Məhkəmə qərarları › İş №2-1(103)-1649/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1649/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1649/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X10” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı “X10” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “X10” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi ilə əlaqədar Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xx.xx.2023-cü il tarixli, **********419700 nömrəli məktub olmuşdur. Həmin məktubda araşdırma zamanı 2022-ci il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı qeyd edilmişdir və müvafiq cədvəl əlavə edilmişdir. Həmin cədvəldə qeyd edilmiş əməliyyatların cəmi 2 836 510.58 manat təşkil etmişdir. Həmçinin, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə istinad edilərək, əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların nəzərdə tutulduğu Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyi qeyd edilmişdir. Bank tərəfindən müraciətə Dövlət Vergi Xidmətininə Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********504600 nömrəli məktubla cavab verilmişdir və 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində (adları siyahıda qeyd olunan vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə) gəlirin əldə edilməsi üzrə çəkilən xərclər 244 734,33 (iki yüz qırx dörd min yeddi yüz otuz dörd manat, otuz üç qəpik) manat təşkil etdiyi bildirilmişdir. Bundan əlavə, 2 591 776,25 (iki milyon beş yüz doxsan bir min yeddi yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat məbləğ vəsait 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əksini tapmadığı qeyd edilmişdir. Daha sonra İnternet Vergi İdarəsindən əldə edilmiş kameral mənfəət vergisi bəyannaməsinin məlumatlarına diqqət yetirərkən məlum olmuşdur ki, vergi orqanı mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində “Digər xərclər” sətrində olan rəqəmlərə müdaxilə edərək xərc məbləğini azaltmış və nəticədə 2022-ci il üçün 244 734.33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edilmişdir. Bu səbəbdən Bank tərəfindən xx.xx.2023-cü il tarixli **********751600 nömrəli məktubla şəxsi hesab vərəqəsində 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeydin, “İnternet Vergi İdarəsi” altsistemində 2022-ci ilin mənfəət vergisinə aid kameral vergi yoxlamasına məruz qalmış bəyannamənin mövcud olması, həmçinin, vergi orqanı tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar təqdim olunmaması əsas götürülərək, 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması üzrə vergi orqanı tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın surətinin Banka təqdim edilməsi xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********964300 nömrəli məktubla Bankın xx.xx.2023cü il tarixdə aparılmış kameral vergi yoxlaması zamanı Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********504600 nömrəli açıqlama məktubu nəzərə alınmaqla riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə əlavə hesablanmış 244 734.33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edildiyindən əlavə öhdəlik yaranmadığı bildirilmiş və kameral qərar təqdim edilməmişdir. Bank tərəfindən 2022-ci ildə mal, iş və xidmətlərin alındığı 7 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən sözügedən şəxslərə bağlanılmış müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, Bank mal, iş və xidmət əldə edən və/və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və ya xidmətin təhvil alınmasına dair təhvil-təslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə Bank məlumatlı ola bilməzdi. Bu hallar iddia ərizəsinə əlavə edilmiş Cədvəl № 1-dən də aydın olur. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə Bank ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, Bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)- 1143/2021 nömrəli qərarı). Sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibatitexniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri sırasında belə bir vəzifə müəyyən edilməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli, **********853800 nömrəli məktubla Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubla digər vergi ödəyicisi barəsində işçi sayı, illik dövriyyəsi, əmlakının və anbarının olub-olmaması barədə məlumat istənilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, **********393000 nömrəli məktubla Vergi Məcəlləsinin 30.2-ci maddəsinə istinad edilərək sözügedən məlumatların verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələri ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilmişdir ki, riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərini riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Bununla bağlı qeyd edilir ki, vergi orqanı tərəfindən məhz iddiaçı ilə riskli vergi ödəyiciləri arasında olan əməliyyatlar üzrə araşdırmanın nəticəsi olaraq əmtəəsiz əməliyyatlar aparıldığını müəyyən etmişdir. Belə ki, riskli vergi ödəyiciləri tərəfindən təqdim edilən mallar həmin ödəyicilərin alışında və idxalında olmadığı üçün həmin malların da digər vergi ödəyicilərinə satılmasının qeyri mümkünlüyü nəticəsinə gəlinmişdir. Məhkəmə məntiqi olaraq müəyyən etməli idi ki, həmin riskli vergi ödəyicisi olması barədə qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Aparılan əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsi üçün əsas olan faktlar, yəni alınmamış, idxal edilməmiş malların satılması faktının sənədlərlə sübut edilməsinə və elektron qaimə fakturalarla təsdiq edilməsinə baxmayaraq məhkəmə daha yüksək sübutetmə standartı tətbiq edərək arqumentlərin sübut edilməsi üçün daha inandırıcı faktlar tələb etmişdir. Sənədlərlə sübut edilmişdir ki, alınmamış mallar satılmışdır. Halbuki alınmamış malların satılması imkan xaricindədir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin: 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisənin yaranma səbəbi 2022-ci il ərzində "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), X4 (VÖEN **********), X12 (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və X8 (VÖEN **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır. Dövlət Vergi Xidməti tərəfindən X5 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********120300 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********452700 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********654200 nömrəli, X2 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********345200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********421400 nömrəli, X9 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********334200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********159600 nömrəli qərarlar qəbul edilmişdir. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X4, X12, "xxxx" MMC və X8 riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı “X10” Açıq Səhmdar Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaiməfakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı qeyd edilən vergi ödəyiciləri ilə əməliyyatlar apararkən həmin ödəyicilər riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği gəlirdən çıxılan xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur.” Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlamaq kimi vəzifələri səlahiyyətləri mövcud deyil. Həmçinin iddiaçının əməliyyat apardığı fiziki və ya hüquqi şəxslərdən ona təqdim olunan malı idxal zamanı və ya e-qaimə üzrə alışında olubolmadığını yoxlamaq da iddiaçının məsuliyyət sferasına aid deyil. Kollegiya onuda qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın əmtəəsiz olması üçün sadəcə bir tərəfin deyil, hər iki tərəfin birgə iradəsi və iştirakçılığı lazımdır. Cavabdeh isə lazımı qaydada icraat aparmayaraq, malların həqiqətən mövcud olmamasını mötəbər sübutlarla aydınlaşdırmamışdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla, mübahisələndirilən məhkəmə qərarının ləğvinə əsas vermir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-16365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16365/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar