Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-172/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3801/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə (qısaldılmış halda Penitensiar Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oktyabr 2001-ci il tarixdən mart 2018-ci il tarixədək 5% pul əlavəsinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xəstəliyə görə hərbi xidmətdən buraxılanlar üçün nəzərdə tutulan təminat xərcliyinin 55 faiz miqdarına uyğun yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1980-cı il tarixdən dekabr 1991-ci il tarixədək Türkmənistan SSR-nin DİN-də işləmiş, xx xxxxxx 1992-ci il tarixdən Azərbaycan Respublikasının Daxili işlər orqanlarına keçirilmişdir. 1992-ci ilin iyun ayından xx xxxx 1997-ci il tarixədək Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının Baş İdarəsində işləmişdir. Xidmətinin sonuncu illlərində xəstələnmiş və səhhəti ilə əlaqədar rəhbərliyə raportla müraciət edərək, xx xxxx 1997-ci il tarixdən pensiyaya buraxılmasına icazə verilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.1997-ci il tarixdə raport qeydiyyata alınmış və bir neçə gün sonra kadrlar şöbəsindən onu çağıraraq, ərizəsinə “ailə vəziyyəti ilə əlaqədar” sözlərinin əlavə edilməsini xahiş etmişlər və o, həmin sözü əlavə etmişdir. Ailə vəziyyəti ilə əlaqədar pensiyaya buraxılması qanunda nəzərdə tutulmamışdır. Xəstəliyi hər il artmış və 2 dəfə əməliyyat olunmuşdur. Bununla bağlı Penitensiar Xidmətə müraciət etsə də, ona köməklik olunmamışdır. Buna görə də səhhəti ilə əlaqədar pensiyasını X1 Respublikasına keçirmək məcburiyyətində qalmışdır. xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə Penitensiar Xidmətə müraciət edərək, onun işdən azad olunması barədə əmrə düzəliş edilməsini xahiş etmişdir, lakin nəticəsi olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3801/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, оnun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, əmək pensiyası ona Rusiya Federasiyasında təyin edilmişdir və 1997-ci ilin iyul ayından 2001-ci ilin avqust ayına kimi pensiyanı oradan almışdır. Hazırda isə əmək pensiyası hesablanarkən qanunda nəzərdə tutulmuş 5% əlavənin nəzərə alınması üçün yeni məlumat vərəqəsinin DSMF orqanına göndərilməsini tələb edir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, onlar məlumat vərəqəsində yalnız qulluq illərinə görə əlavələri göstərirlər. Odur ki, iddiaçının tələbinin icra olunması qeyri-mümkündür. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarından görünür ki, ədliyyə polis mayoru İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən verilmiş xx xxxx 1997-ci il tarixli, 346 ş/h saylı əmrləAzərbaycan Respublikası ƏN MQİBİ-nin sıravi və rəis heyətinin xidmət keçmə haqqında “Müvəqqəti Təlimatı” nın 4-cü bölməsinin 5-ci maddəsinin “y” bəndinə əsasən (ailə vəziyyəti ilə əlaqədar olaraq öz xahişi ilə) xx xxxx 1997-ci il tarixdən ədliyyə polis orqanlarından təqaüdə xaric edilmişdir. İddiaçı xx xxxx 1997-ci il tarixdən ailə vəziyyəti ilə bağlı pensiyaya çıxması ilə bağlı müraciət etmişdir. İddiaçı ailə vəziyyəti ilə bağlı deyil, xəstəliyi ilə əlaqədar pensiyaya çıxdığını iddia edərək, xəstəliyinə görə hərbi xidmətdən buraxılması ilə əlaqədar təminat xərcliyinin 55 faizi miqdarında pensiya hesablanmasını tələb etmiş və bununla bağlı yeni məlumat vərəqəsinin verilməsini cavabdeh orqandan xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı həmin imtinanını məhkəmədə mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xəstəliyə görə hərbi xidmətdən buraxılması müəyyən edilmədiyindən, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xəstəliyə görə hərbi xidmətdən buraxılanlar üçün nəzərdə tutulan təminat xərcliyinin 55 faiz miqdarına uyğun yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbi əmək pensiyasının xəstəliyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş əlavələrin ödənilməsi üçün hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin əlavələrin göstərilərək yeni məlumat vərəqəsinin göndərilməsindən, tələbinin əsası isə onun vaxtilə ədliyyə orqanlarından xəstəliyinə görə tərxis olunmasından ibarətdir. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmir. İddiaçı xəstəliyinə görə hərbi xidmətdən buraxılması ilə əlaqədar təminat xərcliyinin 55 faizi miqdarında pensiya hesablanmasını tələb etsə də, həmin dövrdə xəstəliyi ilə bağlı hər hansı sənədi cavabdehə təqdim etməmiş və özü tərəfindən verilmiş raportda ailə vəziyyəti ilə bağlı xidmətdən təxris edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında onun pensiyaya çıxarılması barədə əmrdə yanlışlığa yol verilərək ailə vəziyyəti ilə əlaqədar tərxis olunmasının qeyd olunduğunu bildirmişdir. O, pensiyaya buraxılmasına dair əmrdə dəyişiklik edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 17/1-4683 saylı, xx xxxxxxxx 2001-ci il tarixli məktubu ilə iddiaçıya onun xx xxxx 1997-ci il tarixli, 346 ş/h saylı əmrlə ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə pensiyaya göndərildiyi, buna görə xahişinin təmin edilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sözügedən əmrə dəyişiklik edilməsi ilə bağlı cavabdehə müraciət olunmuşdur, lakin həmin əmr onun tərəfindən bu günədək mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, iddiaçının pensiyasının xəstəliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş əlavələr nəzərə alınmaqla ödənilməsi üçün hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin əlavələrin göstərilərək yeni məlumat vərəqəsinin DSMF orqanına göndərilməsinə qanuni əsaslar mövcud deyildir. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası ASAN 1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 16580395 saylı vətəndaşın şəxsiyyət vəsiqəsinə əsasən Azərbaycan Respublikasının, Rusiya Federasiya tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş vətəndaş pasportuna əsasən Rusiya Federasiyasının vətəndaşı olmaqla ikili vətəndaşlığa malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əcnəbi və vətəndaşlığı olmayan şəxs olmadığından, ikili vətəndaşlığı olduğundan, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququna malik olmaması barədə də haqlı qənaətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xəstəliyi iş materiallarında olan çoxlu sayda tibbi arayışlarla təsdiq olunsa da, iddiaçının xəstəliyə görə yox, ailə vəziyyəti ilə əlaqədar pensiyaya çıxması ilə bağlı qüvvədə olan əmr mövcuddur. Odur ki, iddiaçının tələbi əsaslı deyildir və apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv olunması və iddianın təmin olunması üçün əsas təşkil etmir. Yekun olaraq məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3801/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-172/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-172/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver