Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1678/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4327/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (bundan sonra mətndə - Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kitabının internetə yerləşdirilməsi nəticəsində ona dəyən zərərin - 714.175 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə nəşr olunmuş “Erməni sindromu" kitabının müəllifi və sahibidir. “Erməni sindromu” kitabı 7 illik araşdırmalarından sonra 2007-ci ildə şəxsi vəsaiti ilə nəşr edilmiş, kitabda müəlliflik hüququnun onda olduğu qeyd olunmuşdur. “Erməni sindromu” kitabından 1 ədəd Azərbaycan Milli Kitabxanasına bağışlamışdır. Kitabxana ona heç bir vəsait ödəməmişdir. Kitabı yalnız tədqiqatçıların kitabxanada oxuması üçün təqdim etmiş və kitabxanaya verilərkən virtual elektron kitabxana yaradılacağı və ya internete yerləşdiriləcəyi barədə ona heç bir məlumat verilməmişdir. Daha sonra da bu barədə heç bir məlumat verilməmiş və icazə alınmamışdır. 2013-cü ildə Türkiyədə kitabını yenə öz vəsaiti ilə türkcə 3 min tirajla nəşr etdirmişdir. Kitabın Azərbaycan dilində variantı qalmadığından Türkiyə türkcəsindəki variantını Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki kitab dükanına qoymuşdur. Əvvəl ondan istəyənlərə kitabın həmin mağazada olduğunu xəbər verəndə “Sizin kitabı internetdən yüklədim” cavabını almışdır. İnternetdə araşdırma apararkən “Facebook” və digər sosial şəbəkələrdə “Erməni sindromu” kitabının dəfələrlə paylaşıldığını görmüşdür. Kitabı Azərbaycan Milli Kitabxanası tərəfindən elektron kitabxanaya yerləşdirilmiş və buradan yüklənərək paylaşılmışdır. Nazirliyin emblemi altında “azlibnet” saytında “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası” adlı elektron kitabxana portalı qurulduğunu və kitabının oradan 17 minə yaxın oxunduğunu və yükləndiyini görmüşdür. Saytda, “Kitabının ləğv edilməsini istəyənlər əlaqə saxlaya bilər” deyə yazılmışdır. Amma kitab 17 minə qədər oxunduqdan və yükləndikdən sonra internetdən qaldırılmasının əhəmiyyəti olmamışdır. Sosial şəbəkələrdə artıq kitab müntəzəm olaraq paylaşılmış, Qarabağ mövzusunda məqalə, elmi və ədəbi əsərlər yazanlar, sənədli filmlər və verilişlər hazırlayanlar kitabdan istifadə etmişlər. Azərbaycanda istənilən şəxsin onunla rahatlıqla əlaqə yarada biləcəyinə baxmayaraq, icazə üçün belə bir cəhd edilməmişdir. Eyni kitabın türkcə nəşri üçün dağıtım mağazalar şəbəkəsi ilə daha 5 min tiraj üçün razılaşmışdır. Lakin qarşı tərəf kitabının internetə yerləşdirildiyini görüncə kitabı nəşr etməkdən və satmaqdan imtina etmişdir. Buna görə kitabın nəşrinə verdiyi pulu, satışından əldə edəcəyi gəliri, ümumiyyətlə. 86.000 manatı itirmişdir. 11.02.2021-ci il tarixdə həmin sayta nəzər saldığında kitabın oxunma sayının 18593-ə çatdığını görmüşdür. Bu elektron kitabxana portalından kitabın elektron variantını yükləmiş daha 6 internet saytı ‘‘Erməni sindromu" kitabını internetə yerləşdirmişdir. “Turuz" saytında kitabı 1534 dəfə görülmüşdür. Beləliklə, iki saytdan kitabı 20127 dəfə oxunmuşdur. Azərbaycan Milli Kitabxanasının saytında, “Qarabag.kitabxana.info”, “P.S.Nota”, “elibrary.bsu.az” saytında, “ebediushaqlikaz.org" saytında və Şirvan kitabxanasının saytında isə oxunma və yüklənmə sayı göstərilməmişdir. Təqribən bu 6 saytın hər birində ən az 500 dəfə oxunduğunu düşünsək, razılığı olmadan orta hesabla bu 6 saytdan kitabı 23127 dəfə oxunmuş və yüklənmişdir. Digər saytlar və səhifələr kitabxananın saytından kitabını alıb yükləmiş və paylaşmışlar. Ümumi hesabla 23.127 ədəd kitabı ondan icazəsiz paylanmaqla bir kitabın qiyməti 25 manat olmaqla ümumilikdə, 578175 manat maddi zərər vurulmuşdur. Kitab bundan sonra 6000 dəfə oxunsa, oxunan kitab sayı 29127 ədədə çatır. Beləliklə, dəqiq zərər miqdarı 728175 manat olur. Beləliklə, kitabın internetdə yerləşdirilməsi nəticəsində itirdiyi 86.500 və 728.175 manat nəzərə alınanda bütünlükdə ona vurulmuş maddi zərər 814175 manat təşkil edir. Kitabın internetdə yerləşdirilməsi onun öz əqli mülkiyyətindən istifadə haqqını məhdudlaşdırmış, bundan sonra bu kitabı nəşr etməyinə və sataraq əməyinin qarşılığında gəlir əldə etməyinə, Azərbaycanda və Türkiyədə imza günləri keçirməyinə mane olmuş, yaradıcılığına əngəl törətmiş, onu öz əsərindən istifadə hüququndan məhrum etmişdir. Cavabdeh Nazirliyin tabeliyində olan kitabxanalar və nazirliyin loqosunu daşıyan virtual elektron kitabxana portalı tərəfindən müəlliflik hüquqları pozulmuş və ona böyük maddi və mənəvi zərər dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4327/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4327/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Mədəniyyət Nazirliyinin rəsmi saytı olan http://mct.gov.az saytında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin siyahısı verilmişdir. Bu gün də saytda mövcud olan Mədəniyyət Nazirliyinə tabe olan kitabxanaların siyahısında Azərbaycan Milli Kitabxanası birinci yerdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Azərbaycan Milli Kitabxanasının Əsasnaməsi”nin “İdarəetmə” adlı 7-ci bölməsinin 1-ci maddəsində göstərilmişdir: Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir, kitabxanaya nazirin əmri ilə təyin olunan direktor rəhbərlik edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamənin 5-ci maddəsində qeyd edilmişdir ki, Nazirliyin Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.” Deməli, göstərilən rəsmi dövlət sənədləri təsdiq edir ki, Mədəniyyət Nazirliyinin tabeliyində hüquqi şəxslər və təşkilatlar vardır. Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyinin tabeliyindədir. “İTCnews" elekron xəbər xidmətinə Mədəniyyət və Turzim Nazirliyinin kitabxanaçılıq sektorunun müdiri Lətifə Məmmədovanın müsahibəsi "Azərbaycan ədəbiyyatının virtual kitabxanasına ən çox soruşulan kitabların elektron versiyasının yerləşdirilməsi davam edir’ başlığı altında verilmişdir. Eyni müsahibə “Milli.az” saytının 26 avqust 2013 tarixli xəbərində də dərc edilmişdir. “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” internet portalının aid olduğu “azlibnet” saytının portal haqqında məlumatının aşağısında saytın öz adı ilə birlikdə “©Mədəniyyət Nazirliyi” adı da yazılmışdır. “©” işarəsi dünyada müəlliflik hüququnun işarəsi kimi qəbul olunmuşdur, saytın müəlliflik hüququnun eyni zamanda Mədəniyyət Nazirliyinə aid olduğunu təsdiq edir. Göstərilən məlumatlar ‘‘Azərbaycan ədəbiyyatı virtual kitabxanası” səhifəsində portal haqqında verilən məlumat bu kitabxananın müəlliflik hüququnun “azlibnet” saytı ilə birlikdə həm də Mədəniyyət Nazirliyində olduğunu, Mədəniyyət Nazirliyinin “http://mct.gov.az" adlı rəsmi saytı 28.02.2017 tarixli məlumatında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası'nın Mədəniyyət Nazirliyi tərəfindən yaradıldığını və rəsmi dövlət informasiya agentliyi olan “Azərtac” xəbər agentiliyi isə 18.12.2019-cu il tarixli məlumatı ilə Mədəniyyət Nazirliyinin bu saytın təşkilatçısı olduğunu göstərir. Göstərilən faktlar təsdiq edir ki, adıgedən sayt məhz Mədəniyyət Nazirliyi tərəfindən, onun təşkilatçılığı və rəhbərliyi altında yaradılmışdır, nazirlik bu saytdan, bu virtual kitabxananın portalının yaradılmasından, loqosunun istifadə edilməsindən xəbərsiz deyildir. İnzibati orqan kimi kitabının yerləşdirildiyi “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” portalı layihəsinin birbaşa təşkilatçısı, rəhbəri, müəllifi və cavabdehidir. Təşkilatçısı, rəhbəri və müəllifi olduğu mədəni-kütləvi layihədən və mədəniyyət sahəsinə aid olan fəaliyyətə cavabdehlikdən imtina etməklə Mədəniyyət Nazirliyi “Mədəniyyət Haqqında” Qanun və Mədəniyyət Nazirliyinin Əsasnaməsini pozmuş olur, hüquqa zidd hərəkət edir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddiaçının istinad etdiyi saytın Milli Kitabxananın müstəqil saytı olduğunu, həmin saytın Nazirliyə heç bir aidiyyatının olmadığını, belə ki, Nazirliyin öz saytının mövcud olduğunu bildirmişdi. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı tələbi “cavabdeh orqan tərəfindən onun müəllifi olduğu “Erməni sindromu" kitabının internet səhifəsində yerləşdirilməsi nəticəsində ona dəymiş 714175 manat məbləğində maddi zərərin ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın publik hüquq münasibətlərinə aid olmamasına, hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə, iddiaçının hazırki iş üzrə iddia tələbinə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin cavab verən orqan olmamasına, həmçinin sözügedən “Azlibnet” internet saytının Nazirliyin rəsmi internet saytının olmasının və ya həmin saytın idarəçiliyinin Nazirlik tərəfindən həyata keçirilməsinin öz təsdiqini tapmamasına əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası iddianın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə münasibətdə qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gətirdiyi əsaslarla razılaşır və qeyd edir ki, iddiaçının cavabdeh qoyduğu orqanın hərəkəti (və ya hərəkətsizliyi) səbəbindən onun hüquq və mənafelərinə toxunulduğu müəyyən olunmur. İş üzrə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulduğunu, yəni müəllifi olduğu kitabının elektron formada yayılmasının cavabdehin hərəkəti (Nazirliyə məxsus internet saytında iddiaçının icazəsi olmadan yayılması) nəticəsində baş verdiyini əsaslandıra bilmir və bu fakt (saytın Nazirliyə məxsus olmaması) qarşı tərəfin gətirdiyi arqumentlərlə təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçı hazırki işdə subyektiv hüququnun məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində pozulduğunu sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4327/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1678/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1678/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver