa qoyulması faktını nəzərə alınmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, valideynlər uşaqlarına ad qoymaqda sərbəst olsa da, bu sərbəstlik mütləq xarakter daşımır, bu zaman dövlətin mənafeyi də nəzərə alınmalıdır. Belə ki, azərbaycan dilində olmayan adların qoyulması məqsədəmüvafiq hesab edilmir. Hazırkı halda da iddiaçının uşağına qoymaq istədiyi “Əbəlfəzl” adı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilmədiyindən və həmin adın onomastik adlar sistemində “Əbülfəz” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğundan iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarı düzgün və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar