Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-185/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluğu vəzifələrində qulluq stajına görə 02.05.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona dövlət qulluğu vəzifələrində qulluq stajına görə 02.05.2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4785/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Ona məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 18.12.1976-cı il tarixdən 01.08.1979-cu il tarixədək Lenin adına İnstitutun dil-ədəbiyyat fakültəsində 2 il 7 ay 12 gün olmaqla katibə-makinaçı, 01.09.1979-cu il tarixdən 28.08.1980-ci il tarixədək həmin institutun dil-ədəbiyyat fakültəsində 11 ay 28 gün olmaqla katibə, 06.07.1983-cü il tarixdən 20.02.1984-cü il tarixədək Azərbaycan SSR X12 üzrə Dövlət Komitəsinin Bakı mal-nəqliyyat yükboşaltma neft bazasında 7 ay 14 gün olmaqla mühasib, 04.06.1986-cı il tarixdən 07.01.1987-ci il tarixədək Bakı şəhər X4 mühasibatlığın uçot-nəzarət qrupunda 7 ay 3 gün olmaqla mühasib, 26.01.1987-ci il tarixdən 01.01.1988-ci il tarixədək SSRİ Dövlət Aqrosənaye Komitəsinin X8 Fumiqasiya Dəstəsində 1 il 25 gün olmaqla böyük mühasib, 01.01.1988-ci il tarixədən 23.01.1995-ci il tarixədək 7 il 22 gün olmaqla birinci kateqoriyalı mühasib, 23.01.1995-ci il tarixdən 11.02.2000-ci il tarixədək isə 5 il 19 gün olmaqla aparıcı iqtisadçı vəzifəsində işləmiş, 11.02.2000-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X15 Müfəttişliyinin ləğv edilməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. İddiaçı dövlət qulluğu üzrə əmək stajına əsasən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********9 saylı 22.05.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya yaşına (hazırda qadınlar üçün 61,5 yaş) çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Ərizəçinin sığorta stajı 25 ildən az (17 il 10 ay 12 gün) olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7, 20.11.1 və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda bildirilmişdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Lakin onun dövlət qulluğunda iş stajı 13 il 15 gün təşkil edir. Bundan sonra İddiaçı cavabdeh inzibati orqana qarşı hazırki tələblə məhkəməyə müraciət edərək “ona dövlət qulluğu vəzifələrində qulluq stajına görə 02.05.2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının 02.05.2015-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbini onunla əsaslandırmışdı ki, o, uzun illər dövlət qulluğunda mühüm əhəmiyyəti olan vəzifələrdə çalışmışdır. Lakin hal-hazıra qədər ona nə dövlət qulluğu stajına görə, nə də ümumi iş stajına görə əmək pensiyası təyin edilməmişdir. Cavabdeh inzibati orqana 12.05.2020-ci il tarixli ərizə ilə müraciət edərək dövlət qulluğu üzrə əmək stajına əsasən ona əmək pensiyasının təyin edilməsi üçün tədbirlər görülməsini xahiş etmiş, lakin tələbinin təmin olunmasından cavabdeh imtina etmişdir. Hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır və qanuna ziddir. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunda ilk öncə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsaslanır və qeyd edir ki, həmin qanunun tələblərinə əsasən onun yaşa görə pensiya hüququ yoxdur. Lakin həmin normanın tələbləri ona şamil edilə bilməz. Belə ki, onun əmək pensiya hüququ 02.05.2015-ci il tarixində yaranmışdır və həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən dövlət qulluğu stajına görə əmək pensiyası hüququ 2015-ci ildə artıq mövcud idi. Cavabdehin imtina məktubunda qeyd etdiyi maddi hüquq norması 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minmişdir. Həmin maddi hüquq norması onun hüquqi vəziyyətini ağırlaşdırdığına görə qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qanunvericiliyin tələblərindən də görünür ki, hazırkı mübahisəyə 2017-ci ilin 1 iyuluna qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun normaları tətbiq edilməlidir. 2017-ci ilin 1 iyuluna qədər qüvvədə olmuş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan qanunvericiliyin normaları baxımından müəyyən olunur ki, 02.05.2015-ci il tarixdə onun 57 yaşı tamam olmuş və 5 il sığorta stajına malik olmuşdur. Bu halı təsdiq edən şəxsiyyət vəsiqəsi və əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Cavabdeh inzibati orqan öz imtina məktubunda dövlət qulluğu üzrə stajının 13 il 15 gün olduğunu təsdiq edir, bu hal işin mübahisəsiz halıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qulluğuna dair inzibati və yardımçı vəzifələrin təsnifat toplusunun siyahısında dövlət qulluğunda çalışdığı vəzifələr konkret olaraq göstərilmişdir. Ona pensiya təyin edilərkən 01 iyul 2017-ci ilə qədər qüvvədə olan qanunun tələbləri nəzərə alınmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar idarədə araşdırma aparılmış və bu zaman müəyyən edilmişdir ki, iddiaçının dövlət qulluğunda iş stajı 13 il 15 gün, ümumi iş stajı 17 il 10 ay 12 gündür. “Dövlət qulluğu haqqında” Qanunun 23.1-cı maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində göstərilmişdir ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11.1-ci maddəsində göstərilmişdir ki, dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının dövlət qulluğunda iş stajı qanunvericilikdə qeyd edilən iş stajından az olduğundan iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4785/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı dövlət qulluğu vəzifələrində qulluq stajına görə 02.05.2015-ci il tarixindən əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləği müəyyən edilərkən 01.07.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının 02.05.2015-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4785/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdı ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının İdarəyə eyni məzmunlu müraciəti ilə əlaqədar verilmiş imtina məktubunda iddiaçının dövlət qulluqçusu kimi 13 il 15 gün işləməsi qeyd edilsə də, aparılmış əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr dövlət qulluqçusu vəzifələri olmadığından onun dövlət qulluqçusu kimi iş stajı yoxdur. “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Dövlət qulluqçularının pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. İddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin əmək kitabçasında qeyd edilən “mühasib” və “aparıcı iqtisadçı” vəzifələri Azərbaycan Respublikası Prezidentinin 290 sayllı 01 sentyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan, daha sonra isə Nazirlər Kabineti tərəfindən həmin siyahıya əlavə edilmiş vəzifələrdə göstərilməmiş və məhz bu səbəbdən də həmin vəzifələr dövlət qulluğuna aid olan vəzifələr kimi qəbul edilə bilməz. Bu səbəbdən də iddiaçının iddiası rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qərarında “Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005ci il tarixli 290 nömrəli fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qulluğuna dair inzibati və yardımçı vəzifələrin təsnifat toplusunun siyahısında dövlət qulluğunda çalışdığı vəzifələr konkret olaraq göstərilmişdir” cümləsini qeyd etsə də, iddiaçının işlədiyi vəzifələrin yuxarıda adı qeyd edilən Fərman və Qərarın hansı bəndində göstərilməsini qeyd etməmiş, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən onun işlədiyi peşələrin dövlət qulluqçusu peşələri olması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinə dair etirazın dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətində hər hansı fakta və normaya əsaslanmamış, yalnız birinci instansiya məhkəməsində iddia ərizəsinə verdiyi etirazı və imtina məktubunu təkrarlamışdır. Birinci instansiya məhkəməsi isə işə baxarkən cavabdeh inzibati orqanın etirazını əsaslandırdığı qanunvericilik normalarının nə üçün tətbiq edilməməli olduğunu müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdıraraq, işdə olan sübutları nəzərə almaqla tamamilə obyektiv və ədalətli qərar çıxarmışdır. Cavabdehin apellyasiya şikayəti ilə bağlı bildirmişdir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki həmin norma 2017-ci il 1 iyul tarixində qüvvəyə minib. İddiaçının əmək pensiyası hüququ isə 2015-ci il 2 may tarixində yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 1.0.1-ci bəndinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun həmin vaxt qüvvədə olan 7-ci maddəsinə görə 57 yaşına çatmış qadınların azı 12 il stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qüvvədə olan norma iddiaçının hüquqi vəziyyətini ağırlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Dövlət pensiyası verilməsi üçün iddiaçının lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Cavabdeh israrla iddiaçının dövlət qulluğu üzrə iş stajının 13 il 15 gün olduğunu qeyd edir və Dövlət Qulluğu haqqında Qanunun 23-cü maddəsinə istinad edərək dövlət qulluğu üçün zəruri olan iş stajının 15 il olduğunu bildirir. Lakin qanunun həmin maddəsi 6 mart 2018-ci il tarixli qanunla 29 mart 2018-ci il tarixində qüvvəyə minmişdir. Həmin tarixə qədər iddiaçının əmək pensiyası hüququ artıq yaranmışdır və onun dövlət qulluğu üzrə əmək stajı 5 ildən çox olmuşdur. Belə olan halda iddiaçıya 15 il müddət şamil edilə bilməz. Bundan başqa iddiaçının nümayəndəsi 17.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında Nazirlər Kabinetinin möhürü əks olunmuşdur ki, bu hal da onu sübut edir ki, iddiaçı Nazirlər Kabinetinin tərkibində olan həmin idarədə çalışmışdır, əks halda Nazirlər Kabinetinin möhürünün iddiaçının əmək kitabçasında əks olunması absurd haldır. İddiaçının 26.01.1987-ci ildən çalışdığı Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin X8 Komitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə verilmiş və 1992-ci il 23 iyun tarixli 356 nömrəli qərar ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.02.2000-ci il tarixli Fərmanı ilə X13 Müfəttişliyi ləğv edilmiş və həmin dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə verilmişdir. X10 hüquqi statusu məhz dövlət orqanı kimi qeyd olunmuşdur. Əmək kitabçasındakı möhürün üzərində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bitkilərin Karantini üzrə Dövlət Müfəttişliyi sözləri yazılmışdır. Fumiqasiya Dəstəsi deyilən müəssisə olmayıb, əgər iddiaçı həmin müəssisədə çalışsaydı əmək kitabçasına məhz həmin müəssisənin adının əks olunduğu möhür əks olunardı. Bütün bu hüquqi və faktiki hallar onu deməyə əsas verir ki, iddiaçı dövlət orqanı statusu daşıyan idarədə çalışmış və dövlət qulluğu üzrə staja malikdir. Ərizədə göstərilən digər dəlillər daha öncə verilmiş apellyasiya şikayətinə dair etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X16 apellyasiya şikayətinin və ona əlavənin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 04 noyabr 2020-ci il və 03.03.2021-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi (qızı) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtina məktubunda iddiaçının dövlət qulluğunda iş stajının 13 il 15 gün təşkil etməsi göstərildiyi üçün bu hal işin mübahisəsiz halı kimi qiymətləndirilməli və iddiaçının dövlət qulluğunda əvvəlki qanunla tələb olunan 5 il iş stajının olması nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmalıdır. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı dövlət qulluğu üzrə əmək stajının mövcudluğuna istinad edərək ona bu əsasla əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan qanunvericiliyin tələbinə görə onun dövlət qulluğunda tələb olunan 15 il əvəzinə 13 il 15 gün iş stajının olmasına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə əsaslanaraq tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya hüququ 57 yaşının tamam olduğu 02.05.2015-ci il tarixdən, yəni 01.07.2017-ci il tarixədək yarandığından mübahisəyə həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi tətbiq edilməli və belə olan halda iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçının tələbi ona dövlət qulluğu vəzifələrində qulluq stajına görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının məbləği müəyyən edilərkən 01.07.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 02.05.2015-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Əvvəla, hazırki işdə iddiaçı onun 57 yaşının 02.05.2015-ci il tarixdə tamam olmasına və buna görə dövlət qulluqçusu kimi əmək pensiyasına çıxmaq hüququnun 01.07.2017-ci il tarixədək yaranmasına istinad edərək mübahisəyə həmin tarixədək qüvvədə olan maddi hüquq normasının tətbiq olunmasını istəyir. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, mübahisəyə 01.07.2017-ci il tarixədək qüvvədə olan maddi hüquq nomasının tələbləri baxımından qiymət verilsə belə, iddiaçıya dövlət qulluğu vəzifələrində çalışması ilə bağlı məhz bu əsasla əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan bütün şərtlərin ödənildiyi müəyyən olunmur. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulmuşdu ki, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. Göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu 02.05.2015-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün həmin dövrdə qüvvədə olan qanunun tələbinə görə əvvəlcə onun dövlət qulluğu vəzifəsində işlədiyi ən azı tələb olunan 5 il iş stajının olması mütləqdir. Hazırki işdə iddiaçının istinad etdiyi və birinci instansiya məhkəməsinin də dövlət qulluğu vəzifələrinə aid etdiyi staj 26.01.1987-ci il tarixdən 11.02.2000-ci il tarixədək SSRİ Dövlət Aqrosənaye Komitəsinin X8 Fumiqasiya dəstəsində (sonradan adı dəyişdirilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X2muşdur) işlədiyi dövrü əhatə edir. İşə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasına çıxmaq üçün onun dövlət qulluğu vəzifələrində işlədiyi qulluq stajına görə 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun və 29.03.2018-ci il tarixə qədər qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Qanunun tələblərini nəzərə alaraq 02.05.2015-ci il tarixdən əmək pensiyası təyin edilməsi qənaətinə gəlsə də, bu nəticəni yetərli qədər qərarında əsaslandırmamışdır. Belə ki, iddiaçının sözügedən dövrdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qulluğuna dair inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən məhz hansı dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığı məhkəmə qərarında dəqiq qeyd olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının işlədiyi orqan və vəzifələrin dövlət qulluğu sahəsinə aid olub-olmamasını, həmçinin iddiaçının dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin ödənilib-ödənilmədiyini yoxlamaq məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə müvafiq sorğu göndərmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 20.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda göstərilmişdi ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixi 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı'na əsasən həyata keçirilir. Lenin adına İnstitutun dil ədəbiyyat fakültəsində katibəmakinaçı, katibə vəzifələrində iş müddətinə dair bildirilmişdi ki, adı çəkilən Siyahıda hər hansı təhsil müəssisəsində, o cümlədən Lenin adına İnstitutda mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığndan həmin İnstitutun dil ədəbiyyat fakültəsində katibəmakinaçı, katibə vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. Azərbaycan SSR X12 üzrə Dövlət Komitəsinin Bakı mal-nəqliyyat yükboşaltma neft bazasında mühasib vəzifəsində iş müddətinə dair bildirilmişdi ki, adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 17 avqust tarixli 340 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR X18 ilə Təminat Komitəsi haqqında Əsasnamə"dən müəyyən edilir ki, neft bazaları Azərbaycan SSR X18 ilə Təminat Komitəsinin tabeliyində fəaliyyət göstərmişdir. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin tabeliyində fəaliyyət göstərmiş qurumlarda mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından həmin Komitənin tabeliyində fəaliyyət göstərmiş neft bazalarında mövcud olmuş vəzifələrdə, o cümlədən mühasib vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. Eyni zamanda Bakı şəhər X6 mühasibatlığın uçot-nəzarət, qrupunda mühasib vəzifəsində iş müddətinə dair bildirilmişdi ki, adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. "Azərbaycan SSR rabitə sahəsinin idarə edilməsinin baş sxemi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 2 noyabr tarixli 392 nömrəli qərarına 1 nömrəli Əlavəyə əsasən Bakı telefon rabitəsi istehsalat birliyi Azərbaycan SSR Rabitə Nazirliyinin tabeliyində fəaliyyət göstərmişdir. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin tabeliyində fəaliyyət göstərmiş qurumlarda mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından həmin Nazirliyin tabeliyində fəaliyyət göstərmiş Bakı telefon rabitəsi istehsalat birliyində mövcud olmuş vəzifələrdə, o cümlədən mühasib vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında, 1.16-cı bəndində isə ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. "SSRİ Aqrosənaye Komitəsinin strukturu, say tərkibi və idarəetmə orqanları sisteminin işçilərinin əməyinin ödənilməsi şərtləri haqqında" SSRİ Nazirlər Sovetinin 1985-ci il 30 noyabr tarixli 1169 nömrəli qərarına 1 nömrəli Əlavəyə əsasən SSRİ Aqro-sənaye Komitəsinin mərkəzi aparatının strukturu, 2 nömrəli Əlavəyə əsasən Komitənin yanında əsas təşkilatların siyahısı, Azərbaycan SSR AqroSənaye Komitəsinin strukturu və say tərkibi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 22 yanvar tarixli qərarına 1 nömrəli Əlavəyə əsasən isə Azərbaycan SSR Aqrosənaye Komitəsinin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Qeyd edilən əlavələrdə SSRİ Dövlət Aqrosənaye Komitəsinin X11 Müfəttişliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin Müfəttişliyin hüquqi statusunu müəyyən etmək mümkün olmamışdır. SSRİ Dövlət Aqrosənaye Komitəsinin X11 Müfəttişliyi ittifaq- respublika tabeliyində olan dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə və büdcədən maliyyələşdirilmişsə, eyni zamanda Fumiqasiya dəstəsi X11 Müfəttişliyinin aparatında fəaliyyət göstərmişsə, həmin Müfəttişliyin Fumiqasiya dəstəsinin böyük mühasibi, birinci kateqoriyalı mühasib, aparıcı iqtisadçı vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilər. Məhkəmə kollegiyası iddiaçının 26.01.1987-ci il tarixdən 11.02.2000-ci il tarixədək böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələrində işlədiyi SSRİ Dövlət Aqrosənaye Komitəsinin X8 Fumiqasiya dəstəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 290 nömrəli 1 sentyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında bəzi vəzifələr, o cümlədən iqtisadçı, mühasib vəzifələri, 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında orqanın rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın Müvəkkili, orqanın rəhbərinin birinci müavini, müavini, müstəqil idarənin, şöbənin rəisi, ümumi şöbənin rəisi, baş mütəxəssisi, dini ayinlər üzrə böyük inspektor, dini ayinlər üzrə inspektor, aparıcı mütəxəssis, 1-ci və 2-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələri, 1.19-cu bəndində isə Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında idarə rəhbəri, idarə rəhbərinin müavini, idarə və şöbə rəisi, baş mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, mütəxəssis vəzifələri dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, adı çəkilən Siyahıda müvafiq dövrdə dövlət komitələrinin, Nazirlər Soveti yanında baş idarələrin, digər idarəetmə orqanlarının yalnız aparatında olan bəzi vəzifələrin, həmçinin Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan adı çəkilən vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İddiaçının 26.01.1987-ci il tarixdən 11.02.2000-ci il tarixədək SSRİ Dövlət Aqrosənaye Komitəsinin X8 Fumiqasiya dəstəsində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X15 Müfəttişliyində işlədiyi böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələri isə dövlət komitəsinin, Nazirlər Soveti yanında baş idarənin (digər idarəetmə orqanının) aparatında olan vəzifəyə, həmçinin Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan vəzifələrə uyğunlaşdırmaq olmaz. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, SSRİ Dövlət Aqrosənaye Komitəsinin X11 Müfəttişliyi ittifaq- respublika tabeliyində olan dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərsəydi və büdcədən maliyyələşdirilsəydi belə, hazırki işdə iddiaçı böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələrində işləmişdir ki, həmin vəzifələri də X11 Müfəttişliyinin aparatında olan yuxarıda adı çəkilən vəzifələrə (Siyahıya əsasən hətta aparatda böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələri nəzərdə tutulmamışdır) aid etmək və iş müddətini dövlət qulluğunda qulluq stajı kimi nəzərə almaq mümkün deyil. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1007-ci il 15 may tarixli 77 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 290 nömrəli 1 sentyabr 2005-ci il tarixli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında da yalnız Azərbaycan SSR (Naxçıvan MSSR) X22 Heyətinin aparatında, X20 X7 Sovetinin İcraiyyə Komitəsinin aparatında, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, Şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində, Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) Nazirlər Kabineti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mərkəzi aparatında, Azərbaycan Respublikası Milli Ləl-Cəvahirat Fondunun aparatında, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Sirrinin mühafizəsi üzrə İdarələrarası Komissiyanın işçi qrupunda olan bəzi vəzifələr nəzərdə tutulmuşdur ki, həmin vəzifələr sırasında da iddiaçının işlədiyi böyük mühasib, birinci kateqoriyalı mühasib və aparıcı iqtisadçı vəzifələri yoxdur. Belə olan halda iddiaçının 26.01.1987-ci il tarixdən 11.02.2000-ci il tarixədək işlədiyi vəzifələrin məhz dövlət qulluğuna aid edilməsinə istinad etməklə pensiyasının yenidən hesablanması barədə tələbi əsassızdır və təmin edilə bilməz. O ki qaldı iddiaçının “cavabdehin imtina məktubunda iddiaçının dövlət qulluğunda iş stajının 13 il 15 gün təşkil etməsi göstərildiyi üçün bu halın işin mübahisəsiz halı olması” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina məktubunda iddiaçının dövlət qulluğundakı iş stajının 13 il 15 gün təşkil etməsinin göstərilməsi həmin halın məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qiymətləndirilməsi, buna görə də iddiaçının ƏPQ-nun əvvəlki redaksiyasına görə tələb olunan 5 il dövlət qulluğu stajının olması, iddiaçının ümumiyyətlə dövlət qulluğunda iş stajının olub-olmaması məsələsinin araşdırılmaması üçün əsas vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin olunması üçün qanunla müəyyən edilən bütün şərtlərin (tələblərin) ödənilib-ödənilmədiyini yoxlamaq inzibati prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin xidməti vəzifəsinə aid olduğuna görə mübahisənin həlli istiqamətində hüquqi dəyərləndirmə yalnız cavabdeh inzibati orqanın verdiyi imtna məktubunda göstərilən dəlillər əsasında aparıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş 17.05.2021-ci il tarixli ərizədə göstərilən dəlillərə münasibətdə Kollegiya hesab edir ki, həmin dəlillər də əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında Nazirlər Kabinetinin möhürünün olması və iş yeri kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bitkilərin Karantini üzrə Dövlət Müfəttişliyinin adının göstərilməsi iddiaçının yuxarıda adı çəkilən Komitə və idarəetmə orqanlarının aparat işçisi olub, Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan müvafiq Siyahılarda göstərilən dövlət qulluğu vəzifələrində işləməsi kimi qəbul edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona dövlət qulluğunda işlədiyini nəzərə alaraq bu əsasla əmək pensiyasının təyin edilməsi barədə tələbi əsassız olduğu üçün həmin tələbi rədd edildiyindən, həmin tələbin davamı olaraq verdiyi- ona əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4785/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4785/2020 saylı 24 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-185/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-185/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver