Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1745/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1952-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 30 sentyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 30 aprel 2020-ci il tarixdən deputat pensiyasının tam şəkildə təyin edilməsi və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixində Salyan şəhərində anadan olmuşdur. 05 noyabr 2020-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı işləmişdir. 13 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin işinin təşkili şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 04 dekabr 2006-cı il tarixdə Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi almışdır. 22 iyun 2007-ci il tarixdə Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi almışdır. 22 iyun 2010-cu il tarixdə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib. 30 aprel 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 2008-ci il tarixdən əlilliklə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputat pensiyasının 50 %- ni alır. 13.05.2020-ci tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə deputat pensiyasının tam həcmdə ona təyin olunması barədə müraciət etsə də, müraciətinə heç bir cavab verilməmişdir. 30.05.2020-ci il tarixdə təkrar müraciətinə bugünə kimi heç bir cavab verilməmişdir. Təkrar müraciətinə cavab verilməməsi cavabdeh İdarənin pensiya məbləğinin verilməsindən imtina hesab olunduğundan məhkəmədə iddia qaldırmalı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 30 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasına sabiq deputat kimi qulluq stajına əlavələrin tam şəkildə təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 20.05.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya təqdim olunmuş pensiya məbləği haqqında arayışa əsasən dövlət vəsaiti hesabına ödənilən məbləğ varsa, qaytarıldıqdan sonra əmək pensiyasına Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq deputat kim qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla bilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin pensiya və pensiyalara əlavə müavinət təyin edən komissiyasının 04 iyul 2008-ci il tarixli qərarına əsasən iddiaçıya millət vəkili kimi İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, 01.01.2019-cu il tarixdən pensiya məbləğinin yenidən hesablanması səbəbindən iddiaçıya həmin tarixdən yaşa görə (deputat kimi) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 01.01.2019-cu il tarixli qərarına əsasən, iddiaçının yaşa görə (deputat kimi) pensiyası 30.04.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi səbəbindən yenidən hesablanmışdır. İddiaçı 04.05.2020-ci və 13.05.2020-ci il tarixlərdə cavabdehə ərizə ilə müraciət edərək, əlilliklə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi pensiyasının 50 %-ni aldığını, hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi pensiyanın tam həcmdə ona təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********4 nömrəli, 19.08.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 15 may 2020-ci il və 03 iyun 2020-ci il tarixlərində daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, əmək pensiyasının yenidən sabiq deputat kimi hesablanmasının mümkün olub-olmaması ilə Dövlət Sosial Müdafiə Fondunun Aparatına sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, ona Fondun Binəqədi rayon Şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və 20.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən həmin Qanunun 37.3.4-cü maddəsinə uyğun olaraq (işləyən əmək pensiyaçısı olduğu üçün sığorta hissəsi tam, qulluq stajına görə əlavənin 50 faizi miqdarında) sabiq deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət qulluqçusu kimi davam etdirmişdir. Tutduğu vəzifədən azad olunduqdan sonra pensiyasına Qanunun 20.1.1-ci və ya 20.1.7-ci maddəllərinə uyğun qulluq stajına görə əlavələrin hesablanması hüququ (müvafiq olaraq deputat və ya dövlət qulluqçusu kimi) yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edildiyindən ona həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmiş sabiq dövlət qulluqçularına pensiya məbləğinin 6 misli məbləğində müavinət ödənilir. Qeyd olunanları nəzərə alaraq, ona tərəflərindən təqdim olunmuş pensiya məbləği haqqında arayışa əsasən dövlət vəsaiti hesabına ödənilən məbləğ varsa, qaytarıldıqdan sonra əmək pensiyası Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla bilər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanır. Həmin Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Hazırkı iş üzrə iddiaçı 30 aprel 2020-ci il tarixdən deputat pensiyasının tam şəkildə təyin edilməsi və ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh inzibati orqanın imtinasının əsasını “Əmək pensiyaları haqqında” Qanunun 5.1ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilməsi və ona həmin Qanunun 20.1.7-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən normanın məzmunundan görünür ki, eyni anda iki və daha artıq pensiya hüquqununun istifadə edilməsinin mümkün olmaması göstərilmiş, iddiaçı da hazırkı tələblə ona bir pensiya növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan “iddiaçının pensiya yaşına çatdıqdan sonra dövlət qulluğuna xitam verildikdən sonra ona təyin edilmiş aylıq əmək pensiyasının 6 mislində birdəfəlik haqqın qaytarıldıqdan sonra, iddiaçının əmək pensiyasının deputat kimi qulluq stajına görə əlavənin hesablanması məsələsinə baxıla biləcəyinə dair” dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmununa əsasən ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq, iddiaçıya digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq ödənildiyindən cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(112)-1948/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1745/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1745/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver