Məhkəmə qərarları › İş №2-1(103)-1707/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1707/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1707/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1971-1979-cu illərdə Ağdam rayon Partiya Komitəsinə əvvəl təlimatçı, sonra isə Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ağdam rayon Partiya Komitəsi bürosunun qərarı ilə 1979-cu ilin avqust ayından 1998-ci ilin noyabr ayına kimi rayonun “Lenin Yolu” - “Ağdam” qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Həmin vaxtlar rayon qəzetinin redaktoru rayonun siyasi rəhbərlərindən biri idi. xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya alır. Pensiyanın məbləği hazırda 248 manatdır. 1971-1979-cu illərdə rayon partiya komitəsində işlədiyinə görə ona dövlət qulluqçusu kimi orta aylıq əmək haqqının 49%-i qədər pensiya hesablanmışdır. Bunu qanuna uyğun hesab etmir. Ağdam rayonu “Lenin Yolu” qəzeti 1990-cı ilə kimi rayonun partiya və zəhmətkeş deputatlar sovetinin orqanı olmuş və dövlət tərəfindən maliyyələşdirilmişdir. 1990-cı ildən isə həmin qəzet təsərrüfat hesabına keçmişdir. İddiaçı 1979-cu ildən 1990-cı ilə kimi dövlət tərəfindən maliyyələşdirilmiş orqana, yəni “Lenin Yolu” - “Ağdam” qəzetinin redaksiyasına rəhbərlik etmiş və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibliyinin nomenklatur işçisi olmuşdur. Lakin 1979-1990-cı illərdəki iş stajı dövlət qulluqçusu kimi hesablanmamış və stajının 1971-1979-cu illəri əhatə edən hissəsinə əlavə edilməmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” AR Qanunu hazırlanan zaman dövlət büdcəsində vəsaitin çatışmazlığı nəzərə alınaraq, redaktorlar siyahıya salınmamışdır. Hesab edir ki, 1979-1990-cı illərdə redaktor işlədiyi staj da nəzərə alınmaqla orta aylıq əmək haqqının 80%-nə qədər pensiya hesablanmalı və ona müvafiq pensiya təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddia tələbinin faktiki əsaslarına görə, iddiaçı 1979-cu ildən 1990-cı ilə kimi dövlət tərəfindən maliyələşdirilmiş “Lenin Yolu” qəzetinin redaksiyasına rəhbərlik etmiş, lakin 1979-1990-cı illərdəki iş stajı dövlət qulluqçusu kimi hesablanmamışdır. İddiaçı hesab edir ki, 1979-1990-cı illərdə qəzet redaktoru işlədiyi staj da dövlət qulluqçusu stajına əlavə olunmaqla, pensiyası yenidən hesablanmalıdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sizə hüququnuzun yarandığı xx.xx.2005-ci il tarixdən dövlət qulluğuna görə əmək pensiyası təyin edilmişdir. Sizin 7 il dövlət qulluğu stajınız vardır. Nəzərinizə çatdırırıq ki, 1979-1990-cı illərdə işlədiyiniz qəzet redaktoru vəzifəsi dövlət qulluqçularının siyahısında nəzərdə tutulmadığına görə həmin illər dövlət qulluğu stajına daxil edilməmişdir. Nəzərə almağınız xahiş olunur.” Göründüyü kimi, iddiaçının qəzet redaktoru vəzifəsində işlədiyi müddətin dövlət qulluqçusunun iş stajı kimi qəbul edilərək, əmək pensiyasının yenidən hesablanması tələbi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajina görə əmək pensiyalarına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndinə görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1.6-cı bəndində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin aparatında mövcud olmuş vəzifələr (birinci katib, ikinci katib, katib, şöbə müdiri, partiya nəzarəti komissiyasının sədri, partiya nəzarəti komissiyasının sədrinin müavini, birinci katibin köməkçisi, sektor müdiri, katibin köməkçisi, instruktor) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında mövcud vəzifələrə (aparatın rəhbəri, aparatın rəhbərinin müavini, bölmə rəhbəri, bölmə rəhbərinin müavini, sektor müdiri, böyük məsləhətçi) uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın İ bölməsinin 3-cü hissəsinə görə, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verdikdə müəyyən edilir ki, cavabdehin, iddiaçının arzuladığı inzibati aktın qəbulundan imtinası normativ hüquqi akta əsaslandığı üçün, imtinası mahiyyətcə qəbul edildiyi anda qüvvədə olan qanun normalarının tələblərinə cavab verən cavabdehin üzərinə iddia ilə tələb edilən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar