Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1681/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs “Evrika” Liseyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X4, X2, X9 və “Evrika” Liseyi) “yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inziabti işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanında yeləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətində dəqiq müəyyən edilməsi və torpaq sahəsinin yeni plan-ölçü sənədinin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 500 kv\m-dən ibarət torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən 18.02.2015-cü il tarixli seriya RX ******* saylı, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış və həmin torpaq sahəsinin plan və ölçü sənədi vardır. Hal-hazırda torpaq sahəsindən sərhəd qonşuluğunda yerləşən “Evrika” Liseyi idman meydançası kimi istifadə edir. Bu əmlakdan iddiaçı uzun illərdir ki, fasiləsiz və mübahisəsiz surətdə istifadə edir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin yenidən qurulması ilə əlaqədar olaraq dövlət tərəfindən bu ərazidə abadlıq-quruculuq işləri aparıldı. Yeni küçələr salındı və küçələrin sağ və sol hissələrində qeyri-yaşayış binaları inşa edildi. Həmin binaların və bəzi torpaq sahələrinin mülkiyyətçilərinin adına qeydiyyat aparan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi texniki xətalara yol vermiş və koordinatları qarışdırmış, ünvanlar düzgün müəyən edilməmişdir. Belə ki, ona məxsus olan torpaq sahəsinin koordinatları da qarışdırılmış və nəticədə plan-ölçü sənədindəki yanlış koordinatlara əsasən ona məxsus olan 500 kv\m torpaq sahəsi çiyin qonşu X5 məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının altına düşür. Göründüyü kimi, eyni küçədə ortaq sərhədləri olan iki qonşu daşınmaz əmlakın tamamilə fərqli və yanlış ünvanları müəyyən olunmuşdur. Rzayev Xudaqulu iddiaçının yaxın qohumudur, aralarında heç bir mübahisə və anlaşılmazlıq yoxdur və olmayıb. Sadəcə mülkiyyətlərinə dair sənədlərinin tam və düzgün olmasını istəyirlər. Buna görə də, həm iddiaçı, həm də X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər və yanlış koordinatların dəqiqləşdirilməsini və buna dair rəsmi sənədin bizə təqdim olunmasını xahiş etmişlər. Qeydiyyat İdarəsi 05.10.2018-ci il tarixli, **********20 saylı məktubu ilə X.Ə.Rzayevə dəqiqləşdirilmiş koordinatları təqdim etsə də, 22.02.2019-cu il taixli, **********11 saylı cavab məktubu ilə iddiaçının torpaq sahəsinə dair dəqiqləşdirilmiş koordinatları verməkdən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.06.2019-cu il tarixli qərardadı ilə X4 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 22.09.2020-ci il tarixli qərardadı ilə “Evrika” Liseyi, 03.11.2020-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə maddi və prosessual normaları düzgün tətbiq etməyərək mübahisəni həll etmək üçün torpaq üzrə mütəxəssisin iştirakı ilə yerli baxış keçirmədiyindən, zərurət yarandığı halda təkrar tikinti-texniki ekspertiza təyin etmədiyindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin mütəxəssislərini işə cəlb etməklə məsələyə aydınlıq gətirmədiyindən, apellyasiya şikayəti təmin olunmalı və məhkəmənin qərarı tam ləğv olunmalı və mənim ərizəmin təmin olunmaqla yeni qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Evrika” Liseyinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 22.01.2021-ci il tarixli məktubla bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir, göstərilən torpaq sahələrinin naturada olan mövcud fiziki sərhədlərinə görə elektron bazada müvafiq düzəlişlərinin aparılması qonşu sahələrdə daxil olmaqla bölgü eskizi şəklində tənzimlənməlidir. Torpaq sahələrinin faktiki və sənəd üzrə yerləşmələrini əks etdirən sxem və koordinatları məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan, torpaq sahələrinin faktiki və sənəd üzrə yerləşmələrini əks etdirən sxem və koordinatlardan, həmçinin məhkəmənin 2 fərqli tarixlərdə (eyni məzmunlu) “müvafiq torpaq sahələrinin koordinatlarının naturada yerləşmə yerinə uyğun dəyişdirilməsi bitişik olan digər torpaq sahələrinin koordinatlarının dəyişdirilməsinə səbəb olacaqmı” məzmunlu sorğusuna konkret cavab verməkdən yayınmasından (cavab: qonşu sahələrdə daxil olmaqla bölgü eskizi şəklində) görünür ki, iddiaçının tələbi təmin edildiyi təqdirdə, mübahisə predmeti olan sahənin yerləşdiyi sırada olan bütün qonşu sahələrin koordinatlarının dəyişməsi və digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnmə ehtimalı mövcuddur. Qeyd edilən hal əsassız məhkəmə mübahisələrinin, həmçinin fiziki və hüquqi şəxslər qarşısında (və ya onlar arasında) dövlətin əsassız (inzibati orqanın hərəkətləri ilə əlaqədar yaranma ehtimalı olan söküntü işlərindən irəli gələn kompensasiya tələbi ilə bağlı) maliyyə yükünün yaranmasına səbəb ola bilər. Birinci instasiya məhkəməsi yerində müayinə zamanı müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində bir neçə ictimai-iaşə müəssisəsi, “Badamdar Plaza”, həmin tikilinin sol tərəfində X3 məxsus boş torpaq sahəsi, sağ tərəfində, stadion, stadionun sağında isə “Evrika” liseyi mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 31 saylı bağ sahəsi daş hasara alınmamış, həmin bağ sahəsi magistral yolun sağ kənarında yerləşir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanında yeləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətində dəqiq müəyyən edilməsi və torpaq sahəsinin yeni plan-ölçü sənədinin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə aydınlaşdırmalara və ya sübutların araşdırılmasına zərurət olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd olunan müddəaların məqsədi ondan ibarətdir ki, birinci instansiya məhkəmələri icraatı hüquqauyğun və məqsədəuyğun şəkildə aparsınlar və qərar qəbul edərkən tələsikliyə yol verməsinlər. Yəni onlar açıq-aşkar zəruri xarakter daşıyan sübutların araşdırılmasını həyata keçirmədən işi apellyasiya məhkəmələrinə göndərə bilməzlər. Belə yanlış davranış tərəflərə də zərərli təsir göstərir. Çünki təkcə apellyasiya instansiyasında məhkəmənin işlə kifayət qədər məşğul olması tərəf üçün faktiki olaraq bir instansiyanın itirilməsi (aradan qalxması) deməkdir. Belə ki, O, əslində artıq birinci instansiya məhkəməsində hüquqi dövlət qaydalarına uyğun keçirilən icraat və bu cür icraat əsasında çıxarılmış qərar görməli idi. Hazırki işdən görünür ki, 1-ci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni ədalətli həll etməkdən və bu məqsədlə zəruri prosessual hərəkətlərin həyata keçirməkdən özünü təcrid etmiş, hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur. Halbuki, iş üz üzrə konkret müəyyən edilməli idi ki, həqiqətən də iddiaçının iddia tələbinin təmin edilməsi “qonşularının” hüquqlarını pozurmu, bu məqsədlə müəyyn edilməli idi ki, iddiaçının və onun “qonşularının” torpaqlarının koordinatları dəyişibmi, hansı səbəbdən dəyişib, qonşulardan kim kimin torpağına daxil olub, nə qədər daxil olub, torpaqların hazırki faktiki vəziyyəti və koordinatları hansılardır, məsələnin ədalətli həlli üçün iddiaçının tələb etdiyi kimi, yeni koordinatların müəyyən edilməsi həqiqətən də, başqaların torpaqlarına daxil olmaq deməkdirmi, qonşuların biri-birinə qarşı iddialar qaldırmaq yolundan başqa bu məsələnin digər həlli yolları varmı? Bu suallara cavab vermək üçün müvafiq məhkəmə araşıdrmaları aparılmalı, müvafiq soğular verilməli, ekspertizalar keçirilməli idi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Göründüyü kimi baxılan iş üzrə məhkəmə tərəfindən hərtərəfli araşdırılmadığından əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunur. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarı ləğv olunsun. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X4, X2, X9 və “Evrika” Liseyi) “yeni plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1681/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1681/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver