Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1887/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1799/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 20 iyul 2022-ci il tarixli **********277600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 iyul 2022-ci il tarixli **********277600 saylı qərarına əsasən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçıya kameral vergi yoxlaması nəticəsində müəssisəyə qanunsuz olaraq 48.897,63 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarına iddiaçı tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: “Vergi orqanın xx.xx.2022-ci il tarixli **********586300 nömrəli məktubuna əsasən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edildiyi kimi, hesabat dövrü ərzində ********.95 manat məbləğində ƏDV-siz dövriyyə olmuş, bu məbləğin 169345.18 manat hissəsi ləğv edildiyi, 23670.00 manat hissəsi isə geri qaytarıldığı üçün ƏDV bəyannamələrinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütunlarında qeyd edilmiş və eyni zamanda mənfəət vergi bəyannaməsində gəlirdən çıxılmışdır (********.95- 193015.18=********.77). xx.xx.2020-ci il tarixli EBAP 221297 nömrəli 13290.00 manat dəyərində olan e-qaimə 2020-ci il mənfəət Vergi bəyannaməsinin 200.1-ci sətrində (Malların təqdim edilməsindən gəlir) gəlirə əlavə edilərək vergiyə cəlb edilmişdir. Lakin EBAP 221297 nömrəli e-qaimə xx.xx.2021-ci il tarixində ləğv edildiyi üçün mart ayı üzrə ƏDV bəyannaməsinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütununda qeyd edilmiş və debitor borcdan silinmişdir. Buna uyğun olaraq 2020ci il Mənfəət vergi bəyannaməsində vergiyə cəlb olunan məbləğ 2021-ci ildə ləğv edildiyi üçün 2021-ci il mənfəət vergi bəyannaməsində malların təqdim edilməsi üzrə gəlirdən (********.77- 13290.00=********.77) çıxılmışdır. Həmçinin, vergi orqanının **********019200 nömrəli məktubuna əsasən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir Mənfəət bəyannaməsinin 1.3.2-ci sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunan məbləğə yalnız idxal olunan malların dəyəri deyil, eyni zamanda e-qaimə ilə alınan malların dəyəri daxildir. Vergi Məcəlləsinin 143-cü maddəsini əsas götürərək idxal olunan malın dəyəri invoys məbləği, gömrük xərcləri və malların gətirilməsində çəkilən daşıma xərcləri malın dəyərini formalaşdırır. İl ərzində daxil olan malın ********.52 manat məbləğ hissəsi idxal əsasında mədaxil edilmişdir. Əlavə olaraq, əsas vəsaitlər idxal əsasında deyil, e-qaimə əsasında alınmışdır. "xxxx" MMC-dən (**********) EBBH 403914 nömrəli qaimə əsasında 211028,39 manat məbləğində BMW X7xDrive40i markalı nəqliyyat vasitəsi, "xxxx" MMC-dən (**********) EBBO 980341 nömrəli qaimə əsasında əsas vəsait alınmış və Mənfəət bəyannaməsinin 1.1 Əsas vəsaitlərin dəyəri sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunmuş, əsas vəsaitlərin amortizasiya normasına uyğun olaraq hesablanmış və xərc olaraq qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixində müəssisəmizdə operativ vergi nəzarəti keçirilmiş, anbarda olan mallar sayılıb aktlaşdırılmış və xx.xx.2022-ci il tarixində 65777.43 (52128.48+13648.95) manat məbləğində hesablama aparılaraq şəxsi hesab vərəqəsindən çıxılmışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13.531.385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13.288.505,53 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması, vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Həmçinin, vergi ödəyicisinin EQF ilə cəmi alışı 1.016.296,06 manat, EQF ilə təsdiqini tapan bəyannamənin digər xərc sətirləri (yanacaq, rabitə, nəqliyyat, dİgər xərclər) 742733,54 manat olmuşdur. Yəni vergi ödəyicisi xərclərin şişirdilməsi məqsədilə 211028,35 manat məbləğində nəqliyyat vasitələri xərcini bəyannamənin digər xərc sətirlərində də göstərmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatların uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1799/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********277600 nömrəli qərar ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...ADİS AZERBAİJAN MMC tərəfindən 2021-ci il mənfəət vergisi bəyannaməsində qeyd edilmiş xərc məbləğləri aşağıdakı kimi olmuşdur: Malın dəyəri 13.101.785,08 İcarə (hüquqi şəxslər) 33.000,00 Yanacaq xərci 29.607,64 Rabitə 2.434,51 Nəqliyyat xərcləri 400.401,22 Digər xərc 277.290,17 Cəmi, 13.844.518,62. Cavabdeh tərəfindən uçot-baza məlumatları əsasında əldə edilən xərc məbləğləri: cəmi EQF alışı 1.016.296,06 Əsas vəsait - nəqliyyat vasitəsi 211.028,39 Əsas vəsait çıxıldıqdan sonra cəmi EQF 805.267,67 YGB Faktiki Dəyərlə 13.288.685,35 İlin əvvəli mal qalığı 2.664.138,53 İlin sonu mal qalığı 3.234.722,97 EQF və YGB ilə təsdiqini tapmalı Xərc sətirləri cəmi 13.844.518,62 Cəmi, xərclərə yazıla biləcək ədəd (805267,67+13288685,35+ 2664138,53) - 3234722,97=13523466,26 Ödəyici tərəfindən xərclərdə qeyd olunub 13.844.518,62 Təsdiqini tapmayan 13844518,62- 13523466,26=321052,36 Göründüyü kimi, məhkəmə işin hallarına qiymət verərkən nəzərə almamışdır ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Yəni, vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil. Müvafiq mövqe cavabdeh tərəfindən iddia ərizəsinə etirazda, etiraza qoşma sənədlərdə, etiraza əlavədə qeyd edilmiş olsa da, məhkəmə qərarında cavabdehin qeyd etdiyi dəlillərə münasibət bildirilməmiş, o cümlədən Vergi və Gömrük Məcəlləsinin müvafiq müddəlarının hansı əsaslarla tətbiq edilməməsi barədə heç bir izah verilməmişdir. Mübahisə predmetinin əsasını təşkil edən hallar üzrə qiymət verilməsi hüquqi məsələ olduğundan, bu barədə rəy verilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətindədir. Bu səbəbdən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə, ümumiyyətlə, əsas olmamışdır. Həmçinin, məhkəmə tərəfindən ekspert rəyi tədqiq edilməmiş, məhkəmə qərarında ekspert rəyində qeyd edilən halların və əsasların araşdırılması barədə hər hansı dəlil, arqument qeyd edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 9/799 nömrəli ekspert rəyinə nəzər yetirsək, açıq-aşkar görə bilərik ki, ekspert sadəcə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki dəlilləri verdiyi rəydə qeyd etməklə kifayətlənmişdir. Ekspert vergi ödəyicisinin bəyannamə məlumatlarını təsdiqləməsinə baxmayaraq bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, heç bir araşdırma aparmamışdır. Halbuki, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13 531 385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13 288 505,53 manat məbləğində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi L.Y.Əhmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazında qeyd edilənlərə uyğun olaraq, bəyannamədə təsbit olunan xərclərdə malların invoys dəyəri və nəqliyyat xərcləri nəzərə alındığını və ekspert rəyində də cavabdehin hesablamalarının düzgün olmadığının sübuta yetirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlamasının yekun nəticəsi olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 iyul 2022-ci il tarixli **********277600 saylı qərara əsasən 2021-ci ilin vergi dövrü üçün iddiaçıya 48.897,63 manat vergi məbləğində mənfəət vergisi hesablanmışdır. Cavabdeh tərəfindən həmin vergi hesablanarkən mənfəət vergisi bəyannaməsində malların idxalı ilə bağlı xərc sənədlərində, o cümlədən, iddiaçı tərəfindən yük gömrük bəyannaməsi invoys dəyərinin deyil, statik dəyərinin xərc kimi göstərilməsi irad tutulmuşdur. Halbuki, mübahisəli bəyannamənin istinad etdiyi yük gömrük bəyannamələri üzrə xərclərin statik dəyrdən hesablandığına heç bir açıqlama verilməmişdir. İş materiallarından isə görünən odur ki, mal-material xərcləri, invoys bəndləri nəzərə alınaraq hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd edir ki, 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13.531.385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13.288.505,53 manat dəyərində təşkil etmiş, həmçinin, vergi ödəyicisinin EQF ilə cəmi alışı 1.016.296,06 manat, EQF ilə təsdiqini tapan bəyannamənin digər xərc sətirləri (yanacaq, rabitə, nəqliyyat, dİgər xərclər) 742733,54 manat olmuşdur. Yəni, vergi ödəyicisi xərclərin şişirdilməsi məqsədilə 211028,35 manat məbləğində nəqliyyat vasitələri xərcini bəyannamənin digər xərc sətirlərində də göstərmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, burada iddia ərizəsinə etirazından fərqli olaraq həmin məblğin hesablanmasına əsas olan hallar kimi onu göstərir ki, kameral yoxlama zamanı 2021-ci il mənfəət vergisi bəyannaməsində qeyd edilmiş xərc məbləğlərində öz təsdiqini tapmayan 321052,36 (13844518,62-13523466,26) manat fərq məbləği müəyyən olunmuşdur. Lakin bu zaman cavabdeh tərəfindən həmin fərqin tərkibinə dair xərclər məbləğlərlə göstərilsə də, ayrı-ayrılıqda həmin məbləğlərin konkret hansı sənədlər üzrə vəhansı kəmiyyət göstəricilərindən toplandığı konkret şəkildə əsaslanıdırılmamış, ümumi sözlərlə ifadə olunan kəmiyyət göstəricilərini ehtiva edir Yəni, öz təsdiqini tapmayan xərclərin hansı mallara aid olması və hansı X2 öz təsdiqini tapdığı qeyd edilməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çoxsaylı mübasibatlıq sənədləri çərçivəsində iddiaçının təqdim etdiyi bəyannamədə göstərilən xərclərin və cavabdehin qərarı ilə ona hesablanmış mənfəət vergisinin düzgünlüyünə aydınlıq gətirilməsi məqsədilə zəruri biliyə malik ekspert rəyinin alınması məqsədilə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin Mərkəzin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 9/799 nömrəli ekspert rəyi verilmişdir. İşə əlavə olunmuş həmin rəydə ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı MMCnin 2021-ci il üzrə mənfəət vergisinin məbləği 133.980,56 manat məbləğində müəyyən olunmuşdur, yəni, hazırkı tədqiqatla aparılan hesablamalar zamanı vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində ekspertin gəldiyi şmin nəticə ilə razılaşmyaraq bildirir ki, bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, heç bir araşdırma aparmamışdır. Halbuki, işə əlavə olunmuş həmin rəyin tədqiqi hissəsindən (i.v.261-266) görünür ki, ekspert qeyd olunan nəticəyə gələrkən, iddiaçının 2021-ci ili bəyannamə gösətricələri nəzərə alınmaqla, e-qaimə üzrə idxal etdiyi mallar və işə əlavə olunmuş digər sənədlər üzrə iddiaçının 2021-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannəməsinin xərc göstəricilərinə münasibətdə hərtərəfli tədqiqat aparıldıqdan sonra, ekspert belə rəyə gəlmişdir, vergi orqanına təqdim olunan bəyannamə üzrə ümumi gəlir 14768154,69 manat, ümumi xərclər 14098251,90 manat, əldə olunan mənfəət 669902,79 manat, həmin məbləğdən Vergi Məcəlləsinin 105-ci maddəsinə müvafiq 20 faiz dərəcəsi ilə hesablanan 133980,56 manat mənfəət vergisi düzgün hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarının ləğv edilməsi barədə 20 iyul 2022-ci il tarixli nömrəli qərarı ilə iddiaçıya hesablanmış vergi məbləği vergi qanunvericiliyinə uyğun olmamışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsi isə nəzərdə tutur ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1799/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1799/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1887/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1887/2024
18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver