Məhkəmə qərarları › İş №2-1(103)-1765/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1765/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1765/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Cavabdehnə qarşı vergilərin hesablanması üçün zəruri olan sənədlərin təqdim olunması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, yoxlama ilə əhatə edilən dövr üzrə (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, illik bəyannamələr üzrə xx.xx.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintnin aparılması barədə müvafiq sərəncam, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuncu məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma-2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirləri üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s.) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatların təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin cavabdehdən götürülərək ona təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 nömrəli qərarı ilə Cavabdeh MTK-da növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2020) təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada xx.xx.2020-ci il tarixli **********200215 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilərək, yoxlama ilə əhatə edilən dövr üzrə zəruri olan digər sənədlərin yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsinə təqdim olunması tələb edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən, Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2020-ci il tarixli **********137843 nömrəli qərar çıxarılmışdır. Yoxlamanın keçirilməsi üçün tələb olunan sənədlərin bir qisminin yoxlamaya təqdim edilməsindən imtina edildiyi üçün cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixli sənədlərin təqdim olunmasından qismən imtina barədə akt tərtib edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən etiraf edilir ki, sənədlərin bir qismi, yəni adları göstərilməsə də müəyyən hissəsi təqdim olunmuşdur. Məhkəmə tərəfindən işin həmin halı tam və hər tərəfli araşdırılmamışdır. Belə ki, etirazda göstərilən sənədlərin iddiaçıya təqdim edilməsinin iddiaçı tərəfindən təkzib olunmaması halı birbaşa sübut edir ki, işçi layihələri, beton-sınaq nəticələri, torpağın ayrılması və tikintinin aparılması haqqında sərəncamlar, işıq, su və digər xərc sənədləri, hesablaşma hesabları üzrə dövriyyələr, bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları), torpağın icarə müqaviləsi, icarə müqavilələri, mühasibat sənədləri, ekspertiza rəyləri, kommunal xidmət göstərən şirkət ilə müqavilə və s. sənədlər iddiaçının əməkdaşlarına təqdim olunmuşdur. Bununla yanaşı, yoxlamanın əhatə etdiyi dövrdə yaşayış, qeyri-yaşayış, qaraj və mansard alqı-satqısı müqavilələrinin bağlanmaması, yük-gömrük bəyannamələrinin olmaması; yoxlama dövründə kreditor və debitor borcların olmaması; alınmış, satılmış mallar, rezident və qeyri-rezident şəxslər tərəfindən heç bir xidmət göstərilməməsi; banklarda və ya kredit təşkilatlarında qüvvdə olan əmanətlərin (kreditlərin) olmaması və xarici bank hesablarından Azərbaycanla bağlı heç bir əməliyyatın aparılmaması barədə verilmiş rəsmi məlumatların məhkəmə tərəfindən hansı səbəbdən qəbul edilməmsi qərarda öz əksini tapmamışdır. İş üzrə qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun gəlməməklə yanaşı, həm də iddia tələbi mümkün hesab edilməməlidir. Çünki, yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən istənilən sənədlər vaxtında iddiaçının nümayəndəsinə təqdim edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: aprel 2017 - mart 2020) təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********200215 nömrəli xx.xx.2020-ci il tarixli tələbnamə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********137843 nömrəli qərar qəbul etmiş və həmin qərarda cavabdehdən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməli olması göstərilmişdir. Cavabdeh tələb edilən sənədləri vergi orqanına təqdim etmədiyindən xx.xx.2020-ci il tarixdə “Sənədlərin təqdim edilməsindən qismən imtina barədə”, xx.xx.2020-ci il tarixdə isə “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktlar tərtib edilmiş, cavabdeh həmin aktları imzalamaqdan imtina etmişdir. Vergi Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; 42.3-cü maddəsinə görə, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; 43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; 43.11-ci maddəsinə görə, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin vaxtında sonuncunun nümayəndəsinə təqdim edilməsi iş materialları ilə təsdiqini tapmır, bu barədə apellyasiya şikayətinə də heç bir sübut əlavə olunmamışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5466/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar