Məhkəmə qərarları › İş №2-1(103)-1661/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1661/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1661/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə , İddiaçı (xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı icra sənədi üzrə icraata müvafiq hissədə xitam verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4871/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin qızıllara aid hissədə tam icra olunduğuna görə icra sənədi üzrə icraata xitam verilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata hissəvi xitam verilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə müraciət etmiş, lakin müraciət üzrə hər hansı qərar qəbul edilməmişdir. Ərizəsində göstərmişdir ki, həmin icra sənədində qeyd edilmiş qızıl zinət əşyaları tələbkar X2 tərəfindən aparılmışdır. Bu hala əsaslanaraq iddiaçı hesab edir ki, həmin icra sənədi üzrə icraata müvafiq hissədə xitam verilməlidir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4871/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə işi barədə heç bir məlumatı olmadığını, iş üzrə iddiaçı olaraq onun iştirakı ilə şifahi məhkəmə baxışı keçirilməklə baxılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etdiyini, lakin bu günə kimi həmin ərizəyə cavab və iş barədə heç bir məlumat almadığını qeyd etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4871/2020 nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin məlumatlarını düzgün tətbiq etməyərək məhkəmə baxışının şifahiliyi prinsipini kobud surətdə pozaraq, onun dinlənilmə hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası İPM-nin 87.4-ci maddəsinə əsasən hətta, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında" xx xxxx 2020-ci il tarixli məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00- dan 05 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İPM-nin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə habelə, məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakları olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin qızıllara aid hissədə tam icra olunduğuna görə icra sənədi üzrə icraata xitam verilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, məhkəmə baxışının şifahiliyi prinsipi pozularaq tərəflərin dinlənilmə hüququ təmin edilmədən müvafiq qərar qəbul edilmişdir. Belə ki, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İş materiallarında isə şifahi məhkəmə baxışı barədə tərəflərin məlumatlandırılması barədə sənəd mövcud deyildir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək bildirmişdir ki, “Məhkəmə işi ilə əlaqədar bu günə kimi mənim heç bir məlumatım yoxdur. Eyni zamanda xüsusi nəzərinizə çatdırmaq istəyirəm ki, bu iş üzrə iddiaçı olaraq mənim iştirakımla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılmasını xahiş edirəm”. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixli məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00- dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən iş üzrə müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən əsas tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı maddəsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bildirişi məhkəmə iclasına gəlməni tələb edən sənəddir. İclas vaxtının dəyişdirilməsi və ləğv edilməsi də məhkəmə bildirişi sayılır və həmin bildirişlər də qanunla nəzərdə tutulmuş formada tərtib olunaraq proses iştirakçılarına göndərilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, şifahi məhkəmə baxışı hər bir halda keçirilməlidir, ancaq tərəflərin razılığı olduğu hallarda məhkəmə qərarı şifahi məhkəmə baxışı keçirilmədən də qəbul oluna bilər. Lakin göründüyü kimi proses iştirakçıları şifahi məhkəmə baxışı barədə ümumiyyətlə məlumatsız olmuşdurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4871/2020 nömrəli qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4871/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9611/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin qızıllara aid hissədə tam icra olunduğuna görə icra sənədi üzrə icraata xitam verilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar