Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1671/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi və torpaq sahəsinə dair planın hazırlanması və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14724/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda - müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planın hazırlanması və elektron qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, habelə İddiaçı göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən əmlak barəsində ilk hüquqmüəyyənedici sənəd Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 469 nömrəli sərəncamı olmuşdur. Həmin sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Tağızadə küçəsi 62 nömrəli evin yan tərəfində mağaza üçün yer ayrılmasına icazə verilmiş, bundan sonra İddiaçı tərəfindən qeyd edilən ünvanda “Aptek” köşkü yerləşdirilmiş və müvafiq qaydada fəaliyyətə başlanılmışdır. Bir müddətdən sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən “Aptek” köşkünün məcburi şəkildə Tağızadə küçəsi 45 ünvanına köçürülməsi qərara alınmış və bu barədə İddiaçı rəsmi məlumat verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı T.M.Quliyevin xx.xx.1998-ci il tarixli 0110/248 nömrəli məktubunda bildirilmişdir ki, "Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə Tağızadə küçəsi 62 ünvanında fəaliyyət göstərən “Aptek” köşkü yeraltından kommunikasiya xətlərinin keçməsi ilə əlaqədar ünvan 2 ünvanına keçirilmişdir.” Qeyd edilməlidir ki, “Aytən” çoxsahəli istehsal firmasının fəaliyyəti dayandırıldıqdan sonra hüquqi şəxsin təsisçisi və direktoru olmuş İddiaçı daha sonra sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs kimi vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Sonuncu dəfə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialı tərəfindən İddiaçı “Vergi ödəyicisinin uçota alınması haqqında” VÖEN - ********** nömrəli şəhadətnamə verilmişdir. Həmin tarixdən halhazıradək sahibkarlıq fəaliyyətini sözügedən şəhadətnamə əsasında davam etdirir. Ötən müddət ərzində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina, qurğuların layihələndirilməsi”ni həyata keçirməyə icazə verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2010-cu il tarixdə L-10-059 qeydiyyat nömrəli lisenziya (qüvvədə olduğu müddət 5 (beş) il) əsasında ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin eskiz layihəsini hazırlamışdır. Bundan sonra, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət torpaq sahəsinin və tikilinin planı hazırlanmışdır (Şöbə müdiri: İ.Vəliyev; Tərtib etdi: K.Cəbrayılov, E.Quliyev; Yoxladı: C.Orucəliyev). Sözügedən daşınmaz əmlakın yerləşdiyi dövlət torpaq sahəsinin və tikilinin planına əsasən obyektə məxsus faktiki tikintialtı sahə 19,2 kv.metr müəyyən edilmişdir. Həmçinin, sərhədlərinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur (əlavə edilir). 14 iyun 2023-cü il tarixdə “Qeyri- yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 nömrəli Fərman imzalanmışdır. Fərman, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə verilmişdir. Sözügedən Fərmana əsasən İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə (binasına) dair mövcud vəziyyətdə yerquruluşu işlərinin aparılması, obyektin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin istismara hazırlığı baxımından müayinə edilməsinə və müayinənin nəticələrinə dair obyektin istismara hazır olması barədə rəyin tərtib edilməsinə, Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmasına, habelə istismarına icazə verilməsinə dair müvafiq işlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 3-18-2/1-F-2747-8/2023 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətlə əlaqədar ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (binasında) müvafiq qurumlar ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur bölmələri, həmçinin Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu) tərəfindən müayinə işləri aparılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun texniki rəyinin nəticəvi hissəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 45 ünvanında İddiaçı məxsus qeyri-yaşayış binası 1994-cü ildə inşa edilmişdir. Hal-hazırda qeyri-yaşayış binasında təmir işləri gedir. Müayinə zamanı yükdaşıyan monolit dəmir-beton konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Qeyri-yaşayış binası texniki cəhətdən işlək vəziyyətdədir. Qeyri-yaşayış binası təqdim edilmiş eskiz layihəyə uyğun inşa edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə məxsus Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına daxil olmuş məktubda aparılmış müayinələr nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən binada aşkar edilmiş çatışmazlıq barədə məlumat verilmişdir (1 saylı Bakı Ərazi İdarəsinin bu barədə müvafiq məktubu qoşmaya əlavə edilməklə). Həmçinin bildirilmişdir ki, 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın 1.9-cu bəndinə uyğun olaraq qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra müayinələrin yenidən aparılması üçün təkrar müraciət edilə bilər. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-31294/**********31244 nömrəli “Qeyriyaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması barədə” məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müayinə zamanı obyektin vahid qeyri-yaşayış binasının bir hissəsi olmaqla qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış sahələrinin sözügedən Fərmanın predmeti olmadığını nəzərə alaraq müraciətin icrası tərəfimizdən mümkün olmamışdır.” Cavabdehin imtinası tamamilə əsassızdır. Əvvəla, obyekt vahid qeyri-yaşayış binasının bir hissəsi deyildir. Belə ki, tikinti sahəsi 18,36 kvadrat metr, ümumi sahəsi 14,10 kvadrat metr olan qeyri-yaşayış sahəsi ayrıca tikili olmaqla ünvanı, kommunikasiya xəttləri, damı ayrıdır. Ətrafındakı qeyri-yaşayış sahələrinin ayrı çıxarışları (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən) vardır. Elə cavabdeh inzibati orqanın illər əvvəl tərtib etdiyi yuxarıda qeyd olunan “tikilinin plan ölçü” sənədindən görünür ki, qeyri-yaşayış sahəsi heç bir tikilinin tərkib hissəsi deyildir. Əlavə olaraq, sözügedən məsələ ilə bağlı “X3” MMC-yə müraciət olunmuş və müraciət əsasında ekspert-mütəxəssis tərəfindən 28 sentyabr 2023-cü il tarixdə obyektə baxış keçirilmişdir. “X3” MMC-nin 29 sentyabr 2023-cü il tarixli 130 nömrəli rəyinin nəticəvi hissəsində göstərilmişdir: “Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları (sənədləri), həmçinin xarici divarların və dam örtüyünün obyektin özünə məxsusluğu və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin vahid qeyri-yaşayış binasının bir hissəsi olmadığı müəyyən edilir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 iyun 2023-cü il tarixdə 2181 nömrəli Fərman imzalamışdır. Fərmanın əsas məqsədi qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkil olunmasıdır. Fərmana müvafiq olaraq, İddiaçı müraciəti əsasında, özünə məxsus qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən texniki rəy tərtib edilmiş və nəticədə, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 1994-cü ildə inşa edildiyi, müayinə zamanı yükdaşıyan monolit dəmir-beton konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinmədiyi, qeyri-yaşayış sahəsinin texniki cəhətdən işlək vəziyyətdə olduğu və eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin təcrid olunmuş birmərtəbəli tikili olduğu və ona bitişik vəziyyətdə yerləşən qonşu obyektlərlə heç bir əlaqəsi olmadığı müəyyən edilir. Qeyd olunanlar əsas götürülərək hesab edilir ki, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının predmetinə aiddir”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(112)-14724/2023 saylı qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. Apellyasiya şikayətinin əsaslandırılması: İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(112)-14724/2023 saylı qərardadının ləğv edilərək, iddianın mümkün hesab olunması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, hazırkı mübahisə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının eyni cür, dürüst icra və tətbiq edilməməsi ilə bağlıdır. Fərmana uyğun olaraq aidiyyəti orqanlar tərəfindən aparılan icraat zamanı bütün sənədlər İddiaçı adına rəsmiləşdirilmiş, maraqlı şəxs kimi o tanınmışdır. Belə ki, görünən odur ki, məhkəmənin iddiaçının qanunla qorunan hüquqlarının müdafiəsindən imtinası əsaslı deyildir. İşdə kifayət qədər sübutlar vardır ki, iddiaçının hazırkı iddia ilə müraciət etməsinə hüququ vardır. Buna baxmayaraq, məhkəmə qanunvericiliyi və mövcud vəziyyəti təhrif edərək cavabdeh inzibati orqanın mənafeyinə uyğun qərar çıxarmışdır. Beləliklə, birinci instansiya məhkəməsi dolğun araşdırma aparmadan yekun nəticəyə gəlmiş, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Konstitusiyasının, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın və digər qanunların tələbləri pozulmuş, iddiaçının hüquqları mürəkkəbləşdirilmişdir. Belə vəziyyətdə məhkəmənin qəbul etdiyi qərardad qüvvəsində qala bilməz. Tərəflərin iştirakı: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1993-cü il tarixdə “Aytən” kiçik müəssisəsinin direktoru X5 ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Tağızadə küçəsində 62 nömrəli binanın yan tərəfində ticarət müəssisəsi yaradılması üçün yer ayrılmasına icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 469 saylı sərəncamından görünür ki, “Aytən” kiçik müəssisəsinə 5-ci mikrorayon, Tağızadə küçəsi, 62 nömrəli evin yan tərəfində mağaza üçün yer ayrılmasına icazə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli məktubundan görünür ki, Nəsimi RİH-nin xx.xx.1993-cü il tarixli sərəncamı ilə Tağızadə 66 ünvanda fəaliyyət göstərən “Aptek” köşkü Nəsimi RİH tərəfindən yeraltından keçən kommunikasiya xətlərinin keçməsi ilə əlaqədar Tağızadə 45 (1-ci mkr.) ünvanına keçirilmişdir. İşdən görünür ki, İddiaçı hazırda Nəsimi rayonu, Asif Məhərrəmov (keçmiş Tağızadə küçəsi) küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planın hazırlanması və elektron qaydada aidiyyəti orqanlara göndərilməsini xahiş edir. Lakin işdən görünür ki, İddiaçı bu iddianı “Aytən” kiçik müəssisəsinin adından deyil, fiziki şəxs kimi öz adından qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunverici hüquqi şəxsin ayrıca əmlaka malik olmaq hüququnu, təsisçilərinin hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh olmadığını təsbit etmişdir. Belə olan halda müəyyən olunur ki, hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqa iddiaçı deyil, barəsində sərəncam qəbul edilən “Aytən” kiçik müəssisəsi malikdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14724/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1671/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1671/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver