Məhkəmə qərarları › İş №2-1(103)-1806/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1806/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1806/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı aktın, qərarın və tələbnamənin ləğv edilməsi barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın və 10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsini xahiş etmişdir. 24.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: E.Əliyev) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və iddiaçının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6(1), 6(2), 8, 13, 14. 18-ci və İ X6 1-ci maddəsi ilə təsbit edilmiş hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən tərtib edilən 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı Səyyar vergi yoxlaması AKTİ əsasında 10.10.2014-cü il tarixli, **********814318 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və 10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia qaldırılan zaman və 10.10.2014-cü il tarixli. **********814318 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və 10.10.2014-cü il tarixli. **********244700 saylı tələbnamə qəbul edildikdən sonra vaxtında iddia tələbini həmin hissədə artırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qərardadı ilə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin (hazırkı AR Baş Prokurorluğunun İstintaq İdarəsi) icraatında olan ********* saylı cinayət işi üzrə İddiaçı barəsində yekunlaşana qədər inzibati işin icraatı dayandırılmışdır. AR Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Sənan Paşayevin 10 iyul 2020-ci il tarixli qərarı ilə ********* saylı cinayət işinə İddiaçı vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz sahibkarlıqla məşğul olma və vergiləri ödəməkdən yayınma əməllərinə dair cinayət təqibi üzrə qanunvericiliyin müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad etmə üçün əsaslar mövcud olduğundan hissəvi xitam verilmişdir. Bundan sonra iddiaçının ərizəsi əsasında icraat təzələnmiş, 07 may 2021-ci il tarixdə qərardad qəbul edilərək iddia qeyri mümkün hesab edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində 15.05.2020-ci il tarixdə hazırkı iddia ilə mübahisələndirilən "Vergi ödəyicisinin vergi qanunvericiliуinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 10.10.2014-cü il tarixli **********8i4318 nömrəli qərar üzrə vergi borcunun silinməsi və nəticədə mübahisələndirilən qərarla iddiaçının üzərinə qoyulmuş müvafiq vəzifə (borcun ödənilməsi) aradan qalxdığından, yəni heç bir hüquqi nəticə mövcud olmadığından və bu hal məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi üçüncü hissədə də mümkün sayılmamalıdır. Qeyd edilməlidir ki, həmin qərarla iddiaçı hüquq pozuntusunda, yəni vergidən yayınmada təqsirli bilinmişdir. Həmin qərarla iddiaçıdan ümumiyyətlə pul tələb edilməmişdir. Pulun tələb edilməsi Tələbnaməyə aiddir. Qeyd edilməlidir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar onsuzda ilk qəbul edildiyi gündən pul tələb etmirdi. Sadəcə olaraq iddiaçını vergi ödəməkdən yayınmada təqsirli bilirdi. Qeyd edilməlidir ki, hesablanan məbləğ CM-nin 213-cü maddəsinin təsiri altına düşdüyü mübahisə mövzusu deyildir. Deməli həmin qərar həm də iddiaçını cinayətdə ittiham etməyə bərabər qərardır. Halbuki, AR Baş Prokurorluğun 10 iyul 2020-ci il tarixli qərarı ilə müəyyən olunub ki, ümumiyyətlə iddiaçıda vergitutma obyektinin özü yoxdur. Yəni, iddiaçının vəsaitlərinin hamısı Sazişə əsasən vergidən azaddır. Həmçinin iddiasını qeyri mümkün edən İPM-nin 37-ci maddəsində göstərilən halların heç biri mövcud deyildir. Məhkəmə qeyd edir ki, həmin qərar iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmır. Halbuki, məhkəmə iclasları zamanı canlı şəkildə iddiaçının vergilər üzrə şəxsi hesab vərəqəsinə daxil olunmuş və qərar əsasında hesablanmış məbləğin şəxsi hesab vərəqəsindən silinmədiyi müəyyən olunmuşdur. ABŞ-ın Humanitar Təşkilatı olan "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) əsas fəaliyyəti Azərbaycan Respublikasında medianın, internet azadlığının, təhsilin və demokratiyanın inkişafına dəstək verməkdir. İddiaçı fəaliyyət göstərdiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 22.04.2014-cü il tarixli **********749075 saylı qərarı ilə ABŞ-ın Humanitar Təşkilatı olan "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyində (İREX) VM-nin 38.3.5-ci maddəsi ilə əsaslandırılmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən tərtib edilən 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı Səyyar vergi yoxlaması AKT-a əsasən sadələşdirilmiş vergi qismində 6353,14 manat əlavə vergi hesablanmış və həmin məbləğə 50% məbləğində, yəni 3176,57 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmiş, əlavə olaraq 162,00 manat məbləğində yol vergisi hesablanmış, həmin məbləğin 50%-i miqdarında, yəni 81.00 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Əlavə olaraq ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi dövr üzrə ƏDV qismində 255692.87 manat əlavə ƏDV məbləği hesablanmış və həmin məbləğə 127846,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Bunlardan başqa VM-nin 57.l-ci maddəsi əsas gətirilməklə qeyd edilən vergi hesabatlarının vaxtında təqdim edilməməsi adı altında 1560.00 manat maliyyə sanksiyası təklif edilmişdir. Beləliklə 10.10.2014-cü il tarixli, **********814318 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və 10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamə əsasında iddiaçıdan 387.945.64 manat əsas olmaqla, maliyyə sanksiyaları ilə birlikdə 577.088.84 manat pul tələb edilmişdir. Həmin qərarların əsasında iddiaçının bank hesabına sərəncam qoyulmuş, iddiaçı əlavə öz iradəsindən kənar olaraq, yəni qeyd edilən qərar əsasında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmçinin iddiaçı təşkilat barəsində AR Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanmışdır. ABŞ-ın Humanitar Təşkilatı olan "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) Azərbaycan Respublikasında ABŞ və Azərbaycan Respublikası arasında 11 may 2000-ci il tarixdə bağlanılmış "ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında X1 dair Əməkdaşlıq Haqqında" iki tərəfli Saziş əsasında fəaliyyət göstərir. Həmin Saziş Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, № 915-İQ saylı "Azərbaycan Respublikası Hökuməti və X3 Hökuməti arasında X1 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən Sazişin A bəndinə əsasən Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş digər bu kimi vergi və haqlardan azad olunurlar. AKT-ın 1.8-ci bəndində göstərilir ki, Nümayəndəliyə daxil olmuş vəsaitlərin Ədliyyə Nazirliyində qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirmək məqsədilə 07.05.2014-cü il tarixli **********062600 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuş və 12.05.2014-cü il tarixli 11/1082 nömrəli cavab məktubu alınmışdır. Cavab məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki. ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə qrant müqavilələri Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş vəsaitlər isə qeydiyyatdan keçirilməmişdir. AKT-ın bu hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, ABŞ-ın Humanitar Təşkilatı olan "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinə (İREX) daxil olan bütün vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabineti (kurator cənab Əli Həsənov) tərəfindən qeydiyyata alınmış, layihələr Nazirlər Kabinetinin razılığı ilə həyata keçirilmiş, hər il vergidən və digər ödənişlərdən azad olunmaqları barədə AR Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən arayışlar verilmişdir. Layihələrin adlarından, məqsədlərindən də göründüyü kimi iddiaçının həyata keçirdiyi layihələr ictimai xarakter daşımış, layihələrin həyata keçirilməsində gəlir əldə etmək məqsədi olmamış və heç bir gəlir əldə etməmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Ona görə də iddiaçının fəaliyyətində vergi tutma obyekti yaranmamışdır. Qeyd edilməlidir ki, qrantların qeydiyyata alınmasının fərqli qaydaları vardır belə ki, ictimai birliklərin aldığı qrantlar Ədliyyə Nazirliyində, kommersiya qurumlarının aldığı qrantlar İqtisadi İnkişaf və Sənaye Nazirliyində, beynəlxalq təşkilatların aldığı qrantlar isə müvafiq olaraq AR Nazirlər Kabinetində, Maliyyə Nazirliyində qeydiyyata alınır. AKT-da isə göstərilir ki, qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Halbuki iddiaçının aldığı qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmalı deyildi. Belə ki, AR X7 1-ci maddəsinin 1-ci hissəsinə əsasən qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-1VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Göründüyü kimi həmin Fərmanda beynəlxalq təşkilatların azərbaycandakı nümayəndəliklərinin adı ümumiyyətlə keçmir. Qrant alınması və verilməsi barədə məlumatların verilməsi haqqında 24 sentyabr 1999-cu il tarixli, 155 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında olan resipiyent (bələdiyyə orqanları, Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filialı, nümayəndəlik və şöbələri, Azərbaycan Respublikasının fiziki şəxsləri) alınmasına başlanıldığı hər bir qrant haqqında, qrant alındığı andan ən geci bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Bununla bağlı qeyd edilməlidir ki, alınmış qrantlara dair AR Nazirlər Kabinetinə məlumat verilmiş və bu məbləğin vergilərdən azad olması barədə Maliyyə Nazirliyindən məktublar alınmışdır. "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli Fərmanında da beynəlxalq təşkilatların nümayəndəliklərinin adı keçmir və həmin fərman nümayəndəliyin fəaliyyətinə şamil olunmur. Göründüyü kimi Qanun 4-cü maddəsi də, iddiaçıya tətbiq edilə bilməz, çünki həmin maddədə Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinə qrant verilməsindən söhbət gedir. İddiaçı Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi deyil, beynəlxalq təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. Bunlardan başqa yoxlanılan dövrdə qeyd edilməlidir ki, səyyar vergi yoxlaması ilə "yoxlanılan” dövrdə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli Qanunu və onun tətbiq edilin Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli fərmanı qüvvədə olmamışdır və onun geriyə, yəni yoxlanılan dövrə şamil edilməsi açıq-aşkar qanunsuzdur. AR Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar) hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Göründüyü kimi qrantdan heç bir halda vergi tutula bilməz. Lakin cavabdeh aktda qrant müqaviləsi əsasında alınmış məbləğə ƏDV hesablamışlar. Halbuki, qrant məbləğinə vergilərin hesablanması qadağandır. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın və 10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və iddia tələbinin birinci və ikinci, yəni “cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi” və “10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsi” hissələri ilə bağlı qeyd etmişdir ki, səyyar vergi yoxlaması aktı və tələbnamə inzibati akt hesab edilmədiyindən, iddia tələbi həmin hissələrdə mümkün sayılmamalıdır. Belə ki, səyyar vergi yoxlaması aktı və tələbnamə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmır. Başqa sözlə, sözügedən aktda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə)” ünsürü yoxdur. Məhkəmə iddia tələbinin üçüncü, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın ləğv edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: İş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.04.2014-cü il tarixli **********749075 nömrəli qərarına əsasən 01.04.2011-ci il tarixdən 01.04.2014-cü il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinini 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İş materiallarından görünür ki, Yoxlama 23.04.2014-cu il tarixdə başlamış və 01.09.2014-cu il tarixdə başa çatdırılaraq, nəticələri 01.09.2014-cu il tarixli **********6749940 nömrəli aktla rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 10.10.2014-cü il tarixli **********814318 nömrəli qərarına əsasən ümumilikdə 381853.98 manat olmaqla, 262208.01 manat əlavə vergi hesablanmış, 119645.97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçının şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 15.05.2020-ci il tarixdə mübahisələndirilən qərar üzrə vergi borcu tam azaldılmışdır. Göründüyü kimi, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində 15.05.2020-ci il tarixdə hazırkı iddia ilə mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 10.10.2014-cü il tarixli **********814318 nömrəli qərar üzrə vergi borcu silinmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində 15.05.2020-ci il tarixdə hazırkı iddia ilə mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli **********814318 nömrəli qərar üzrə vergi borcunun silinməsi və nəticədə mübahisələndirilən qərarla iddiaçının üzərinə qoyulmuş müvafiq vəzifə (borcun ödənilməsi) aradan qalxdığından, yəni heç bir hüquqi nəticə mövcud olmadığından və bu hal məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi üçüncü hissədə də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin birinci və ikinci, yəni “cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi” və “10.10.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsi” hissələrində iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlsə də, iddia tələbinin üçüncü, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.10.2014-cü il tarixli, **********814318 saylı qərarın ləğv edilməsi” hissəsində də iddianı mümkün saymamaqla haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 10.10.2014-cü il tarixli **********814318 nömrəli qərar üzrə vergi borcu silinsə də qərar ləğv edilməmiş və öz qüvvəsində qalmışdır. İddiaçı qeyd olunan qərarı mübahisələndirərək ləğv olunması istəyir və əsas kimi qərar ləğv olunmadğından, həmin qərarın iddiaçı üzərində hüquqi qüvvəsinin saxlandığını bildirir. Lakin birinci instansiya məhkəməsi qərarın ləğv olunması barədə hər hansı araşdırma aparmamış və qərara hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Sadalanmış müddəaların mənasından bəlli olur ki, iddiaçının tələblərinin təmin olunması məqsədilə cavabdeh özü iddia tələbinin təmin olunması ilə əlaqədar niyyəti barədə məhkəməyə məlumat verir, inzibati aktın qəbul edilməsi üçün məhkəmə cavabdehə müəyyən müddəti təyin edir, məhkəmənin müəyyən etdiyi müddət ərzində cavabdeh müvafiq inzibati aktı qəbul etmişdirsə və bununla da iddiaçının tələbi təmin olunmuşdursa, bu halda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İddiaçının tələbini təmin etmədiyi hallarda isə mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan mübahisələndirlən qərarda göstərilən vergi borcunu silsə də iddiaçının mübahisələndirdiyi məsələ üzrə bunun təsdiqi kimi qərarlar qəbul etməlidir. Lakin iş materialları ilə vergi borcunun silinməsinin təsdiqi kimi hər hansı bir qərarın qəbul edilməsi müəyyən olunmur. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmadan və qərarın qüvvədə qaldığı təqdirdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə qiymət vermədən iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar