Məhkəmə qərarları › İş №2-1(103)-1705/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1705/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1705/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2-1(112)-2382/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 18 aprel 2022-ci il tarixdən hesablanmaqla ona yaşa görə əmək pensiyamın təyin olunması, ödənilməyən əmək pensiyasının birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1957-ci il təvəllüdlü, Azərbaycan Republikasının vətəndaşı olan İddiaçı 33 ildən artıq (xx.xx.1977-cü ildən başlayan) iş stajı var. Bunu təsdiq edən sənəd isə əmək kitabçası, hərbi bileti və sair sənədləridir. Onun xx xxxxx 1957-ci il təvəllüdlü olmağı nəzərə alınarsa 2022-ci ilin aprel ayının 18-də onun 65 yaşı tamam olub, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.2-ci bəndinin müəyyən etdiyi 2022-ci ilin 30 iyun tarixinə aid olan pensiya yaş həddi tamam olub. Onun 2022-ci ilin aprel ayının 18-də 65 yaşı tamam olub və 1974-cü ildən başlayan 65 yaşının tamam olduğu tarixə qədər olan müddətə 33 illik iş stajı var ki, həmin staj illərinin 31 ili 2006-cı il tarixə qədər olan müddətdə qazanılıb. xx.xx.2006-cı il tarixədək nəzərə alınsa ki, onun 31 illik ümumi iş stajı olub və bu halda sığortaolunanın yəni onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (31 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 6 ay) =9.511 manat. Onun əmək kitabçası, hərbi xidməti dövrünə aid hərbi biletini qoşma etməklə yuxarıdakı məzmunlu ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh tələbi ilə əlaqədar ona ünvanlandığı **********5 saylı, xx.xx.2022-ci il tarixli məktubda tələbindən imtina olunduğu bildirilmiş və imtinaya əsas kimi də onun sığorta stajının tələb olunan qədər olmadığı yəni 25 ildən az, 17 il 06 ay olması göstərilmişdir. Halbuki onun əmək kitabçasına görə 34 illik iş stajı var və həmin staj illərinin 31 ili 2006-cı ilə qədər olan dövrü əhatə edir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdeh olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavbadehlikdən çıxarılmasını yaşa görə əmək pensiyasının təəyin olunmasının cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən, İddiaçı (bundan sonra-iddiaçı) yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizəylə inzibati orqana müraciət etmiş, lakin xx.xx.2022-ci it tarixli **********5 nömrəli bildirişlə iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilərək, imtina verilmişdir. Belə ki, iddiaçının əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr daxil edilməklə) 17 il 6 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 11 ay sığorta stajına uyğun olaraq 12942,32 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək isə 1482.82 manat olmaqla, ümumilikdə 14425,14 manat təşkil edir. Bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək “Təmirçi” kooperativində və xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək “Tural-İ” şirkətində olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Lakin araşdırma zamanı “Təmirçi” kooperativinin və "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmadığından, İddiaçı həmin müəssisələrdə olan əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Sosial müavinətlər haqqında' Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olnanlara əsasən iddiaçının adma aktiv əmək müqaviləsi (lşəgötürən:Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirik ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2-1(112)-2382/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işin ziddiyyətli halları ilə bağlı əsaslı mövqe bildirməmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçının xx.xx.1989-cu ildə “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı ildə həmin vəzifədən azad edilməsi barədə qeydlər Kooperativin kadrlar inspektoru tərəfindən imzalanmış, kooperativin möhürü ilə təsdiq edilmişdir. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının Təmirçi kooepartivində əmək fəaliyyəti dövrü ən geci Kooperativin yaradılmasının təsdiq edildiyi xx.xx.1989-cu ildən tarixdən hesablanmaqla xx.xx.1996-cı il tarixədək cəmi 06 il 05 ay 14 gün ümumi iş stajına daxil edilməlidir. Bununla bağlı qeyd edirlər ki, Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2- 66/01-3/2023 nömrəli məktubunda “Təmirçi” kooperativi adı ilə 6 statistik vahidin, onlardan 1-i xx.xx.1996-xx.xx.1999-cu il tarixədək, 5-i isə xx.xx.1996-xx.xx.1996-cı il tarixədək qeydiyyatda olması barədə məlumatın mövcud olduğu qeyd olunmuşdur. İddiaçı isə xx.xx.1989-cu ildən tarixdən xx.xx.1996-cı il tarixədək “Təmirçi” kooperativində işlədiyini iddia edir. Hesab edirlər ki, bu məlumatlar iddiaçının işləməsi barədə qeydlərin mötəbərliyinə dair şübhə doğurur. İş üzrə vergi orqanından əldə edilmiş şirkətə dair arxiv qovluğundan görünür ki, "xxxx" şirkəti Ədliyyə Nazirliyində 21 fevral 1996-cı il tarixdə» 28117 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, şirkətin təsisçisi İddiaçı olmuş, müəssisənin nizamnaməsi 1996-cı ildə İddiaçı tərəfindən təsdiq edilmişdir. Nizamnaməyə əsasən müəssisənin təsisçisi sərəncamverici orqan olmaqla yanaşı müəssisənin əmək kollektivi üzvlərindən, yaxud başqa vətəndaşlardan təyin edilmədiyi halda təsisçi müəssisənin baş direktoru vəzifəsini özü icra edir. Başqa sözlə, iddiaçı adəçəkilən şirkətin həm təsisçisi, həm də baş direktoru olmuş, baş direktor vəzifəsini özü icra etmişdir. Daha sonra "xxxx" şirkəti xx.xx.1997-ci il tarixdə 9 rəqəmli ********* nömrəli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə 10 rəqəmli ********** nömrəli VÖEN ilə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2003-cü il tarixli payın alqı-satqı müqaviləsi ilə Nizamnamə kapitalında ona məxsus 100% payını alıcı X1. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.2005-ci il tarixdə işdən azad edilməsi barədə qeyd müəssisənin möhürü və İddiaçı özünün imzası ilə təsdiq edilmişdir. Məhkəmə isə bununla bağlı iddiaçının ümumi iş stajına xx.xx.1996-cı il tarixdən ən azı həmin şirkəti satdığı, təsisçilikdən, eyni zamanda direktorluqdan çıxmış hesab edildiyi xx.xx.2003-cü ilədək olan 07 il 05 ay 18 gün daxil edilməli olduğunu qeyd etmişdir. Hesab edirlər ki, məhkəmə sorğusunun, eləcə də məhkəmə araşdırmasının mahiyyəti ziddiyyətli məqamları, işin nəticəsi üçün əhəmiyyətli halları araşdırmaqdan ibarət olmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçı xx.xx.2003-cü il tarixdən həmin müəssisədə direktor olmadığı və əmək kitabçasında işçinin işdən azad edilməsi qeydini imzalamaq barədə hər hansı səlahiyyəti olmadığı halda imzalaması və möhürlə təsdiq etməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, iş üzrə vergi orqanından əldə edilmiş xx.xx.2023-cü il tarixli **********453103 nömrəli məktubla "xxxx" şirkətinin dövlət qeydiyyatına alındığı xx.xx.1996-cı il tarixdən hazıradək direktor təyinatı barədə hər hansı sənəd olmadığı müəyyən olunmuşdur. Hesab edirlər ki, bununla məhkəmə işin hallarını tam, hər tərəfli və obyektiv araşdırmamış, işin hallarının araşdırılması prinsipini pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığ olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiya): - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.6-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Beləliklə, Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx xxxxx 1957-ci il tarixdə doğulmuşdur. İddiaçının 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 17 il 06 aydır. İddiaçının cavabdeh tərəfindən hazırda mübahisə edilən staj dövrü iddiaçının xx.xx.1989-xx.xx.1996-cı ilədək “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsində və xx.xx.1996-xx.xx.2005- ci ilədək "xxxx" Şirkətində şirkətin direktoru vəzifəsində işlədiyi dövrdür. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2006cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 11 ay sığorta stajına uyğun olaraq 12942,32 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə 1482.82 manat olmaqla, ümumilikdə 14425,14 manat təşkil edir. Bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İddiaçınınmübahisələndirilən əmək fəaliyyəti dövrləri xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Təmirçi” kooperativində və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" şirkətində olan əmək fəaliyyəti dövrləridir. İddiaçı əmək kitabçasında həmin dövrlərə dair qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Kollegiya cavabdehin qeyd edilən imtina dəlilini əsassız hesab edir. İş materiallarına əlavə edilmiş 054970 nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci ildə hərbi xidmətdən təxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1974-cü ildə Meliorasiya və Su tərərrüfatı birliyində texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1975-ci ildə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmişdir. xx.xx.1977-ci ildə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə mühəndis qəbul edilmiş, xx.xx.1988-ci ildə azad edilmişdir. xx.xx.1988-ci ildə Azkommuntikinti trestinə mühəndis qəbul edilmiş, xx.xx.1989-cu ildə azad edilmişdir. xx.xx.1989-cu ildə “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir, xx.xx.1996-cı ildə "xxxx" Şirkətində şirkətin baş direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1974-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının və hərbi biletin surətinə əsasən xx.xx.2022-ci il tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. İddiaçıya məxsus əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, iddiaçıya pensiya təyin edilməsindən imtina edərkən qeyd edilən dövrlərin ümumi sığorta stajına hesablamaması əsası kimi “Təmirçi" kooperativinin və "xxxx" şirkətinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etməyin mümkün olmamasına istinad etmişdir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Belə ki, iddiaçının xx.xx.1989-cu ildə “Təmirçi” kooperativində kooperativin sədr müavini vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı ildə həmin vəzifədən azad edilməsi barədə qeydlər Kooperativin kadrlar inspektoru tərəfindən imzalanmış, kooperativin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, məhkəmə sorğusu ilə əldə edilmiş Dövlət Arxivinin Bakı Filialına təhvil verilmiş Nəsimi rayon XDS İK-nin arxiv sənədlərindən görünür ki, 15 avqust 1989-cu il tarixli 1 nömrəli protokola əsasən Təmirçi kooperativi yaradılmış, kooperativin 5 üzvünün, o cümlədən İddiaçı üzvlüyü təsdiq edilmiş və Nəsimi rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə Təmirçi kooepartivinin yaradılması təsdiq edilmişdir. Göründüyü kimi “Təmirçi” kooperativi barədə qeydiyyat məlumatları dövlət arxivində mövcuddur, hazırkı dövrdə həmin kooperativin 1989-1996-cı il tarixədək fəaliyyətinin olmaması barədə isə hər hansı mötəbər sübut cavabdeh tərəfindən nə inzibati icraat zamanı əldə edilmiş, nə də məhkəməyə təqdim edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının Təmirçi kooepartivində əmək fəaliyyəti dövrü ən geci Kooperativin yaradılmasının təsdiq edildiyi xx.xx.1989-cu ildən tarixdən hesablanmaqla xx.xx.1996-cı il tarixədək cəmi 06 il 05 ay 14 gün ümumi iş stajına daxil edilməlidir. İddiaçının işlədiyi xx.xx.1996-xx.xx.2005-ci ilədək "xxxx" Şirkətində işlədiyi dövrlərə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixli 01 nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən "xxxx" Şirkətinə baş direktor təyin edilmiş, xx.xx.2005-ci il tarixli 19 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdən işdən azad edilmişdir. Əmək qeydləri baş direktor İddiaçı tərəfindən imzalanmış və Şirkətə məxsus möhürlə təsdiq edilmişdir. İş üzrə vergi orqanından əldə edilmiş şirkətə dair arxiv qovluğundan görünür ki, "xxxx" şirkəti Ədliyyə Nazirliyində 21 fevral 1996-cı il tarixdə» 28117 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, şirkətin təsisçisi İddiaçı olmuş, müəssisənin nizamnaməsi 1996-cı ildə İddiaçı tərəfindən təsdiq edilmişdir. Nizamnaməyə əsasən müəssisənin təsisçisi səərncamverici orqan olmaqla yanaşı müəssisənin əmək kollektivi üzvlərindən, yaxud başqa vətəndaşlardan təyin edilmədiyi halda təsisçi müəssisənin baş direktoru vəzifəsini özü icra edir. Başqa sözlə, iddiaçı adəçəkilən şirkətin həm təsisçisi, həm də baş direktoru olmuş, baş direktor vəzifəsini özü icra etmişdir. Daha sonra "xxxx" şirkəti xx.xx.1997-ci il tarixdə 9 rəqəmli ********* nömrəli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə 10 rəqəmli ********** nömrəli VÖEN ilə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2003-cü il tarixli payın alqı-satqı müqaviləsi ilə Nizamnamə kapitalında ona məxsus 100% payını alıcı X1. Vergi orqanından əldə edilmiş qeydiyyat məlumatları, eləcə də məhkəmə sorğusuna əsasən hazırkı halda şirkətin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş cavabdan müəyyən olunur ki, iddiaçı xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəssisənin təsis payını satqıdan sonra müəssisənin təsisçisi, eləcə də direktoru X4 olmuşdur. Başqa sözlə, iddiaçının əmək kitabçasındakı xx.xx.2005-ci il tarixli şirkətin direktoru vəzifəsindən azad edilmə barədə qeyd onun şirkətdəki direktor fəaliyyətinin sonlanması ilə üst-üstə düşmür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********410900 nömrəli məktubunda "Tural-1” Şirkətinin 1996-cı ildən 2005-ci il tarixədək fəaliyyətinin dayandırılması barədə məlumat mövcud olmadığı, "xxxx" Şirkəti tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 11250,0 manat təşkil etdiyini nəzərə alaraq bu nəticəyə gəlir ki, "Tural-1” Şirkətinin qeydiyyata alındığı 21 fevral 1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyət göstərdiyi, aktiv vergi fəaliyyəti olduğundan iddiaçının həmin şirkətdəki direktor fəaliyyəti onun ümumi iş stajına hesablanmalıdır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının ümumi iş stajına xx.xx.1996-cı il tarixdən ən azı həmin şirkəti satdığı, təsisçilikdən, eyni zamanda direktorluqdan çıxmış hesab edildiyi xx.xx.2003-cü ilədək olan 07 il 05 ay 18 gün daxil edilməlidir. Yuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixədək olan dövr nəzərə alındıqda iddiaçının pensiya təyinatına əsas verən ümumi iş stajının 27 il 03 ay 15 gün təşkil etdiyi müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Kollegiya həmçinin qeyd edir ki, müəssisənin arxiv sənədlərinin mövcud olmaması halı belə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla, həmçinin məhkəmə araşdırmaları zamanı təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2-1(112)-2382/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar