Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1855/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibatı Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(112)-3328/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında” Əsasnamənin müddəalarının iddiaçıya şamil edilməməsinə və onun rus dilini (xarici dil) bilmək səviyyəsinin yoxlanılaraq qiymətləndirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında” Əsasnamənin müddəalarının ona şamil edilməməsini, rus dilini (xarici dil) bilmək səviyyəsinin yoxlanılaraq qiymətləndirilməsini və nəticədə xarici dil bildiyi üçün vəzifə maaşına pul əlavəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun təminat xərcliyinə hesablanması və təminat xərcliyində baş verən artım barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (641 nömrəli hərbi hissə, Xüsusi Təyinatlı Mərkəz) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi vəzifəsindən ehtiyata buraxılmışdır. Həmin zamanlarda, yəni 2019-cu ilin noyabr-dekabr aylarında, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərini təmin etmək məqsədilə (xarici dil bilməyə görə vəzifə maaşlarına pul əlavəsinin ödənilməsi) Azərbaycan Ordusunda rus dili istisna olmaqla, bir neçə dildən imtahanlar keçirilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməsi”si 2017ci ilin oktyabr ayından qüvvədə olmasına baxmayaraq, bu imtahanlar ilk dəfə yalnız 2 il sonra keçirilmişdir. Əsasnamənin tələblərinə əsasən bu imtahanlar rus dilində də keçirilməli idi. Əgər rus dilini bilməyə görə vəzifə maaşlarına pul əlavəsinin verilməsi nəzərdə tutulmayıbsa, bu istisna Əsasnamədə və ya digər hər hansı bir rəhbər sənəddə öz əksini tapmalı idi. Lakin heç bir rəhbər sənəd olmadan şifahi olaraq rus dili xarici dili kimi qəbul edilməyib. Əslində rus dilinin xarici dil kimi öyrənilməsi üçün bir çox digər səbəblər də mövcuddur. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının hər il Rusiya Federasiyasının təşkil etdiyi “X3”nda geniş təmsil olunmasını və sairə misal çəkmək olar. Bu məsələ ilə bağlı 05.02.2020-ci il tarixdə məhkəməyə müraciət olunsa da, məhkəmənin gedişində bildirilmişdir ki, iddiaçı bununla bağlı əvvəlcə Müdafiə Nazirliyinə müraciət etməli idi. Bundan sonra, o, 03.11.2020-ci il tarixdə bu məsələ ilə bağlı məktubla Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Sözügedən Əsasnamə iddiaçının rus dili ilə bağlı məhkəməyə müraciətindən 5 ay sonra hazırlanıb və qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, Əsasnamənin iddiaçıya aidiyyəti ola bilməz. Digər tərəfdən iddiaçı qeyd edir ki, Azərbaycan Ordusu hərbi qulluqçularının xarici dil bilməsi yalnız Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetlərinə əsasən yox, həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Ordusunun kəşfiyyat fəaliyyətinə əsaslanmalıdır. Bu ilk növbədə Azərbaycan Respublikası ilə həmsərhəd dövlətlərin dillərinin öyrənilməsinə yönəlməlidir. Bu səbəbdən kəşfiyyat bölmələrinin döyüş hazırlığı proqramlarına xarici dil (kəşfiyyat hissə və bölmələrinin yerləşməsindən asılı olaraq həmsərhəd ölkənin dilinə müvafiq) tədris fənni olaraq daxil edilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 14.01.2021-ci il tarixli, 11/149 nömrəli etirazda göstərilmişdir ki, iddiaçı hərbi xidmətdən ethiyata buraxıldığı zaman xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin almaq hüququnu olmadığından, rus dili “Avropa və Şərq” dillərinin təsnifatlandırılmasına daxil olmadığından onun tələbi mümkünsüzdür. Müdafiə nazirinin 07.07.2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsi Azərbaycan Ordusunda xidmət edən, vəzifəsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dəlillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısında olan, qeyd edilən “Avropa və Şərq” dillərinin təsnifatlandırılmasında göstərilən dilləri əla, çox yaxşı və yaxşı səviyyədə bilən hərbi qulluqçulara 3 il müddətində verilir. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3328/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin hesablanması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək və tərəflərindən təqdim edilmiş etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı xarici dil imtahanlarında iştirak etməmişdir, ümumiyyətlə həmin imtahanlarda rus dilindən imtahan nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş və 05.10.2020-ci il tarixli 11/4793 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina edilərək ona bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin 15-ci bəndinə əsasən xarici dilləri bilən və təcrübi işlərində bu dillərdən istifadə edən Azərbaycan Ordusunun hərbi qulluqçularına vəzifə maaşlarına şərq dillərini bilmək üçün – 15%, avropa dillərini bilmək üçün – 10% həcmdə pul əlavəsi verilir. Pul əlavəsinin verilməsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısı əsasında həyata keçirilir. Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnamənin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsi Azərbaycan Ordusunda xidmət edən, vəzifəsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dəlillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısında olan, qeyd edilən “Avropa və Şərq” dillərinin təsnifatlandırılmasında göstərilən dilləri əla, çox yaxşı və yaxşı səviyyədə bilən hərbi qulluqçulara 3 il müddətində verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən hərbi qulluqçuların yaşa görə əmək pensiyasının məbləği onun təminat xərcliyindən (pul təminatından hesablanır) Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonraki artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd edilənləri və hərbi xidmətdən buraxıldığı zaman xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin almaq hüququnun olmadığı nəzərə alaraq, əmək pensiyasının təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqinə xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinə görə vəzifə maaşının faiz əlavəsinin hesablanması haqda məkumatının əlavə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin həm əvvəlki, həm də hazırki redaksiyasına görə, xarici dil biliyinə görə əlavənin verilməsi yalnız avropa və ya şərq dillərinin təsnifatlandırılması üzrə dil biliyinə malik olan hərbi əməkdaşlara şamil olunur. Həmin təsnifatda rus dili nəzərdə tutulmadığından, həmçinin, rus dili slavyan dili qrupuna aid olduğundan, xarici dil biliyinə görə nəzərdə tutulmuş əlavənin verilməsi ilə bağlı müddəa iddiaçıya şamil oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edərək aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi tələbin qanuni əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsi təşkil edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına görə iddiaçı hərbi xidmətdən ehtiyata 2019-cu ildən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmışdır. Hazırda tərəflər arasında mübahisənin yaranma səbəbi iddiaçının rus dili üzrə bilik səviyyəsinə malik olduğu halda, hərbi xidmətdə olduğu dövrdə, onun xarici dil biliyi səviyyəsinin yoxlanılmaması və qanunvericilikdə nəzərdə tutulmuş pul əlavəsinin hesablanmamış olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin normaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin 15-ci bəndinə əsasən xarici dilləri bilən və təcrübi işlərində bu dillərdən istifadə edən Azərbaycan Ordusunun hərbi qulluqçularına vəzifə maaşlarına şərq dillərini bilmək üçün – 15%, avropa dillərini bilmək üçün – 10% həcmdə pul əlavəsi verilir. Pul əlavəsinin verilməsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısı əsasında həyata keçirilir. Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnamənin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsi Azərbaycan Ordusunda xidmət edən, vəzifəsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dəlillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısında olan, qeyd edilən”Avropa və Şərq” dillərinin təsnifatlandırılmasında göstərilən dilləri əla, çox yaxşı və yaxşı səviyyədə bilən hərbi qulluqçulara 3 il müddətində verilir. Şərh olunan normativ hüquqi aktın normalarından aydın olur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnaməsinin həm əvvəlki, həm də hazırki redaksiyasına görə, xarici dil biliyinə görə əlavənin verilməsi yalnız avropa və ya şərq dillərinin təsnifatlandırılması üzrə dil biliyinə malik olan hərbi əməkdaşlara şamil olunur. Yeganə fərq odur ki, rus dilinin həmin təsnifatlandırmaya, yəni avropa və şərq dilləri qrupunun alt qrupuna aid olmaması isə Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsində göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xarici dil biliyinin yoxlanılması və qiymətləndirilməsi zamanı qanunvericilikdə ümumiyyətlə avropa və şərq dillərinin təsnifatlandırılmasında rus dili nəzərdə tutulmadığından, iddiaçının həmin xarici dil üzrə biliyinin olub-olmaması hər hansı bir hüquqi nəticənin yaranmasına səbəb olmur. Odur ki, apellyasiya şikayəti formal mülahizə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3328/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1855/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1855/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver