Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1797/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “köçürülmə öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1399/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 may 2022-ci il tarixli 17/4 7538 № 58 saylı məktubunun qanunsuz və əsassız hesab edilməsinə, atası X6 cəza müddətinin qalan hissəsinin Azərbaycan Respublikasında çəkməsi üçün Rusiya Federasiyasından gətirilməsi öhdəliyinin icrasının Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Pentisiar Xidmətinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X1 Federsiyasının Moskva Şəhər Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli hökmü ilə Rusiya Federsiyasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını Rusiya Federasiyasının ciddi rejimli X12 çəkilməsi hökm edilmişdir. Cəzanın əvvəli 03 fevral 2011-ci il, cəzanın sonu 02 fevral 2027-ci il hesablanmışdır. O və anası X7 ‘‘Azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat” Qaydalarının 2.5-ci maddəsini rəhbər tutaraq atasının cəzasının qalan hissəsinin Azərbaycan Respublikasında çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2014-cü ildə atasının cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün onun, Rusiya Federssiyasından gətirilməsi ilə bağlı razılıq vermişdir və bu barədə “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzasının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına uyğun olaraq bütün tədbirlər görülmüşdür. Rusiya Federasiyasının Saratov Vilayət Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarı Rusiya Federasiyasının Penitensiar xidmətinin direktor müavini vəzifəsini müvəqqəti icra edən V.Q.Boyarinevanın atası X9 cəzasının Azərbaycan Respublikasında çəkməsinə dair müraciəti təmin edilmişdir, atasının cəzasının çəkilməmiş hissəsini Azərbaycan Respublikasında çəkilməsi qərara alınmışdır, qərar isə 11 sentyabr 2017-ci il tarixdə qüvvəyə minmişdir. Rusiya Federasiyası Saratov Vilayət Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarından göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli qərarına əsasən atası X6 Azərbaycan Respublikasına gətirilməsinə razılıq verərək Rusiya Federasiyasının Hökmünün icrası ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin atasının Azərbaycana gətirilməsi və onun cəzasının qalan hissəsini Azərbaycanda çəkilməsi ilə bağlı müraciətlərinə cavab olaraq, 09 oktyabr 2020-ci il tarixli, 17/412500 № 107 saylı və 12 may 2022-ci il tarixli, 17/47538 № 58 saylı məktublarda bildirilmişdir ki, “qeyd olunan konvensiyanın tələblərinə uyğun olaraq müraciətlərində göstərilən məsələyə baxılmış və məhkum Yaşar Namazovun ölkəyə qəbul edilməsi məqsədə müvafiq hesab edilməmişdir”. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaya dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, 1969-cu ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş X19 Federasiyasının Moskva Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi və cinayətkar birlik yaratma cinayətlərinə görə 16 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli xx.xx.2011-ci il, cəzanın sonu: xx.xx.2027-ci il. Yaşar Namazov cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə mənfi xarakterizə olunmuş, müəssisədə narkotik vasitələrin istifadəsinə, satışına və əldə edilməsinə meyilli məhkum kimi əməliyyat aparatında profilaktiki qeydiyyata götürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları, eyni zamanda gətirildiyi təqdirdə penitensiar müəssisələrin əməliyyat şəraitinə mənfi təsir göstərə biləcəyi nəzərə alınaraq Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Ədliyyə Nazirinin müavini Penitensiar xidmətin rəisi tərəfindən imtina məktubu imzalanaraq, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasının 3-cü maddəsinə, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasının 5-ci maddəsinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün verilməsinin əsas şərtlərindən biri hər iki dövlətin buna razılığın verilməsidir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1399/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim N. Abıyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 28-ci maddəsinin İV hissəsinə əsasən AR vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır, birinci instansiya məhkəməsi bunu nəzərə almayıb, Konstitusiyanın ən ali qüvvəyə malik normativ hüquqi akt olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb, inzibati orqan diskresion səlahiyyətləri qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirməyə borcludur, diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəlmiş qərarlar qəbul oluna bilməz, məhkəmə bu tələbləri pozmaqla onun və atasının Konstitusion hüquqlarını pozmuşdur, məhkəmə diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmasını yoxladığını qərarda göstərməyib, əsaslandırmayıb, hakim qəbul etdiyi qərarı sübutların və işin bütün hallarının məcmusuna obyektiv qiymət verməklə deyil, şəxsi mülahizələrinə əsasən qəbul etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilmişdir, iddiaçı apellyasiya şikayətində qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir, odur ki, məhkəmə kollegiyası qərarı tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mahiyyəti üzrə əsassız olmaqla, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməli olması ilə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası: Maddə 2. Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. (Maddə 3); Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X10 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edibetməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir (Maddə 5). “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Maddə 4. Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər (Maddə 5); - şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; - bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; - şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; - köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; - hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”: Bənd 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir (Bənd 1.2); Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur (Bənd 3.1); Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir(Bənd 3.2) Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir (Bənd 3.3); 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir (Bənd 3.4); Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır ( Bənd 3.5); Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir (Bənd 3.6); Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır (Bənd 3.7); Bənd 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir (Bənd 3.9); Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir (Bənd 3.10); Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir (Bənd 3.11) Bu Qaydaların 2.5-ci bəndində göstərilən hallar nəzərə alınmaqla, Penitensiar xidmət və ya İdarə tərəfindən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətin nəticəsi barədə maraqlı şəxslərə və ya hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına məlumat verilir (Bənd 3.12) Məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir (Bənd 4.1) İdarə bir ay müddətində hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına hökmün tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını və həmin qərarın icrası barədə məlumatları təqdim edir. (Bənd 4.2). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “31” oktyabr 2019-cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnaməsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (X13), BMT-nin Məhbuslarla rəftarın əsas prinsiplərini, X2 və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət- Prosessual məcəllələrini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqların təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur ( maddə 1.2). Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir( maddə 1.5). Həmin Əsasnamənin 3.1.10-cu bəndində bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək xidmətin vəzifəsi kimi göstərilmişdir. Səlahiyyətlərinə aid olan məsələlərə dair xidməti yoxlamalar və araşdırmalar həyata keçirmək (maddə 4.1.6); həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, cəzaların icrası və cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları həyata keçirmək (maddə 4.1.27) xidmətin hüququ kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanununun: 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlayışı kimi qeyd olunmuşdur. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır( 14.2) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3) Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası iş üzrə əldə edilmiş aşağıdakı sübutları nəzərdən keçirir: - Saratov Regional Məhkəməsinin “Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş çıxsin cəzasını vətəndaşı olduğu dövlətə çəkmək üçün verilməsi haqqında 09 avqust 2007-ci il tarixli qərarının tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, Moskva Şəhər Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli hökmü ilə X1 Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsinin 1-ci hissəsi, 188-ci maddəsinin 4-cü hissəsi, xx.xx.2009-cu il tarixli 377-FZ nömrəli Federal Qanuna əsasən dəyişikliklərlə, 30cu maddənin 1-ci hissəsi-228.1-ci maddənin 3-cü hissəsinin “a”, “q” bəndləri, 30-cu maddənin 1-ci hissəsi - Rusiya Cinayət Məcəlləsinin 228.1-ci maddənin 3-cü hissəsinin “a”, “q” bəndləri, xx.xx.2009-cu il tarixli 215-FZ nömrəli Federal Qanuna əsasən dəyişikliklərlə ilə təqsirli bilinib, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tətbiqi ilə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə, cəzanın çəkilməsinin başlanğıcı xx.xx.2011-ci il, müddətin sonu xx.xx.2027-ci ildir. 13 fevral 2014-cü ildə X8 Xidmətinin Saratov vilayəti üzrə İslah Koloniyası - 17-də cəza çəkən Namazov Y.A. Rusiya Federasiyasının səlahiyyətli orqanlarına onun cəzasının Azərbaycan Respublikasında çəkilməsi üçün köçürülməsini xahiş edib. - Saratov Regional Məhkəməsinin 09 avqust 2007-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının Cəzaların İcrası üzrə Federal Xidmətinin direktor müavini vəzifəsini icra edən V.Q. Boyarinevin məhkum X6 cəzasının Azərbaycan Respublikasında çəkilməsi üçün verilməsi barədə təqdimatının təmin edilməsi, Moskva Şəhər Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli hökmü ilə məhkum edilmiş X6 (24 fevral 1969-cu il təvəllüdlü, doğulduğu yer: Azərbaycan Respublikası, Bərdə şəhəri, Azərbaycan Respublikasının vətəndaşı) cəzasının çəkilməsi üçün Azərbaycan Respublikasına keçirilməsi qərara alınmışdır. - İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17/4/12500-N-107 saylı, xx.xx.2020-ci il tarixli və 17/4-7538-N58 saylı xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublarında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsini vətəndaşı olduğu ölkədə çəkmək üçün həmin dövlətə verilməsi “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyası ilə tənzimləndiyi, qeyd olunan konvensiyanın tələblərinə uyğun olaraq müraciətində göstərilən məsələyə baxıldığı və məhkum Y.Namazovun ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17/10-781 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarına əlavə olunmuş: - Rusiya Federasiyası Saratov Vilayəti 17 saylı islah müəssissəsi tərəfindən məhkum X14 barəsində verilmiş xx.xx.2014-cü il tarixli “xasiyyətnamə”də göstərilmişdir ki, o, xx.xx.2013-cü il tarixdən “müəssisədə narkotik vasitələrin istifadəsinə, satışına və əldə edilməsinə meyilli məhkum kimi” əməliyyat aparatında profilaktiki qeydiyyata götürülmüşdür. Nəticə olaraq bildirilmişdir ki, X14 islah olunmağa meyilli olmamışdır. - Əməliyyat - rejim idarəsinin müavini Əməliyyat şöbəsinin rəisi ədliyyə polkovniki Süleyman Qədirov və Əməliyyat - rejim idarəsinin Əməliyyat şöbəsinin böyük inspektoru ədliyyə mayoru Anar Novruzzadə tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1969-cu ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş Y.Namazov Rusiya Federasiyasının Moskva Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi və cinayətkar birlik yaratma cinayətlərinə görə (52,0338 qram narkotik vasitə heroin) 16 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: xx.xx.2011-ci il, cəzasının sonu: xx.xx.2027-ci il. Hazırda Saratov vilayətində yerləşən 17 saylı islah müəssisəsində cəza çəkir. Y.Namazovun cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə sonuncu mənfi xarakterizə olunmuş, müəssisədə narkotik vasitələrin istifadəsinə, satışına və əldə edilməsinə meyilli məhkum kimi əməliyyat aparatında profilaktiki qeydiyyata götürüldüyü müəyyən edilmişdir. Y.Namazovun ölkəyə qəbul edilməsi ilə bağlı araşdırma ötən illərdə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi tərəfindən aparılmış, sonuncunun ölkəyə qəbul edilməsinin məqsədəmüvafıq hesab edilməsi barədə Beynəlxalq əməkdaşlıq idarəsi tərəfindən zəmanət məktubu Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi tərəfindən Y.Namazovun şəxsi işi münasibət bildirilməsi üçün Penitensiar xidmətə göndərildikdə, Penitensiar xidmət tərəfindən məhkumun törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi, şəxsiyyəti, davranışı və islah prosessinə münasibəti nəzərə alınaraq Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bununla bağlı Penitensiar xidmət tərəfindən Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə 17/4-1887 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla məlumat verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinə ünvanlanmış xx/xx-0205 №li xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı məhkum X6 cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə qəbul edilməsi məsələsinə Penitensiar xidmətdə baxılmışdır. Məhkum Y.Namazovun törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi, şəxsiyyəti, davranışı və islah prosessinə münasibəti nəzərə alınaraq cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Yuxarıda sadalanan maddələrin ümumiləşdirilmiş təhlilinə görə, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası diskresion səlahiyyətlər həddində qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə haqlı olmuşdur. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1399/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1399/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1797/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1797/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver