Məhkəmə qərarları › İş №2-1(103)-1642/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1642/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1642/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6728/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə əsasən 1983-cü ilin dekabr ayının 20-dən 16 fevral 1993-cü il tarixədək ədliyyə orqanlarında (məhkəmə icraçısı kimi) fəaliyyət göstərdiyi müddəti (9 il 1 ay 26 gün) hakim kimi fəaliyyət göstərdiyi 9 il 8 ay müddətə daxil edilməklə hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni 29 avqust 2018-29 avqust 2020-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1983-cü ilin dekabr ayının 20-dən 1993-cü ilin fevral ayının 16-dək Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, 1993-cü ilin fevral ayının 17-dən Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsində məsləhətçi, şöbə müdiri, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası İqtisad Məhkəməsində şöbə müdiri və aparat rəhbərinin müavini vəzifəsində işləmişdir. 2007-ci ilin iyul ayının 20-dən Bakı Apellyasiya Məhkəməsində aparıcı məsləhətçi, xx.xx.2008-ci il tarixdən Məhkəmə-Hüquq Şurasında məsləhətçi, böyük məsləhətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli Sərəncamı ilə xx.xx.2011-ci il tarixdən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə hakimi vəzifəsinə təyin edilmiş və xx.xx.2013-cü il tarixədək həmin məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarı ilə xx.xx.2013-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 29 avqust 2020-ci il tarixdən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatdığına görə səlahiyyətlərinə xitam verilmişdir. Hazırda ona 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2011-ci il tarixdən güzətli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilir ki, “Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ədliyyə orqanlarında 25 il qulluq stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinə əsasən onun güzətli şərtlərlə əmək pensiyası hüququ vardır”. Göründüyü kimi, məhkəmənin həmin qərarı ilə onun ədliyyə orqanlarında 25 il qulluq stajına malik olduğu təsbit edilmişdir. Ədliyyə qulluqçusu kimi güzətli şərtlərlə əmək pensiyası aldığına görə, 2021-ci ilin fevral ayında müvafiq sənədləri təqdim etməklə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Nəticədə cavabdeh 2021-ci ilin fevral ayında pensiyanı yenidən hesablayaraq ona sabiq ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Qeyd olunan qanunun bu müddəasını nəzərə alaraq, 2023-ci ilin dekabr ayında cavabdehə təkrar müraciət edərək, ədliyyə orqanlarındakı qulluq illərini hakimlik qulluq illərinə daxil edərək xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə gör əlavə haqq, səlahiyyətlərimin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 09 yanvar 2024-cü il tarixli məktubla ona hakim kimi əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi mənə sabiq dövlət qulluqçusu (ədliyyə qulluqçusu) kimi yaşa görə əmək pensiyası ödənildiyini “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edildiyi, hakim kimi iş stajının 15 ildən az (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr), 9 il 7 ay 28 gün olduğundan ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini göstərmişdir. Qeyd edilən imtina məktubu ona poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Cavabdeh ona hakim kimi pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən azı 5 il hakim işləmiş və pensiya yaşma çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsində “Azı 5 il işləmiş və pensiya yaşma çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.7ci maddəsinə əsasən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 5 il hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 45 faizi miqdarında, 10 ilə qədər hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunmuş məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşma çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malik olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında şərh olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) o zaman nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun və “Əmək pensiyaları haqqında” Azərbaycan Rspublikası Qanununun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Qeyd olunanlardan göründüyü kimi, onun xx.xx.2018-ci il tarixədək artıq 7 il 7 ay hakim kimi iş stajı mövcud olmuşdur. Bu hallar onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququma dair münasibətlər xx.xx.2016-cı ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən, o, hakim vəzifəsinə təyin olunan zaman qeyd olunan qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.7-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixdən sonrakı redaksiyada) bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Cavabdehin ona hakim kimi pensiya təyin olunmasından imtinasının əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1 və 20.7.2-ci maddələrinə edilmiş dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.7-ci maddəsinə əsasən yalnız 15 il və daha çox hakim vəzifəsində işləmiş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavə ödənilir. “Əmək pensiyaları haqqında” qanunda edilmiş bu dəyişikliklər onun vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və xx.xx.2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 5 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2016-cı ildə hakim kimi əmək pensiyası almağına dair hüquqları (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ vermişdir. Həmin vaxt hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatmamışdır və hakim vəzifəsində işləməkdə davam edirdi. Qeyd olunanlara əsasən hesab edir ki, ona hakim kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2016-cı ildə yarandığından həmin münasibətlər xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun normaları ilə deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun normalarına uyğun həll olunmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-6728/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müraciətindən imtina edilmiş, hakim kimi stajı 15 ildən az (9 il 7 ay 28 gün (hakim kimi fəaliyyət göstərdiyi xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr)) olduğundan, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədən olan 20.7.1-ci və 20.7.2-ci maddələrinin tətbiqinin mümkün olmadığı bildirilmişdir. Cavabdehin mövqeyinə görə, hakim kimi stajı 15 ildən az olduğuna görə ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilə bilməz. Hazırki qərardan görünür ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasını bu hissədə əsassız sayaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci və 20.7.2-ci maddələrinin ona münasibətdə tətbiqinin mümkün olduğu qənaətinə gəlmişdir. Bundan başqa, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda qeyd edir ki, “ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır” qeydi hakim vəzifəsini deyil, məhkəmə aparatı işçilərini nəzərdə tutmuşdur. Hakimlər işə qəbul edilmir, müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hakim vəzifəsinə təyin edilirlər. Bundan əlavə məhkəmə orqanları işçisi qeydi olan bütün qanunvericilik aktlarında hakimlər deyil, məhkəmə aparatı işçiləri nəzərdə tutulmuşdur. Hakimlərdən bəhs edən qanunvericilik aktlarında isə hakim ifadəsi konkret olaraq “hakim” adı ilə göstərilmişdir...” Məhkəmə qərarında isə qeyd edilir ki, “məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin ədliyyə orqanlarında işlədiyi müddət yalnız onun dövlət qulluğu illərinə daxil edilə bilər. Nəzərə alınmalıdır ki, hakimlik iş stajına yalnız şəxsin hakim kimi xidmət illəri ilə yanaşı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsi mümkündür, (prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyi zaman)”. Göründüyü kimi, məhkəmə “ədliyyə orqanlarmdakı qulluq illərinin hakimlik qulluq illərinə daxil edilməsinə” dair cavabdehin etirazının bu hissəsi ilə razılaşmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Bu maddənin məzmunundan müəyyən olunur ki, “Ədliyyə orqanlarmda qulluq keçmə haqqında” Qanun ilə, heç bir istisna, məhdudiyyət, izah, fərdiləşdirmə qeyd edilmədən birbaşa, ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlarında işə qəbul edilərkən onların ədliyyə orqanlarmdakı qulluq illəri məhkəmə orqanlarda qulluq illərinə daxil edilməsi təsbit edilmişdir. Belə olan halda cavabdeh etirazında Qanunun bu normasını özünə məxsus formada izah etməyə çalışarkən “...bu qeydlər hakim vəzifəsini deyil, məhkəmə aparatı işçilərini nəzərdə tutmuşdur”, “hakimlər işə qəbul edilmir təyin edilirlər”, “məhkəmə orqanları işçisi qeydi olan bütün qanunvericilik aktlarında hakimlər deyil, məhkəmə aparatı işçiləri nəzərdə tutulmuşdur” kimi, maddənin məzmununa uyğun gəlməyən, uğursuz və yanlış ifadələrdən istifadə etməklə iddia tələbinə etiraz etməsi başa düşülən deyildir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. O da qeyd edilməlidir ki, göstərilən hər iki qanunun, yəni Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci maddəsinin və “Prokurorluq orqanlarmda qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinin mətni eynilik təşkil edir. Lakin mübahisələndirilən qərarda qeyd edilir ki, “Nəzərə alınmalıdır ki, hakimlik iş stajına yalnız şəxsin hakim kimi xidmət illəri ilə yanaşı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsi mümkündür (prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyi zaman)”. Göründüyü kimi, məhkəmə fərqli yanaşaraq, prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini mümkün sayır, lakin ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlarında işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illərinin məhkəmə orqanlarda qulluq illərinə daxil edilməsini mümkün saymır. Buna görə də hesab edir ki, məhkəmə belə qənaətə gəlməklə səhv nəticəyə gələrək əsassız qərar qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq, cavabdeh tərəfindən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun hakim kimi iş stajının 15 ildən az (9 il 7 ay 28 gün (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr)) olduğu, bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir. iddiaçı apellyasiya şikayətinin əsasları kimi hakim təyin ediidıyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 5 il hakim stajı olduğuna görə hakim kimi yaşa görə əmək pensiyası hüququ olduğunu qeyd etmişdir. Məhkəmədən ona hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə 10 ildən yuxarı hakimlik fəaliyyətinin hər ili (natamam ildəki aylar da nəzərə alınmaqla) üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, hakim vəzifəsındəkı fəaliyyətinin son 24 ayı ərzindəki (xx.xx.2018-xx.xx.2020-ci illər arasındakı dövr) əmək haqqının orta aylıq əmək haqqının 53 faizi miqdarında əlavənin hesablanması öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir. 20.7.1. 15 il haiuın işlomiş sabiq nakımlorə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş" sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək" sözü ilə əvəz edilmiş, “65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlarda nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqiarı istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçı artıq 2016-cı ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2016-cı ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 5 ildən artıq hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə, yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsi iddiası əsassızdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan redaksiyasına əsasən ona pensiya təyin edilməsi üçün azı 15 il hakim işləməsi tələb olunsa da, iddiaçının hakim kimi stajı 15 ildən az (9 il 7 ay 28 gün (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. İddiaçı iddia ərizəsində «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına istinad etmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi qərara almışdır ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyasını tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsə hakim kimi pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Qanunun əvvəlki redaksiyasında da iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Digər tərəfdən ümumilikdə əmək pensiyasının hesablanması mexanizminin hər bir mərhələsini “Əmək pensiyaları haqqında” Qanunun müxtəlif dövrlərdə qüvvədə olmuş redaksiyalarına əsasən hesablanması da qanunvericiliyin tələblərinə uyğun olmadığından iddiaçının müracətindəki kimi, həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən pensiya faiz dərəcəsinin, həmin tarixdən sonra Qanunun qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə əsasən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının hesablanması mümkün deyil. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. İddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona sabiq hakim kimi vəzifə maaşındakı sonrakı artımlarla birlikdə, vəzifə maaşı, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət pulu, məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2018-ci ildən xx.xx.2020ci ilədək olan dövr ərzindəki orta aylıq əmək haqqının 5 ilinə görə 45 faizi və 5 ildən yuxarı hakimlik stajının hər ili üçün (natamam əldəki aylar da nəzərə alınmaqla) həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla cəmi orta aylıq məbləğin 53 faizi miqdarında əlavənin xx.xx.2020-ci ildən (müraciət etdiyi tarixdən 3 il əvvələ) pensiya məbləğindəki artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 dekabr 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Sizə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, Sizin hakim kimi stajınız 15 ildən az (9 il 7 ay 28 gün (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də Sizə hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: 106-cı maddəsinin birinci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir (12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən). 106-cı maddəsinin ikinci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 106-cı maddəsinin üçüncü hissəsinə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2019cu il tarixədək olan qüvvədə olan redaksiyası). Hazırda qüvvədə olan redaksiyası - Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 107-ci maddəsinin birinci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası). 109-cu maddəsinin dördüncü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası). 109-cu maddəsinin beşinci hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (hazırda qüvvədə olan redaksiyası). 109-cu maddəsinin beşinci hissəsinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyası). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli qərarı əsasında ona xx.xx.2011-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının hakim kimi stajı 15 ildən az təşkil etdiyi əsas gətirilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hakim işləmişdir və hakim kimi iş stajı 9 il 07 ay 28 gün təşkil edir. Qanunvericiliyin qeyd olunan normalarından görünür ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qanunvericilikdə 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ nəzərdə tutulsa da, sonradan 2017-ci ildə edilmiş dəyişikliklərə əsasən bu staj 15 il müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməli və ona 5 ildən artıq hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə qulluq stajına görə əlavə hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı ona sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü ildə müraciət etmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında (2-1(102)- 1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2494/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-820/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) qeyd edilir ki, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6728/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı sabiq hakim kimi vəzifə maaşındakı sonrakı artımlarla birlikdə, vəzifə maaşı, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət pulu, məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək olan dövr ərzindəki orta aylıq əmək haqqının 5 ilinə görə 45 faizi və 5 ildən yuxarı hakimlik stajının hər ili üçün (natamam əldəki aylar da nəzərə alınmaqla) həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla cəmi orta aylıq məbləğin 53 faizi miqdarında əlavənin xx.xx.2020-ci ildən (müraciət etdiyi tarixdən 3 il əvvələ) pensiya məbləğindəki artımlar da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar