Məhkəmə qərarları › İş №2-1(103)-1861/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1861/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1861/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndələri X4 (baş mütəxəssis) və X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2019-cu il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyn edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı hazırki tələb ilə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, eyni müəssisədə və eyni əmək fəaliyyətini icra edən pensiya təyin olunmuş şəxslərin pensiya məbləği ona təyin olunan məbləğdən daha yüksəkdir. Bu səbəbdən onun əmək pensiyası məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyası topladığı sığorta kapitalına əsasən 159,09 (36.273,77: 228 ay (64 yaş – 57 yaş = 84+144)) manat müəyyən edilmiş və xx.xx.2019-cu il tarixdən əmək pensiyalarının minimum məbləğinin 200 manat artırılması ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyasının məbləği həmin tarixdən 200 manata çatdırılmışdır. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəssi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2022-ci il tarixdən etibarən 268,62 manat təşkil edir. Bilial Nəsrullayevə güzəştli şərtlərlə pensiya təyinatı zamanı nəzərə alınan xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 26 il 08 gün, güzəştli iş stajı 20 il 02 ay 20 gün təşkil edir. Qeyd olunanlardan da göründüyü kimi İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə pensiya məbləği yenidən hesablanmış və hər hansı fərq məbləği yaranmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, əmək pensiyasının yenidən hesablanması barədə 25 noyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyası xx.xx.2019-cu il tarixdə 122,48 manat, xx.xx.2019-cu il tarixdə 160 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 233.20 manat və xx.xx.2021-ci il tarixdən 259.78 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği ilkin olaraq 122,48 manat müəyyən olunmuşdur. Bundan sonra müvafiq artımlara əsasən əmək pensiyasının məbləği 259.78 manata çatdırılmışdır. İddiaçı qeyd edir ki, o, 1985-ci il tarixdən etibarən əmək müqaviləsi üzrə fəaliyyətə başlamaqla 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 26 il 8 gün olması əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması həyata keçirilməmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq artırılması üçün cavabdehə müraciət etmiş, müraciətə cavab olaraq isə cavabdeh tərəfindn aparılan hesablamalar düzgün olmamış, bununla da iddiaçıya pensiya məbləğinin ödəməli olan məbləğdən daha az təşkil etmişdir. İddiaçı qeyd edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İş üzrə müvafiq ekspertizanın keçirilməsindən məlumatı olmamış, əmək fəaliyyəti dövrü mübahisələndirilməyinə baxmayaraq, 1-ci instansiya məhkəməsi tərəfindən tələb üzrə deyil , hakimin mülahizələrinə əsasən qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, Əmək pensiyasının yenidən hesablanması barədə 25 noyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyası xx.xx.2019-cu il tarixdə 122,48 manat, xx.xx.2019-cu il tarixdə 160 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 233,20 manat və xx.xx.2021-ci il tarixdən 259,78 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza mərkəzinin ekspert rəyindən görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hal-hazırki tarixədək olan dövr üzrə hesablanmasında uyğunsuzluq müəyyən edilmir. Yəni, iddiaçının əmək pensiyası topladığı sığorta kapitalına əsasən 164,51 (37507,15:228 ay (64 yaş-57 yaş=84+144)) manat müəyyən edilib. "Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilmiş və həmin Qanunun hazırda qüvvədə olan 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən iddiaçının əmək pensiyasının məbləği həmin tarixdən 285,28 manata çatdırılması müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. 6-1.Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 10.4.Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun əvvəlki redaksiyasında qeyd olunmuşdur ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 180 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 45.1.Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir. İllər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi və indeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı aşağıdakı kimi olmuşdur: 2006-cı il- 8,3-8415.0 ; 2007-ci il- 16,7-9113.4; 2008-ci il- 20.8-10635.4; 2009-cu il- 1.5- 12847.6; 2010-cu il- 5.7- 13040.3; 2011-ci il- 7.9- 13783.6; 2012-ci il- 1.1-14872.5; 2013-cü il- 2.4- 15036.1; 2014-cü il- 1.4 -15396.9; 2015-ci il-4.0-15612.5; 2016-cı il-12.4- 16237.0; 2017-ci il- 18250.4. Qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır.Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Məhkəmələr tərəfindən işin araşdırılmış hallarından görünür ki, İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı zamanı cavabdeh iddiaçının xx.xx.2005-ci il tarixinədək ümumi iş stajının 26 il 8 gün (xx.xx.1978-xx.xx.1979- cu il, xx.xx.1979xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1984cü il, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 20 il 2 ay 20 gün (xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini nəzərə almışdır. Qeyd olunmalıdır ki, iddiaçının ümumivə ya güzəştli iş stajının nəzərə alınan stajdan az və ya çox olması mübahisələndirilmir, ümumiyyətlə bu hal tərəflər arasında mübahisə doğurmayan haldır. İddiaçı onunla eyni vəzifədə işləyən şəxslərin daha çox pensiya aldığına istinad edərək əmək pensiyasının yenidən hesablanmalı olması qənaətindədir. Halbuki, iddiaçı onunla eyni vəzifədə və eyni staja malik olan şəxslərin daha yüksək əmək pensiyası aldığını sübuta yetirə bilməmiş, sadəcə formal mülahizələrə əsaslanaraq bu nəticəyə gəlmişdir. Halbuki, təqdim olunmuş ekspert rəyindən və digər sənədlərdən müəyyən olunur ki, iddiaçıya təyin olunmuş pensiya məbləği müvafiq olaraq qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Belə ki, bir daha qeyd olunur ki, əmək pensiyasının hesablanma qaydası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən edilir. Belə ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdaki düsturla müəyyən edilir: SH=PSK/T, burada: SH-yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSKsığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilie. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə (57 yaş) Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş) ayların sayı qədər artırılır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Fililalın Pensiya təyinatı departamentinin Monitorinq şöbəsinin baş mütəxəssisi X4 iddiaçıya məxsus pensiya işinin əslini təqdim edərək izahatında bildirdi ki, ilkin olaraq İddiaçı əmək pensiyası topladığı sığorta kapitalına əsasən 164,51 (37507,15:228 ay (64 yaş-57 yaş=84+144)) manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilmiş və həmin Qanunun hazırda qüvvədə olan 26.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən adıçəkilən şəxsin əmək pensiyasının məbləği həmin tarixdən 285,28 manata çatdırılmışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçı əmək pensiyasının düzgün hesablanmaması ilə bağlı mülahizələr irəli sürsə də, nə iddia tələbində, nə də ki, apellyasiya şikayətində hesablama zamanı cavabdeh tərəfindən hansı səhvə yol verildiyini, ümumiyyətlə onun ümumi iş stajı və ya fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının səhv olduğunu sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü mülahizələr formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrəinzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, həm maddi, həm də prosessual qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin artırılması üçün əsaslar mövcud olmamışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar