Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1761/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-876/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1 iyul 1958-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən 14 iyul 1975-ci il tarixdən Üzümçülük Sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlayaraq 28 oktyabr 1975-ci il tarixədək orada işləmiş, 28 oktyabr 1975-ci il tarixdən 25 oktyabr 1976-cı il tarixədək Bakı şəhərində Kitabxana müdiri vəzifəsində çalışmışdır. 21 noyabr 1976-cı il tarixdən 8 dekabr 1978-ci il tarixədək hərbi xidmət keçmiş, 16 aprel 1979-cu il tarixdən 15 may 1982-ci il tarixədək Bakı Məişət Kondisionerləri Zavodunda boyama sexində nəqledici vəzifəsində, 15 iyun 1982-ci il tarixdən 25 avqust 1982-ci il tarixədək “Azdənizneftinşaat” Trestinin Tikinti-Quraşdırma İdarəsində takelajçı vəzifəsində, 2 noyabr 1982-ci il tarixdən 22 yanvar 1983-cü il tarixədək “Xəzərdənizneftqazsənaye” İB-nin hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı vəzifəsində, 2 fevral 1983-cü il tarixdən 23 avqust 1984-cü il tarixədək “Xəzərdənizneftqaz” İB-nin X4 İdarəsində qazmaçı köməkçisi vəzifəsində, 4 sentyabr 1984-cü il tarixdən 12 mart 1985-ci il tarixədək Şamaxı rayonu Nəsimi adına Sovxozda fəhlə işləmiş, 11 iyul 1985-ci il tarixdən 18 aprel 1988-ci il tarixədək SSRİ DİN Daxili Qoşunlarında xidmət etmiş, 16 may 1988-ci il tarixdən 16 oktyabr 1991-ci il tarixədək Bakı Tikinti-Quraşdırma İdarəsində fəhlə vəzifəsində, 10 fevral 1992-ci il tarixdən 16 iyun 1993cü il tarixədək N.Nərimanov adına NQÇİ-də sürücü, 16 iyun 1993-cü il tarixdən 1 may 1998-ci il tarixədək həmin İdarədə Özü hərəkət edən parafinsizləşdirici qurğunun maşinisti vəzifəsində, 1 may 1998-ci il tarixdən 1 aprel 2003-cü il tarixədək “Duvannı” Texnoloji- Nəqliyyat İdarəsində Özü hərəkət edən parafinsizləşdirici qurğunun maşinisti vəzifəsində, 1 aprel 2003-cü il tarixdən 17 avqust 2009-cu il tarixədək həmin İdarədə buxar səyyar deparafinləşdirici qurğusunun maşinisti, 18 avqust 2009-cu il tarixdən 17 fevral 2014-cü il tarixədək ARDNŞ “Azneft” İB-nin Qobustan Nəqliyyat İdarəsində buxar səyyar deparafinləşdirmə qurğusunun maşinisti işləmişdir, 18 fevral 2014-cü il tarixdən bu günədək ARDNŞ Nəqliyyat Departamentində burax səyyar deparafinləşdirmə qurğusunun maşinisti işləyir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçının 52 yaşı tamam olduğu 1 iyul 2010cu il tarixə iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 31 il 5 ay 14 gün təşkil etmiş və 1 yanvar 2006-cı il tarixinədək 26 il 11 ay 14 gün iş stajı toplamış, həmin staj illərinin 12 il 6 ay 16 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Ona yaşa görə əmək pensiyası 1 iyul 2010-cu il tarixdən təyin olunmuşdur. Hazırda pensiyanın aylıq məbləği (sonrakı artımlar da nəzərə alınmaqla) təxminən 447,0 manat təşkil edir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasmın Qanununun 17ci maddəsinə əsasən yaşa görə pensiyası pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən yuxarı hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Əmək kitabçasına əsasən 1 iyul 2010-cu il tarixə onun iş stajı 31 il 5 ay 14 gün təşkil etmişdir. Tələb olunan iş stajı 20 il olduğundan, həmçinin o, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 ay 16 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı topladığından, pensiya haqqının aylıq məbləği orta aylıq əmək haqqının 95,5 faizi miqdarında təyin olunmalı idi (70% + (31,5 – 20) x 2% + (12,5 – 10) x 1% = 95,5%). Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə əsaslanaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi barədə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı Filial tərəfindən aparılmış inzibati icraat tədbirləri üzrə qeyd olunur ki, iddiaçıya 1 iyul 2010-cu il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ərizəsində qeyd etdiyi əmək pensiyasının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Əmək pensiyasının məbləğinin əmək haqqına uyğun hesablanması qaydası 2010-cu il tarixdən sonra qanunvericilikdən çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia dəyişdirilərək «iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-876/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-876/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçıya 1 iyul 2010-cu il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda, iddiaçı ona əmək pensiyasının məbləğinin 1 yanvar 2010-cu il tarixdən əvvəlki dövrdə qüvvədə olmuş tələblərinə uyğun hesablanmasını tələb edir. 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır, 1.0.10-ci maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS + (PSK/T), burada: SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS – bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK – sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Bu Qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH = PYK/T, burada: YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK – sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixdən əvvəlki və sonrakı dövrlərdə qüvvədə olmuş tələbləri aşağıdakı kimidir: (1 yanvar 2010-cu il tarixədək) Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir; (1 yanvar 2010-cu il tarixdən sonra) “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 1 iyul 2017-ci il tarixdən müvafiq dəyişikliklər, o cümlədən Qanunun 27.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilmişdir: - Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi, pensiya qanunverciliyi 2006-cı ilin yanvar ayının 1-dək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlara güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı topladıqda pensiyaların yalnız “yaşa və staja görə” əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsini nəzərdə tutur. Pensiyanın hesablanmasının meyarlarına münasibətdə qanunverici hüquq yarandığı vaxt qüvvədə olan tələblərin tətbiqini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarına görə isə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 52 yaşdan, yəni 1 iyul 2010cu il tarixdə yarandığından, ona əmək pensiyası əmək qanunvericiliyinin həmin tarixdə qüvvədə olan müddəalarına müvafiq təyin edilməlidir. Lakin iddiaçı ona əmək pensiyasının məbləğinin 1 yanvar 2010-cu il tarixdən əvvəlki dövrdə qüvvədə olmuş tələblərinə uyğun hesablanmasını tələb edir ki, bu da məhkəmənin qənaətinə görə yolverilən deyil. Odur ki, iddiaçının tələbi əsaslı qiymətləndirilə bilməz. İddiaçıya əmək pensiyasının yenidən hesablanmasından cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-876/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1761/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1761/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver