Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1869/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2187/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2187/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Antiınhisar və İslehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri ilə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarın ləğvi edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, “Puma SE” şirkətinin nümayəndəsi X1 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 03.06.2020-ci il tarixdə daxil olmuş müraciətində “Puma SE” şirkətinə məxsus “PUMA” beynəlxalq əmtəə nişanından ünvan 1 ünvanında fiziki şəxs İddiaçı (VÖEN: **********) məxsus “Motorsport” (keçmiş “BMW Life") adlı mağazada qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 10.06.2020-ci il tarixli, AİBNDX-05/01-5/208 nömrəli məktubundan görünür ki, fiziki şəxs İddiaçı “PUMA" əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin, habelə adı çəkilən əmtəə nişanlı malların alış sənədlərinin və onlara aid sertifikatların müvafiq qaydada təsdiq edilmiş surətləri, məktubun alındığı tarixə qeyd olunan malların qalığı barədə (malın adı, qablaşdırma növü, məhsulun vahidinin həcmi, sayı, mədaxil və satış qiymətləri) məlumatlar tələb edilmişdir. İş materiallarında olan fiziki şəxs İddiaçı Dövlət Xidmətinə ünvanladığı 29.06.2020ci il tarixli məktubunda yaranmış vəziyyətlə bağlı “Puma” şirkətinin Azərbaycandakı rəsmi distribütoru ilə danışıqlara başladığını, mağazanın içində və çölündə olan “Puma” loqosunun tezliklə çıxarılacağını, eyni zamanda həmin loqodan sosial şəbəkələrdə istifadənin dayandırılacağını bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 08.07.2020-ci il tarixli, 05/01-5/399 nömrəli məktubundan görünür ki, fiziki şəxs İddiaçı “PUMA” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin, habelə adıçəkilən əmtəə nişanlı malların alış sənədlərinin və onlara aid sertifikatların müvafiq qaydada təsdiq edilmiş surətləri, məktubun alındığı tarixə qeyd olunan malların qalığı barədə (malın adı, qablaşdırma növü, məhsulun vahidinin həcmi, sayı, mədaxil və satış qiymətləri) məlumatlar təkrar tələb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə fiziki şəxs İddiaçı barəsində 04.08.2020-ci il tarixli, FA-01 nömrəli iş qaldırılmışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 18.09.2020-ci il tarixində daxil olmuş məktubunda “PUMA” əmtəə nişanından istifadə hüququnu təsdiq edən sənədlərin olmadığını, satışını həyata keçridiyi bütün malları, o cümlədən “PUMA” əmtəə nişanlı malları açıq satış həyata keçirən topdan satış ticarət məntəqəsindən aldığından həmin malların mədaxilinə, yəni alışına dair sənədlərin olmadığını bildirmişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq komissiyasının “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 18.09.2020-ci il tarixli Qərarı ilə (fiziki şəxs İddiaçı barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2, 11,12-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalarının 2.12-ci bəndini rəhbər tutaraq “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasına əsasən 2524,5 manat (iki min beş yüz iyirmi dört manat əlli qəpik) həcmində maliyyə sanksiyası tətbiq edilmiş və Dövlət Xidmətinin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə 25.09.2020-ci il tarixli Göstərişi ilə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd olunan qərarın qüvvəyə mindiyi tarixdən 30 gündən gec olmayaraq ödənilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, maliyyə sanksiyası dövlət büdcəsinə ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Tələbin (maliyyə sanksiyasının) icraya yönəldilməsi barədə” 20 noyabr 2020-ci il tarixli, 1 nömrəli qərarı ilə borclu fiziki şəxs İddiaçı 2524,5 manat (iki min beş yüz iyirmi dört manat əlli qəpik) həcmində maliyyə sanksiyasının tutulmasının məcburi icrasını təmin etmək məqsədilə Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Antiınhisar və İslehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri ilə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarın və onun əsasında qəbul edilmiş 25.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının odənilməsi haqqında Göstərişin ləğvi haqqında qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “İqtisadiyyat Nazirliyi yanında Antiınhisar və İslehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyin pozulması əlamətləri ilə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarın ləğvi haqqında qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4.-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi (4.1); digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması (4.2); eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi (4.3). Həmin Qanunun 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi (9.1); əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması (9.2); əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması (9.3); əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi (9.4); əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi (9.5). Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə görə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır (1). Hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək (9.9.); qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək (9.10.); antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxmaq, pozuntuların dayandırılması və (və ya) onların nəticələrinin aradan qaldırılması, maliyyə sanksiyalarının tətbiq olunması və antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş digər məsuliyyət tədbirlərinin tətbiqi haqqında qərarlar qəbul etmək və icrası məcburi olan göstərişlər vermək (10.9.) Dövlət Xidmətinin səlahiyyətlətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 120 nömrəli Qərarı ilə “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə görə antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq surətdə təsdiq olunmuş surətləri əlavə olunmaqla Antiinhisar orqanına təqdim edilir. Xarici dildə tərtib olunmuş sənədlər, onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir (1 nömrəli əlavə). Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə Antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyası tərəfindən bu Qaydaların ikinci bölməsində müəyyən olunmuş qayda əsasında baxılır(1.5.). Həmin Qaydaların 2.6-cı bəndinə əsasən işə Komissiyanın iclasında baxılır və bu barədə protokol tərtib edilir. Protokol Komissiyanın sədri tərəfindən imzalanır. Komissiyanın iclası Komissiyanın sədri tərəfindən aparılır. Komissiyanın iclasında işə baxılması sədr tərəfindən elə aparılmalıdır ki, işdə baxılan halların ən geniş təhlili və qiymətləndirilməsi, antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və qarşısının alınması, işdə iştirak edən şəxslərin hüquqlarına və qanuni mənafelərinə riayət olunması təmin edilsin. Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. Tərəflər, həmçinin işdə iştirak edən şəxslər aşağıdakı hüquqlara malikdirlər: iş qaldırıldığı gündən işin materialları ilə (kommersiya sirri kəsb edən məlumatlar istisna olunmaqla) tanış olmaq; sübutlar təqdim etmək; sübutların tədqiqində iştirak etmək; işə baxılmasında iştirak edən digər şəxslərə, o cümlədən ekspertlərə və mütəxəssislərə suallar vermək; vəsatət vermək; Komissiyaya yazılı və şifahi izahatlar vermək (2.10.). Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8 nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. Komissiya tərəfindən qərar yalnız komissiya üzvlərinin iştirakı və sadə səs çoxluğu ilə qəbul edilir (2.12.). Həmin Qaydaların 3.1-ci bəndinə əsasən antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Cərimə və ya maliyyə sanksiyalarının tətbiqi haqqında işlərə baxılmasının nəticəsində Komissiya müvafiq qərar (11 nömrəli əlavə) qəbul edir və qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Cərimə və maliyyə sanksiyalarının tətbiqi haqqında qərar 10 günün müddətində bu Qaydaların 2.3 bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. Cərimə və maliyyə sanksiyalarının yerinə yetirilməsi haqqında göstəriş verilir. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən mzalanır və bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. Yuxarıdan qeyd edilən işin hallarından və qanunvericilik normalarından görünür ki, inzibati orqan inzibati akt qəbul edərkən qanunvericilikdə nəzərdə tutulan bütün prosessual qaydaları gözləmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul etməmişdən əvvəl inzibati icraat aparılmış və marağına toxunan şəxslər həmin icraata cəlb edilmişdir. İnzibati orqan inzibati icraat zamanı işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmış və bunun üçün zəruri sübutları toplamışdır. İnzibati orqan iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verərək inzibati akt qəbul etmiş və inzibati akt qanunda nəzərdə tutulmuş qaydada əsaslandırılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçi tərəf məhkəməyə mübahisələndirilən qərarın əsassızlıgını göstərən halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanalara əsasasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2187/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1869/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1869/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver