Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1738/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3027/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçının Rusiya Federasiyası “X3”nun bitirməsi haqqında verilmiş 25.05.2012-ci il tarixli BCГ nömrəli apostil edilmiş diplom Azərbaycan Respublikasında tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı kimi Rusiya Federasiyasında yerləşən X2 iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. Həmin ali təhsil üzrə uyğun diplom alınaraq apostil edilmişdir. Bundan sonra o, diplomunu nostirifikasiya edilməsi, yəni tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı ərizə ilə müraciət etmiş və 22.09.2020-ci ildə ona cavab verilərək müraciətinin elektron formada göndərilməsi bildirilmişdir. Bundan sonra o, müraciətini elektron formada göndərmiş və əsassız olaraq ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3027/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və göstərmişdir ki, cavabdeh inzibati orqana müraciət etmiş və imtina məktubunu da iddia ərizəsinə əlavə etmişdir. Lakin qeyd olunan bu hal nəzərə alınmadan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq əsassız olaraq iddianı qeyri-mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadını iddiaçının cavabdeh inzibati orqana müraciət etməməsi ilə əsaslandırsa da, iş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agenliyinin 28.09.2020-ci il tarixli Ə-9847/03-TKTA məktubundan (səh.13) görünür ki, İddiaçı 17.09.2020-ci il tarixli Ə-9847 saylı ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin ona ərizələrin yalnız elektron qaydada qəbul olunduğu bildirilərək yenidən elektron qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan (səh.28) xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi nostrifikasiya üzrə elekron ərizə sistemindən görünür ki, iddiaçının ərizəsi tamamlanaraq 21.10.2020-ci il tarixdə qeydə alınmış və yoxlanılması üçün Təhsil Nazirliyinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu faktlarla bağlı hər hansı araşdırma aparılmamış, bununla da hazırkı iddianın mümkün sayılması üçün əhəmiyyət kəsb edən sübutların araşdırılması tələb olunduğu halda bunu etmədən iddianın qeyri-mümkün olduğu qənaətinə gəlmişdir. Odur ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3027/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3027/2021 saylı, 28 aprel 2021ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.