Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1886/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı ona pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2021 saylı 12 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona pensiyanın təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 21.10.2014-cü il tarixdən 30.06.2019-cu il tarixədək "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. İşlədiyi müddətdə aldığı əmək haqqı üzrə 12185,47 manat sosial sığorta haqqı hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. “Əmək pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı andan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. Pensiyanın təyin olunması ilə bağlı cavabdehə müraciət olunaraq, ona pensiyanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona ünvanlanmış cavab məktubuna əsasən müraciəti müsbət cavalandırılmamış, əmək pensiyası hüququnun yaranmadığı əsas gətirilərək ona pensiya təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassızdır. Sondan iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2021 saylı 12 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ona pensiyanın təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Göründüyü kimi, mövcud qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ yalnız Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı verilmiş MYİ seriyalı ******* nömrəli Müvəqqəti yaşamaq üçün icazə Vəsiqəsindən (vəsiqənin etibarlılıq müddəti 08.03.2021-ci il tarixdə bitmişdir) də görünür ki, iddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün deyil müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildiyi halda belə, onun Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Mövcud qanunvericiliyə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək olan dövr üçün 62 yaşı tamam olmuş qadınların yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının 06.03.2021-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması, ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün deyil müvəqqəti yaşamaq üçün icazə verilməsi, həmçinin iddiaçıya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildiyi halda belə, onun Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən yaşa görə əmək pensiyası almaq hüququnun yaranmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 06.03.1964-cü il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. İş materiallarından görünür ki, MYİ seriyalı ******* nömrəli Müvəqqəti yaşamaq üçün icazə Vəsiqəsinə əsasən İddiaçı Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Vəsiqə 08.03.2020ci il tarixdə verilmiş və 08.03.2021-ci il tarixədək etibarlı olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən yalnız Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ olduğu, eyni zamanda sözügedən Qanunun 7-ci maddəsində qeyd olunan tələblərə uyğun gəlmədiyindən yaşa görə əmək pensiyası hüququn yaranmadığı göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mövcud qanunvericiliyə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək olan dövr üçün 62 yaşı tamam olmuş qadınların yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İşdən göründüyü kimi, iddiaçı 06 mart 1964-cü tarixdə doğulmuşdur, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbi və iddiaçının hal-hazırkı tarixə yaş həddi (hətta 58 yaşının tamam olmadığı) nəzərə alındıqda, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün əsaslar işdə mövcud deyil. Həmçinin iş materialları ilə müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün deyil müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası yuxarıda istinad edilən normaların tələblərini və işin yuxarıda təsvir edilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının qanunla ona yaşa görə pensiyanın təyin edilməsi hüququ yaranmadığından cavabdeh tərəfindən düzgün olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2021 saylı 12 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1886/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1886/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver