Məhkəmə qərarları › İş №2-1(103)-171/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-171/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-171/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miqrasiya orqanlarından xaric edilərək, qulluq keçməsinə xitam verilməsi haqqında Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynovun xx.xx.2021-ci il tarixli 353 saylı əmrinin ləğv edilməsi, onun miqrasiya orqanlarına bərpa olunmaqla əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.2007-ci il tarixdən Dövlət Miqrasiya Xidmətində xidmətə başlamış, 2014-cü ilin oktyabr ayından isə X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, Xidmət rəisinin xx.xx.2021-ci il tarixli 353 nömrəli qanunsuz və əsassız əmri ilə miqrasiya orqanlarından xaric edilərək, miqrasiya orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Belə ki, o, ailənin tək oğul övladı olmaqla himayəsində iki körpə uşağı, yaşlı və ikinci qrup əlilliyi olan anası, yataq xəstəsi olan atası olduğu üçün xidməti yerinin dəyişilməsi (Bakı şəhərinə) ilə bağlı Xidmət rəhbərliyinə dəfələrlə yazılı və şifahi müraciətlər etmiş, lakin müraciətləri cavabsız qalmışdır. 2019-cu ildə X4 idarəsindən Qusar rayonunda yerləşən X5 xidmətə başlamış, xidmət 24 saat növbəli sutkalıq təşkil olunmuşdur və hər gün bir nəfər xidmətə düşürdü. Bölmə rəisi olmasına baxmayaraq, əməkdaş sayı az olduğundan o da növbəyə çıxırdı. 06-xx.xx.2021-ci il tarixində bir əməkdaş növbədən saat 21:00-də çıxaraq evinə, yəni Sumqayıt şəhərinə gəlmişdir. Bu məsələni idarə rəisi yuxarı rəhbərliyə əməkdaşın özbaşına xidməti yeri ataraq, tərk etməsi formasında raportlaşdırmış, nəticədə ağır cəza ona verilmiş və ona tutduğu vəzifəyə uyğun olmamağı barədə xəbərdarlıq tənbehi elan olunmuşdur. Bununla əmək haqqının 25 faizi kəsilmişdir, qeyri-rəsmi göstərişlə kirayə pulu da verilmirdi, əmək haqqı ilə kirayə tuta bilmədiyi üçün çətinliyi xidmət rəisinin köməkçisinə bildirdirmişdir. Bu problemi ilk öncə idarə rəisinə bildirdimişdir, amma heç bir cavab olmamışdır, eyni vaxtda cədvəl üzrə həm Xaçmaz RMİ-də, həm də 100 km. arasında fərq olan Qusar rayonunda xidmətə getdiyi halda, ona kirayə haqqı ödənilməmişdir. O, xx.xx.2021-ci il tarixdən 2 ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış və xidməti araşdırma aparılması üçün sərəncama çıxarılmışdır. Sonradan, yəni xx.xx.2021-ci il tarixdə əmək kitabçası ona qaytarılanda 20 oktyabr 2021-ci il tarixli 353 nömrəli Xidmət rəisinin əmri ilə işdən azad edildiyini bilmişdir. Onun yaşayış və əmək şəraitinin yaxşılaşdırılması barədə xidmət rəhbərliyinə etdiyi müraciətlər (xahişlər) etik davranış qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Əmrdə ona intizam tənbeh tədbiri kimi xx.xx.2021-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” tətbiq edildiyi qeyd edilir. Bundan başqa əmrdə barəsində verilmiş raportların məzmunundan belə görünür ki, rəhbər şəxlər onun tutduğu vəzifənin (X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsi) öhdəsindən gələ bilmədiyini bildirmişlər, yəni ən pis halda onun vəzifəsi dəyişdirilə və ya aşağı salına bilərdi. Onun miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilməsinə heç bir əsaslar müəyyən edilmir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, cari ilin iyul ayında regional idarənin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin fəaliyyəti yenidən təşkil edilmiş, işçilərə xidməti ərazini tərk etməmə və kirayə mənzil şəraiti ilə təmin olunmaları barədə tapşırıq verilmiş, lakin kiçik miqrasiya xidməti müşaviri İddiaçı verilən tapşırığı yerinə yetirməyərək, müxtəlif bəhanələr gətirmiş, kirayə mənzildə məskunlaşmaqdan imtina etmiş, Bakı şəhərində iş yeri ilə təmin edilməsini tələb etmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı xx.xx.2021-ci il tarixdə xidməti fəaliyyəti zamanı yaranmış problemlərin həlli ilə əlaqədar DMX-nin rəisinin müavini tərəfindən qəbul edilərkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, etik davranış qaydasını pozmuşdur (əsas Dövlət Miqrasiya Xidməti rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin 1541 nömrəli xx.xx.2021-ci il tarixli raportu). Xidməti araşdırmanın gedişində məlum olmuşdur ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı izahatlarında da “bölmə rəisi vəzifəsinə təyin edilməklə bağlı razılığı təhdidlə vermişəm” (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli izahatlar), “işçinin intizamsızlığı qarşısında acizəm” (xx.xx.2021- ci il tarixli izahat), “Xidmətin rəhbər şəxslərinə tapşırmağa adamım yoxdu” (xx.xx.2021-ci il tarixli izahatlar) kimi ifadələr işlətməklə etik davranış qaydalarını pozmaqda davam etmişdir. Həmçinin müəyyən edilmişdir ki, kiçik miqrasiya xidməti müşaviri İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi əsasında DMX rəisinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsinə təyin edilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli T-4676 nömrəli ərizəsi əsasında DMX rəisinin xx.xx.2020-ci il tarixli 503 nömrəli əmri ilə yenidən X4 idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. X4 idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədə də kiçik miqrasiya xidməti müşaviri İddiaçı mənfi yöndə xarakterizə olunmuşdur. DMX-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli protokoluna əsasən işçinin qulluq keçməsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, məhkəmə cavabdehin etirazında qeyd etdiyi əsassız dəlilləri əsas tutaraq, işin obyektiv hallarına uyğun olmayan qeyriobyektiv qərar qəbul etmişdir. İşlədiyi dövrdə birbaşa rəhbəri olmuş X4 idarəsinin rəisi Hidayət Rüstəmov tərəfindən Xidmətin rəhbərliyinə onun barəsində çoxsaylı və əsassız işdən azad edilməmə səbəb olmuş raportlar verilmişdir. Məhkəmə iclasında və etirazda cavabdeh təşkilat işdən azad edilənədək barəsində dəfələrlə intizam tənbeh tədbirlərinin tətbiq edilməsini qeyd etsə də, bunların əksi kimi, məhkəmə baxışında xidmət keçdiyi dövüdə dəfələrlə təltiflərim barədə sənədlər və sübutlar təqdim etsə də, məhkəmə qərar qəbul edərkən bunları da nəzərə almamışdır. Bundan başqa barəsində tərtib edilmiş intizam tənbehi işi materialları ilə tanış olduqda müəyyən edilmişdir ki, iş materiallarının əsas hissəsi 2021-ci ilin iyul ayında tabeliyimdə olan digər əməkdaş tərəfindən xidmət yerinin müvəqqəti tərk etmə səbəbi ilə aparılmış araşdırma materialları (raportlar, izahatlar, arayışlar və s.) təşkil edir. Əmrdə ona intizam tənbeh tədbiri kimi xx.xx.2021-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” tətbiq edildiyi qeyd edilir. Həmin materiallarda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevin 1541 nömrəli xx.xx.2021-ci il tarixli raportuna istinad edilir ki, bu raportda qeyd edilənlərdən tərəfindən qəbul zamanı etik davranış qaydası pozuntusu nədən ibarət olduğu müəyyən edilmir. O, həmin qəbulda heç bir etik davranış pozuntusuna yol vermədiyi barədə məhkəməyə ətraflı bildirmişdir.Mübahisələndirilən əmrin surətindən və digər sənədlərdən görünür ki, işəgötürən onu işdən azad edərkən Əmək Məcəlləsinin, əmək qanunvericiliyinə və miqrasiya qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməmiş, Xidmətin qanuni mənafeyinə və nüfuzuna ciddi xələlin, kobud pozuntuların nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Qeyd edilən hallar məhkəmə baxışında da müəyyən edilməmişdir. Onun yaşayış şəraitinin yaxşılaşdırılması barədə xidmət rəhbərliyinə etdiyi müraciətlər (xahişlər) etik davranış qaydalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Bundan başqa əmrdə qeyd edilmiş, barəsində verilmiş raportların məzmunundan belə görünür ki, rəhbər şəxlər mənim tutduğum vəzifənin (Xaçmaz regiona! miqrasiya idarəsinin sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsi) öhdəsindən gələ bilmədiyini bildirmişlər, yəni ən pis halda onun vəzifəm dəyişdirilə və ya aşağı salına bilərdi.Onun miqrasiya orqanlarında qulluq keçməmə xitam verilməsinə heç bir əsaslar müəyyən edilmir. O dövlətə xidməti harda olur olsun özümə şərəf bilirəm. Xidmət dövründə qərəzli olaraq bir dəfə olsun belə növbədən kənar rütbə, yaxud dövlət təltifi üçün təqdim olunmamışam. Bir çox əməkdaşlar pozuntu ilə xidmətdən xaric edilsələr də, sonradan xidmətə qaytarılmışlar 14 il yaxşı işlədikdən sonra nədənsə pis əməkdaş oldu. 14 il xidmətdən sonra əmək kitabçası müvafiq maddə ilə ləkələndi. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin” 95-ci bəndində intizam tənbehlərinin sırasında “aşağı vəzifəyə keçirmə”, “xüsusi rütbənin bir pillə aşağı salınması”, “vəzifədən azad etmə” kimi tənbeh növləri otduğu halda miqrasiya orqanlarından xaric edilməsi əsassızdır. Məhkəmə bütün bu qeyd etdiyi hallara da hüquqi qiymət verməmişdir. Yalnız ümumi cümlələrlə güya tərəfimdən öz hərəkətlərim ilə xidməti intizamı kobud şəkildə pozması sübuta yetdiyindən barəsində mübahisə olunan inzibati akt (əmr) qəbul edildiyini qeyd etmişdir.» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Məmmədli onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqında iddia vasitəsilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin rəisi xx.xx.2021-ci il tarixli 353 saylı əmrinin ləğv edilməsini və hüquqi nəticələrinin aradan qaldırılmasını tələb edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən “İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilməsi haqqında” 353 №-li xx.xx.2021-ci il tarixli əmrinin surətinə əsasən müəyyən olunur ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında» Əsasnamə”nin 95.8-ci və 111.11-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 16.5-cı bəndi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsini və 144-cü maddəsinin 2-ci və 4-cü hissələri rəhbər tutularaq aşağıdakılar bardə əmr verilmişdir: : - Vəzifələrinin icrası zamanı mütəmadi olaraq yol verilmiş pozuntulara görə DMXnin X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri İddiaçı 20 oktyabr 2021-ci il tarixdən miqrasiya orqanlarından xaric edilərək, miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilsin. - 2008-2009-cu iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə (30 gün), 2013- 2014-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə (15 gün) pul əvəzi ödənilsin; - 2021-2022-ci iş ili üçün ödənilmiş məzuniyyət haqqının müəyyən hissəsi (4 gün) tutulsun. Cavabdehin qeyd olunan Əmrində istinad olunan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında» Əsasnamənin: 95-ci bəndinə əsasən miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: “… 95.8. miqrasiya orqanlarından xaric etmə;” Həmin Əsasnamənin 111-ci bəndinə əsasən aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir: “ … 111.11. miqrasiya orqanlarından xaric edildikdə;” Eyni zamanda,Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin 16.5-cı bəndinə əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. İş maetirallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən İddiaçı miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilməsi aşağıdakılarla əsaslandırılır. Cavabdehin “başqa vəzifəyə keçirilmə haqqında” 503 №-li, xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən Xidmətin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru vəzifəsindən azad edilərək, X4 idarəsi, sərhəd buraxılış məntəqələrində miqrasiya bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. O, həmin vəzifədə çalışarkən, X4 İdarə rəisi tərəfindən onun barəsində Xidmət rəhbərliyinə xx.xx.2021-ci il tarixli raport təqdim edilərək, onun xx.xx.2021-ci il tarixə subordinasiya qaydalarını pozaraq, Xidmət rəisinin müavini, İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev və Kadrlar və kadr hazırlığı idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Vəfa Əsədova 05 avqust 2021-ci il tarixdə qəbulunda olmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq etik davranış qaydalarını pozmaqdaa davam etdirdiyinə görə barəsində Xidmət rəhbərlyi qarşısında “töhmət" intizam tənbehinin tətbiq olunmasına dair vəsatət qaldırılmış, bununla əlaqədar ondan xx.xx.2021-ci il tarixli tarixində yazılı izahatlar alınmışdır. Xidmət rəisinin xx.xx.2021-ci il tarixli 241 saylı əmrindən isə görünür ki, iddiaçı növbətçilik edərkən bölmənin digər əməkdaşlarından Ə.Şahbazovun xx.xx.2021-ci il tarixində (19:52), xx.xx.2021-ci il tarixində (19:10) isə İ.Xəlilovun xidmət yerini tərk etmələrindən xəbərinin olmadığını bildirmiş, bununla bağlı İdarənin fəaliyətinin təşkilinə dair Təlmatın 8.1-ci bəndinin tələblərini pozduğuna görə tutduğu vəzifəyə tam uyğun olmaması barədə ona xəbərdarlıq itizam tənbehi verilmişdir. Bundan əlavə, işdən görünür ki, onun barəsində Xidmətin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ikinci bir raportdan da görünür ki, Xidmətin Təşkilat-nəzarət baş idarəsi tərəfindən xidməti yoxlama aparılarkən, iddiaçı xidməti vəzifələrinə uyğun olmayan məsələlərlə maraqlandığı, kirayə yaşamaq üçün mənzildən imtina edərək yaşayış yerinin olmamasını nümayişkaranə şəkildə göstərdyi, Xidmətin nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyi halda, peşə fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuş, ondan izaht alındıqda, “işçisinin intizamsızlığı qarşısında aciz olduğunu”, “onun Xidmətin rəbər işçilərinə tapşırmağa adamı olmadığını” bildirən etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla bağlı Xidmət rəhbərliyindən iddiaçının qulluqukeçməsinə xitam verilməsi rəhbərli edən xahiş olunmuşdur. İşə əlavə olunmuş iddiaçı barəsində aparılmış xidməti araşıdırmanın nəticələrini əks etdirən arayışlarda və ondan alınmış çoxsaylı izahatlarda arayışlarda təsbit olunan məlumatlarla təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarnın köbud pozutularını təşkil edir. Belə ki, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamnin imperativ tələbləri isə aşağıdakıları nəzərədə tutur. 30.3.Miqrasiya orqanları işçiləri vəzifədə olarkən aşağıdakılara əməl etməlidir: -Rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli (maddə 30.3); - başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli (maddə 30.4); - vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli (maddə 30.5); lazım gəldikdə, öz ixtisası hüdudunda miqrasiya orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli (30.6); etik davranış və intizam qaydalarına əməl etməlidir (maddə 30.11). Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları isə nəzərdə tutur ki, miqrası orqanlarının əməkdaşı aşağıdakılara riayət etməlidir: 2.4.3-cü bəndinə əsasən işçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. 2.7.2.İşçi peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır . 3.4.İşçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. 7.1.İşçi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür . 7.4.Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İş materialları üzrə tədqiq olunan sənədlərələ müəyyən edilən hallardan görünür ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, yaranmış çətinliklərin həlli ilə əlaqədar xidməti vəzifəsindən irəli gələn öhdlyini icra etməmiş, etik davranış qaydalarını da pozmuş, ona edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə əsaslı olaraq hesab etmişdir ki: «...sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin tələblərini pozduğu barəsində qəbul olunmuş əmrdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin və xidmətin daxili intizam qaydalarının müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır.İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin 99-cu maddəsidir. Həmin Əsasnamənin 99-cu maddəsinə əsasən bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər..» Belə olan halda,“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinin mənasına görə inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız və qeyri-obyektiv olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar