Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1833/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı “informasiya sorğusunda göstərilən məlumatların verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5329/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə informasiya sorğusunda göstərilən ikinci suala cavab verilməsi vəzifəsinin qoyulması, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası barəsində informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı hüquqşünasdır və bir çox məqalələri dərc olunub.Növbəti məqaləsi olan “Azərbaycan Respublikası Prezidentinin qanunvercilikdə rolu mövzusuna görə cavabdehə 8 fevral 2021-ci il tarixdə informasiya sorğusu göndərmişdir. Bu sorğuda tələb olunan məlumat 2015-2020-ci illər ərzində neçə qanun layihəsinin Milli Məclisdə oxunuşa qəbul edilməsi, həmin qanun layihələrinin neçəsinin Prezidentin Administrasiyası tərəfindən hazırlanaraq təqdim olunması barədə olmuşdur. Cavabdehin 05/1-44 saylı 25 fevral 2021-ci il tarixli informasiya sorğusuna cavabı 02 mart 2021-ci il tarixdə iddiaçıya təqdim olunub, sorğuya cavab olaraq qeyd edilib ki, 2015-2020ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisində 1595 qanun qəbul edilmişdir. Cavabdeh iki sualın yalnız 1-cisinə cavab vermişdir. İkinci suala cavab verməkdən imtina edib, cavab verməməsinin səbəbini izah etməyib və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5329/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və cavabdehin üzərinə informasiya sorğusunda göstərilən ikinci suala, cavab verilməsi öhdəliyinin qoyulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Baxmayaraq ki, məhkəmə özü də mübahiəsində “İnzibati icraat haqqunda “ Qanunun 2.0.1-ci maddəsinə əsaslanır, sonuncu bəndinə toxunmur. Sonuncu bəndi bildirir ki, inzibati aktı qəbul etmək səlahiyyyəti verilmiş hər hansısa fiziki və hüquqi şəxsdir. Milli Məclis deputatlardan və Milli Məclisin Aparatı və İşlər İdarəsindən ibarətdir. Deputatlar siyası fəaliyyət göstərdikləri halda, Milli Məclisin Aparatı və İşlər İdarəsi dövlət büdcəsi tərəfindən maliyələşir və inzibati aktlar qəbul edir (məsələn, dövlət qulluğuna işə götürmə). Bundan əlavə Bakı İnzibati Məhkəməsi özü öz praktikasında daima Milli Məclisin cavabdeh olduğu işlərə baxıb qərar qəbul edib. Bu zamanda, onun inzibati orqan kimi qəbul edərək həmin işlərə baxıb. İddiaçı daha sonra İPM-in 8.2, 13-cü, AR Konstitusiyasının 47-ci və 50-ci, “İnformamasiya əldə etmək haqqında” Qanunun 2-ci , 29cu və s. tələblərinə istinadən şikayətinin təmin edilməsni məhəkəmədn xahiş edir. Məhkəmə iclası barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında iddianı qeyri-mümkün hesab edərkən aşağıdakıları qeyd etmişdir: “...İddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişdir. Belə olan halda ilk növbədə tələbin yönəldiyi cavabdeh inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir. Bundan əlavə Məhkəmə iddianın predmet baxımından mümkünlüyünə də hüquqi qiymət verir.” Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 41-ci maddəsinə görə normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata keçirilir. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir: 41.2.1. Normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları; 41.2.2. Qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları. 42.1. Müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər. 42.2. Normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər. 44.1. Dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir. “İnformasiya əldə etmək haqqında” Qanunun: 3.0.6-cı maddəsinə görə informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir; 3.0.8-ci maddəsinə əsasən informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, internet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının tələb etdiyi informasiya açıq informasiya olmaqla, informasiya sorğusunun bilavasitə predmeti hesab olunmadığından həmin məsələ ilə bağlı mübahisənin də inzibati məhkəmə icraatında müdafiəsi mümkün deyildir. Məhkəmə iddianın 2-ci hissəsinə münasibət bildirirərək qeyd edir ki, iddianın 1-ci hissəsi inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən mümkün sayılmadığı üçün tələbin 2-ci hissəsi də mümkünsüz sayılmalıdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki, ən azından “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun qeyd olunan 44.1-ci maddəsinin qeyd olunan göründüyü kimi, dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir. “İnformasiya əldə etmək haqqında” Qanunun qeyd olunan 3.0.8-ci maddəsinin mənasından isə göründüyü kimi, informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, internet informasiya ehtiyatlarında yerləşdirilməsi - informasiya açıqlanması sayılır. İddiaçının da məhz sorğu vasitəsilə əldə etmək istədiyi ifnformasiya - kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə dərc edilən və ya internet ehtiyatlarında yerləşdirilən açıq informasiya olduğu halda, onun hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyü istisna edilir və əsaslandırılmış iddia kimi qəbul oluna bilməz. İPM-in 35.1-ci maddəsi də məhz nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinin tələbindən göründüyü kimi, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də İddiaçı apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5329/2021saylı, 23.04.2021-ci ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5329/2021saylı, 23.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1833/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1833/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver