Məhkəmə qərarları › İş №2-1(103)-1768/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1768/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1768/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “bərabərlik hüququna təminat verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2461/2021saylı, 02.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müoraciət edərək, xarici dil rus dilində təhsil almaq üçün dövlət tərəfindən maliyyələşməsi təmin olunduğu kimi, ingilis dilində təhsil almaq üçün dövlət tərəfindən maliyyələşməsinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikasında dövlət dili azərbaycan dilidir. Başqa illər xarici dil statusundadır. Rus dili də xarici dil statusunu daşıyır. Lakin buna baxmayaraq, bu dildə respublika ərazisində təhsil alma xərcləri dövlət hesabına ödənilməsi təmin olunur. Bu da digər xarici dillərdə təhsil almaq istəyən şəxslərə münasibətdə qeyri-bərabərlik yaradır və onların, o cümlədən, bir valideyn olaraq onun övladının mənafelərini kobud şəkildə pozur. Bu ayrı-seçkiliyin aradan qaldırılmasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də bu günə kimi cavab verilməmiş, heç bir əməli iş aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2461/2021saylı, 02.04.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinə baxaraq vətəndaş hüquq və mənafeyinin pozulmasının baş verib-verməməsini ortaya çıxarmaq əvəzinə iddia tələbinə baxmamağı üçtün sayaraq, iddianın mümkünsüz hesab etməyi üstün tutmuş və bunu dəxli olmayan İPM-in maddələri ilə əsaslandırmağa çalışmış və iddia ərizəsinə baxışın təmin olunmamasına gətirən faktiki halın və ya halların nədən ibarət olması barədə heç bir əsaslandırma gətirməmişdir. Məhkəmə iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddianı qeyrimümkün hesab edərkən aşağıdakıları qeyd etmişdir: “...İddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə təqdim olunsa da, qeyd olunan nöqsan aradan qaldırılmamışdır.Daha sonra, İPM-in 35.1 və 35.3-cü maddələrinə istinadən məhkəmə iddianın mümkün saylmaması barədə nəticəyə gəlmişdir.” Məhkəmə kollegiyası mahiyyət etibarı ilə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddiaçının tələbindən belə anlaşılır ki, Azərbaycan Respublikasında ingilis dilində təhsil almaq üçün dövlət tərəfindən maliyyələşbirmənin təmin olunması barədə ümumi xarakterli məhkəmə qərarının çıxarılmasını məhkəmədən tələb edir. Birincisi, Azərbaycan Respublikası Prezidentinin 2005-ci ili 1 mart tarixli 203 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamədə nazirliyin Azərbaycan Respublikası vətəndaşlarının xarici dildə təhsil alması üçün maliyyələşdirmənin təmin olunması kimi fəaliyyət istiqaməti və vəzifələri müəyyən edilməmişdir. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7-8-ci bəndlərində isə respublika ərazisində vətəndaşların xarici dildə təhsil almaq üçün maliyələşdirrməni təmin etmək kimi səlahiyyəti mövcud deyil. İkinci bir tərəfdən, iddiaçının xarici dildə təhsil almaq üçün dövlət tərəfindən maliyyələşdirmənin qeyri-müəyyən üçüncü şəxslər dairəsinə münasibətdə təmin olunmasının cavabdehə həvalə edilməsini tələb etmək kimi subyektiv hüququ da malik ola bilməz. Bu baxımdan, İPM-in 13-cü maddəsinin tələbləri qaydasında, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbini dəqiqləşdirməsi təklif olunsa da, cavabdeh tərəfindən kokret ona münasibətdə, qanunla qorunan hüquq və azadlıqlarının pozulduğunu əsaslandıran dəqiqləşdirilmiş iddia tələbi ilə məkəməyə müraciət etməmiş, təqdim etdiyi dəqiqləşdirmə ərizəsində isə irəli sürdüyü iddia tələbi isə yenə də aydın olmadığından məhkəmə icraatı mümkün sayılmamışdır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçı X1 apellyasiya şikayətinin həmin qərardadın əsaslandırılmadığını mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2461/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2461/2021saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar