Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1659/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-ünvan 3fiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-437/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 10.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, 1988-ci ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin “müalicə profilaktika’’ fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin Universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra həm Bakı şəhəri Məlikov adına 6 saylı şəhər xəstəxanasında, həm də 7 saylı Doğum evində anestezioloq vəzifəsində işləmişdir. 2002-2008-ci illərdə Səudiyyə Ərəbistanında həkimlik fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildən halhazıradək "xxxx" MMC-də çalışır. Azərbaycan Respublikası Müdafiə nazirinin “N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun İV kurs tələbələrinin hərbi hazırlığının keçirilməsinə dair” 17 mart 1992-ci il tarixli 216 saylı əmri ilə İV kurs kişi cinsindən olan tələbələrin təlim toplanışının əvəzinə onların 01.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlıqlarının keçirilməsi və tələbələrin Müdafiə Nazirliyinin hərbi hissələri üzrə bölgüsünün təşkili nəzərdə tutulmuşdur. Müdafiə nazirinin həmin əmrinə əsasən iddiaçı və digər tələbə yoldaşları Gədəbəy rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissəyə ezam olunmuş, 01.07.1992-ci il tarixdən N gün müddətində səngərdə sanitar təlimatçısı qismində döyüş bölgəsində hərbi toplanışda olmuş və toplanışı başa vurmuşdur. Hərbi hissə komandanlığı tərəfindən verilmiş və Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində saxlanılan şəxsi işində olan xasiyyətnamədə də iddiaçının “Başkənd” əməliyyatlarında iştirak etməsi əksini tapmışdır. Hərbi toplanışı başa vurduqdan sonra Universitet tərəfindən bununla əlaqədar iddiaçıya və digər müvafiq tələbə yoldaşlarına 3 qat məbləğdə tələbə təqaüdü də ödənilmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 1994-cü il tarixli 184/n saylı əmri ilə iddiaçıya “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir, iddiaçı Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində qeydiyyatdadır. Bu xüsusatları nəzərə alaraq iddiaçı da xidməti fəaliyyətinə görə layiq bilinməli olduğu “Müharibə veteranı” adının və vəsiqəsinin alınması üçün Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət elmişdir. İddiaçının müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, Mərkəzi Arxivdən daxil olmuş məlumata əsasən N saylı hərbi hissədə iddiaçının xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdehin imtinası əsaslı hesab oluna bilməz və müraciət öz müsbət həllini tapmalıdır. Belə ki, müvafiq müraciətlə bağlı cavabdehə təqdim edilmiş sənədlər cavabdehin cavabının məzmununu tam surətdə təkzib edir və həmin sənədlərdən, xüsusilə də Bakı şəhəri Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinin 15.10.2019-cu il tarixli 212 saylı arayışından göründüyü kimi, iddiaçı 01.07.1992-ci il tarixdən 30.08.1992-ci il tarixə kimi ATU-nin nəzdində olan hərbi kafedranın təşkil etdiyi təlim toplanışını keçərək Azərbaycan Respublikası MN-nin 08.07.1994-cü il tarixli 184/rt əmri ilə ehtiyatda olan ilkin leytenant rütbəsi almışdır. Həmçinin həmin arayışda bildirilmişdir ki, N saylı hərbi hissədən iddiaçıya verilən xasiyyətnamədə iddiaçının Başkənd əməliyyatlarında iştirak etməsi göstərilmişdir. Xasiyyətnamənin özü, təsdiq olunmuş surəti iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi, bu sənədlər cavabdeh tərəfindən qərəzli olaraq nəzərə alınmamış və iddiaçının xahişi cavabdeh tərəfindən əsassız olaraq təmin olunmamışdır. İmtina məktubunda “Mərkəzi Arxivdən daxil olmuş məlumata əsasən N saylı hərbi hissədə xidmətiniz barədə məlumat olmadığına görə Sizə ‘"Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir” ifadəsi işin faktiki halları ilə tam ziddiyyət təşkil edir. İddiaçı adıçəkilən sənədləri yazılı müraciətinə əlavə etmiş və həmin sənədlər iddiaçının döyüş bölgəsində hərbi toplanışda olmasını tam surətdə təsdiq etmişdir, ancaq cavabdeh bu sənədləri nəzərə almaq istəməmişdir. İddiaçının müvafiq müraciətindən cavabdehin imtinası heç bir hüquqi əsası olmadığı üçün əsaslı hesab oluna bilməz, əksinə müraciətin təmini üçün bütün əsaslar vardır. İddiaçıya “Müharibə veteranı” adının verilməməsi onun bir sıra hüquqlarını pozur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı bir sıra imtiyazlardan istifadə edə bilmir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-880/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-437/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bu qərarla razılaşmayan cavabdeh 27.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-437/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən apellyasiya şikayətinin əsaslandırma hissəsi məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının N () nömrəli hərbi hissədə toplanış keçməsi barədə də məlumat iş materialları ilə öz təsdiqini tapmamışdır.Məhkəmə tərəfindən iddiaçının hansı hərbi hissədə toplanış keçdiyi müəyyən olunmadan, iddianın təmin olunması barədə qərarı AR Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-437/2021 nömrəli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili, üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Vəkil (Bakı şəhər Mərkəz Vəkil Bürosu) məhkəmə iclasına gəlmiş, lakin apellyasiya instansiyasında vəkil kimi iştirakı ilə bağlı order təqdim etmədiyindən məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında iştirakı səlahiyyətsiz hesab olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, məhkəmə iclasında iştirak edən proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-437/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə nazirinin “N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs tələbələrinin hərbi hazırlığının keçirilməsinə dair” 17 iyun 1992-ci il tarixli 216 saylı əmrindən görünür ki, həmin əmrdə Ermənistanın təcavüzünün davam etməsi ilə əlaqədar tələbələrin təlim toplanışının hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlıqla əvəz edilməsi məqsədəuyğun hesab edilmiş və N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs kişi cinsindən olan tələbələrin təlim toplanışının əvəzinə onların 01.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlığının təşkili və keçirilməsi əmr edilmişdir. Həmin əmrin icrası ilə əlaqədar tərtib edilmiş siyahıda 14-cü sırada İddiaçı göstərilmişdir - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.11.2019-cu il tarixli 1/N-15852 saylı məktubunda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 06.11.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivdən daxil olmuş məlumata əsasən N nömrəli hərbi hissədə xidmətiniz barədə məlumat olmadığına görə Sizə "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 15.10.2019-cu il tarixli 232 saylı arayışından görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda oları t/x leytenantı İddiaçı SHXÇDX-nın Binəqədi rayon idarəsində 11.12.2006-cı il tarixdən qeydiyyatdadır. 01.07.1992-ci il tarixdən 30.08.1992-ci il tarixədək ATU-nın nəzdındə olan hərbi kafedranın təşkil etdiyi təlim toplanışını keçərək Azərbaycan Respublikası MN-nin 08.07.1994-cü il tarixli 184/rt əmri ilə ehtiyatda ilkin leytenant rütbəsi verilmişdir. Məlumat üçün bildirilmişdir ki, N saylı hərbi hissədən verilən xasiyyətnamədə İddiaçı Başkənd əməliyyatında iştirak etməsi göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi hissəsinin 01.12.2019-cu il tarixli, 3169 nömrəli məktubundan görünür ki, 01.07.1992-ci ildən 25.08.1992-ci il tarixinədək hərbi hissələrdə feldşer və sanitar təlimatçı qismində hərbi hazırlıqların keçirilməsi və tələblərin Müdafiə Nazirliyinin hərbi hissələr üzrə bölgüsünün təşkili barədə və Gədəbəy rayonu ərazisinə dislokasiya olunmuş N nömrəli hərbi hissəyə (hal hazırda N nömrəli hərbi hissə) N gün müddətinə ezam olunmağı və hərbi toplanış keçməyi barədə qeydiyyat sənədləri N () nömrəli hərbi hissənin “Nizami hissə üzrə” əmrlər kitabı müvafiq qaydada sənədlərin arxivləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 10.01.2020-ci il tarixli 01-03/30 saylı məktubundan görünür ki, İddiaçı həqiqətən 1988-ci ildə Azərbaycan Tibb Universitetinin müalicəprofilaktika fakültəsinə qəbul olmuş və 1994-cü ildə həmin fakültəni bitirmişdir. X3 həqiqətən 1988-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olmuş və 1993-cü ildə həmin fakültəni bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 nömrəli 17.06.1992-ci il tarixli əmrinə əsasən Azərbaycan Tibb Universitetinin rektorunun 231/T saylı 01.07.1992-ci il tarixli əmri ilə universitetin İV kurs tələbələri 01.07.1992-ci ildən 20.08.1992-ci il tarixinədək hərbi hissələrə stajkeçməyə göndərilmişlər. 456/T saylı 22.10.1992-ci il tarixli rektorun əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib yaralılara tibbi yardım göstərmiş həmin tələbələrə (o cümlədən İddiaçı və İ.İ.Umudova) uçqat təqaüd verilmişdir. Eyni zamanda bildirilmişdir ki, ATU-nun arxivində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin heç bir sənədləri və tələbələrin şəxsi işlərində bununla bağlı məlumat yoxdur (Qoşma: 231/T saylı 01.07.1992-ci il tarixli əmrin surəti). - Həmin məktuba əlavə edilmiş N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun 231/T saylı 01.07.1992-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 nömrəli 17.06.1992-ci il tarixli əmrinə əsasən universitetin İV kurs tələbələri 01.07.1992-ci ildən 20.08.1992-ci il tarixinədək tələbələrin təlim toplanışının əvəzinə onların 01.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlığının təşkili və keçirilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 10.02.2020-ci il tarixli, 9/2-1952 nömrəli məktubda qeyd olunur: N () nömrəli hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Tibb Universitetinin 24.12.2019-cu il tarixli 01-0620/2767 saylı məktubunda qeyd olunur: İddiaçı Azərbaycan Tibb Universitetinin rektorunun 22.10.1992-ci il tarixli 456/T saylı əmrinə əsasən İV kursda 01.07.1992-ci ildən 20.08.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, yaralılara tibbi yardım göstərmişdir. İddiaçı bununla əlaqədar olaraq universitet tərəfindən üç qat təqaüd verilmişdir. - Həmin məktuba əlavə edilmiş N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektorunun 456/T saylı 22.10.1992-ci il tarxili əmrindən görünür ki, döyüş əməliyyatlarının aparıldığı rayonlarda olma müddəti nəzərə alınmaqla yaralılara tibbi yardımın göstərilməsi üçün döyüş əməliyyatlarında iştirak edən siyahıda göstərilən İV kurs tələbələrinə (o cümlədən İddiaçı - müalicə profilaktika fakültəsi) üçqat həcmdə təqaüdün ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, N saylı hərbi hissə tərəfindən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin tələbəsi İddiaçı verilmiş 21.08.1992-ci il tarixli xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.07.1992-ci ildən 20.08.1992-ci ilədək qaynar nöqtələrdə olmuş, Başkənd əməliyyatında iştirak etmiş, komandan tərəfindən verilən tapşırığı vaxtında yerinə yetirmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 06.11.2020-ci il tarixli, 1572 nömrəli məktubundan görünür ki, ehtiyatda olan t/x leytenantı İddiaçı şəxsi işində N saylı hərbi hissəyə ezam olunması barədə sənəd yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, “iddiaçı 01.07.1992-ci ildən 20.08.1992-ci il tarixinədək hərbi hissələrə göndərilmişdir və o, 01.07.1992-ci ildən 20.08.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, yaralılara tibbi yardım göstərdiyi üçün ona universitet tərəfindən üç qat təqaüd verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş, N saylı hərbi hissə tərəfindən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin tələbəsi İddiaçı verilmiş 21.08.1992ci il tarixli xasiyyətnamədən görünür ki, iddiaçı qeyd olunan dövrdə döyüş əməliyyatında iştirak etmiş, döyüş tapşırığını yerinə yetirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. İşin hallarından və iş materiallarında müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs tələbələrinin hərbi hazırlığının keçirilməsinə dair” 17 iyun 1992-ci il tarixli 216 saylı əmrinə əsasən Ermənistanın təcavüzünün davam etməsi ilə əlaqədar tələbələrin təlim toplanışının hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlıqla əvəz edilməsi məqsədəuyğun hesab edilmiş və N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin İV kurs kişi cinsindən olan tələbələrin təlim toplanışının əvəzinə onların 01.07.1992-ci il tarixdən 25.08.1992-ci il tarixədək hərbi hissələrdə feldşer və sanitar təlimatçıları qismində hərbi hazırlığının təşkili və keçirilməsi əmr edilmişdir və həmin əmrin icrası ilə əlaqədar tərtib edilmiş siyahıda 14-cü sırada İddiaçı göstərilmişdir.İddiaçı Müdafiə nazirinin həmin əmrinə əsasən iddiaçı və digər tələbə yoldaşları Gədəbəy rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissəyə ezam olunmasını, 01.07.1992-ci il tarixdən N gün müddətində səngərdə sanitar təlimatçısı qismində döyüş bölgəsində hərbi toplanışda olmasını və toplanışı başa vurmasını əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının N saylı hərbi hissənin tərkibində toplanış keçməsi və qanuni şəkildə tərxis olunması dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərlə sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. AR İPM-in 1.2-ci maddəsindən MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)- 437/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-437/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbi təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiya və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1659/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1659/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver