Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1849/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-5369/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldırarq “mərhum oğlu X2 İİ qrup əlil olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X5 xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Şamil uşaqlıqdan ürək xəstəliklərindən əziyyət çəkir. Eyni zamanda onda əsəb xəstəliyi də var. Bununla əlaqədar o, mütəmadi olaraq müalicə olunsa da, heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçının oğluna İİ qrup əlillik təyin edilmişdir. O müstəqil şəkildə özünü idarə edə bilmədiyi üçün iddiaçı daimi olaraq ona qulluq edirdi. İddiaçı təxminən 2 il bundan əvvəl təqaüdə çıxmaq üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Həmin vaxtdan iddiaçıdan mərhum oğlu Şamilin əlilliyi barədə arayışı təqdim etməyi tələb etmişdilər. İddiaçı əlilliyi barədə vəsiqəni və həmçinin Azərbaycan Respublikası Əlillər Cəmiyyətinin üzvü olması barədə üzvlük biletinin surətini təqdim etsə də, yenə də ondan oğlunun əlilliyi barədə arayış tələb etmişdir. Ona görə iddiaçı həmin arayışın alınması ilə əlaqədar müraciət etmişdir. Belə ki, həmin bu nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubu ilə mərhum X3 əlillik vəziyyəti ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik alt sistemi”ndə məlumatın aşkarlanmaması göstərilmişdir. Həmçinin bu məktubda qeydiyyatda olduğu ərazi üzrə Tibbi- Sosial Ekspert Komissiyasına müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı həmçinin AR ƏƏSMN tabeliyində DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin idarə tərəfindən də mərhum oğluna dair hər hansı bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. Yəni işin hallarından da görünür ki, mərhum oğlu X5 saağlığında İİ qrup əlilliyi ilə əlaqədar təqaüd alsa da və bununla əlaqədar müvafiq əlillik vəsiqəsi ona verilsə də, ya cavabdehin əməkdaşlarının səhlənkarlığı üzündən, ya da başqa səbəblərdən mərhum oğluna dair məlumatlar və müvafiq sənədlər aşkar olunmamışdır. Bu isə hal-hazırki vəziyyətdə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-5369/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o təxminən 3 il bundan əvvəl təqaüdə çıxmaq üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Həmin vaxt ondan mərhum oğlu Şamilin əlilliyi barədə arayışı təqdim etməyi tələb etmişlər. O, da mərhum oğlunun əlilliyi barədə vəsiqəsini və həmçinin Azərbaycan Respublikası Əlillər Cəmiyyətinin üzvü olması barədə üzvlük biletinin surətini təqdim etsə də, yenə də ondan oğlunun əlilliyi barədə arayış tələb etmişlər. Ona görə də o, həmin arayışın alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif idarələrinə müraciət etmişdir. Lakin hər dəfə müraciət etdiyi idarə onu digər başqa bir idarəyə göndərməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmış və son nəticə etibarilə də həmin arayış ona təqdim edilməmişdir. Ona görə də o, məcbur olub hal-hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı inzibati Məhkəməsinin 2-1(112)-5369/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hesab edir ki, məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə istinad etmiş və həmin Əsasnamədə nazirliyin hər hansı bir arayış vermək vəzifəsini göstərmədiyini qeyd etməklə onun iddiasının mümkünsüzlüyü qənaətinə gəlmişdir. Bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin və həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.2 və 3.3 və 3.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, inzibati işin sənədlərindən də görünür ki, onun iddia ərizəsi məhkəmə tərəfindən baxılması təxminən bir il çəkmişdir. Lakin bu bir il ərzində məhkəmə tərəfindən ona İPM-nin 13-cü maddəsində göstərilən yardım etmək vəzifəsi icra olunmamışdır. Belə ki, əgər məhkəmə belə qənaətə gəlmişdirsə ki, o, iddianı lazımi cavabdehə qarşı verməmiş, onda məhkəmə ona yardım etmək vəzifəsindən irəli gələrək cavabdehin əsl cavabdehi əvəz etməsi barədə təklif verməklə öz borcunu yerinə yetirməli idi. Lakin işin hallarından da görünür ki, məhkəmə tərəfindən ona bununla əlaqədar heç bir yardım göstərilməmişdir. Bu isə özlüyündə məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının tələblərinin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu qərarında açıq-aydın göstərilmişdir ki: 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-5369/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etmiş və qərardadını belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və məhkəmə sorğularına cavablardan iddiaçının mərhum oğlunun əlilliyi barədə məlumat və əlilliyə dair pensiya ödənişlərinin olması aşkar edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati işin sənədlərindən də görünür ki, iddiaçının iddia ərizəsinin məhkəmə tərəfindən baxılması təxminən bir il çəkmişdir. Lakin bu bir il ərzində məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsində göstərilən yardım etmək vəzifəsi icra olunmamışdır. Belə ki, məhkəmə iddianın lazımi cavabdehə qarşı verilib-verilmədiyini müəyyən etməli, cavabdehin əsl cavabdehlə (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) əvəz etməsi barədə təklif verməklə öz xidməti vəzifəsini yerinə yetirməli idi. Bu isə özlüyündə məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının tələblərinin pozulması deməkdir. Belə ki, həmin Plenum qərarında göstərilmişdir ki: 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Beləliklə, işin hallarından da görünür ki, məhkəmə tərəfindən qanunun bu normaları pozulmuşdur. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində iddiaçının mərhum oğluna pensiyanın təyin edilməsi və müvafiq ödənişlərin olunması barədə cavabdeh orqanda hər hansı bir məlumatın aşkar edilməməsi qənaətinə görə də iddianı qeyri-mümkün hesab etmişdir. Lakin iddiaçı məhkəməyə oğluna əlillik dərəcəsinin təyin olunması ilə əlaqədar əlillik vəsiqəsini və həmçinin onun Əlillər Cəmiyyətinin üzvü olması barədə üzvlük biletinin surətini təqdim etsə də, məhkəmə bunlara sübut kimi düzgün qiymət verməmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, həmin pensiya Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı tərəfindən ödənilmişdir, lakin məhkəmə həmin banka müvafiq ödənişlərin olması barədə sorğu verməmiş və bununla da işin halları tam araşdırılmamışdır. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi sənədlərə istinad etmişdir ki, bu da ədalətli məhkəmə araşdırmasına xidmət edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(112)-5369/2024 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1849/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1849/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver