Məhkəmə qərarları › İş №2-1(103)-1872/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1872/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1872/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Hüseyn Aida Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə (üçüncü şəxs: AR Səhiyyə Nazirliyi) qarşı lisenziyaya əlavənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-680/2021 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2021-ci il tarixli qərarından iddiaçı və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı İnzibati Məhkəməsinin 2-1(112)-680/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi barədə müraciətinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizasının 23.10.2020-ci il tarixli və 08.02.2021-ci il tarixli ekspert rəylərində cavabdeh orqanın lisenziyaya əlavənin verilməsindən imtina məktublarında göstərdikləri nöqsanların aradan qaldırıldığı qeyd olunmuşdur. Lakin yerli baxış zamanı iştirak edən Səhiyyə Nazirliyinin mütəxəssisləri yenə də qərəzli olaraq nöqsanların əksəriyyətinin aradan qaldırılmadığını qeyd etmiş, hətta yeni nöqsanların da mövcudluğu barədə rəy vermişlər. Qərarda qeyd olunmuşdur ki, alınmış rəylər məhkəmə iclasında tədqiq olunaraq mütəxəssis rəyləri ilə ekspert rəyləri arasında ziddiyyət olduğundan məhkəmə hesab etmişdir ki, ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmənin bu mövqeyi tam ədalətsizdir. Səhiyyə Nazirliyinin illərdir iddiaçıya qarşı qeyri-obyektiv mövqe tutması Səhiyyə Nazirliyinin illərdir verdiyi rəylərdən aydın görünür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2- 1(81)374/2018 saylı qərarı ilə iddiaçı "xxxx"xxxx"xxxx" MMC-yə verilən 07.04.2016-cı il tarixli İN/i-890/2016 saylı Lisenziyaya mama-ginekologiyaya (ginekoloji stasonar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması qərara alınmışdı. Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarını dəyişdirmədən saxlamış, Azərbayan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2-1(103- 1430/18 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdı. İşə yenidən baxan apellyasiya instansiyasının məhkəmə kollegiyası yerində baxış keçirərək Klinikada imtinada göstərilən hansı nöqsanların olduğunu, hansıların aradan qaldırıldığını özünün 01 may 2019-cu il tarixli qərarında qeyd etmişdir. İddiaçı qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli qərarında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən lisenziyaya əlavənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin bu dəfə həm yeni nöqsanlar, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında artıq aradan qaldırılan nöqsanları yenidən göstərməklə lisenziyaya əlavənin verilməsindən imtina edilmişdir. İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilmısinə dair 10 oktyabr 2019-cu il tarixli imtinasından sonra 1 saylı Bakı İnzibati İqtisadı Məhkəməsinə müraciət etmişlər. İş üzrə yerli baxış keçirilərkən yerli baxış zamanı iştirak edən mütəxəssislərin tövsiyyələrinə əməl etmək və bəzi işlərin yenidən görülməsi üçün iddia ərizəmizi geri götürülmüşdür. Bəzi işlər yenidən görüldükdən sonra lisenziyaya əlavənin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmişlər. Lakin İqtisadiyyat Nazirliyi 07 fevral 2020-ci il tarixdə növbəti imtina məktubu vermişdir. Göründüyü kimi cavabdeh orqan hər dəfə yeni nöqsanlar qeyd etməklə lisenziyaya əlavə verilməsindən imtina etmişdir. Qərardan narazı qalan üçüncü şəxs apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, məhkəmə öz qərarında lisenziyaya əlavənin verilməsi barədə müraciətə baxılarkən Səhiyyə Nazirliyinin mütəxəssislərinin rəyinin alınmasının zəruriliyini vurğulasa da cavabdehin iddiaçıya yolladığı imtina məktubunda Səhiyyə Nazirliyinin aşkar etdiyi çatışmazlıqların olduğu qeyd edilmişdir. Məhkəmə cavabdehin qərarının qanunun müəyyən etdiyi məqsəd ilə əsaslandırılmadığını qeyd etmiş və məhkəmə ekspert rəyinin alınmasını əsassız olaraq məqsədəuyğun hesab etmişdir. 2016-cı ilin 3 ayında 4 dəfə. 2017-ci il də isə 2 dəfə, 2019 və 2020-ci il tarixlərində də daha 2 dəfə müraciət edilmiş və Səhiyyə Nazirliyi tərəfindən nöqsanlar aşkar edilmiş, sözügedən nöqsanlar barədə iddiaçıya tövsiyələr verilmişdir. Lakin sözügedən nöqsanları aradan qaldırmaq istəməyən iddiaçı təşkilat məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmənin 30.11.2020-ci il tarixli qərardadına əsasən Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb edilməklə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və 27.01.2021-ci il tarixində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssis rəyinə əsasən əvvəl də mövcud olan əksər nöqsanların aradan qaldırılmadığı o cümlədən yeni nöqsanların da aşkarlandığı müəyyən edilmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasında Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin tikinti üzrə mütəxəssisi də iştirak etmişdir. Rəydə qeyd olunan bir sıra nöqsanlar gələcəkdə dövlətin səhiyyə siyasətinə xələl gətirə biləcək, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında’' AR Qanununa zidd olaraq əhalinin həyat və sağlamlığına xələl gətirə biləcək pozuntular olmuşdur. Lakin məhkəmə bu pozuntuları gözardı edərək əsassız olaraq iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar çıxarmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, Səhiyyə Nazirliyinin müsbət rəyi olduğu təqdirdə iddiaçı cəmiyyətin lisenziyasına əlavə verilməsinə etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, “ ... Hazırkı iş üzrə cavabdehin iddiaçıya ünvanladığı imtina məktubda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəydə bir sıra çatışmazlıqlar qeyd olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə imtinanın əsasında mütəxəssislər tərəfindən verilmiş mənfi rəy dayanmışdır. İşə məhkəmədə baxılarkən həmin rəy ekspert rəyi ilə birgə tədqiq olunmuşdur. Həmin rəyin tədqiqi iddiaçının müraciətinə düzgün qiymət verilib-verilmədiyini müəyyən etməyə, bununla da, inzibati orqanın özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirib-keçirmədiyini müəyyən etməyə imkan vermişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən lisenziyaya əlavəsinin verilməsi ilə bağlı müraciətə baxılması gedişində Səhiyyə Nazirliyinin mütəxəssislərinin rəyini almaqla qərar qəbul etməsi diskresion səlahiyyətindədir. İnzibati orqan öz mülahizəsinə əsasən hərəkət edərkən, ona verilmiş səlahiyyətlərin məqsədinə uyğun hərəkət etməlidir. Yəni, inzibati orqan diskreksion səlahiyyətinə əsaslanaraq qərar qəbul edəcəyi halda, qərarını qanunun müəyyən etdiyi məqsəd ilə əsaslandırmalı və qanunun istədiyi məcrada hərəkət etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçıya məxsus klinikada vəziyyətin qənaətbəxş olmaması ilə bağlı mövqeyini əsaslandırmamış və bu hal hər hansı sübutla təsdiqlənməmişdir. İşə məhkəmədə baxılarkən məhkəmə bu halı öz xidməti vəzifəsinə uyğun olaraq araşdıraraq ekspert rəyləri alınmışdır. Lakin iş materiallarında cavabdehin imtina məktubundakı mənfi rəyi əks etdirən sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair heç bir məlumat yoxdur. Belə olan halda, üçüncü şəxsin ekspert qrupu tərəfindən mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığına (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) dair məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməsi mümkün hesab edilmir. Belə ki, məhkəmə iddiaçıya lisenziyaya əlavəsinin verilməsi barədə müraciətinə baxılması gedişində klinikada vəziyyətin qiymətləndirilməsi səlahiyyətinin inzibati orqanın tərkibində yaradılmış ekspert qrupunun diskresion səlahiyyətində olması, bununla bağlı inzibati orqanın inzibati araşdırmasından kənar - müstəqil qaydada mütəxəssis cəlb edilməklə yoxlama aparılması (ekspertiza keçirilməsi) və həmin rəyin üçüncü şəxsin rəyi ilə birgə tədqiq edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinin düzgün - İPM-in 14-cü maddəsinin tələblərinə uyğun həyata keçirilməsində vacib əhəmiyyət kəsb edə bilər.” Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə yekun qərarında iddiaçı cəmiyyətin müraciətinə yenidən baxılması vəzifəsini AR İqtisadiyyat Nazirliyinə həvalə etmişdir. İşin hallarından görünür ki: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İN/i-890/2016 qeydiyyat nömrəli, 07 04.2016-cı il tarixli lisenziyadan görünür ki, "xxxx" MMC-yə özəl tibb fəaliyyətini həyata keçirmək üçün icazə verilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən lisenziya və icazə verən orqanlar Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən lisenziyanin və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Həmin Qanunun 19.1.-ci maddəsinə əsasən Lisenziya və icazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. 19.2. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın və icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziyanın və icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 19.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 19.2-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda lisenziya və icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. 19.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın və icazənin alınması üçün təkrar ərizə ilə lisenziya və icazə verən orqana müraciət edə bilər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə); 20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə. 20.2. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.10.2015ci il tarixli 650 nömrəli Fərmanının 1-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanmış 11 oktyabr 2017-ci il tarixli İN-X/O-12448/2017 saylı lisenziya əlavəsinin verilməsindən imtina olunması haqqında məktubundan görünür ki, iddiaçının özəl tibb fəaliyyətinin stasionar tibbi xidməti (mama-ginekologiya: ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), doğuşa yardım) üzrə lisenziya əlavəsinin verilməsinə dair "xxxx" MMC-nin 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə təqdim edilmiş 25 sentyabr 2017-ci il tarixli müraciətinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Təqdim edilmiş sənədlərə “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə uyğun olaraq baxılmış və İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətləri nəzərə alınaraq lisenziya əlavəsinin verilməsi ilə əlaqədar rəyin alınması məqsədilə Səhiyyə Nazirliyinə sorğu göndərilmişdir. Bununla əlaqədar lisenziya əlavəsinin verilməsi üçün müraciət olunan ünvan 1 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəydə aşağıdakı çatışmazlıqlar qeyd olunmuşdur: ginekoloji xəstələrin stasionara qəbulu üçün ginekoloji kreslo olan ixtisaslaşdırılmış baxış otağı, soyunub-geyinmə və duş otaqlarından ibarət sanitar keçidi olan qəbul bölməsi təşkil olunmamışdır; - ginekoloji əməliyyat zalı histeroskopik cərrahi əməliyyatların aparılması üçün zəruri olan tibbi avadanlıqlar və təcili sterilizasiya otağı avtoklav ilə təchiz edilməmişdir; - ginekoloji xəstələr üçün ayrıca palatalı şöbə təşkil edilməmişdir (ginekoloji xəstələrin palataları digər profilli xəstələr üçün nəzərdə tutulmuş palatalı şöbədə yerləşmişdir); - ginekoloji xəstələrin müalicəsi üçün ayrılmış palataların əksəriyyəti çarpayılarla təmin edilməmişdir; - ginekoloji şöbənin müalicə və müayinə otaqlarında mexaniki ventilyasiya və kondisionerləşdirmə sistemləri qurulmadığından dəhlizlərdə, palatalarda, sarğı və prosedur otaqlarında, yardımçı sahələrdə optimal hava mübadiləsi təmin olunmamışdır; - doğuşayardım şöbəsinə hamilə qadınların qəbulu sahəsi, obyektdə həyata keçirilən digər işlər və ixtisaslar üzrə stasionar tibbi xidmət göstərilən (ümumi cərrahi, neyrocərrahi, uroloji, travmatoloji-ortopedik, nefroloji, endokrinoloji, otorinolarinqoloji) bölmələrdən tam təcrid edilməmişdir; - doğuşayardım şöbəsində aparılmış yenidənqurma işlərinə, beşinci və altıncı mərtəbələr arası qurulmuş əlavə lift şaxtasının tikinti-quraşdırma işlərinin istismara qəbulunun müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmasına dair təsdiqedici sənədlər təqdim edilməmişdir; - doğuşayardım şöbəsində əsas və yardımçı otaqların yerləşmə vəziyyəti xəstəxanadaxili fizioloji (“təmiz” axın) və müşahidə bölmələri (“çirkli" axın) üçün ayrılıqda axın ardıcıllığını təmin etməmişdir; - yenidoğulmuş körpələrə neonatoloji xidmətin göstərilməsi (monitor, tərəzi, “CPAP”, “ASV” aparatları) və cərrahi əməliyyatlar (laparoskop) üçün alınmış yeni tibbi avadanlıq və cihazların normativ-texniki tələblərə uyğunluğu barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən təsdiqedici sənəd alınmamışdır; - müayinə, prosedur, müalicə otaqlarında, o cümlədən fizioloji doğuş zalları, əməliyyat bloku, neonatoloji şöbənin otaqlarında və palatalarda temperatur rejiminin gözlənilməsi üçün nəzərdə tutulmuş kondisionerləşdirmə və avtomatik temperatur tənzimləyici sistemləri qurulmamışdır; - mövcud mexaniki ventilyasiya sistemlərinin istismar vəziyyəti qeyri-qənaətbəxş olduğundan, mexaniki ventilyasiya sistemlərinin otaqlar üzrə təyinatına, texniki parametrlərinə dair sənədlər baxılmağa təqdim edilmədiyindən otaqların düzgün havalandırılmasının effektivliyini, havalandırma balansını, otaqlara verilən havanın zərərsizləşdirilməsi üçün hava zərərsizləşdirici qurğular (“HEPA-fıltr") ilə təchizatına dair sənədlər baxılmağa təqdim edilmədiyindən vəziyyəti qiymətləndirmək mümkün olmamışdır; - obyektin sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxşdir, belə ki, ventilyasiya sistemlərinin otaqlarda, o cümlədən əməliyyat zalında qurulmuş elementləri (havasorucu, havaverici qəfəslər) qeyri-kafi vəziyyətdədir, bir sıra müayinə, müalicə və ciddi aseptik rejim tələb olunan otaqların tamamlanma işlərində istifadə edilən üzlük inşaat materiallarının hamarlılığı (divar, asma tavan, döşəmə) təmin olunmamış, bəzi sahələrdə təmir-tamamlanma işləri keyfiyyətsiz aparılmışdır; - otaqlardakı avadanlıq və inşaat materiallarının tibb müəssisələrində tətbiqə yararlı olduğunu təsdiq edən sənədlər (sertifikatlar) baxılmağa təqdim edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanmış 10 oktyabr 2019-cu il tarixli İN-X/O-12359/2019 saylı lisenziya əlavəsinin verilməsindən imtina olunması haqqında məktubundan görünür ki, özəl tibb fəaliyyətinin stasionar- tibbi xidməti (ginekologiya: ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), doğuşa yardım) üzrə lisenziya əlavəsinin verilməsinə dair "xxxx" MMC-nin 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə təqdim edilmiş 22 avqust 2019-cu il tarixli və birbaşa daxil olmuş 22 avqust, 28 sentyabr 2019-cu il tarixli müraciətlərinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Təqdim edilmiş sənədlərə “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” Azerbaycan Respublikasının Qanunlarına, Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə uyğun olaraq baxılmış və İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətləri nəzərə alınaraq lisenziya əlavəsinin verilməsi ilə əlaqədar rəyin alınması məqsədilə Səhiyyə Nazirliyinə sorğu göndərilmişdir. Bununla əlaqədar lisenziya əlavəsinin verilməsi üçün müraciət olunan ünvan 1 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi məqsədi ilə 18 sentyabr 2019-cu il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxışın nəticələrinə dair Səhiyyə Nazirliyi tərəfindən 26 sentyabr 2019-cu il tarixli 03/19-8114 nömrəli məktubla təqdim edilmiş rəydə aşağıdakı çatışmazlıqlar qeyd olunmuşdur: - obyektin doğuşayardım şöbəsində ciftlərin saxlanması üçün ayrılan otaqda məişət tipli soyuducu quraşdırılmışdır; - həkim-neonatoloq işə götürülmədiyindən kadr təminatı tam deyildir; - qeysəriyyə kəsiyi aparılan əməliyyat blokunda xəstələrin əməliyyat zalına daşınması zonası (transfer) yaradılsa da, qapı quraşdırılmamış, “çirkli”, “təmiz” və “steril” zonalar üzrə axın ardıcıllığı tam təmin edilməmişdir; - çirkli alətlərin yuyulma otağının sahəsi normadan kiçikdir (faktiki: 6,4 kv.m; norma: 10,0 kv.m-dir); - müayinə, prosedur və müalicə otaqlarında, o cümlədən fizioloji doğuş zalları, əməliyyat bloku, neonatoloji şöbənin otaqlarında və palatalarda mövcud mexaniki ventilyasiya sistemlərinin istismar vəziyyəti qeyri-qənaətbəxş olduğundan, mexaniki ventilyasiya sistemlərinin otaqlar üzrə təyinatına, texniki parametrlərinə dair sənədlər və otaqların normativlərə uyğun havalandırılmasının effektivliyini, havalandırılma balansını, otaqlara verilən havanın zərərsizləşdirilməsi üçün hava zərərsizləşdirici qurğular ilə (“HEPA-filtr”) təchizatı barədə sənədlər baxılmağa təqdim edilmədiyindən vəziyyəti qiymətləndirmək mümkün olmamışdır; - obyektin sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxşdir, belə ki, ventilyasiya sistemlərinin otaqlarda, o cümlədən əməliyyat zalında qurulmuş elementləri (havasorucu və havaverici qəfəslər) qeyri-kafi texniki vəziyyətdədir, bir sıra müayinə, müalicə və ciddi aseptik rejim tələb olunan otaqların tamamlanma işlərində istifadə edilən üzlük inşaat materiallarının hamarlılığı (divar, asma tavan, döşəmə) təmin olunmamış, bəzi sahələrdə təmir-tamamlama işləri keyfiyyətsiz aparılmışdır; - otaqlardakı avadanlıqların və inşaat materiallarının tibb müəssisələrində tətbiqə yararlı olduğunu təsdiq edən sənədlər (sertifikatlar və s.) baxılmağa təqdim edilməmişdir; - əsas və yardımçı otaqlarda'bəzi mühəndis xətlərinin (su, kanalizasiya, ventilyasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmamışdır; - ginekoloji şöbənin müalicə və müayinə otaqlarında mexaniki ventilyasiya sistemi qurulmadığından dəhlizlərdə, palatalarda, sarğı və prosedur otaqlarında, yardımçı sahələrdə optimal hava mübadiləsi təmin olunmamışdır; - uzun müddət istifadəsiz qaldığından obyektin bəzi sahələrində cari təmir və təmizlik işlərinə ehtiyac yaranmışdır; - obyektdə yenidənqurma işləri aparıldığından bəzi aseptik rejimli sahələrdə divarlar tavana qədər rütubətə davamlı olan inşaat materialı (kafel) ilə üzlənməmişdir. Bununla əlaqədar, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən özəl tibb fəaliyyəti üzrə lisenziya əlavəsinin verilməsindən imtina olunur. Bu imtinadan onun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin verilməsi üçün fəaliyyət göstərəcəyiniz ərazi üzrə yenidən müvafiq “ASAN xidmət” mərkəzi və ya “Lisenziyalar və icazələr portalı” vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət olunacağı təqdirdə məsələyə aidiyyəti üzrə baxılması təmin ediləcəkdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanmış 07 fevral 2020-ci il tarixli İN-X/O-1417/2020 saylı lisenziya əlavəsinin verilməsindən imtina olunması haqqında məktubundan görünür ki, “ iddiaçının özəl tibb fəaliyyətinin stasionar tibbi xidməti (ginekologiya: ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), doğuşa yardım) üzrə lisenziya əlavəsinin verilməsinə dair "xxxx" MMC-nin 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə təqdim edilmiş 21 yanvar 2020-ci il tarixli müraciətinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Təqdim edilmiş sənədlərə “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Nazirlər Kabinetinin 7 noyabr 2002ci il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə uyğun olaraq baxılmış və İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətləri nəzərə alınaraq lisenziya əlavəsinin verilməsi ilə əlaqədar rəyin alınması məqsədilə Səhiyyə Nazirliyinə sorğu göndərilmişdir. Bununla əlaqədar lisenziya əlavəsinin verilməsi üçün müraciət olunan ünvan 1 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi məqsədi ilə 29 yanvar 2020-ci il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxışın nəticələrinə dair Səhiyyə Nazirliyi tərəfindən 3 fevral 2020-ci il tarixli 03/19-110 nömrəli məktubla təqdim edilmiş rəydə aşağıdakı çatışmazlıqlar qeyd olunmuşdur: - yenidoğulmuşlar üçün nəzərdə tutulan intensiv reanimasiya bölməsinin otaqlarında quraşdırılmış arakəsmələrin hermetikliyi pozulmuşdur; - 6-cı mərtəbədə yerləşən prosedur, iynə və sarğı otaqlarının divarları rütubətə və dezinfeksiyaedici məhlulların təsirinə davamlı olan hamar səthli materiallar ilə (kafel) tavana qədər üzlənməmişdir (təqdim olunan sertifikatlar bu tələblərə cavab vermir); - həkim-neonatoloq işə götürülmədiyindən kadrlar ilə təminat tam olmamışdır; - obyektin sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxşdir, belə ki, ventilyasiya sistemlərinin otaqlarda qurulmuş qəfəsləri (havasorucu, havaverici) qeyri-kafi texniki vəziyyətdədir, bir neçə yerdə qəfəslər quraşdırılmamış, bəzi sahələrdə təmir-tamamlama işləri keyfiyyətsiz aparılmışdır; - inşaat materiallarının tibb müəssisələrində tətbiqə yararlı olduğunu təsdiq edən sənədlər (sertifikatlar və s.) baxılmağa təqdim edilməmişdir; - əsas və yardımçı otaqlarda mühəndis xətlərinin (su, kanalizasiya, ventilyasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmamışdır; - uzun müddət istifadəsiz qaldığından obyektin bəzi sahələrində cari təmir və təmizlik işlərinə ehtiyac yaranmışdır; - ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar normativlərə və qaydalara uyğun quraşdırılmadığından (ventilyatorlar birbaşa bayıra açılır) havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilməmişdir; - obyektin bəzi əsas və yardımçı otaqlarında quraşdırılmış əlüzyuyanların ətrafı rütubətə və dezinfeksiyaedici məhlulların təsirinə davamlı olan hamar səthli materiallar ilə (KaM) üzlənməmiş, otaqlar isti və soyuq su ilə təmin edilməmişdir. Bununla əlaqədar, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və 20.1.2-ci maddələrinə əsasən lisenziya əlavəsinin verilməsindən imtina olunur. Bu imtinadan onun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin verilməsi üçün fəaliyyət göstərəcəyi ərazi üzrə yenidən müvafiq “ASAN xidmət" mərkəzi və ya “Lisenziyalar və icazələr portalı” vasitəsilə iqtisadiyyat Nazirliyinə müraciət olunacağı təqdirdə məsələyə aidiyyəti üzrə baxılması təmin ediləcəkdir.” “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.10.2015ci il tarixli 650 nömrəli Fərmanının 1-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 2.23-cü bəndində Mama-ginekologiya: 2.23.1. ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) 2.23.2. doğuşa yardım özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə aid edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 2017-ci il 20 fevral tarixli 14 nömrəli əmri ilə “Özəl tibb, əczaçılıq və prekursorların istehsalı, idxalı, ixracı, tranzit nəql edilməsi fəaliyyətlərinin lisenziyalaşdırılması üzrə rəyin verilməsi” mütəxəssislərdən yaradılmış Komissiyaya həvalə edilmişdir. İnzibati Prosessual Məcəllənin: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki tələblə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana çoxsaylı müraciətlər edilmiş və cavabdeh tərəfindən müvafiq müraciətlərə baxılaraq 11.10.2017-ci il, 10.10.2019-cu il, 07.02.2020-ci il tarixli cavab məktubları ilə səbəbləri göstərilərək imtina cavabları verilmişdir. Və verilən imtina məktubları iddiaçını qane etmədiyi üçün sonuncu hazırki iddia ilə məhkəməyə müraciət etmiş, müvafiq sənədlər məhkəməyə təqdim olunmuş, hətta məhkəmə tərəfindən 28.08.2020-ci il və 30.11.2020-ci il tarixli qərardadlar çıxarılaraq, iş üzrə ilkin və təkrar məhkəmə tikinti-texniki ekspertizaları da təyin edilərək AR ƏN Məhkəmə Ekspertizası Mərkəzindən müvafiq ekspert rəyləri alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında cavabdehin imtina məktubundakı mənfi rəyi əks etdirən sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair heç bir məlumat olmadığından, üçüncü şəxsin ekspert qrupu tərəfindən verilmiş mənfi rəyi əks etdirən sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair heç bir məlumat olmadığından mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin normativ aktların tələblərinə uyğun aparıldığını müəyyən etmək mümkün deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın qüsurlu həyata keçirildiyini müəyyən etdiyindən, məhkəmənin nəticəsi inzibati orqanın məsələyə yenidən baxılmasının cavabdehə həvalə edilməsi deyil, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı olmalıdır.(İPM 73.2-ci maddəsi) İPM-in 87.7-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə də, məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, iddiaçının apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməli olması tələbilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-680/2021 saylı 27.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-680/2021 saylı 27.04.2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar